"Qələbəni, zəfəri o oğullar qazandı, onlar tarix yaradan, onlar tarix yazandı" - YENİ KİTAB

23-08-2024 12:41

(ÖN SÖZ)

44 günlük Vətən Müharibəsində tarixə dastan olan qələbəmiz bu gün xalqımızın milli qürur mənbəyi olması ilə yanaşı, həm tarixi ədalətin bərpası, həm də İlahi ədalətin təcəlləsi idi. Bizim xalqımızı çox xalqlardan fərqləndirən üstün cəhətlərdən biri də o oldu ki, işğalda olan torpaqlarımızı azad etmək üçün ölümün üstünə gülə-gülə gedib, şəhidliyi gülə-gülə qəbul etdi:

...Qolun qəlpə aparan,
qıçın itirən oldu.
Dilinin əziz sözü,
yenə də vətən oldu.

Bu yüksək keyfiyyət xalqımızın vətənə, torpağa, dövlət və dövlətçiliyə nə qədər sıx bağlı olduğunu bir daha sübut edir:

Əsgərim cəngavər tək
gedir düşmən üstünə.
Atıq eyninə deyil,
soyuq nədi, isti nə...


Xalqımızın daha bir gözəl cəhəti də odur ki, göstərdiyi qəhrəmanlıqda dayanmır, onu gələcək nəsillərə ötürmək üçün yaradıcılığın bütün sahələrində böyük əsərlər yaradıb, gələcək nəsillərə böyük bir qəhrəmanlıq irsi kimi ərmağan edir. 44 günlük müharibənin böyük tarixini, misilsiz əzəmətini, saysız qəhrəmanlıqlarını və bunların fonunda vətənin müqəddəsliyini tərənnüm edən belə əsərlərdən biri də vətən, yurd haqqında bir çox kitabların müəllifi gözəl yazarımız Mikayıl Bədəlovun 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Qələbə nidası” poemasıdır. Bu poemanı oxuduqdan sonra, bir daha belə qənaətə gəldim ki, gerçək tariximizi tarixçilərlə bərabər, həm də yaradıcı insanlar - şairlər, yazıçılar yaradır və xalqın gen yaddaşına bu tipli yaradıcı əsərlərlə daha böyük təsir edirlər.
Mikayıl Bədəlovun Vətən müharibəsi haqqında qələmə aldığı “Qələbə nidası” poemasında müharibənin ilk günündən sonunadək ardıcıllığın bədii epitetlərlə təsviri, əsgər qəhrəmanlıqlarının şücaətləri mübaliğəsiz, lakin poetik çalarlarla işıqlandırılması şübhəsiz ki, müəllifin geniş erudisiyaya sahib, istedadlı qələm əhli olmasından irəli gəlir: Haqq tutur öz yerini ədalət zəfər çalır. İgid, ərən, əsgərim, düşməndən qisas alır. 24 bölümdən ibarət olan “Qələbə nidası” əsəri mənə 1 müqəddimə, 12 boydan ibarət olan tarixi qəhrəmanlıqlarla dolu -“Kitabi-Dədə Qorqud” dastanını xatırlatdı. “Kitabi-Dədə Qorqud” dastanı kimi bölümlərdən ibarət olan “Qələbə nidası” əsəri də 44 günlük Vətən müharibəsi fonunda-hər bölümün altında vətən, xalq ordu birliyi, qəhrəmanliq zirvəsi, şəhidlik məqamı, düşmənə nifrət, dosta sədaqət kimi xalqımızın ruhsal mövqeyi ilə yanaşı, həm də onun tarixə, bugünə və gələcəyə bir nöqtədən baxışı nəzm dilində, dolğun şəkildə ifadə edilmişdir. Aşağıdakı bənddə deyildiyi kimi:

Var ol, əbədi var ol,
doğma yurd, gözəl vətən.
Hər şeydən sən əzizsən -
hər şeydən əzəl vətən.


Poemaya məzmun yükünə görə həm də səlnamə statusu daşıyır desək, məncə, səhv etmərik. Çünki əsərdə müəllif, 44 günlük Vətən müharibəsinə səbəb olan 33 illik bir qərinə dövrünün tarixi detallarını da kənarda qoymamışdır:

Sinəmə dağ basdığın
Düyünü unutmaram.
Xocalı qətlamını
O günü unutmaram.

Əsərdə Ali Baş Komandanın qətiyyətli mövqeyi, tam qələbəyədək dönməzliyi, əsgərlərimizin qəhrəmanlıqları, qardaş Türkiyənin hər an yanımızda olması, sadə, yaddaqalan və poetik şəkildə nəzmə çəkilmişdir:

Sərkərdəm qətiyyətli,
Ordum güclü, müzəffər.
Ona görə ard-arda
Gəlir qələbə, zəfər.


Başqa bənddə müəllif:

Bura döyüş meydanı,
Burda hünər gərəkdir.
İgidlərin cəngavər,
Hamısı şir, pələngdir.

kimi əsgərlərimizin cəngavərliyini təşbeh üsulundan istifadə etsə də, gerçək şəkildə ifadə etmişdir. Vətənə, dövlətinə, elinə, obasına ürəkdən bağlı olan gözəl qələm sahibi Mikayıl Bədəlovun “Qələbə nidası” əsəri haqqında çox yazmaq olar. Çünki bu mövzu, həm də hər bir Azərbaycan vətəndaşı üçün yaralı vətənimizin, yaralı şərəfimizin əbədi sağalmasıdır. Mən bir ziyalı, bir alim kimi bizim başımızı dünyada ucaldan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli ordumuza, cənnət qoxulu şəhidlərimizə, qəhrəman qazilərimizə şükranlıqla təşəkkür edir, “Qələbə nidası” əsərinin müəllifi Mikayıl Bədəlova isə zəfər tariximizin bu günkü mənzərəsini bütün detalları ilə gələcəkdən bu günə açdığı bədii pəncərəyə görə çox sağol deyirəm.

Abbas Abbasov
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor.

***

Dalidag.az "Qələbə nidası" poemasından bir parçanı təqdim edir:


TARİX YAZAN OĞULLAR

...Üç mindən çox şəhidim
qurban getdi Vətənə.
Onlar şəhidliyiylə
nələr etdi Vətənə....

Haqları çox böyükdür,
yerləri cənnət olsun.
Müqəddəs ruhlarına
ehtiram, hörmət olsun.

...Qolun qəlpə aparan,
qıçın itirən oldu.
Dilinin əziz sözü,
yenə də vətən oldu.

Qələbəni, zəfəri
o oğullar qazandı.
Onlar tarix yaradan,
onlar tarix yazandı.

Azadsan, Qarabağım,
xoş günün başlayacaq.
Bundan sonra qoynunda
toy-düyün olar ancaq.

O dağ, o düz, Qarabağ,
Dərbənd, Təbriz, Qarabağ.
İlahi, nə gözəldir,
ermənisiz Qarabağ.

Adın toxunub, demə
qəlbimə ilmə-ilmə.
Dilimdə şirin kəlmə,
ən əziz söz, Qarabağ.

O gün gələr deyirdik,
üzün gülər, deyirdik,
neçə illər deyirdik,
birazca döz, Qarabağ.


TARİX MÜHAKİM EDİRƏ

Sinənə dağ çəkənlər,
indi cəza çəkirlər.
Haqq-ədalət önündə
boyunların bükürlər.

Özləri biçəcəklər,
nə cücərdib əkiblər.
Onlar çox baş kəsiblər,
onlar çox qan töküblər.

İt kimi peşmandılar,
kim onlara inanıb.
Gətirildi Bakıya
qolları qandallanıb.

Hamı bildi, tanıdı,
nəçidilər, kimdilər.
Dünən hökm edirdilər,
bu gün müttəhimdilər.

Mikayıl Bədəlov



Kateqoriya: Qarabağ
Tarix: 23-08-2024 12:41
Baxış sayı: 4236
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
01 / 12 / 2024