Varlılar daha varlı, kasıblar daha kasıb olur - rəqəmlər

10-07-2020 11:03

ABŞ milyarderlərinin sərvətinin həcmi 3,5 trilyon dollara çatıb, sayı isə 16 nəfər artıb

Koronavirus pandemiyasının yaratdığı böhran dünyada on milyonlarla insanı işsiz qoymaqla yeganə gəlir mənbəyindən məhrum vəziyyətə gətirib çıxarır. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, pandemiya dünyada 390 milyon nəfərə yaxın insanı işsiz qoyacaq.
Baş verən böhran nəticəsində dünya əhalisinin istehlak davranışları köklü şəkildə dəyişir - böyük bir qisim bahalı qidalardan, geyimlərdən, gəzintilərdən imtina etməli olur.  Böhranın tələbatı azaltdığı məhsulların istehsalçısı olan böyük şirkətlər və onların sahibləri milyardlarla dollar itirirlər.
Məsələn, dünyada pandemiyadan ən çox itirən varlı şəxs “Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun sahibi, Fransalı Bernar Arno hesab olunur. “Dior”dan tutmuş “Fendi”yə qədər 70-dən yuxarı ən məşhur brendin 71 yaşlı sahibinin şirkətinin səhmləri pandemiya dövründə(18 mart-5may) 19 faiz dəyərsizləşib, özü isə 30 milyard dollar kasıblayıb. Pandemiyaya görə onun demək olar ki, bütün mağazaları qapadılmışdı.
Maraqlıdır ki, bu ilin yanvar-mart ayında dünyanın ən varlı adamlarının siyahısında ilk 100 yeri tutan şəxslərin 9-dan başqa hamısı sərvət itkisinə məruz qalmışdı.Və həmin 9 şəxsin hamısı Çin vətəndaşı idi. Bunlar arasında “Zoom” platformasının yaradıcısı Erik Yuan Çjen də var - 2 ayda onun sərvəti 77 faiz artaraq 8 milyard dollara çatmışdı.
Görüşləri ləğv edərək necə milyarder olmaq olar? - Zoom-un tarixi ...
Erik Yuan Çjen
Fond və neft bazarında mart ayında qeydə alınan çöküş dünya varlılarının biznesinı ciddi zərər vurmuşdu. Lakin sonrakı 2 ayda onların sərvəti yenidən, özü də daha böyük sürətlə artdı. “Forbes”in reytinqində ilk 25 yerdə olan milyarderlərin var-dövləti 255 milyard dollar çoxaldı.
Bu sırada Rusiya milyarderlərinin sərvətində 62 milyard dollarlıq irəliləyiş qeydə alındı - onların ümumi vəsaitlərinin məbləği 392 milyard dollardan 454 milyard dollara çatdı.
Hesablamalar üçün başlanğıc tarix olaraq 18 mart götürülüb. Rusiyada ən çox varlanan “Nornikel”in sahibi Vladimir Potanin olub. O, pandemiya dövründə sərvətini 6,4 milyard dollar artırmağı bacarıb - 19,7 milyard dollardan 26,1 milyard dollara. İkinci yerdə gələn “Novatek” rəhbəri Leonid Mixelsonun varidatı iki ayda 17,1 milyard dollardan 22,5 milyard dollara qədər artıb. Üçüncü olan Vladimir Lısin 18,1 milyard dollardan 21 milyard dollara qədər varlanıb. “Severstal”ın prezidenti Aleksey Mordaşovun sərvəti 16,8 milyard dollardan 19,1 milyard dollara, “LUKoyl”un həmsahibi Vahid Ələkbərovunku isə 15,2 milyard dollardan 20,8 milyard dollara çatıb. Lakin son həftələrdə rusiyalı milyarderlərin kasıblaması prosesi getməkdədir. Belə ki, “Bloomberg”in iyulun 1-nə olan məlumatına əsasən  Rusiyalı milyarderlərin sərvəti 31,81 milyard dollar azalıb. Onlar arasında ən böyük itkiyə Leonid Mixelson məruz qalıb - 5,76 milyard dollar itirib.
Azərbaycanlı milyarderin sərvəti müsadirə olunur
“LUKoyl”un rəhbəri Vahid Ələkbərovun itkisi 4,77 milyard dollar təşkil edib. Bununla onun sərvəti 17,5 milyard dollara düşüb. Bundan əlavə, Vladimir Potanin 1,88 milyard dollar, Vladimir Lısin 2,97 milyard dollar itirib.
“Bloomberg”in hesablamalarına görə, pandemiya nəticəsində mart-aprel aylarında ABŞ milyarderlərinin sərvəti ötənilki 3,1 trilyon dollardan 2,9 trilyon dollara düşüb. Lakin bu vəziyyət sonradan bir neçə həftə ərzində yenidən sürətlə dəyişib. İyunun 4-ü üçün ABŞ milyarderlərinin sərvətinin həcmi 3,5 trilyon dollara çatıb. Onların sayı isə 16 nəfər artıb.
Bugünlərdə məlum oldu ki, dünyanın ən zəngin adamı, ABŞ-ın “Amazon” korporasiyasının rəhbəri Ceff Bezosun sərvəti yenidən tarixi rekordu yeniləyib. İş adamının sərvəti 182,6 milyard ABŞ dollarına çatıb.

Ceff Bezos

“Forbes” jurnalının verdiyi məlumata görə, iyulun əvvəlində C. Bezosun sərvəti 171,6 milyard dollar idi. Göründüyü kimi, ayın əvvəlindən iş adamının sərvəti 11 milyard dollar artaraq ikinci dəfə rekord səviyyəyə çatıb.
Bu vəziyyət “Amazon” şirkətinin səhmlərinin dəyərinin davamlı artması fonunda müşahidə olunur - iki gün əvvəl səhmlər 2,7 faiz bahalaşaraq rekord 3 081,11 dollara çatıb, şirkətin kapitallaşması isə 1,54 trilyon dollara yüksəlib. C. Bezos “Amazon”un 11,1 faiz payına sahibdir. O, 2017-ci ildən bəri “Forbes”in ən zəngin adamları siyahısının lideridir.
May ayında kiçik biznes üçün konsaltinq şirkəti olan “Comparisun” Bezosun artıq 2026-cı ildə sərvəti trilyon dolları aşacaq ilk şəxs olmaq üçün hər cür şansa malik olduğunu açıqlamışdı.
“Bloomberg”in yazdığına görə, pandemiya dövründə sərvətini artıranların demək olar ki, hamısı müasir texnologiyalar sektorunun nümayəndələridir. Onlar arasında “Tesla”nın rəhbəri İlon Mask (1 yanvardan bəri 25,8 milyard qazanmaqla sərvətini 53,4 milyard dollara çatdırıb), “Zoom”un sahibi ErikYuan (sərvəti 4 dəfə artaraq 13,1 milyard dollara çatıb) da var.
Beləliklə, aydın olur ki, müasir texnologiya sektoru böhranın təsirlərinə nəinki məruz qalmadı, hətta son aylarda ciddi inkişaf mərhələsinə adlamış oldu. Bu isə yaxın gələcək üçün dünya iqtisadiyyatının aparıcı qüvvəsinin harada cəmləşəcəyini açıq göstərir.


Kateqoriya: Sosium
Tarix: 10-07-2020 11:03
Baxış sayı: 4825
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını