Naftalan neftinin möcüzələrini dünyaya tanıdan alim - Tarıverdi Hüseynov

11-01-2022 15:35

Alim öldü aləm öldü.
Bu sözlər 1400 il bundan öncə müqəddəslərimizin dilindən, ibrət kimi bizlərə yadigar qalmış və zaman keçdikcə öz mahiyyətini daha da məntiqli etmişdir. Azərbaycan Elminə və Tibb ictimaiətinə ağır itki üz vermişdir. Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, həkim-kardioloq dəyərli insan, dəyərli həkim Tarıverdi Hüseynov vəfat etmişdir. Hörmətli alim Tarıverdi Hüseynov 1943- cü ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. Onun apardığı elmi tədqiqatların bir hissəsi Azərbaycanın milli sərvəti olan Naftalan neftinin möcüzələri, neftin kardioloji, revmotoloji və digər iltihabı xəstəliklərdə faydaları ilə bağlıdır. Azərbaycanın kurort şəhəri olan Naftalan şəhərində yaşayaraq, orda həm çalışır, həm elmi işlərlə məşğul olurdu.Tarıverdi həkim hər il minlərlə xəstənin müalicə və müainəsini aparır, onların şəfa tapmasında öz biliyini əsirgəmirdi. İstər Azərbaycanda, istərsə də keçmiş sovet respublikalarından gələn on minlərlə insana əvəzsiz xidmətləri olmuşdur. Təsadüfi deyildir ki, Naftalanda (Əsa- Çəlik) muzeyinin yaranmasında onun böyük əməyi vardı. İnsanlar əsa ilə gəldikləri şəfa ocağında aldıqları yüksək keyfiyyətli müalicə sayəsində əsalarını muzeyə xatirə olaraq təhvil verərək gedirdilər. Tarıverdi Hüseynovun, dəyərli alimin çox sayda elmi məqalələri, monoqrafiyları, əsərləri elmi jurnallarda nəşr edilirdi. Əyani vəsait olaraq gənc nəslin öyrənməsi üçün istifadə edilir. Hazırda dünyada Naftalan neftinin müalicəvi məqsədlə müxtəlif məqsədlərlə istifadəsi qayda və protokolların böyük bir hissəsi dəyərli alimimizin illərlə apardığı elmi-tədqiqat işlərinin nəticələrinə əsaslanır. Həkim kimi əvəzsiz xidmətləri, alim kimi elmi nailiyyətlərindən başqa yüksək insani keyfiyyətləri ilə seçilən qayğıkeş ata, gözəl ailə başçısı, etibarlı dost-sirdaş, böyük bir nəslin ağsaqqalı olan Tarıverdi Hüseynov özündən sonra Azərbaycanımıza şərəflə, ləyaqətlə xidmət edən, onun şərəfli yolunu ləyaqətlə davam etdirən üç ziyalı övlad əmanət qoyub. Oğlu Valeh Hüseynov respublikamızın tanınmış hemotoloqu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru, Tibb üzrə fəlsəfə doktoru öz xidmətləri ilə bu gün Azərbaycan səhiyyəsinə əvəzsiz xidmətlər, töhfələr verməkdədir. Digər iki qız övladı, biri tanınmış hüquqşünas, fəlsəfə doktoru, digər qızı isə kimyaçı müəllimdir. Hər üç övladı elmi işlərlə məşğul olur, atanın adına layiq, Azərbaycanımıza şərəflə xidmət göstərməkdədirlər. Dəyərli alimimizin övladlarına Valeh Hüseynov başda olmaqla, əzizlərinə, doğmalarına Allahdan səbr diləyirəm. Baş sağlığı verirəm. Dəyərli alimimizin ruhu şad, məkanı cənnət olsun!

Rövşən Hüseynov
şair, publisist

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 11-01-2022 15:35
Baxış sayı: 31 233
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını