Malıbəyli və Quşçular qətliamından 31 il ötür

11-02-2023 10:10

Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunun Malıbəyli və Quşçular kənlərində törətdiyi qətliamın ildönümüdür.

31 il əvvəl - 1992-ci il fevral ayının 11-də Ermənistan silahlı qüvvələri Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərini işğal edib, qətliam törədib.

Qarabağda müharibə başlayandan erməni silahlılarının daim hücumlarına məruz qalan Malıbəyli və Quşçular kəndlərinin əhalisi mühasirə şəraitində düşmənə layiqli müqavimət göstərib.

Hər tərəfdən ermənilərin sıx məskunlaşdığı yaşayış məntəqələri ilə əhatə olunmuş bu kəndlərin yeganə əlaqə vasitəsi vertolyot idi. 1991-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyotun erməni silahlıları tərəfindən vurulmasından sonra Malıbəyli və Quşçular kəndlərinin ətraf ərazilərlə əlaqəsi tamam kəsilib.

Bir neçə gün davam edən blokada və hücumlardan sonra erməni silahlı birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin iştirakı ilə fevralın 9-dan Malıbəyli və Quşçular kəndləri üzərinə geniş miqyaslı hücuma keçib.

Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, evlər, məktəblər, uçaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.

İşğal nəticəsində 50-dək dinc sakin qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb.

Malıbəyli və Quşçular kəndlərinin işğalından sonra erməni terrorçularının Xocalıya yolu açılıb. Erməni silahlı birləşmələri Malıbəyli və Quşçulardan sonra fevralın 17-də Qaradağlıda qətliam, fevralın 26-da isə Xocalıda soyqırımı törədib.

Qeyd edək ki, Malıbəyli və Quşçular kəndləri 44 günlük Vətən müharibəsindən sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındadır.

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 11-02-2023 10:10
Baxış sayı: 3117
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını