"Bir şüşə şərabdı qanım ovcumda..." - Tərlan Əbilov

17-04-2025 11:10
              Tərlan Əbilov

Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Tərlan Əbilov yaradıcılığından:

ŞƏHADƏT GÜNÜ

Adını şeirdə çəkən çoxalıb,
ovcuna mıx çalan adamlar bilir... 
Qeybə çəkildiyin bir ikonadı, 
bunu rəssam olan adamlar bilir, 
bunu şair olan adamlar bilir, 
bunu şeir yazan adamlar bilmir... 

Bu dünya çoxuna çarmıxdı, çarmıx, 
yerinə çarmıxa çəkilən çoxdu... 
Hamı əlində daş durub qəsdimə, 
içində bir nəfər günahsız yoxdu, 
bunu sən bilirsən, Məhəmməd bilir, 
bunu kimlər bilir, onlar hədd bilir, 
bunu hədis yozan adamlar bilmir... 

Bir şüşə şərabdı qanım ovcumda,
məni ağlamağa qadın qalmayıb. 
Müqəddəs Məryəmə and olsun, İsa, 
sənin anan kimi, mənim anam da
məni doğduğuyçün müqəddəs idi, 
mənə bir Allahsız layla çalmayıb,
heyf, yolun azan adamlar bilmir. 

Lənkəran Beytləhm deyil, bilirəm, 
amma Qüdsdən də geri deyil heç. 
Azmış insanlara xatir bir ömür, 
çarmıxda olmağın yeri deyil heç. 
Kimə sübut edə bilərəm ki, mən, 
Tanrının burdakı təzahürüyəm, 
yüz dəfə çarmıxa çəkiblər məni, 
amma ölməmişəm, hələ diriyəm...

Bu nə oxşarlıqdı Tanrı adına? 
ölü dirildənsən, söz dirildənəm...
Nə qədər şumlanaq bu qəbirlərdə, 
bir qucaq çiçəksən, bir ovuc dənəm, 
bunu "quyu qazan" adamlar bilmir...

Ancaq, ancaq, ancaq bununla belə, 
aça bilməyirəm korların gözün,
dirildə bilmirəm bu ölüləri... 
Tanrı həvarintək gizlədib məni
bəlkə də içində bu dəlillərin, 
açasan gözümü, açıla gözüm, 
mənə öyrədəsən o təlimləri. 
Ölkəmin bu ağır durumunda mən
şəraba döndərib bir ovuc suyu... 
doyurum beş, yeddi çörəklə burda
azı beşmin şili, beşmin zəlili. 
Tufanı ram edim, ölü dirildim, 
su üstə gəzməyim olsun dəlilim...
hansı ki, heç ozan adamlar bilmir... 

Cəmi altı saat çəksin bu əzab, 
dözüm, rədd eləyim şərab içməyi... 
Öyrənim su üstə bu yeriməklə
suyun yaddaşına diri köçməyi, 
qanın yaddaşına diri köçməyi... 
Bilim dost seçməyi, düşmən seçməyi,
öyrənim canımdan rahat keçməyi.
Cəmi altı saat cəksin bu əzab,
mən İsa deyiləm dözəm yetmiş il, 
mən İsa deyiləm dözəm səksən il...

Belimdə şallağın izidi Tanrım, 
bəlkə bu çarmıxın özüdü Tanrım... 
Sən Allah deyilsən, çarmıx deyilsən, 
bunları kef pozan adamlar bilmir... 

Elmə çatmışam, elm deyiləm... 
yəqinə çatmışam, yəqin deyiləm... 
Mən indi bilirəm nə çəkib Mənsur, 
mən indi bilirəm Nəsimi kimmiş, 
yəqinə çatmışlar, həqiqət üstə
soyula-soyula ölənlər imiş...

Bağışla, bağışla məni, ya həzrət, 
bağışla, bağışla məni, ya İsa, 
bağışla, bağışla məni, ya Məsih, 
Allaham deməyə elmim çatmayır, 
Allaham deməyə yəqinim çatmır... 
Həqiqət özgənin qadını burda, 
onunla yaşamaq, olmaq zinadı... 
çarmıxı uduzan adamlar bilmir...

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 17-04-2025 11:10
Baxış sayı: 3210
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını