Özü ilə aprdığı bal kəlməli sözlərimizin BAŞ DAŞI idi Məmməd ASLAN!

24-12-2023 12:10

Təbiətin süd qardaşı! Kəlbəcərinin sirdaşı!

Sözümüzün şəhdi-şirəsi, naxışlanmış ilməsi, ana dilli kəlməsi-Məmməd Aslan

...Azərbaycan ədəbiyyatı tarixində barmaqla sayılan ana dilli şairlərimizdən olan Məmməd Aslanı bu gün elə-belə, təsadüfən xatırlamadım. Məmməd Aslan ürəklərdən, könüllərdən uzaq düşməyib, ay Azərbaycan poeziyasının vurğunları!
Dilimizdə, sözümüzdə, gözümüzdə - özümüzdə yaşayır xalqımızın hər üç Məmmədindən (Məmməd Araz, Məmməd İsmayıl və Məmməd Aslan) biri olan Məmməd Aslan!
Məmməd Aslanın ədəbi dünyasına çoxlarımız - onun şeirlərinin vurğunları çoxdan bələddir, lakin acıdan-acı həyat hekayətləri bir ömürə sığmaz! Məmməd Aslanın tərcümeyi-halı Kəlbəcərdir və onu son üç ildə dünya xalqları da Zəfər bayrağımızı Dəlidağda ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyev dalğalandırandan sonra daha əzəmətli, vüqarlı, əlçatmaz-ünyetməz kimi gördülər! Məmməd Aslan ömrünü sözə girov qoyan şairimiz kimi yazıldı Azərbaycan ədəbi tarixinə! Məmməd Aslan xalqımızın azadlıq mücadiləsində başına açılan 20 yanvar-Qara
yanvar kimi dəhşətlərə sözlə yas tutdu- Abşeronun toy-nişan libaslı, timsallı qərənfillərini ağlatdı, ona görə ki, xalqımız qaraya bükülürdü ağ kəfən əvəzinə: “Ağla, qərənfil, ağla”sı ilə!
Qərənfili ağladan Məmməd Aslana dağların şeh ətirli gül-çiçəkləri yas saxladı, səsi yetməsə də, ünü çatmasa da...
Məmməd Aslan sözün əsl mənasında bir Kəlbəcər idi. Bunu mən demirəm.
Yanılış anlaşılmasın. Bunu Azərbaycan ədəbiyyatını Baronun dilinə çevirən və sevdirə-sevdirə oxudan alim, şair-tərcüməçi, hələ dinc, əmin-amanlıq illərində Bakıda Kəlbəcərin həsrətini çəkən (“Azərnəşr”in Baş redktoru Əlövsət Ağalarovdan soruşa bilərsiniz) Ənvər Rzamız demişdi. Demişdi ki, Məmməd Aslan Bakıda bir Kəlbəcərdi...

Xatirələrdə yaşmaq şərəfi

 Məmməd Aslanovu Məmməd Aslan kimi tanınmasına, sevilməsinə apran yol uzun və ağrılı olub. Uzun müddət Kəlbəcərdə, son 30 ildə isə Bakıda müxtəlif vəzifələrdə (məktəb direktorluğudan Kəlbəcər çəhər sovetinin sədrliyinədək) çalışmış Əli Kazımovun yaxınlarda çapdan buraxılacaq “Kəlbəcərli-kəlbəcərsiz günlərimdən XATİRƏLƏR” kitabında bu barədə ürəkağrıdan hadisələr də toplanıb.
Əli Kazımovun xatirələrindən bir yarpağa baxaq və oxuyaq. Görək Məmməd Aslana qarşı hələ orta məktəb illərindən başlayan laqeydlik, hörmətsizlik nə ilə bağlı idi? Məncə, bu, ilk növbədə keçmiş sovetlər dövründə istedadlı gənclərin yiyəsizliyi, rüşvətxor və mafiyalaşmış cəmiyyətin bəlası idi.
Əli müəllim yazır: “...1957-ci ildə məktəbdə attestat imtahanlarımız başlandı. Şagird yoldaşlarımızdan bir çoxunun medala təqdim ediləcəyi söylənilirdi. Məmməd Aslandan (Türk dünyasının sevimli şairi, Allah rəhmət eləsin!-Ə.K.) başqa medal təqdim ediləcək uşaqların hamısının adamı var idi. Cəfər müəllim mənə bildirdi ki, qiymətlərin yaxşıdır, səni də gümüş medala təqdim edəcəm...”

Daha bir xatirə: 
“...1957-cı il avqust ayının axırında avtobusla Bakıya yola düşürdük. Demək olar ki, hamının qohum-əqrabası gəlmişdi. Kimisi yola saldıqlarına
yolxərci (25-30 manat) pul verir, kimisi yanımıza gələcəyini deyir. Hamının ovqatı xoş idi. Amma, Məmməd Aslanı bir nəfər də olsun yola salan yox idi. Kəlbəcərşəhərinin çıxacağında Məmməd Aslan ayağa qalxıb, maşının qabaq hissəsinə keçdi və belə şeir (bir bəndi yadımdadır-Ə.K.) söylədi:

“...Yazıqdı, Məmmədi qoymasın bikəm,
Tale kölgəsini etməsin nakəm!
Yoxdu yola salan, necə mən təkəm,
İndi anlayıram kimmişəm, dağlar!”

Bundan sonra bizim də qanımız qaraldı. Qozlu Körpü kəndindən sonra “Dolaylar”dakı “Rus bulağı” adlanan yeməkxanda avtobus saxladı, hamımız düşdük. Dostlar bir-birimizə işarə edərək, Məmməddən xəlvət məsləhətə gəldik ki, pul yığaq, Yevlaxda ona bir kostyum alaq. Elə də etdik. Məmməd götürmək istəmədi. Dedik ki, bunu mağazaya qaytarsaq, bizə nə deyərlər?! Xahiş etdik, ondan sonra razılaşdı...”
Şair Yusif Hüseynlə, professor şairimiz Zərraf Təhməzoğlunun yadında olar. Bir dəfə Xızı dağlarına səfərimiz var idi. İctimai TV-dən sifrişimiz olmuşdu. Məmməd Aslanı unutmaq olardımı?! Yox! O tədbirimizin aparıcısı oldu Məmməd müəllim. Bir dəstə dağ çiçəklərini (O, qələmli kəlbəcərliləri dağçiçəyi-maralçiçəyi adlndırırdı) başına toplamışdı: 7-8 nəfər idik. Getdik Xızı dağlarına, sazlı-sözlü Kəlbəcərə oxşar
yer axtarırdıq. Sağ olsun, şair Milli Nəbi Dilsuzun oğlu Həbib bizi bulaq başında (elə bilin ki, Kəlbəcərdəydik) qarşıladı. Halal duz-çörəklə... Orada bir saz-söz məclisi qurdu bizə. Zərraf Təhməzoğlu, Yusif Hüseyn, Ələmdar Keştəkli, Ələmdar Cabbarlı, Əmrah Qəmxar, Xatirə Nadirxanlı, Sevda Dəlidağlı, Ədalət Dəlidağlı... bir kəlbəcərli gün yaşatdılar bizə. Məmməd müəllim orda da sözə dəyər verməyi, qorumağı şairlərə ata nəsihəti kimi tapşırdı.
Xızı dağlarını axşamtərəfi tərk edib, üzü Bakıya, müvəqqəti sığınacağımıza dönürdük. Sumqayıta çatanda sürücüyə dedi:
-A bala, saxla, mən düşüm, çatdım. Burdan o yana mənim təkliyim başlasın...

Deyəsən, şair Yusif Hüseyn idi maşını sürən də. Sual dolu nəzərlərlə Məmməd müəllimə baxdı. Yolun ortasında niyə düşməli idi? Anlamdıq.
Məmməd Aslan bu dəfə üzünü mənə tutdu:
-Yaxşı, Məmməd, mənnən gedək, bir çörək al ver mənə, sonra gedərsən.
-Baş üstə,-desəm də fikir məni aparmışdı. Məmməd müəllimin Sumqayıtdkı mənzilinə daxil olanda başım dumanlandı: qu desən, qulaq tutulardı. Evdə ikimizdən başqa kimsə yox idi. İşıqlar da çox zəif, zorla hiss olunurdu. Otaqlar isə bumbuz...

Kəlməni, sözü səpib göyərdən Söz bağbanı 

Hər ikimiz bir xeyli bir-birimizin üzünə baxdıq. Məmməd müəllim hiss elədi ki, onun tək yaşmasını indiyədək bilməmişəm.Yaş məni boğurdu. O, mənə təsəli olsun deyə, şeirindən bir bəndi xatırlatdı:

Səpib göyərdərəm sözü, kəlməni,
Ayrı sənətim yox, ayrı işim yox.
Tanıtsa, bir misram tanıdar məni,
Ayrı sənətim yox, arayışım yox...

Məni göz yaşları ilə yola salan Məmməd müəllimin tək-tənha odasında qalmasından ürəyim üzülə-üzülə qaldım...
Bir dəfə bizdə evdə söz Məmməd Aslandan düşmüşdü. Ömür-gün yoldaşımın anası (Allah rəhmət eləsin Kəklik xalaya) əlində toxuduğu corabın ilməsini cağa dolayıb eynəyi gözündən çıxarıb Məmməd Aslnınəlimdəki şəklinə baxıb dərindən köks ötürdü:
-Ehhh! Dünyanın etibarına nə deyim? Bir vaxtlar gözəllər arxasınca Məmmədin həsrətlə baxır, bircə kəlməsini eşitmək istəyirdilər.
Hə, yadıma düşdü. Bir gün Şirinbulqda qızlarnan pencər yığmağa qalxmışdıq. Yəhyanın arvadı Səmyəydi, anası Yasəmən, Kərimin həyat yoldaşı, İsmayılın qızı Xəzəl, nə bilim, kamranın, İsanın ansı Tavat... (Barmaq binənin qız-gəlinləri) bulaqdan yuxarıda, “Əlinin düzü”ndə səpələnib baharın gözəl çağlarında gül-çiçək toplayır, pencər yığırdıq. Yavaş-yavaş “Usuvun gəzdəyi”nə kimi qalxmışdıq. Bir də gördük ki, iki nəfər çəmənlikdə oturub söhbət edirlər. Bunlar bizi görəndə əvvəlcə uzaqlaşmaq istədilər. Sən demə, biri Məmməd Aslan imiş, o birisi də qaçırdığı qız (Kəklik xala qızın adını ya qəsdən demədi, ya da xatırlamadı). Məmməd Aslanı kim tanımırdı ki? Bizə yaxınlaşdı və soruşdu ki:
-Qızlar, yeməyə nəyiniz var?
Biz çölə-bacaya tədarüksüz getməzdik ha. Səmayə tez boxçasını açıb olandan-olmazdan süfrə düzəltdi. Quzuqulağı, yarpız, gicitkandan da bir az ovdu. Bunlar pendir-çörəyi, toyuq soyutmasını, yumurtanı bu ovulmuş pencərlə elə dadlı-dadlı yedilər ki. Qız dünya gözəli idi. Sonra Məmməd Aslan üzünü bizim qızlara tutub dedi:

-Bax, bizi görməmisiniz haa! Onlar üz tutdular Həsənnərin başının üstündən Yellicə dağlarına tərəf... Sonralar eşitdik ki, Məmməd Aslan o qaçırdığı qızla ailə qurub...
Bax, Məmməd Aslanın taleyində olan dolanbaclar da tale məsələsi idi. O, sözün keşiyində dayanmışdı, özünə və həyatına biganəydi, qəliz idi, özü demişkən...
Məmməd Aslan biz gördüyümüz kimi olmurdu hər vaxt. Onun qəribəlikləri o qədər idi ki. Bir dəfə mənə qayıdıb dedi:
-A Məmməd (xatırladım ki, onun özünün adı Məhəmməd olsa da, bunu qəbul eləmirdi. Deyirdi ki, ayə, hər doğulan peyğəmbərin adının şərəfini daşıya bilməz!
Böyüklərimiz səhv ediblər, biz düzəltməliyik-M.N.) mən çətin adamam ha. Mənnən beş addım getmək olmur. Doğru deyirdi. Məmməd Aslan sanki qəribəlikləri ilə də diqqəti çəkirdi. Hər adama sovuşmaz, qaynayıb-qarışmazdı. Zəif şeir yazanlar gözünün düşməni idi. Bir qəribə hadisə də yadıma düşdü. Cavid Qurbanovun və mərhum Dədə Şəmşir yadigarı Qənbər Şəmşiroğlunun tövsiyə və məsləhətləri ilə mən, Adil Cəmil, Yusif
Hüseyn, Bərzani Şamiloğlu... Kəlbəcər ədəbi mühitini toplayıb kitab buraxırdıq. Kitabların ilk birinci cildindən sonra (orada 100 kəlbəcərli şairin şeirlərindən 1-2 nümunə verilmişdi) orda-burda eşidirdik ki, yaxşı-yaman şeir yazan kəlbəcərlilər gileylənirlər ki, kimlər tapşırılıbsa, onların şeirlərini çap ediblər-kitaba veriblər. Bunu Qənbər Qurbanovla Cavid müəllim də eşitmişdi. Ona görə də mənə ciddi şəkildə tapşırıldı ki, kəlbəcərli yazarların şeirlərini toplayın, baxmayın ki, kim yaxşı yazır, kim də pis, zəif, hamısını kitabda verin. Yaxşıya yaxşı deyəcəklər, pisə də zəif. Belə də elədik. “Kəlbəcər: sazın-sözün harayı” almanaxı da beləcə işıq üzü gördü. Burada 250-dən artıq kəlbəcərli söz adamının şeirlərindən (bu işdə şair Yusif Hüseynin əvəzsiz xidmətlərini danmaq olmazdı) burada verdik. Kitabı Məmməd müəllimə təqdim edəndə elə əsəbləşdi ki:
-Ayə, a Məmməd, mən sizə demədimmi ki, söz hər adamın loxmsı deyil?! Söz loğman olmalıdır, loxma yox! Cavid müəllim bildirdi ki, kitab onların sifarişi ilə (səbəbini yuxarıda qeyd elədiyim kimi, bildirdi) hazırlanıb. Amma, Məmməd müəllim üçün bunların heç bir həmiyyəti yox idi. O, sözün üstündə nanə yarpağı kimi əsirdi, özündən çox istəyirdi.
Sözü Tanrının ən əvəzolunmaz neməti sayırdı...
Məmməd Aslanın 50 illik yubiley tədbirinin Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evində keçirilməsinin təşəbbüskarı olmuşam. Məmməd müəllimin bundan xəbəri olsaydı, imkan verməzdi. Xasiyyətinə bələd idik. O, həmin günlərdə bilmədi ki, Məhəmməd Nərimanoğlu M.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirəndə diplom işini onun bədii yaradıcılığına həsr edib və “ Ömrün yarı yaşında, yaxud təbiətin süd qardaşı” adlı diplom işi yazaraq müdafiə edib!

TANIYAQ

Məmməd Muxtar oğlu Aslanov 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra (1957-1962) APİ-nin filologiya fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda çıxan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir.

 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor,Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur. Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlamış, dövri mətbuatda müntəzəm çıxış etmiş, keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşmı, Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmiş, bir sıra beynəlxalq və respublika mükafatları laureatı, "Dağ ürəyi", "Böyürtkən böyrü tikan", "Səhəri kim açır" , "Səsimə səs ver", "Bizdən sonra nə qalır" (oçerklər, publisistika), "Ürək möhlət verəydi" (şeirlər), "Durnalar lələk salır" (hekayələr), "Dəvə niyə gövşəyir" (uşaq şeirləri), "Ərzurumun gədiyinə varanda" (xatirələr), "Ömrün yarı yaşında", "Saxla izimi, dünya", "Nur içində nur" (şeirlər), "Allahın rəsulu", "Bir sultan yaşardı Sultantəpədə" kitblarını sevimli oxucularına ysdigar qoyub getmiş Məmməd Aslan Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981-ci il), Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri
adına və "Şöhrət" (2000-ci il) ordeninə layiq görülmüşdür.

9 qardaşdan qalan bircəsi idi...

Məmməd Aslanın 9 qardaşı olub, hamısı dünyasını dəyişib. Bir doğma bacısı olub – Əzizə, bir də ata bir, ana ayrı Xublar adlı bacısı. Ögey bacısına şeiri də var: “Bacım Xublara məktub”. Deyirmiş, onu heç vaxt ögey hiss eləməmişəm. Qardaşları kimi ölməsin deyə, ona qurban deyib basdırıblar. “Öz qəbrimi görmüşəm”,-deyir Məmməd Aslan: “Molla atama deyib, uşaq doğulanda bir nal götür, qayanın birinə çırp, harda batdısa orda qalsın, gəlib-keçəndə şükranınızı bildirin, dua oxuyun, oğlunuzu qoruyacaq. Sonra deyib, gedin Bərdədəki İmamzadədə yüyrük asın, uşağı ora tapşırın. Üçüncü məsləhəti isə belə olub ki, üçgünlük olanda tərəzinin bir gözünə uşağı, o biri gözünə bir quzu qoyun, quzunu kəsib bir qəbirdə
basdırın, uşağın bəlalarını aparacaq!” Xanımlarla yola getməməsi haqda maraqlı bir əhvalatı da var. Az.TV-də onun haqqında film çəkmək istəyirlərmiş. Sədr Nizami Xudiyev bir xanım rejissoru məsləhət görür. Məmməd Aslanın cavabı hamını güldürür:

- Məndən film çəkmək işini boynuna götürdüyü üçün bu xanıma minnətdaram, amma bilsin ki, mən qadınlarla yola getsəydim, arvadım olardı.
Amma sevdiyi qadınları, necə deyərlər, dəlicəsinə sevib. Özü də bunu təsdiq edib: “Sevəndə dəlicəsinə sevmişəm”.

 “Amma indi Allahdan başqa sevdiyim yoxdur”. 

Ən böyük arzusu Kəlbəcəri görmək idi. Deyirdi ki, heç olmasa ölümümdən azca əvvəl bir anlığa Murovun başından Kəlbəcərə baxım. Məmməd Aslan bütöv Azərbaycan sevdalı şair idi. Onun poeziyası Təbrizdən Dərbəndəcən, Borçlıdan Boluyacan sərhəd tanımadı. Məmmd Aslana ünvanlı o qədər şeirlər yarandı ki. Mən həmişə utanmışam Onun yanında poeziyadan söz açmağa. Amma 2017-ci ilin 23 sentybr tarixində (bu əmanət, etibarsız dünyadan köçən edən tarix Masazırdakı başdaşına yazıldı) ruhundan izn istəyib demişəm:

İtirəndən yurd-yuvanı,
Ölürük, ay Məmməd Aslan!
Paralanmış ürəyi də
Bölürük, ay Məmməd Aslan!


Dünya olub etibarsız,-
İnsanları düz ilqarsız,
Batıb yasa, arsız-arsız
Gülürük, ay Məmməd Aslan!


Qaçqın ki saydılar bizi,
Kölgə basdı gözümüzü.
Yaralanan köksümüzü
Dəlirik, ay Məmməd Aslan!


Düşmən qatıb başımızı,
Soyutmuşuq aşımızı.
Gözdən axan yaşımızı
Silirik, ay Məmməd Aslan!


Ömür qısa, yolçu yorğun,
Fikir, xəyal düşüb orğun.
İçimizə düşüb qırğın,
Gəlirik, ay Məmməd Aslan!

Məhəmməd NƏRİMANOĞLU,
“Yenilik-press” qzəetinin Baş redaktoru,
Bakı şəh. 23 dekabr 2023-cü il




Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 24-12-2023 12:10
Baxış sayı: 2367
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
01 / 12 / 2024