Erməni miqrantlar Türkiyədən çıxarıla bilər

25-07-2020 11:52

Türkiyədə yüz minə yaxın qanunsuz erməni miqrantı yaşayır. Onların ölkələrinə nə üçün geri qaytarılmadığı hər zaman müzakirə mövzusudur. Hər kəsə bəllidir ki, ermənilər Türkiyəyə ərazi iddiaları irəli sürür, hər yerdə türklərə təhdid yaradırlar. Amma bütün bunlara baxmayaraq, qardaş ölkə qanunsuz erməni miqrantlarını ölkədən çıxarmağa tələsmir.

Vaxtilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan humanizm anlayışına görə buna getmədiklərini bildirmişdi. Amma indi situasiya tamam dəyişib. Ermənistanın iyulun 12-də cəbhənin Tovuz rayonu istiqamətindəki təxribatlarından sonra fərqli durum yaranıb. Qardaş Türkiyə təxribatlardan sonra döyüş gedən günlərdə Azərbaycana tam dəstəyini ifadə etdi. Belə bir şəraitdə heç şübhəsiz ki, erməni miqrantların Türkiyədən çıxarıla biləcəklərinə ümidlər yaranıb. Bundan əlavə, ermənilər tez-tez Türkiyənin də ortaq olduğu neft-qaz kəmərlərini hədələyirlər. Hətta Ərdoğanın Tovuz təxribatları ilə bağlı bəyanatında buna açıq işarələr vardı.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev ermənilərə meydan verilməsinin tam əleyhinədir: “Bu məsələlərdə Türkiyənin ortaya qoyduğu mövqe təbii ki, Azərbaycanı tam şəkildə qane edir. Türkiyə Azərbaycana olan bu basqıda bütün şərtlər daxilində ölkəmizin yanında olduğunu bəyan etdi, həm Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyi, həm də prezident səviyyəsində. Çavuşoğlu bildirdi ki, biz indiyə qədər məsələnin siyasi çözümündə Azərbaycanın yanındayıq deyirdik, amma indi bütün çözüm yollarında Azərbaycanın yanındayıq. Bir daha təkrarladı ki, bu cümlə sadə bir cümlə deyil. Əgər biz təşəbbüslə çıxış etsək ki, Türkiyədə yüz minə yaxın qanunsuz erməni miqrant var, orada işləyirlər, onların çıxarılması vacib şərtdir, məncə Türkiyə bunu müzakirəyə çıxarar. Çünki şərtlər dəyişib. Azərbaycana qarşı olan bu basqı böyük qlobal siyasətin tərkib hissəsidir. Təkcə Azərbaycana deyil, həm də Türkiyəyə olan basqıdır.

Fərəc Quliyev: “Azərbaycan istəsə, bu məsələnin müzakirəyə çıxarılmasına nail olar”
Qardaş ölkənin son zamanlar Liviya, Ağ dəniz siyasətinə, o cümlədən, qaz istehlakı ilə bağlı yürütdüyü siyasətə təpkidir. Hesab edirəm ki, bütün bu məsələlərə görə qeyd etdiyiniz məsələyə qardaş dövlət baxa bilər. Əgər bir əhali gəlib Türkiyədə işləyib, pul qazanıb, burada türk dünyası əleyhinə fəaliyyət göstərəcəksə, onlara meydan vermək olmaz. Bu başqa bir məsələdir ki, humanizm prinsiplərini əgər önə çəkirlərsə, Türkiyədə yaşayan erməni əsilli türkiyəlilərə heç bir fərq qoyulmur. Onların normal şəkildə məsələlərinə baxılır. Orada etnoslara hansı münasibət varsa, erməni əsilli türkiyəlilərə də o cür münasibət var. Məncə bu məsələ ilə bağlı Türkiyədə müəyyən dairələrlə danışıqlar aparmaq olar. Necə ki, bu gün Azərbaycan diasporu dünyanın hər yerində türkiyəli dostlarımızla bir yerdə ermənilərin Tovuzdakı təxribatları, ümumiyyətlə, Azərbaycana olan basqıları ilə bağlı etirazlar edirlərsə, bu məsələdə də çiyin-çiyinə olmaq lazımdır. Bu günləri Azərbaycanın iş adamları Moskvada və başqa yerlərdə əgər ermənilərə qarşı indiyə qədər olmayan aksiyalar keçirirlərsə, onları boykot edirlərsə, bəlkə bu səpkidə də türkiyəli iş adamlarına müraciət etmək lazımdır ki, dünyanın hər yerində ermənilərə qarşı eyni təpkini göstərsinlər. Hesab edirəm ki, orada qanunsuz şəkildə fəaliyyət göstərən yüz minə yaxın Ermənistan vətəndaşına meydan verməyə dəyməz. Məncə bu məsələ müzakirəyə çıxarıla bilər”.

Əziz Əlibəyli: “Bu addım Ermənistana zərbə vura bilər”
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bu addım atılarsa, erməni təxribatlarına növbəti tutarlı cavab olacağını bildirdi: “İnsan haqları sahəsində Türkiyənin üstünə gələn güc mərkəzləri bu günədək Türkiyədə yaşayan ermənilərlə bağlı həmişə ikili mövqe tutublar. Amma Türkiyədə erməni təşkilatlarının, mediasının sayına baxın. Və son bir neçə ildə ”Daşnaksütyun" ABŞ-ın Montebello şəhərində qəbul etdiyi bəyannamədə Türkiyədən qondarma soyqırımının bədəli olaraq Van, Bitlis, Ərzurum, Trabzon, Qars və Ərdahanın Ermənistana verilməsi məsələsini qaldırdılar. Bütün bunların əvəzi kimi Ərdoğan Azərbaycan faktorunu da nəzərə alaraq, belə bir addım atmaq barədə mesaj verdi. Əvvəla, bildirim ki, Türkiyə də 1990-cı il dekabrın 18-də BMT Baş Məclisi tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” konvensiyaya qoşulub. Amma yüz mindən artıq erməninin heç bir qeydiyyatı yoxdur, təyinatları bilinmir, əməkçi olmaları bəlli deyil, əksəriyyəti tranzit ölkə kimi burada qərarlaşır və Türkiyədə baş verən əksər qaranlıq cinayətlərdə, küçə quldurluqlarında onların adı keçir və ya da başqa sözlə desək, Ermənistan əhalisinin xeyli hissəsi orda qeyri-qanuni yaşayır. Ərdoğan bu addımı atarsa, heç bir hüquqi qadağa onun qarşısını ala bilməz. Amma bu addım ən çox əziyyət çəkən, 30 il ərzində sayı 3 milyonu keçə bilməyən Ermənistana fəlakətli zərbə vura bilər. Həmin toplumu Ermənistan hakimiyyəti əleyhinə qaldıra bilər və Türkiyəyə, onun milli maraqlarına qarşı baş verən erməni təxribatlarına adil cavab vermiş olar".

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 25-07-2020 11:52
Baxış sayı: 556
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını