Zəfər Qurultayı və yeni hədəflər

29-04-2022 20:58

Dünya Azərbaycanlılarının I qurultayında çıxışı zamanı Ümummilli Lider Heydər Əliyev  demişdir: “Əmin olduğumu bildirmək istəyirəm ki, biz bu münaqişənin də ləğv olunmasına, aradan götürülməsinə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcəkdir".

Bəli, bu gün həmin gündür. Bu gün Azərbaycanlılar Qarabağda, işğaldan azad edilmiş Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirir. Haqlı olaraq bu qurultay Zəfər qurultayı adlandırılır. Çünki  böyük tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları bir arayan toplaşır və belə bir möhtəşəm tədbir keçirir. Təbii ki, bu şərəfli və qürurverici günü yaşamağımızda böyük tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımızın tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətləri olmuşdur. Bu tarixi və şərəfli müjdəni Azərbaycan xalqına bəxş edən igidlər məhz müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərdir. 
Mədəniyyət paytaxtımız olan Şuşa qurultay iştirakçılarını böyük hərarət və sevinclə qarşılayır, çünki bu torpağın əzəli və əbədi sakinləri doğma diyara ayaq basır. Qurultay iştirakçıları öz həmrəyliklərini bir daha nümayiş etdirmək üçün Şuşaya toplaşır. O həmrəylik ki, 44 günlük haqq savaşında dünyada yaşayan azərbaycanlıları bir nöqtəyə, vahid hədəfə cəmləyərək 30 illik işğala və mənasız danışıqlara son qoydu, ədaləti və beynəlxalq hüququ bərpa etdi. O həmrəylik ki, Azərbaycan xalqının  heç vaxt işğalla barışmaq fikrində olmadığını və böyük xalq olduğunu bütün dünyaya sübut etdi. 
Zəfər qurultayında səsləndirilən fikirlərdə qeyd olundu ki, 44 günlük müharibədə əldə etdiyimiz qələbənin böyük tarixi əhəmiyyəti var. Çünki, bu müharibədə Azərbaycan təkcə Ermənistanla deyil, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibə aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Biz bütün dünyaya sübut etdik ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil və tarixi torpaqlarımızın azadlığı uğrunda ölümə getməyə hazırıq. Azərbaycan xalqının əzmi, Azərbaycan əsgərinin gücü və böyük Vətən sevgisi əlverişsiz coğrafi şəraitə baxmayaraq bütün istehkamları məhv etdi və böyük  tarixi missiyanı yerinə yetirdi. Biz şəhidlərimizin qisasını döyüş müydanında aldıq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi bu torpaqlarda  əbədi yaşayacaqdır. Lakin müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları və informasiya təxribatları hələ ki, başa çatmayıb. Odur ki, hər bir azərbaycanlı müharibə dövründə olduğu kimi  bundan sonra da hadisələrin gedişatını yaxından izləməli, sosial şəbəkələrdən və digər imkanlardan istifadə edərək Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmalıdır. Xaricdə yaşayan həmvətənlərimiz öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Xalqımızın birliyində əsas faktor sayılan ana dilimizin qorunub saxlanılmasında maksimum səy göstərməlidirlər. Müharibə dövründə xalqımızın nümayış etdirdiyi həmrəylik, qələbəyə inam, xalq-iqtidar birliyi və ümumilikdə dünya azərbaycanlılarının birliyi bundan sonrakı dövrdə də qorunub saxlanılmalıdır. Yeni reallıqların dünya ictimaiyyətinə çatdırılmasında hər birimiz fəallıq göstərməliyik, xüsusilə də xaricdə yaşayan azərbaycanlılar,  diaspor təşkilatlarımız  öz fəaliyyətlərini gücləndirməlidirlər. XIX əsrdə imzalanmış  Kürəkçay, Gülüstan, Türkmənçay sülh  müqavilələri, onları imzalayan tərəflər, sülhün şərtləri və torpaqlarımıza köçürülən ermənilər barədə dünya ictimaiyyəti daha dolğun şəkildə məlumatlandırılmalıdır. XX əsrin əvvəllərində qədim Azərbaycan şəhəri olan İrəvanın ermənilərə güzəşt edilməsi,  sovet hakimiyyəti tərəfindən Zəngəzur torpaqlarının Ermənistana verilməsi, Azərbaycanın mərkəzində DQMV adlı süni qurumun yaradılması, Qarabağda yaşayan ermənilərlə müqayisədə Ermənistanda yaşayan azərbaycanlıların dəfələrlə çox olmasına rəğmən onların statusu barədə hər hansı söhbətin aparılmaması, 40-50-ci illərdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə deportasiyası və s. məsələlər barədə məlumatlar real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmalıdır. Vətən müharibəsində nümayiş etdirdiyimiz həmrəyliyi və birliyi posmüharibə dövründə informasiya müharibəsində də nümayış etdirə bilsək tarixi torpaqlarımıza möhtəşəm qayıdışımız real görünə bilər. Yeni hədəflər uğrunda Ulu Tanrı xalqımızın birliyini və həmrəyliyini qorusun.

Şikar Baxışov
Kəlbəcər rayon 109 nömrəli tam

orta məktəbin müəllimi, YAP üzvü
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 29-04-2022 20:58
Baxış sayı: 3193
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını