“Azərbaycanın səbri tükənib, yaxın günlərdə...” - Əməliyyat Ağdərədən başlayacaq?

06-03-2023 13:30




“İlk dəfə deyil ki, biz Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdəki erməni təxribatlarına reaksiya vermədiyinin şahidi oluruq. Dəfələrlə belə hadisə baş verib və artıq bizi heç nə təəccübləndirmir”. 

Dalidag.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.
Hərbi ekspert Turşsu-Xəlfəli yolunda baş verən insidentdən, habelə bölgədə müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlı kontingentinin hadisəyə laqeyd qalması məsələsindən söz açıb. 
Onun sözlərinə görə, dünən baş verən insident artıq Azərbaycan tərəfinin səbrini daşırdı: 
“Yəqin ki, yaxın günlərdə biz Azərbaycan-Ermənistan şərti sərhədində - Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdılacağının şahidi olacağıq. Çünki erməni silahlılarının təchizatı üçün zəruri olan silah-sursat, texnika və şəxsi heyətin daşınması məhz bu yolla təmin edilir. Ona görə də buraxılış məntəqəsi mütləq inşa ediləcək”. 
Azərbaycanın yeni antiterror əməliyyatı keçirə bilməsi ehtimalından söz açan mayor əlavə edib:
“İkinci bir məsələ isə erməni silahlılarının bölgədən təmizlənməsinə aiddir. Bunun üçün isə Azərbaycan 1 həftə vaxt qoymalıdır ki, Rusiya sülhməramlıları bu müddət ərzində ərazinin erməni silahlılarından tam təmizlənməsini başa çatdırmalıdır. Əks halda Azərbaycan tərəfi filan ayın dəqiq tarixini qeyd edərək əməliyyatın başlanılacağı nöqtəni göstərməklə bunu sülhməramlıların nəzarətinə çatdırmalıdır. Əməliyyatın başlanması üçün Ağdərə istiqamətindən başlayıb ərazilərimizin hamısını erməni silahlılarından təmizləyə bilərik”. 
Müsahibimizin fikrincə, bunun üçün kifayət qədər imkan, güc və potensiala malikik:
“Sadəcə biz proseslərin daha az qan tökülməsi ilə müşayiət olunmasını istəyirdik. Lakin göründüyü kimi, erməni tərəfi tərxibatlarından əl çəkmir və bu da Azərbaycana başqa çıxış yolu qoymur”. 
Rusiya sülhməramlılarının “ölüm səssizliyi”nə toxunan hərbi ekspert söyləyib ki, onlar öz vəzifələrinə məsuliyyətsiz yanaşırlar: 
“O ki qaldı Rusiyanın səssiz qalmasına, Rusiya Qarabağda uzun müddət ləngimək üçün kifayət qədər çoxsaylı addımlar atıb. İndiyə qədər erməni mövqelərinin inşa edilməsi və ərazilərimizə silah-sursat və minaların daşınması Rusiya sülhməramlılarının gözü qarşısında baş verib. Əgər onlar münaqişənin sona çatmasında və 5 il müddətində ərazini tərk etmək niyyətində olsaydılar, Kəlbəcər, Ağdam və Laçından çıxardıqları kimi, digər ərazilərdən də qanunsuz erməni silahlılarını dərhal çıxarardılar. Amma görünən odur ki, sülhməramlılar öz vəzifələrinin yerinə yetirilməsinə ən yumşaq şəkildə məsuliyyətsiz yanaşırlar. Bu isə Azərbaycan tərəfindən qəbul edilən deyil. Bizim isə onlar qədər gözləməyə vaxtımız və səbrimiz yoxdur”. 

Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 06-03-2023 13:30
Baxış sayı: 3144
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını