Rusiya uduzur, Putinin komandasında parçalanma - Müharibənin 2 ayı

23-04-2022 10:59
Rusiya-Ukrayna müharibəsinin iki ayı tamam olur. Fevralın 24-də başlayan hərbi əməliyyatlar bu gün də davam edir. İndiyədək tərəflər arasında bir neçə dəfə danışıqlar aparılıb, lakin sülh əldə etmək mümkün olmayıb. Hərbi əməliyyatlar dövründə həm Ukrayna, həm də Rusiya ağır itkilər verib.
Qanlı savaşın davam etdiyi bir məqamda müharibənin 9 may - Qələbə Günündə yekunlaşacağı ehtimal olunur və bununla bağlı müxtəlif versiyalar irəli sürülür. İddia edilir ki, Rusiya-Ukrayna müharibəsi mayın 9-dək bitəcək və həmin gün Moskvada keçirilən Qələbə paradında rusların "zəfəri" rəsmən elan olunacaq.
9 May tarixinin ortaya atılması nədən xəbər verir? Rusiya faşizm üzərində qələbənin ildönümü günü Ukraynanın işğalını başa çatdıra biləcəkmi?

Dalidag.az xəbər verir ki, bu barədə modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, 9 may versiyası cəfəngiyatdır. Onun sözlərinə görə, Ukraynadakı müharibədə Rusiya qələbə arzusuna çata bilməyəcək.
“Rusiya bir daha sübut etdi ki, onların dediyi sözlərin heç biri həqiqətə uyğun deyil. Bundan sonra dünyada Rusiyanın fikirlərinə əhəmiyyət verən olmayacaq. Şəxsən mən özüm bundan sonra Rusiyanın prezidenti, müdafiə naziri və digər rəsmilərin sözlərinə etimad etməyəcəm. Ukrayna məsələsində sübut etdilər ki, onlar riakar, qorxaq və yalançıdırlar. Ona görə də 9 mayda heç nəyə nail ola bilməyəcəklər. Lap nəzəri baxımdan desək ki, bunlar guya Mariupolda parad keçirəcək. Qoy keçirsinlər. Bəs, sonra necə olacaq?  Dünya o paradı heç vecinə alan deyil. Putin qara gününə hazırlaşsın”.

Ekspertin fikrincə, yaxın vaxtlarda Putinin komandasında parçalanmalar olacaq:
“Federal Təhlükəsizlik Xidməti ilə Daxili İşlər Nazirliyi artıq bir-birini çox ağır şəkildə ittiham edir. Rus generalları tərəfindən Ukraynadakı vəziyyət fəlakət dərəcəsində səhv kimi dəyərləndirildi. Hələ Rusiya ayrılacaq. Putin də, Lavrov da hansı cinayətin sahibi olduqlarını yaxın günlərdə görəcəklər. Onlar oynayırlar. Putin onsuz da ömrünü başa vurmuş adamdır. Artıq 70 yaşı tamam olur. 9 mayda parad keçirə, yalanlar danışa bilərlər. Lakin nəticəni dəyişməyəcək”.

Rusiyanın qitələrarası raket sınağını keçirməsinə gəlincə, ekspert Moskvadan verilən bəyanatların gülünc olduğunu sözlərinə əlavə edib:
“Qitələrarası raketin sınaqdan keçirilməsi  ilə bağlı gülünc fikirlər səsləndirildi. Guya bunu kiməsə qarşı istifadə edəcəklər. Dünya da oturub baxacaq ki, raketi Amerikaya atacaq, ya da başqa bir ölkəyə? Hamısı boş şeylərdir.  Rusiyanın ortaya qoyduğu iş göz qabağındadır. Suriyada İdlibi necə yerlə bir ediblərsə, Ukraynada da bunu təkrarlamağa çalışırlar. Rusiyanın Ukraynadakı qoşunlarına təyin edilən general da eyni işləri həyata keçirməklə məşğuldur. Ukraynanın Mariupol, Nikoloyev şəhərlərini yerlə-yeksan etmək istəyir. Bu adam manyakdır, öz məsuliyyətini dərk etmir. Ümumiyyətlə, Rusiya tərəfi başını itirib”.
 
Putini ağır günlər gözləyir...
 

Hərbi ekspert Putinin ağrılı günlərinin hələ qarşıda olduğunu düşünür. 
“Putin qara günlərini pərdələmək üçün Rusiya xalqına özünü pozitiv əhval-ruhiyyədə göstərmək istəyir. Mənim üçün gün kimi aydındır ki, Rusiya Ukraynada heç nəyə nail olmayıb, heç vaxt da olmayacaq. Rusiyanın bu gün bəhanələri də qurtarıb. Danışıqlardan ona görə yayınır ki, ortada heç bir nəticə yoxdur. İki ay yamam oldu, amma Rusiya heç nə qazana bilmədi. Guya Ukraynaya qarşı müharibə aparırlar. Əslində müharibəni gözdən salıblar”.
 
Rusiya XİN-in səlahiyyətli nümayəndəsi Mariya Zaxarovanın danışıqlarla bağlı irəli sürdüyü şərtlər barədə danışan ekspert gözləntilərini açıqlayaraq qeyd edib:
 
“Zaxarova kimdir ki, Ukrayna qarşısında şərtlər qoyur? Məsələni Ukrayna xalqı özü həll edir. Mən şəxsən müharibənin davam etməsini istəyirəm. Ona görə ki, Ukrayna aldığı ağır və müasir silahlar vasitəsilə Rusiya ordusunun belini qıracaq. Donbası da, Luqanskı da, Kırımı da azad edəcək. Yaxın həftələrdə Rusiyanın Ukraynaya necə yalvardığını görəcəyik. Rusiya hələlik Zaxarova, Lavrov kimilərlə öz yalan maşınlarını işə salırlar. Ancaq bunlar heç bir fayda verməyəcək. Nə Kırımı, nə də referandum yolu ilə haranısa tanımaq mümkün olacaq”.
 

 
“Putin Ukrayna xalqını özünə, rus xalqına əsrlərlə düşmən etdi. Zaxarova boşboğazdır. Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konoşenkovu Ermənistanın Artur Ovanisyanı hesab edirəm. Koneşonkov qabağına kompüteri qoyub hesablasın ki, indiyə kimi guya Ukraynanın nə qədər hərbi obyektlərini vurublar. Konoşonkonun fikirlərinə qulaq assaq, heç Ukraynada texnika qalmayıb. Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Şuşan və Artur Ovanisyanın hərəkətlərini bu gün Konoşonko həyata keçirir. Bunlar sanki bir qazandan yemək yeyirlər. Eyni yalanları deyirlər. Rusiya bu gün deyir ki, oranı alırıq, buranı alırıq. Bəs nəticə var ortada? Nəticə yoxdur. Ona görə də Rusiya XİN-in rəsmisinin ifadələri qeyri-ciddidir. Bundan sonra Rusiya XİN rəsmiləri nə desə də, dünya onları ciddi qəbul etməyəcək. Zaxarovanın arzuları elə arzu kimi də qalacaq. Yaxın zamanlarda görəcəyik ki, hansı yeni mahnıları oxuyacaqlar”, - deyə Ü.Cəfərov fikirlərini tamamlayıb.

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 23-04-2022 10:59
Baxış sayı: 4188
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
29 / 04 / 2024