Doqquz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Azərbaycan Bayrağı indi Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində dalğalanır

04-04-2025 11:50
2016-cı ilin 1-4 aprel tarixləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan Ordusunun qəhrəmanlığının bariz nümunəsi olan Aprel döyüşləri əbəs yerə Vətən müharibəsindəki möhtəşəm Qələbənin başlanğıcı kimi dəyərləndirilmir. Bu günlər Aprel döyüşlərindən doqquz il ötür.

Azərbaycan Ordusu Aprel döyüşləri nəticəsində 23 ildən sonra xalqımıza ilk böyük Qələbə sevinci bəxş etdi. Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistanın hərbi birləşmələrinin təmas xətti və təmas xətti ətrafındakı yaşayış məntəqələrinə törətdiyi təhlükə aradan qaldırıldı.
Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi ki, bu da Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırdı. Təmas xəttinin vənub istiqamətində isə geniş ərazini nəzarətdə saxlamaq imkanı verən, olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi. İşğalçı Ermənistan ordusunun 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 800-dən çox hərbçisi isə zərərsizləşdirildi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə söylədiyi sözlər həmin Qələbənin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir: “Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”.

Dörd günlük Aprel döyüşləri, eyni zamanda, Silahlı Qüvvələrin şəxsi heyəti üçün böyük təcrübə oldu. Həmin günlər ərzində aparılan döyüşlər həm də düşmən mövqelərini və onların potensialını öyrənmək imkanı yaratdı. Qazanılan təcrübəni Vətən müharibəsində uğurla tətbiq edərək Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündə işğaldan azad etdi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.
Doqquz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Azərbaycan Bayrağı indi Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində daha da əzəmətlə dalğalanır.
4 günlük  Aprel döyüşləri həm də xalqımızın öz dövləti ilə nə qədər bütöv olduğunu bir daha sübut etdi. Həmin günlər xalqımız zəfər əldə edərək işğalı əbədiləşdirməyə çalışanlara savaş meydanında öz layiqli cavabını verdi.
Bu böyük dövlətin, bu qəhrəman xalqın nümayəndəsi olmaqdan şərəf duyuruq.
İnanıram ki, dünyanın harasında olurlarsa olsunlar, bütün soydaşlarımız, dostlarımız xalqımızın 4 günlük Aprel döyüşləri və 44 günlük Vətən Müharibəsi ilə fəxr edir, çağdaş Azərbaycanımızla qüur duyurlar.

Qoy bütün vətəndaşlarımız və dostlarımız əmin olsunlar ki, bu gün Azərbaycan nəninki 2016-cı ildən, 2024-cü ildən də daha güclü, daha ağıllı və daha qətiyyətli bir ölkədir. Birliyimizə, həmrəyliyimizə, qardaşlığımıza, vətənimizə, müstəqilliyimizə, gələcəyimizə yönəlmiş istənilən hücum uğurlu olmayacaqdır. Nə Ermənistan, nə də onlardan istifadə edənlər hədəflərimizə çatmağımıza mane ola bilməyəcəklər.
Bu hiss və düşüncələrlə başda çağdaş Azərbaycanımızın memarı ümummilli lider Heydər Əliyev olmaqla müstəqillik uğrunda fədakarcasına mübarizə aparan bütün keçənlərimizi və bu yolda canlarından keçən bütün şəhidlərimizi sayğı və rəhmətlə yad edirik.
Atalarımızın irsini qoruyan qəhrəman xalqımıza, yenilməz ordumuza və bizə bu yolda mənəvi dəstək olan bütün dostlarımıza ürəkdən təşəkkür edirik.

Ey Azərbaycan gənci, ayaq basdığın topraqlar əcdadlarının qanıyla sulanıb, analar övladlarını, övladlar canlarını verdilər, unutma. Oxu, oxuduqca öyrən, bilgilən, tanı.
Tanı bu vətəni. Tanı şəhid olanları. Tanı bu vətəni bu günlərə sapsağlam, dimdik gətirənləri. Varlığından qürur duy, paylaşma bir qarış toprağını. Vermə, dünyaları alsan da, bu cənnət vətəni. Atanın qanıyla yaşıllaşan ağacın sərinliyini, ananın göz yaşlarıyla sulanan toprağın meyvəsini, qardaşlarının canıyla yüksələn bayrağının kölgəsini paylaşma. Sənin daimi vəzifən vətən toprağını, istiqlalımızı və dövlətimizi qorumaqdır. Sənin üçün vətən uğrunda ölmək ehtimalı ola bilər; fəqət qorxmaq, əsla!












Tural Akif oğlu Vəlizadə
MMU nəzdində Bakı Hərbi Kolleci və
Bakı Qızlar Universitetinin müəllimi
Bakı Dövlət Universitetinin doktorantı




Kateqoriya: Manşet / Qarabağ
Tarix: 04-04-2025 11:50
Baxış sayı: 254
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını