Xocalı soyqırımı hərb meydanında dəfələrlə məğlub olan ermənilərin dinc əhaliyə qarşı intiqamıdı

25-02-2023 10:54

Tural VƏLİZADƏ
Qərbi Kaspi Universitetinin
Magistratura və Doktorantura şöbəsinin müdir müavini



 Qarabağda yerləşən sovet hərbi birləşmələrinin hər növ dəstəyi ilə ermənilər tərəfindən törədilən Xocalı soyqırımından 31 il ötür. Bu soyqırım aktı ilə bağlı məsələlərə diqqət yetirdikdə hadisənin daha dərin köklərə gedib çıxmasının şahidi oluruq.
1918-ci il Mart soyqırımı, Xocalı soyqırımı böyük güclərin tarixi geostrategiya və geosiyasəti baxımından düşünülən və ermənilərin əli ilə törədilən çoxsaylı planlarından hesab oluna bilər. Belə ki, bolşevik Rusiyası 1918-ci ilin mart-aprel aylarında, Sovet Rusiyası 1990- ci ilin 20 yanvarı və 1992-ci ilin 26 fevralında müvafiq olaraq Mart soyqırımı, Qanlı 20 Yanvar və Xocalı soyqırımlarını törətməklə Azərbaycanı azadlıq mübarizəsindən çəkindirmək və onun əhalisini qorxutmaq üçün səylər göstərmişdir. Tarixi Azərbaycan torpağı olan Qarabağın Xocalı şəhərində törədilən bu soyqırım uydurma “böyük ermənistan”ın bərpasına xidmət edən “yandırılmış torpaq” – “etnik təmizləmə” taktikasının bir nümunəsidir. Bunu sübut edən xeyli sayda rəsmi sənədlər, şahid ifadələri, video görüntülər vardır. Ermənilər Xocalıda hərbi əməliyyat məqsədi daşıyan döyüş  aparmayıblar. Birmənalı olaraq hayların əsas istəyi yerli azərbaycanlı əhalini işgəncələrlə öldürmək, onların soyunu tükətmək olub. Yerli mülki əhali tərəfindən isə onlara heç bir silahlı müqavimət göstərilməmişdir. Bu soyqırım ermənilərin böyük güclərin himayəsi altında Anadoluda və Azərbaycanın şimalı ilə cənubunda 1895-1896, 1905-1906, 1915, 1918-1920 və b. illərdə törətdikləri soyqırımların davamıdır. Xocalı soyqırımını azərbaycanlılarla son bir əsrdə hərbi mübarizədə dəfələrlə məğlub olan ermənilərin dinc yerli əhalini soyqırıma məruz qoymaqla əldə etdiyi bir intiqam kimi də dəyərləndirmək olar. Ancaq savaşı da ləyaqətlə aparmalı, dinc mülki əhaliyə toxunulmamalıdır. Bu soyqırım nəticəsində 613 nəfər (bəzi məlumatlara görə 1000-dən artıq – T.V) , o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından həmişəlik əlil oldu, 8 ailə tamamilə məhv edildi, 25 nəfər uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil. Xocalı soyqırımı ilə BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli Bəyannaməsinin 2, 3, 5, 9 və 17-ci maddələri, eyni zamanda BMT Baş Assambleyasının 16 dekabr 1966-ci il tarixli 2200 A (XXI) saylı qərarı ilə qəbul edilən və 23 mart 1976-ci il tarixində qüvvəyə minən BMT-nin Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiyası 6-9-cu maddələrinin tələbləri, şərtləri pozulub. Bu soyqırım hətta kiçik - 1 və 2 yaşlı uşaqların öldürülmələri və insanların ağılasığmaz işgəncələrə məruz qaldığı ağılasığmaz bir cinayətidir. Bu səbəblə də tam bir soyqırım cinayətidir. Xocalıda törədilən soyqırım aktı mühüm bir hissəsi ermənilərdən təşkil edilmiş 366-cı Rus motoatıcı alayının və Ermənistan silahlı qüvvələrinin birlikdə törətdiyi cinayət fəaliyyətdir. Təəssüf ki, “Balkan qəssabları” S.Miloşeviç, R.Karaçiç və başqalarından fərqli olaraq “Xocalı qəssabları” R.Koçaryan, S.Sarqsyan, S.Ohanyan və digərləri beynəlxalq qurumlar və ictimaiyyət, ayrı-ayrı dövlət başçıları tərəfindən qətiyyətlə pislənməmiş, sərt reaksiyalara məruz qalmayıblar. Əksinə onlar Ermənistanda yüksək dövlət vəzifələrinə (Prezident, Müdafiə naziri) yiyələnmişlər. Tarixdən başqa bir nümunə: 1918-1920-ci illərdə İrəvan və ətraf rayonlarda çoxsaylı türk - müsəlmanı qırğına məruz qoyan Drastamat Kanayan (Dro) az sonra Ermənistanının Müdafiə naziri olmuşdu. Xocalı soyqırımı ermənilərin apardıqları “Türk düşmənçiliyi” ideologiyası, siyasəti və təbliğatının acı bəhrəsi, nəticəsidir. Belə siyasət-təbliğat isə heç bir tutarlı əsaslara söykənmir. M.K.Atatürkün 1936-cı ildə söylədiyi kimi “biz heç kəsin düşməni deyillik. Yalnız insanlığın düşməni olanların düşmənləriyik”. Nəticədə bu mühüm mövqeyimizi bildirməyi əsas və əhəmiyyətli görürük: Bizlər – azərbaycanlı elm adamları – “Tarix sənəd ilə yazılır” mövqeyinə əsaslanaraq yalanlarla deyil, tarixi həqiqətlərlə apardığımız elm mübarizəsini davam etdirməliyik. Şükürlər olsun ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü təmin etdi, işğalçılara layiqli cavab verdi. Azərbaycan öz torpağında ləyaqətli müharibə apardı. Düşmən də olsa, mülki sakinlər hədəfə çevrilmədi. Ancaq əvəzində ermənilər Gəncə, Bərdə və Tərtər başda olmaqla yüzlərlə dinc sakinlərin ölümünə səbəb olan raketli terror hücumları həyata keçirdi. Azərbaycan həm də beynəlxalq hüququ bərpa etdi, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaratdı. Bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Bəs indi nə etməli? Tam da böyük mütəfəkkir, dahi azərbaycanlı Üzeyir Hacıbəylinin söylədiyi kimi: “Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalı. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.

Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 25-02-2023 10:54
Baxış sayı: 3180
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını