Reklam
Cəhənnəmdən gələn səs: Xocalıdan olan ananın Vardanyanın məhkəməsindəki fəryadı
26-02-2026 09:41
“Pənah gətirdiyimiz şəhər bizim məzarımız oldu”
“Biz Şuşadan qaçıb Xocalıya gələndə elə bilirdik ki, burada canımızı qurtaracağıq”, – deyə qadın sözə başladı. Səsi titrəsə də, hər kəlməsi zalın divarlarına çırpılan güllə kimi səslənirdi. “Həyat yoldaşım cəbhədə idi. Mən iki körpə qızımla dörd divar arasında ümidə sığınmışdım. Amma 1992-ci ilin o fevral gecəsi ümidlər də qarla birlikdə qana boyandı.Erməni silahlıları şəhərə hücum edəndə mən, iki qızım, baldızımın səkkiz aylıq hamilə gəlini və onun yoldaşı meşəyə üz tutduq. Lakin yolumuzu Əsgəran istiqamətində pusqu kəsdilər. Bizi amansızcasına döyüb köhnə bir “UAZ” maşınına doldurdular. O an anladım ki, artıq dirilərin dünyasından qopmuşuq.”

Bəşəriyyətin utanc günü
Qadın bir anlıq susdu. Zal nəfəsini saxlamışdı.“Bizi polis məntəqəsinin ikinci mərtəbəsinə apardılar. Baldızımın oğluna dedilər: ‘Ya silah götürüb öz xalqına qarşı vuruşacaqsan, ya da ailəni gözünün qabağında məhv edəcəyik’. O isə dedi: ‘Ölərəm, amma xalqıma xəyanət etmərəm. Məni öldürün, amma bu hamilə qadına toxunmayın’.
Onlarda isə insanlıq yox idi... Gözümüzün önündə, səkkiz aylıq hamilə qadının qarnını yarıb körpəni çıxardılar. O körpə bu dünyanın işığını görmədən vəhşiliyin qurbanı oldu. Ardınca isə anasının fəryadı altında gənc oğlanı da qətlə yetirdilər. Mənim və körpə qızlarımın gözü qarşısında…”
Divarların o tayındakı fədakarlıq
“Qonşu otaqdan həyat yoldaşımın səsini eşidirdim. Onu döyürdülər. O isə qışqırırdı: ‘Mənim heç kimim yoxdur! Nə ailəm var, nə uşağım!’ O, bizi qorumaq üçün belə deyirdi. Bilirdi ki, ailəsinin kim olduğunu bilsələr, bizi onun gözü qarşısında daha ağır işgəncələrlə öldürərlər.Bir neçə gündən sonra səsi kəsildi. Sonradan pıçıldadılar ki, onu Xankəndiyə aparıb qətlə yetiriblər. O an sanki ruhum bədənimdən ayrıldı.”
İki körpənin səssiz ölümü
“Erməni cəlladı məni döyəndə balaca qızım onun ayağından dişlədi. O, uşağı qaldırıb ikinci mərtəbənin pəncərəsindən atdı. Huşumu itirdim. Ayılanda qızımı yanımda gördüm, ayağı sınmışdı.Uşaq hər ağlayanda içəri girib məni döyürdülər ki, niyə onu sakitləşdirmirəm. Üçüncü gün qızım mənim döyülməyimə dözə bilmədi. Ağlamadı... Məni döyməsinlər deyə susdu və o sükutun içində can verdi. Cansız bədənini pəncərədən atdılar. Bir həftə sonra isə digər qızım aclıqdan qollarımda dünyasını dəyişdi.”
Üzə oxunan ittiham
“Mən üç ay o cəhənnəmdə qaldım. Hər gün ölüm arzuladım. Üç aydan sonra Qırmızı Xaç vasitəsilə dəyişdirildim. Amma oradan tək çıxmadım — yoldaşımın başını, övladlarımın cənazəsini, gəncliyimi və ruhumu orada qoyub gəldim.”Qadın barmağını müttəhim kürsüsünə uzatdı:
“Bu gün onun məhkəməsi qurulub. Amma bilin ki, dəstəklədiyi ideologiya mənim bütöv ailəmi məhv etdi. Mən bir ailədən qalan tək kölgəyəm. Qızlarımın qanı bu cür insanların əllərindədir!”

Vüqar Şirinoğlu
P.S. Bu yazı Xocalı soyqırımı zamanı baş vermiş faktlar və zərərçəkmişlərin ifadələri əsasında, bəşəri cinayətlərin unudulmaması məqsədilə qələmə alınıb.
Bu, zərərçəkmiş xanımın, iştirak etdiyim məhkəmə prosesində eşitdiyim ən ağrılı ifadələrdən biri idi.
Şükür ki, heç olmasa ədalət öz yerini tapdı. Digər Xocalı qatilləri azadlıqda dolaşsalar da, bu şəxs öz layiqli cəzasını aldı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Kateqoriya: Qarabağ
Tarix: 26-02-2026 09:41
Baxış sayı: 2197Yazı axını
05 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
Ən çox oxunanlar






























