Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar

12-05-2024 18:20

Vidadi Murtuzayev
 Hüquqşünas


32 il əvvəl bir az soyuq, yağışlı may günlərində Şuşanı tərk edən şuşalılar doğma şəhərlərinə bu qədər gec qayıdacaqlarını gözləmirdilər. Məsələnin bir tərəfi də odur ki, hamı Şuşaya qayıda bilmədi. Yüzlərlə, bəlkə də minlərlə şuşalı həyatdan Şuşa həsrəti ilə köçdü.

Şuşanı işğaldan azad edə bilməməyimiz isə dövlət və millət üçün faciə olardı. Şükür ki, belə olmadı. Qətiyyətli rəhbərimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz Şuşanı düşməndən geri aldı. Müzəffər Ali Baş Komandanımız  çıxışlarının birində “işimiz Şuşasız yarımçıq qalardı” demişdi və bu iş yarımçıq qalmadı.Şuşalıların bir hissəsinin Şuşaya məhz may ayının 8-də qayıtması təsadüfi deyil, simvolik məna daşıyır. 4 il öncəyə qədər 8 may xalqımız üçün matəm günü idi. Rəsmi olmasa da, bütün vətənpərvər insanlar bu qara günü ürıklərində yaşadırdırlar. Bu ildən isə 8 may şuşalıların Şuşaya qayıdışı günüdür. Həmişə də belə qeyd olunacaq. Öz al qanları ilə Şuşanın qara gününü qırmızı edən oğulların xatirəsi həmişə əziz olacaq.

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Şuşaya qayıdan şuşalılarla bu şəhərdə görüşüb, söhbətləşərkən, qürur mənbəyimiz olan Şuşanı və işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri şücaəti haqqında danışıb. Möhtərəm Prezidentimiz vurğuladı ki, “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”. Şuşalıların Şuşaya dönməsi asan və tez başa gəlmədi. 44 günlük müharibə bir çoxlarına “ildırım sürətli müharibə” kimi görünə bilər, amma ona qədər 28 il boyunca əsəb gərən, sonu görünməyən “diplomatik müharibə” də getmişdi. Ən əsası, biz o müharibədə bütün şərtlərin əleyhimizə olduğu bir vaxtda da haqqımızdan, qırmızı xəttimizdən geri durmadıq, təmkinlə, hövsələ ilə zəfər günümüzün başlanğıc anını gözlədik. ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ-ni, Rusiyanı və Fransanı təmsil edən çoxsaylı diplomatlar bir-birini tez-tez dəyişsələr də sülh yolu ilə həlli planlarında Şuşa söhbəti yox idi. Hamı Şuşanı ermənilərə “verirdi”, vasitəçilərin planlarına görə, Ermənistan və Azərbaycan arasında sülh Azərbaycanın Şuşasız qalacağı təqdirdə baş tutmalıydı. Lakin Azərbaycan siyasətçiləri və hərbçiləri bütün məkrli planları pozdular. Son nəticədə şəhərin əsl sahibləri Şuşaya qayıtdılar. İşğaldan azad olunduğu vaxt Şuşa nə gündəydi, ilk görənlər bilir. Şəhər yarımxarabalıq bir yer idi. Möhtərəm Prezidentimizin fikri ilə desək, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı.

Noyabrın 8-i Şuşa azad olundu, mayın 8-i isə  şuşalılar bayraqlarımızla bəzənmiş Şuşaya qayıtdılar. Şuşada əzəmətli binalar tikiləcək. Şuşa mədəniyyət və turizm mərkəzinə, istirahət məkanına çevriləcək. Prezident İlham Əliyev şuşalılarla görüşdə deyib ki, artıq şəhərdə üçüncü yaşayış kompleksinin təməli qoyulub. “Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir”, - dövlət başçısı deyib. Həm Azərbaycanımızın, həm də Şuşamızın başı üzərindəki qara buludlar əbədi dağılıb. Əyilməz ruhumuzun rəmzi Şuşa ağ dumanlı şəhərdir, ilin çox hissəsi bu şəhərdə duman olur, təki qara bulud, dolu olmasın. Əbədi yaşamağa gəldiyimiz doğma Şuşamızda Azərbaycan Bayrağı əbədi dalğalanacaq.  

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 12-05-2024 18:20
Baxış sayı: 4174
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını