Reklam
İşğal dövründə Kəlbəcərdə məskunlaşma - FAKTLAR
25-04-2023 14:07
Həmin ilin dekabrında Azərbaycan bölmələri hücuma keçərək Kəlbəcərin təxminən 25 faizini azad etsə də, erməni ordusunun əks-hücumunun qarşısını ala bilmədi və əvvəlki mövqeyinə geri oturduldu. İşğal dövründə Kəlbəcər rayonu “DQR”-in iddia etdiyi keçmiş Şaumyan rayonunun və Getaşen yarımrayonunun tərkibinə verildi. İddianı gücləndirmək üçün bu rayonlarda yaşamış bütün qaçqınlar da Kəlbəcər rayonuna yerləşdirilmişdi. Burda olan Azərbaycan toponimləri də həmin rayonlarda olan yaşayış məntəqələrinin adı ilə dəyişdirilmişdi. Şaumyan rayonuna 16 kənd daxil idi, onlardan 14-ü indiki Kəlbəcər rayonundakı yaşayış məntəqələri, 2-si isə keçmiş Ağdərə rayonuna daxil olan Çərəktar və Umudlu kəndləri idi. Kəlbəcərin ən böyük yaşayış məntəqələrindən biri olan İstisu qəsəbəsində işğal dövründə yaşayış yoxdu. Kəlbəcərin Comərd kəndində isə 2014-cü ildə yalnız 1 ailə yaşayırdı.
Kəlbəcər rayonunda yerləşən və ermənilərin məskunlaşdığı yaşayış məntəqələri
Kəlbəcər
“DQR” inzibati-ərazi vahidinə əsasən Şaumyan rayonunun mərkəzi Kəlbəcər idi. Şəhər işğal olunduqdan sonra adı dəyişdirilərək “Karvaçar” adlandırılmışdı. Ərazidə erməni əhalisi 1994-cü ildən etibarən məskunlaşmağa başlayır. 1994-2000-ci illərdə Kəlbəcər şəhərində əhalinin məskunlaşması zəif olaraq qalmaqda idi. 2000-ci ildə Kəlbəcər nə rabitə xətti, nə elektrik, nə də normal yol ilə təmin edilmişdi. 2000-ci illərin əvvəllərindən isə şəhərdə məskunlaşma sürətlə artmağa başladı. 2008-ci ildə Kəlbəcərdə 533 nəfər yaşayırdı. 2015-ci ilə qədər əhalinin sayı artaraq 742 nəfərə yüksəlir. Kəlbəcərdə yaşayan əhali əsasən müxtəlif dövlət qurumlarında işləyirdi, az bir qismi isə heyvandarlıqla məşğul olurdu.
2011-ci ildə Kəlbəcərdə məktəb tikilməyə başlayır və həmin il inşaatı bitən məktəbin açılışında “DQR” baş naziri Arayik Arutyunyan iştirak edir. Bu məktəb erməni əsilli amerikalı yazıçı Vilyam Saroyanın adını daşıyırdı. 2015-ci ildə məktəbdə şagirdlərin sayı 133 nəfərə çatmışdı.
2015-2017-ci illərdə şəhərdə olan sosial problemlərin aradan qaldırılmasına başlanır. 2017-ci ilin əvvəlində Kəlbəcərdə içməli və suvarma suyu ilə bağlı problemi aradan qaldırmaq üçün su kəməri çəkilməyə başlanır və may ayında işlər yekunlaşır. Həmin il Kəlbəcər şəhəri yaxınlığında Ermənistan baş naziri Karen Karapetyan və “DQR” baş naziri Arayik Arutyunyanın iştirak etdiyi tədbirdə su zavodunun təməlqoyma mərasimi keçirilir. Arutyunyan tədbirdə çıxışı zamanı qeyd edirdi: “Bu, tarixi məqamdır, çünki Şaumyan rayonu üçün çox vacib bir zavodun təməli qoyulur. Bu layihə Karvaçar suyunun böyük həcmdə ixracını təmin etmək məqsədilə xarici investisiyalar hesabına həyata keçirilir. Bu, ərazinin sosial-iqtisadi inkişafına mühüm təsir göstərəcək, həm də ətraf ərazilərdə infrastrukturun inkişafına təkan verəcək. Buna görə də hökumət bu proqramın həyata keçirilməsini mümkün qədər təşviq etmək niyyətindədir”.
2018-ci ilin sonlarında isə Kəlbəcər şəhərində yeni məskunlaşma siyasəti formalaşdırılır. İlk olaraq, avqustda mütəxəssislərin və müəllimlərin Kəlbəcərdə yerləşdirilməsi üçün dövlət kampaniyası başladılır. Buna paralel olaraq, Kəlbəcər şəhərində yeni binaların tikilməsinə start verilir. Yeni binaların tikintisini Kiprdə qeydiyyatda olan “Artsakh Roots Investments” şirkəti həyatı keçirirdi. Oktyabr ayında başlanan tikintiyə görə, Kəlbəcərdə yeni 50 ev tikilməli idi. Bu layihə Avstraliya erməniləri tərəfindən maliyyələşdirildiyi üçün tikilən mikrorayon “Sidney” adlandırılmışdı. Həmin şirkət 2019-cu ildə Kəlbəcərdə daha 15 evin tikintisini həyata keçirir və ilin sonunda evlər hazır olur. Şəhərdə artıq bu illərdə mədəniyyət evi, televiziya və internet xətti, radio mövcuddu.
Bundan başqa Kəlbəcərdə sosial və iqtisadi layihələr də həyata keçirilirdi. 2019-cu ildə şəhərdə beynəlxalq gənclər festivalı və bal bayramı keçirilmişdi. Müharibə ərəfəsində isə şəhərdə köhnə xəstəxananın təmiri və yeni xəstəxana korpusunun tikintisi gedirdi.
İnfrastruktur layihələri ilə birlikdə şəhərin beynəlxalq arenada erməni şəhəri kimi tanıdılması üçün siyasi addımlar atılırdı. Bu addımlardan biri kimi 2014-cü ildə Kaliforniya ştatına daxil olan Piko-Rivera şəhərinin Kəlbəcərlə “qardaşlaşmış şəhər” statusunu almasını misal göstərmək olar.
Müharibə zamanı Azərbaycan bölmələri Kəlbəcərə 3 istiqamətdə hücuma keçsələr də, yalnız birində Cəmilli kəndinə qədər yaxınlaşa bilirlər. Cənubdakı ordu qrupunun uğurları isə erməni tərəfini Kəlbəcəri döyüşsüz təslim etməyə məcbur edir. Beləliklə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı bəyanatın 6-cı maddəsinə əsasən Kəlbəcər rayonu mərkəz Kəlbəcər şəhəri ilə birlikdə noyabrın 25-də Azərbaycana təhvil verilir. Azərbaycan MN şəhərin görüntülərini noyabrın 28-də yayımlayır.
Vəng
Kəlbəcər rayonunda ermənilərin məskunlaşdığı kəndlərdən biri Vəng idi. Bu kəndi ermənilər bu ərazidə yerləşən monastırın adı ilə “Dadivank” adlandırmışdı. Vəng erməni ordusunun əməliyyatı ilə 31 mart 1993-cü ildə işğal edilir. Müharibədən sonra burada dərhal məskunlaşma başlayır. Kəndin əhalisini Azərbaycandan, əsasən İsmayıllı və Gəncə, eləcə də Sumqayıt şəhərindən qaçqın düşən ermənilər təşkil edirdi. 2010-cu ildə kənddə 101 nəfər yaşayırdı. 2015-ci ildə isə əhalinin sayı 136 nəfərə yüksəlmişdi.
Əhali maldarlıq və kənd təsərrüfatı ilə məşğul olurdu. Arıçılıq geniş yayılmışdı. Ərazidəki monastıra görə, xüsusilə yay aylarında kəndə xeyli turist qonaq gəlirdi. 2018-ci ildə kəndə səfər edənlər arasında Ermənistanın eks prezidenti Armen Sərkisyan da olmuşdu. Kənd tibb məntəqəsi, elektrik enerjisi, televiziya və internet xətti ilə təmin olunmuşdu. Ümumilikdə 27 təsərrüfatın mövcud olduğu kənddə 18 nəfər şagirdin təhsil aldığı məktəb mövcud idi. Müharibədən sonra Kəlbəcərin digər kəndləri kimi Vəng kəndi də Azərbaycanın nəzarətinə qaytarıldı. Ərazini tərk edən ermənilər evlərini yandıraraq kənddən çıxdılar. Yandırılan binalar arasında məktəb binası da vardı. Bundan başqa, ermənilər kənd ərazisində yerləşən Xudavəng monastırının ərazisində olan xaçkarları və digər eksponatları özləri ilə apardılar. Əhalinin köçürülməsi Rusiya sülhməramlılarının iştirakı ilə baş verirdi.
Azərbaycan və Rusiya liderlərinin şifahi razılığına əsasən, monastırın təhlükəsizliyi 15 noyabrda Rusiya sülhməramlılarına həvalə edilir. Hazırda da bu ərazidə Rusiya sülhməramlılarının 23 nömrəli postu yerləşir və onlar monastıra gələn zəvvarların təhlükəsizliyini təmin edirlər.
Qamışlı
Kəlbəcər rayonunda ermənilərin yaşadığı ən böyük yaşayış məntəqəsi Qamışlı idi. Bu kəndin adı işğal dövründə “Yexeqnut” olaraq dəyişdirilmişdi. Burada yaşayan əhali həm Azərbaycan qaçqınlarından, həm də Ermənistandan köçmüş ermənilərdən ibarətdi. Kəndin əsası 1999-cu ildə qoyulur. 2010-cu ildə kənddə 183 nəfər yaşayırdı. Bu ildən etibarən əhalinin sayı artmağa başlayır.
İşğal dövründə Kəlbəcərdə həyata keçirilən ən böyük layihə olan Vardenis-Ağdərə yolu Qamışlı kəndindən keçirdi. Bu səbəblə burda tikilən infrastruktur daha çox idi və məskunlaşma da digər kəndlərlə müqayisədə yüksək idi. Beləliklə, 2015-ci ildə 48 təsərrüfat olan kənddə əhalinin sayı 249 nəfərə çatır. Kənddə əhali əsasən heyvandarlıqla məşğul olurdu, arıçılıq və kartofçuluq geniş yayılmışdı. Sosial baxımdan isə kənd digər kəndlərlə müqayisədə inkişaf etmişdi. Kənddə ilk məktəb 1999-cu ildə açılmışdı. Bu məktəb Kəlbəcərin işğal edilməsində iştirak etmiş Petros Gevondyanın adını daşıyırdı. 2017-ci ildə Vardenis-Ağdərə yolunun hazır olması ilə kənddə yeni uşaq bağçası və bir neçə fərdi evlər tikilir. Müharibə ərəfəsində kəndin məktəbində 52 şagird təhsil alırdı, bağçada isə 25 uşaq vardı. 2018-ci ildən etibarən kəndin ərazisində yeni evlər tikilməyə başlayır.
Kənddə yaşayan əhali isə ərazinin nə vaxtsa Azərbaycana verilməsi ilə bağlı düşüncələri tamamilə rədd edirdi. 2019-cu ildə kəndin sakini “News.am” telekanalına verdiyi müsahibədə deyirdi: “Bura bizim torpağımızdır, bizim olaraq da qalacaq, türkə verəcək heç nəyimiz yoxdur”. Bu cür iddialı danışıqlara baxmayaraq, müharibədən sonra Kəlbəcər rayonu ilə birlikdə, Qamışlı kəndi də Azərbaycan hərbçilərinə təhvil verildi. Kəndin boşaldılması 14 noyabrda başa çatdı. Kəndi tərk edərkən ermənilər hətta dirəklərdəki elektrik məftillərini də çıxarırdı. Azərbaycan MN-in 23 yanvar 2021-ci il tarixində yayımladığı kadrlarda kənddəki dağıntının miqyasını müşahidə etmək mümkün olur.
Zülfüqarlı
Kəlbəcərdə yaşayış olan məntəqələrdən biri də Zülfüqarlı idi. Bu kəndin adı işğal olunduqdan sonra “Zuar” olaraq dəyişdirilmişdi. Kənddə ilk məskunlaşma 1997-ci ildə başlayır. Kəndə köçən ilk erməni Üçmüədzin rayon sakini Küreqyan idi. Bundan başqa kənddə Bakıdan köçən ermənilər məskunlaşmışdı. 2010-cu ildə kənddə 76 nəfər yaşayırdı. 2015-ci ildə isə 18 təsərrüfatı olan kəndin əhalisinin sayı 103 nəfərə yüksəlir.
Kənd 1997-2003-cü illərdə elektriklə təmin olunmamışdı. 2007-ci ilə qədər isə ciddi nəqliyyat problemi mövcuddu. Həmin dövrdə kəndin icra nümayəndəsi olmuş Karen Sərkisyan xatırlayır: “Kənddə tibb bacısı olsa da onun bilik səviyyəsi istənilən formada deyil. Burda hər kəs özünün həkimidir. Kənddə 90 nəfər qeydiyyatda olan sakin var, əslində amma 70-ə yaxın insan yaşayır. Suvarma və içməli su məsələsi hələ də aktualdır. Kənddə iyirmi iki ev dərədə yerləşir. Evlərimizdə rütubət olduğundan hamının oynaqlarında problem var.”
2010-cu ildən etibarən kənddə canlanma başlayır. Televiziya və internet xətti çəkilən Zülfüqarlıda yeni bir məktəb tikilir. Məktəbdə 2015-ci ildə 13 nəfər şagird təhsil alırdı. Kəndin əhalisi isə əsasən arıçılıq və kənd təsərrüfatı ilə məşğul olurdu. Zülfüqarlı ərazisində adətən işğal dövründə turistik turlar və çadır şəhərcikləri təşkil edilirdi. Kəndin ərazisində mənzərəli ərazilər və isti bulaqlar buraya kurort kimi marağı artırırdı.
Bu kənd də digər Kəlbəcər kəndləri kimi 14 noyabrda boşaldıldı. Kəndi tərk edən əhalinin bir qismi hazırda “DQR”-in nəzarətində olan yerlərdə yaşayırlar. Zülfüqarlıda digər Kəlbəcər kəndləri ilə müqayisədə dağıntılar minimal idi. Bunu Azərbaycan MN-in 6 dekabr 2020-ci il tarixli görüntülərindən də müəyyənləşdirmək mümkündür.
Zar
Kəlbəcərdə ermənilərin məskunlaşdığı ən kiçik kənd Zar idi. Erməni tarixçilərin iddialarına əsasən, Zar kəndi Xaçın knyazlığına bağlı Dopian sülaləsinin mərkəzi idi. Eyni mənbədə bu kəndin 19-cu əsrin əvvəllərinə kimi erməni kəndi olduğu, daha sonra İrandan bura köçən kürdlər tərəfindən sıxışdırılaraq çıxarıldığı qeyd edilir. Erməni tarixçiləri kəndin vaxilə erməni keçmişinin olmasını burada yerləşən Müqəddəs Sərkis və Müqəddəs Qriqor kilsələrinin qalıqları ilə də əsaslandırır. Bundan başqa, kəndin Azərbaycan dilində səsləndirilən Zar adının “Çar” adının təhrif edilən versiyası olduğu iddia edilir.
Bu yaşayış məntəqəsi 1993-cü ildə işğal edildikdən sonra bir müddət boş qalır. 2000-ci illərin əvvəllərində isə kəndə az sayda insan köçməyə başlayır. 2010-cu ildə Zar kəndində 58 nəfər yaşayırdı. 2015-ci ilə qədər isə 14 təsərrüfatın mövcud olduğu kənddə əhalinin sayı 83 nəfərə kimi yüksəlir.
Dağ kəndi olması və əhalinin azlığına baxmayaraq, burada elektrik enerjisi, internet və televiziya xətti mövcud idi. Kənd 2 min metrdən hündürdə yerləşdiyi üçün burda əkinçilik üçün şərait yoxdu, əhali heyvandarlıq və arıçılıqla məşğul olurdu. Kənddə atçılıq da inkişaf etmişdi.
Zarda yaşayanlardan biri də Moskvadan bura köçən fransız dili müəllimi Armen Alvarov idi. O və həyat yoldaşı Svetlana kənddə kiçik fermer təsərrüfatı formalaşdırmışdı. Əhalinin bir qismi isə yaxınlıqda tikilən su elektrik stansiyasında işləyirdi. Kənd kiçik olsa da orta məktəbi var idi, məktəbdə 6 şagird təhsil alırdı.
Bu kənd də digər Kəlbəcər kəndləri kimi 15 noyabrda boşaldıldı və 10 gün sonra Azərbaycana təhvil verildi. Azərbaycan MN kəndin kadrlarını isə 20 gün sonra, dekabrın 14-də yayımlayır. Müharibədən sonra Ermənistan tərəfinin YUNESKO-ya ünvanladığı şikayət məktubunda Zar kəndindəki kilsənin dağıdılması da yer almışdı. Hazırda kənddə kilsələrin vəziyyəti barədə səhih məlumat yoxdur.
Nadirxanlı
Kəlbəcərdə ən çox məskunlaşma olan kəndlərdən biri Nadirxanlı idi. Nadirxanlı kəndində məskunlaşma 2000-ci ildən başlanır. Burda yaşayan əhali Göygölün Getaşen (Çaykənd) və keçmiş Şaumyan (Aşağı Ağcakənd) rayonundan olan erməni qaçqınları təşkil edirdi. Əhali buranı da gəldiyi ərazinin adı ilə Nor-Getaşen (Yeni Getaşen) adlandırır. 2013-cü ildə kəndin icra nümayəndəsi olmuş Aleks Nazaryan ilk illəri belə xatırlayır: “2000-ci ildə gələndə 3 il işığımız olmadı, çox çətinlik çəkirdik. İndi internetimiz yoxdur, ona çox ehtiyacımız var. Kəndimizdə 20-25 ailə yaşayırdı, amma biz bir ailə kimi idik, axşamlar yığışır, müxtəlif oyunlar oynayırdıq, beləcə qaranlıq və soyuq gecələri azaldırdıq. Amma onu da deyim ki, çətinliklərə baxmayaraq, o vaxt həyat daha maraqlı idi, insanlar bir-birinə daha bağlı idi. Sonra bizə işıq verdilər. 10-12 ildə irəliləyişimiz göz qabağındadır. Təbii ki, hələ də narazı olanlar var, amma irəliləyiş göz qabağındadır”.
2010-cu ildə Nadirxanlı kəndində 216 nəfər yaşayırdı. 2015-ci ilə qədər isə 49 təsərrüfatın mövcud olduğu kənddə əhalinin sayı 267 nəfərə kimi yüksəlir. 2015-ci ildə erməni yazıçısı Vera Nazaryanın adını daşıyan kənd orta məktəbində 28 nəfər şagird təhsil alırdı. Kənddəki əhaliyə erməni diasporu da müəyyən dəstək verirdi. 2014-cü ildə kəndin su paylayıcı sistemi “Hayastan” fondu hesabına təmir olunur, 1 il sonra isə fondun Kipr filialı kənd məktəbinə komputerlər hədiyyə etmişdi. 2019-cu ildə isə kənd məktəbinin binasında təmir işləri aparılır, binanın dam örtüyü dəyişdirilir. Müharibə ərəfəsində Nadirxanlı yaşayış üçün lazımi kommunal ehtiyaclarla təmin olunmuşdu, internet və televiziya xətti çəkilən kənddə 3 mağaza vardı. Kəndin əhalisi isə əsasən üzümçülük və tərəvəzçilik ilə məşğul olurdu. Eyni zamanda əhalinin bir qismi 2017-ci ilə qədər yaxınlıqda inşaatı davam edən Vardenis-Kəlbəcər yolunda işləyirdi.
Nadirxanlı kəndində əsas problem yol məsələsi idi. Vardenis-Ağdərə yolunun çəkilməsi bu yol boyunca olan kəndlərdə canlanma yaratsa da, mərkəz Kəlbəcər daxil olmaqla digər kəndlərdə nəqliyyat əsas problem kimi qalmaqda idi. Nadirxanlı kəndi magistrala yaxın olduğu üçün burda yolun çəkişi 2014-cü ildə başlayır və elə həmin il də tamamlanır. İşğal dövründə kəndin ərazisinə Ermənistandan və Qarabağdan çoxlu turist gəlirdi. Bunu nəzərə alan “DQR” hökuməti burda kurort kompleksi tikir. 2019-cu ilin iyun ayında tamamlanan “Ari Resort” kurort kompleksinin açılış mərasimində “DQR” lideri Bako Saakyan da iştirak etmişdi.
İkinci Qarabağ müharibəsindən sonra Nadirxanlı kəndinin boşaldılması noyabrın 13-də başlayır. Bu prosesi həmin vaxt kənddə olan “France 24” agentliyinin əməkdaşı belə qeyd edirdi: “68 yaşlı Hayastan Yeqiazaryan odun sobası ilə qızdırılan evdəki əşyaları ələk-vələk edir və nəyi aparacağını düşünür. Yegiazaryanın 82 yaşlı əri Zöhrab hara gedəcəklərindən belə əmin deyil. Kəlbəcərliləri Azərbaycanın bu bölgəsində məskunlaşmağa əraziyə nəzarəti ələ keçirmiş separatçı liderlər təşviq edirdi. Yeqiazaryan deyir ki, heç kim onlara evlərini tərk etməyi əmr etməyib, amma biz tez başa düşdük ki, başqa seçim yoxdur. Onun iki oğlu İrəvandan ona bazar gününə qədər evi yığmağa və mal-qaranı satmağa kömək etmək üçün gəlmişdi. Kəlbəcərin digər kəndlərindən fərqli olaraq, Nadirxanlıda tərk edilmiş evlərin çoxusu yandırılmadı.” Lakin Azərbaycan MN-in 20 yanvar 2021-ci il tarixində yayımladığı görüntülərdə kənddə demək olar ki, bütün evlərin dağıdıldığını müşahidə etmək olur.
Almalıq
Kəlbəcərdə erməni əhalisinin ən az sayda məskunlaşdığı kəndlərdən biri Almalıq idi. İşğal dövründə bu kəndi ermənilər “Havsatağ” adlandırmışdı. 2000-ci illərin əvvəlində məskunlaşma başlanan kəndin əhalisinin əksəriyyətini Şaumyan (Aşağı Ağcakənd) rayonundan qaçan ermənilər təşkil edirdi. Alman kinorejissor Yana Rixter bu kəndin əhalisinin Azərbaycandan qaçması haqqında 2007-ci ildə “Müharibənin izləri” adlı film çəkmişdi. Bu filmin 2017-ci ildə Xankəndidə premyerası keçirilib. Bundan başqa, kənddə Bakıdakı erməni poqromundan qaçan şəxslər də məskunlaşmışdı. 2010-cu ildə Almalıq kəndində 71 nəfər yaşayırdı. 2015-ci ilə qədər isə 18 təsərrüfatın mövcud olduğu kənddə əhalinin sayı 111 nəfərə kimi yüksəlir. Almalıq kəndində məskunlaşan ermənilər Kəlbəcərdə yaşayan ən kasıb əhali idi. Bunu xüsusilə 2013-cü ildə yardım kampaniyası çərçivəsində Almalıq məktəbi şagirdlərinə verilən hədiyyələrdən, eləcə də 2014-cü ildə yerli məktəbdə oxuyan şagirdlərə ayaqqabı və geyim dəsti verilməsindən müşahidə etmək olur. Kənddə yerləşən məktəb çox köhnə və qəzalı vəziyyətdə idi və burada 11 nəfər şagird təhsil alırdı.
Kənd əhalisinin su ilə təmin olunması üçün bura 2007-ci ildə su kəməri çəkilmişdi. Sakinlərin əsas məşğuliyyəti əkinçilik və arıçılıq idi. Kiçik kənd olmasına baxmayaraq, Almalıqda elektrik, televiziya və internet xətti, tibb məntəqəsi, 3 ədəd mağaza mövcud idi. Bundan başqa, icma nümayəndəsi Sayat Melkonyanın rəhbərlik etdiyi rəqs dərnəyi təşkil edilmişdi.
Atəşkəs dövründə kənddə baş vermiş ən önəmli hadisə Göygöldən Kəlbəcərə daxil olan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun bu kənd ərazisində yaşayan 7 yaşlı Sumbat Çakalyanı əsir götürməsi idi. 11 gün sonra cəsədi tapılan Çakalyanın qətli Dilqəm Əsgərov və Şahbaz Quliyevin ağır cəzalandırılmasında əsas fakt kimi istifadə edilmişdi.
Almalıq kəndi də digər Kəlbəcər kəndləri kimi, 2020-ci ilin 14 noyabrda boşaldıldı. Dekabr 30-da Azərbaycan MN-in kənddən çəkdiyi görüntülərdən əhalinin buranı tərk edərkən əksər evləri yandırdığını müəyyənləşdirmək olur.
Qılınclı
Kəlbəcərdə ermənilərin daha çox məskunlaşdığı bir digər kənd isə Qılınclı idi. 2000-ci ildə Qılınclı kəndində məskunlaşan ermənilər buranı “Nor Bracur” (Yeni Bracur) adlandırmışdı. Kəndin əhalisi Daşkəsənin Zəylik və Şaumyan, Xanlar rayonunun ermənilər məskunlaşmış kəndin sakinlərindən təşkil olunmuşdu. Kəndə “Bracur” adını isə Xanların Qarakeşiş (Kərəmli) kəndindən köçən ermənilər vermişdi. 2010-cu ildə Qılınclı kəndində 203 nəfər yaşayırdı. 2015-ci ilə qədər isə 51 təsərrüfatın mövcud olduğu kənddə əhalinin sayı 239 nəfərə kimi yüksəlir.
Qılınclı armud, alma, üzümü ilə məşhur idi. Kənddə heyvandarlıq və tərəvəzçilik geniş yayılmışdı. Ərazidə molibden yataqları mövcud idi. Qılınclı kəndində də digər Kəlbəcər kəndlərində olduğu kimi televiziya və internet xətti, tibb məntəqəsi mövcuddu və burada iki mağaza açılmışdı. 2015-ci ildə Salle Erumyansın adını daşıyan kəndin orta məktəbində 45 nəfər şagird təhsil alırdı.
Kənddə infrastrukturla bağlı diasporanın ciddi dəstəyi vardı. Kiyevdəki erməni icması məktəb, bağça və digər məsələlərlə bağlı kəndin icma rəhbərinə köməklik göstərirdi. 2019-cu il bu icmanın maliyyə yardımı ilə Qılınclıda voleybol meydançası tikilmişdi. Bundan başqa, 2015-ci ildə “Hayastan” fondunun Kipr filialı yerli məktəbə kompüterlər hədiyyə etmişdi. 2019-cu ilə qədər burada su, adətən yeraltı bulaqlarla və yaxınlıqdakı çayla təmin edilirdi. 2019-cu ildə isə kəndə yeni su kəməri çəkilməyə başlayır. Kəndin özünəməxsus rəqs dərnəyi vardı. Rio olimpiadasının yunan-roma üzrə gümüş medalçısı Miqran Arutyunyan 2019-cu ildə Qılınclı kəndində güləş və qarışıq idman növləri üzrə idman zalı açmışdı.
Qılınclı da digər Kəlbəcər kəndləri kimi 2020-ci ilin 14 noyabrda boşaldıldı. Kəndi tərk edən ermənilərdən bir qismi 9 sentyabr 2021-ci ildə İrəvanda hökumət binası qarşısında dövlətin onları mənzillə təmin etməsi üçün aksiya təşkil etmişdi. Onlardan biri Qılınclı kəndinə İrəvandan köçmüş və orda rus dili müəllimi olmuş Svetlana Abramyan idi: “Biz belə bir şeyin baş verəcəyini bilmirdik. Biz Kəlbəcərdə yaşamaq istəyirdik. Oralı olmamağımızın bizim üçün heç bir fərqi yox idi. Biz o həyata öyrəşmişdik və bütün planlarımızı Kəlbəcərlə bağlamışdıq”. 25 noyabrda Azərbaycanın nəzarətinə keçmiş Qılınclı kəndininin görüntüləri təxminən 1 il sonra, 30 noyabr 2021-ci ildə yayımlandı. Video kadrlardan kəndin boşaldılarkən ciddi dağıntılara məruz qaldığını görmək olur.
Bağlıpəyə
Kəlbəcərdə ermənilərin məskunlaşdığı orta böyüklükdə kəndlərdən biri Bağlıpəyə idi. 2000-ci ildə əsası qoyulan kənddə yaşayan əhali keçmiş Şaumyan rayonunun Erkəç kəndindən olan ermənilər idi , buna görə də onlar kəndi “Nor Erkəç” (Yeni Erkəç) adlandırmışdı. Bu kəndi Azərbaycan bölmələri 1992-ci ildə həyata keçirdiyi “Goranboy əməliyyatı” zamanı, 15 iyun tarixində ələ keçirmişdi.
Erməni diasporu yeni qurulan kəndin kommunal problemlərinin həll edilməsində aktiv rol oynayırdı. 2003-cü ildə ABŞ Daşnaksütyun komitəsi “Şahen Megryan” kəndin su ilə təminatı məsələsini həll edir, elə həmin ildə İranın erməni icması kənddə yeni məktəb tikir. 2017-cı ildə isə “Daşnaksütyun” partiyasının London bölməsi Bağlıpəyə kəndində məktəblilər üçün komputerlər hədiyyə edir. 2010-cu ildə Bağlıpəyə kəndində 120 nəfər yaşayırdı. 2015-ci ilə qədər isə 25 təsərrüfatın mövcud olduğu kənddə əhalinin sayı 159 nəfərə kimi yüksəlir. Kəndin əhalisinin 1/3-i uşaqlardan ibarət idi. Dövlət çoxuşaqlı ailələrə dəstək verirdi. Məsələn, 4-cü uşaq və ondan yuxarı doğulan bütün uşaqlara görə dövlət ailəyə 1 milyon dram (3546 manat) miqdarında yardım edirdi, 6-cı uşaq doğulduğu təqdirdə isə dövlət ailə üçün pulsuz ev tikirdi. Bundan əlavə, dövlət kənddə yaşayan qaçqınların aylıq elektrik enerjisi istehlakına 60 kVt/saat subsidiya verirdi.
Müharibə ərəfəsində 14 müəllimin işlədiyi kənd məktəbində 47 nəfər şagird təhsil alırdı. Bağlıpəyədə elektrik, televiziya və internet xətti, tibb məntəqəsi, 1 ədəd mağaza mövcud idi. Kəndin məktəbində tarix müəllimi olmuş Aram Petrosyana görə, kənddə 136 baş iri buynuzlu heyvan, 16 baş donuz və 147 ədəd ev quşu var idi. Kəndin hər bir sakini 2000 kvadratmetrə yaxın torpaq sahəsi əkirdi, bir neçə hektar isə otlaq sahələri var idi. Əhalinin bir qismi isə arıçılıqla məşğul olurdu.
İkinci Qarabağ müharibəsindən sonra Bağlıpəyə də digər Kəlbəcərə daxil olan kəndlər kimi, 14 noyabr tarixində boşaldıldı və 11 gün sonra Azərbaycana təhvil verildi. Kəndi tərk edən əhalinin bəziləri özləri ilə iri buynuzlu heyvanları aparsa da, əksəriyyəti heyvanları kəsərək ucuz qiymətə satmışdı. Bundan başqa, kəndin keçmiş icra nümayəndəsi Arayik Hovannisyan kəndi tərk edərkən 2016-cı il aprel müharibəsində həlak olmuş oğlunun məzarını eksqumasiya edərək özü ilə Ermənistana aparmışdı. Bundan əlavə, 2014-cü ildə Bağlıpəyədə tikilən Birinci Qarabağ müharibəsində həlak olmuş erməni əsgərlərin memorialı da sökülür. Azərbaycan MN-in 31 dekabr 2020-ci il tarixində kənddən yayımladığı görüntülərdə Bağlıpəyədəki evlərin böyük hissəsinin yandırıldığı və dağıdıldığını müşahidə etmək olar.
Seyidlər
Kəlbəcərdə ermənilərin məskunlaşdığı orta böyüklükdə kəndlərdən biri Seyidlər idi. 2002-ci ildə mənkunlaşılmağa başlayan kənddə yaşayan əhali keçmiş Şaumyan rayonunun Qaraçinar kəndindən olan ermənilər idi , buna görə də onlar kəndi “Nor Qaraçinar” (Yeni Qaraçinar) adlandırmışdı. Erməni diasporu yeni qurulan kəndin kommunal problemlərinin həll edilməsində aktiv rol oynayırdı. 2005-ci ildə “Hayastan” fondunun maliyyəsi ilə Seyidlərdə suvarma şəbəkəsi yenidən qurulur və su problemi tamamilə aradan qaldırılır. Eyni zamanda Qaraçinar kəndinin Rusiyada yaşayan nümayəndələri də kəndin problemləri ilə maraqlanırdı. Belə ki, onlardan biri Karen Xaçatryan qardaşı ilə birlikdə kənd məktəbinin yeni binasının tikilməsində iştirak etmişdi.
Buna baxmayaraq, 2007-ci ilə qədər kənddə yol, rabitə, tibbi xidmət, məktəb təmiri əsas problem kimi qalmışdı. Sakinlər həmin dövrdə kəndə səfər edən “DQR” prezidentliyinə namizəd Bako Saakyandan əsas tələb kimi bu problemlərin həllini istəmişdilər.
2010-cu ildə Seyidlər kəndində 86 nəfər yaşayırdı. 2015-ci ilə qədər isə 24 təsərrüfatın mövcud olduğu kənddə əhalinin sayı 123 nəfərə kimi yüksəlir. 2016-cı ildə baş verən Aprel müharibəsindən sonra Talış kəndindən köçən ermənilərin bir hissəsi Seyidlərdə məskunlaşmışdı.
Müharibə ərəfəsində kənd məktəbində isə 27 nəfər şagird təhsil alırdı. Seyidlərdə elektrik, televiziya və internet xətti, tibb məntəqəsi mövcud idi. Kənddə 2012-ci ildə rəqəmsal yayıma keçid həyata keçirilmişdi. 2016-cı ildən etibarən kənddə canlanma yaşanır. Bunun əsas səbəbi kəndin ərazisindən keçən Vardenis-Ağdərə yolunun asfaltlanması idi. İlk olaraq burda 15 km-lik Seyidlər-Zod yolu asfaltlanmağa başlayır. Əsas magistral isə bir il sonra istifadəyə verilir. Seyidlər kəndində əhali əsasən tərəvəzçilik və arıçılıqla məşğul olurdu.
2020-ci il müharibəsi zamanı Azərbaycan bölmələrinin Kəlbəcər ərazisinə ən az məsafədə yaxınlaşdığı yerlərdən biri Seyidlər kəndi idi. Belə ki, 3 oktyabrda gedən döyüşlərdə erməni bölmələri kəndin şimal-qərbindəki mövqelərindən şimala doğru 122 mm-lik M-30 haubitsaları ilə atəş açırdı. Bu ordu bölmələrinin şimal istiqamətində möhkəmləndiyini göstərirdi.
Seyidlər kəndi digər Kəlbəcər kəndləri kimi noyabrın 10-dan sonra boşaldılmağa başlanır. Kəndi tərk edərkən ermənilər evlərin demək olar ki, hamısını yandırmış və dağıtmışdı. Dekabrın 15-də Azərbaycan MN-in yayımladığı kadrlarda əhalinin kəndi tərk edərkən ağacları da kəsdiyini müşahidə etmək olar. Hazırda kənd sakinlərinin əsas hissəsi Ermənistanın Armavir əyalətində məskunlaşmışdır.
Qanlıkənd
Kəlbəcərdə ermənilərin məskunlaşdığı orta böyüklükdə kəndlərdən biri Qanlıkənd idi. 2000-ci ildə əsası qoyulan kənddə yaşayan əhali keçmiş Şaumyan rayonunun Xarxaput (indiki Meşəli) kəndindən olan ermənilər idi, buna görə də onlar kəndi “Nor Xarxaput” (Yeni Xarxaput) adlandırmışdı. Bu kəndi Azərbaycan bölmələri 1992-ci ildə həyata keçirdiyi “Goranboy əməliyyatı” zamanı, 14 iyun tarixində işğaldan azad edib.
Qanlıkənd Kəlbəcər kəndləri arasında infrastruktur baxımından ən zəif inkişaf etmiş kənddi. Burda yaşayan əhali də maddi baxımdan çox sıxıntı çəkirdi. 2010-cu il məlumatına görə, Qanlıkənd Kəlbəcər kəndləri arasında mobil rabitəsi zəif işləyən iki kənddən biri idi. 2010-cu ildə Qanlıkənd kəndində 107 nəfər yaşayırdı. Kənddə yaşayan əhalinin ağır sosial iqtisadi durumun səbəbi ilə kəndi tərk etməsi özünü 5 il sonrakı statistikada da göstərir. 2015-ci ilə qədər isə 19 təsərrüfatın mövcud olduğu kənddə əhalinin sayı 5 il əvvəlki sayda qalmışdı.
Qanlıkənd əhalisi isə əsasən arıçılıqla məşğul olurdu. Müharibə ərəfəsində kənd məktəbində isə 27 nəfər şagird təhsil alırdı. Qanlıkənddə elektrik, televiziya və internet xətti, tibb məntəqəsi və 1 mağaza mövcud idi. 2019-cu ildə kənddə üç çoxuşaqlı ailə üçün evlərin tikilməsinə başlanılır. Bundan başqa, Qanlıkənd ərazisində yaşayan sakinlərin fərdi evlərinin təmiri üçün tikinti materialları da verilirdi. Kəndin bərbad vəziyyətdə olan yolunun təmiri 2019-cu ildə başlayır. Yolun təmirində məqsəd dağda mobil telefon qovşağının quraşdırılması idi. Beləliklə, kəndin mobil rabitə problemi 2019-cu ilə qədər qalmaqda idi. İşğal dövründə Qanlıkənd “DQR” ilə Ermənistan arasında gömrük məntəqəsi kimi istifadə edilirdi. Belə ki, 2020-ci ilin fevralında buradakı gömrük-keçid məntəqəsi daha da modernləşdirilir və burada məlumat elektron lövhələri quraşdırılır.
2020-ci il müharibəsindən sonra Kəlbəcərin Azərbaycana verilməsi ilə bu gömrük-keçid məntəqəsi də sökülür. Kənddən əhalinin çıxması 13 noyabrda başladı. Kəndi tərk edən erməni sakindən biri “Azadlıq radiosu”-nun erməni xidmətinə verdiyi müsahibədə qeyd edirdi: “Nə etməliyik? Bu evi ömrümüzün axırına kimi yaşamaq üçün tikmişdik. Beş uşağım var və hamısı universitet tələbəsidir. Onların hər biri üçün 700 min dram təhsil haqqı tələb olunur. Biz zəhmətlə çörəkpulu qazanan insanlarıq, 100-dən çox heyvan saxlamışıq, hamısını indi kəsmək məcburiyyətində qaldıq.” Azərbaycan MN-in kəndin Azərbaycana təhvil verilməsindən sonra burada çəkiliş aparmaması səbəbi ilə yaşayış məntəqəsi ərazisində hansı formada dağıntı olduğunu müəyyənləşdirmək mümkün deyil.
Günəşli (Sınıqkilsə)
Kəlbəcərdə ermənilərin məskunlaşdığı ən kiçik kəndlərdən biri Sınıqkilsə idi. 2001-ci ildə əsası qoyulan kənddə yaşayan əhali keçmiş Şaumyan rayonunun Manaşid kəndindən (indiki Mənəşli) olan ermənilər idi, buna görə də onlar kəndi “Nor Manaşid” (Yeni Manaşid) adlandırmışdı. Bu kəndi Azərbaycan bölmələri 1992-ci ildə həyata keçirdiyi “Goranboy əməliyyatı” zamanı, 14 iyun tarixində ələ keçirmişdi.
Kəndi Manaşiddən köçən ailələr qursa da ağır iqtisadi durum səbəbi ilə onların əksəriyyəti buranı tərk edir. Onların yerinə 2004-cü ildə Ermənistanın Aparan şəhərindən Sınıqkilsə kəndinə təxminən 12 ailə köçür. Lakin onların da bir qismi daha sonra kəndi tərk edir. Kənddə ciddi su, yol problemi vardı. Sınıqkilsə Kəlbəcər-Ağdərə magistralından kənarda yerləşdiyi üçün ətraf aləmdən təcrid olunmuşdu. Bu istiqamətdə yol kəndin mövcud olduğu dövr boyunca asfaltlanmadı.
Digər vacib problem isə su idi. 2007-ci ildə kəndə su kəməri çəkilsə də bu kəmər tezliklə sıradan çıxır. Kəndin suvarma suyu ilə təminatı tam olaraq 2020-ci ilin iyununda başa çatdırılır. Digər kəndlərdən fərqli olaraq, buranın su təchizatı sakinlərin öz vəsaiti hesabına həll edilmişdi. Suvarma suyu ilə təmin olunmasına baxmayaraq, əhalinin içməli su problemi 2020-ci ilin sentyabr ayına qədər qalmaqda idi. Bu məsələnin 2021-ci ildə həll edilməsi planlaşdırılmışdı. Kənddə digər problem çox kiçik binası olan məktəbdə əlavə sinif otaqlarının olmaması idi.
İkinci Qarabağ savaşı ərəfəsində kənd məktəbində 30 nəfər şagird təhsil alırdı. Bu məsələnin 2019-cu ildə həll ediləcəyi söz verilsə də müharibəyə qədərki dövrdə bu problem olduğu kimi qalmışdı. 2010-cu ildə Sınıqkilsə kəndində 81 nəfər yaşayırdı. 2015-ci ilə qədər isə 22 təsərrüfatın mövcud olduğu kənddə əhalinin sayı 97 nəfərə yüksəlir. Lakin bu rəsmi rəqəmlər idi, əhalinin real sayı 80 nəfəri keçmirdi. İşğal dövründə Sınıqkilsə əhalisi əsasən arıçılıq və heyvandarlıqla məşğul olurdu. Burada da Qanlıkənddə olduğu kimi, müharibədən sonra kəndlə bağlı rəsmi videoçəkiliş aparılmayıb.
Çaykənd
Kəlbəcərdə ermənilərin yaşadığı ən böyük kənd Çaykənd idi. 1999-cu ildə əsası qoyulan kənddə yaşayan əhali keçmiş Şaumyan rayonunun Yuxarı Ağcakənd kəndindən (Verinşen) olan ermənilər idi. Bu kəndi Azərbaycan bölmələri 1992-ci ildə həyata keçirdiyi “Goranboy əməliyyatı” zamanı, 12 iyun tarixində ələ keçirir. Müharibə bitdikdən sonra bu kənd Azərbaycan nəzarətində qaldığı üçün Ağcakənd qaçqınları “DQR” hökumətinin də istəyi ilə Kəlbəcərin Çaykənd kəndində məskunlaşırlar və buranı “Nor Verinşen” (Yeni Verinşen) adlandırırlar. Bununla belə, kənddə Goranboy ermənilərindən başqa Şəmkir erməniləri, Xanlar erməniləri, Ermənistan erməniləri də məskunlaşmışdı. Kənd inzibati idarəçiliyə əsasən Qılınclı kəndi ilə birlikdə Çəpni icmasına daxil idi.
Kənddə 2000-ci illərin əvvəlində yaşayış xüsusilə ağır keçir. Çaykənd kəndi 1999-2004-cü illərdə elektrik enerjisi ilə təmin edilməmişdi. Kəndin infrastruktur və sosial təminat baxımından inkişafında diaspoun böyük rolu vardı. Erməni əsilli livanlı sahibkarlar kənddə yaşayan 8 ailənin hər birinə bir inək, əkiz uşaq dünyaya gətirən bir ailəyə isə 2 baş inək hədiyyə etmişdi. Erməni əsilli rusiyalı biznesmen Artur Varjapetyan isə 2014-cü ildə 2 kənd sakinini “UAZ” markalı avtomobillə təmin edir. “Daşnaksütyun” partiyası kənd əhalisinin geyim, ayaqqabı ilə təminatını öz üzərinə götürmüşdü. “Hayastan” fondunun Kipr filialı isə Gevorq Jlavyan adına kənd orta məktəbinin kompüterlə təminatını həll etmişdi. 2002-ci ildə tikilən məktəbdə müharibə ərəfəsində 70 nəfər şagird təhsil alırdı.
2010-cu ildə Çaykənd kəndində 255 nəfər yaşayırdı. 2015-ci ilə qədər isə 56 təsərrüfatın mövcud olduğu kənddə əhalinin sayı 267 nəfərə kimi yüksəlir. Əhalinin sürətlə çoxalmasında çox uşaqlı ailələrin payı yüksək idi. Misal üçün, Ermənistanın Martuni rayonundan bura köçən Qayane Simonyanın 13 uşağı var idi.
Kənddə əhali əsasən heyvandarlıq və tərəvəzçiliklə məşğuldu. Çaykənd kəndində televiziya və internet xətti, tibb məntəqəsi mövcud idi, Kəlbəcər və Xankəndi ilə nəqliyyat əlaqəsi isə 311 nömrəli avtobusla həyata keçirilirdi. Kənddə ən böyük problem isə suvarma və içmə üçün suyun defisit olması idi. 2020-ci ilin iyun ayında kəndin kənarına su kəməri çəkilir, daxili su sisteminə isə həmin ilin sonunda başlanması planlaşdırılmışdı. Lakin müharibənin baş verməsi ilə bu plan yarımçıq qalır.
Savaşın bitməsindən sonra Çaykəndin əhalisi buranı noyabrın 14-də boşaldır. Azərbaycan MN, kəndin görüntülərini isə təxminən 1 il sonra yayımlayır. Hazırda kəndi tərk edən ermənilərin əksəriyyəti Ermənistanda, bir hissəsi isə Qarabağın erməni nəzarətində qaldığı hissələrində məskunlaşıb.
Knaravan
Kəlbəcərdə ermənilərin yaşadığı kiçik kəndlərdən biri Knaravan idi. Knaravan kəndi 2004-cü ildə erməni əsilli fransız biznesmen Karapet Arutyunyan tərəfindən Lex qalasının ətrafında, Çəpli kəndinin yaxınlığındakı ərazidə əsası qoyulub. Kəndin tikilməsi üçün biznesmen 550 min dollar vəsait xərcləmişdi. Kəndin adı biznesmenin həyat yoldaşı, 2002-ci ildə həyatını itirən Knar Arutyunyanın şərəfinə “Knaravan” adlandırılır. Karapet Arutyunyanın oğlu Narek kəndlə bağlı bunu deyirdi: “2002-ci ildə anam vəfat edəndə onun üçün simvolik bir iş görmək istədik. Biz azad edilmiş torpaqlarda kiçik bir kənd salmağı düşündük. Anamın şərəfinə adını Knaravan qoyduq. Biz kəndi işğaldan azad edilmiş ərazidə saldıq, çünki Kəlbəcər tarixi erməni torpağı idi. Kəndin bir tərəfində Lex qalası, digər tərəfində isə kilsə var. Ərazidə çoxlu xaçkar var idi ki, bu da orada ermənilərin çoxəsrlik mövcudluğuna dəlalət edir.”
Kənddə yaşayan əhali əsasən Bakı erməniləri və Spitak zəlzələsindən zərər çəkən şəxslərdən ibarət idi. Kənddə 15 ev tikilmişdi və onlar bir küçə boyunca yerləşirdi. 2010-cu ildə Knaravan kəndində 71 nəfər yaşayırdı. 2015-ci ilə qədər isə 16 təsərrüfatın mövcud olduğu kənddə əhalinin sayı 76 nəfərə yüksəlir. Knaravan kəndində də digər Kəlbəcər kəndlərində olduğu kimi televiziya və internet xətti, tibb məntəqəsi mövcud idi. Müharibə ərəfəsində kənd məktəbində 25 nəfər şagird təhsil alırdı. 2020-ci ilin iyununda kənd məktəbi yenidən təmir edilmiş, orda mərkəzi istilik sistemi quraşdırılmış, pəncərələri isə dəyişdirilmişdi. Kəndin icra nümayəndəsi Mikaelyana görə, Knaravanda insanlar nisbətən yaxşı yaşayırdılar. Onlar hərbi hissədə, məktəbdə işləyir, maldarlıq və arıçılıqla məşğul olurdular.
Bununla belə, kənddə problemlər də mövcud idi. Knaravanda 2010-cu ilə qədər mobil rabitədə ciddi problem yaşanırdı. Bu problem 2018-ci ildə həll edilir. Digər problemli məsələ isə yol idi. Bu problem isə həll edilmədən 2020-ci ilin sentyabr ayında hərbi əməliyyatlar başlayır.
Müharibə zamanı mərmilər bu kəndin ərazisinə də düşmüşdü. Belə ki, oktyabrın 15-də Azərbaycan bölmələrinin atəşi zamanı Knaravan sakini Marina Tevosyan yaralanır. Müharibənin sonunda isə Kəlbəcərin Azərbaycana təhvil verilməsi ilə bağlı maddəyə əsasən Knaravan sakinləri 15 noyabrda kəndi boşaldırlar. Kəndi tərk edərkən sakinlərin çoxu evlərini yandırır. Əhalinin kəndi boşaltmasında erməni əsgərləri də iştirak edirdi. Knaravandan köçən əhalinin bəzisi Vedidə, digərləri isə Ermənistanın müxtəlif yerlərində yaşayırlar. Azərbaycan inzibati-ərazi vahidində belə bir kənd olmadığı üçün müharibədən sonra bura ilə bağlı Azərbaycan MN-in rəsmi görüntüləri paylaşılmayıb. Beləliklə, 16 illik ömrü olan Knaravan kəndi 2020-ci ildə tarixdən silinir.
Nəticə
Kəlbəcərdə işğal dövründə Qarabağla Ermənistanı birləşdirəcək iqtisadi layihələr həyata keçirilir. İqtisadiyyatı şaxələndirmək üçün Qarabağla Ermənistanı birləşdirən ikinci yol – Vardenis-Kəlbəcər-Ağdərə yolu da təmir edilməli idi. Bu layihə çox böyük maliyyə xərci tələb etdiyi üçün gecikmə ilə 2011-ci ildə başladı. 36 milyon dollarlıq layihənin təxminən 30 faizini “Hayastan”, 10 faizdən çoxunu isə digər müxtəlif ianə fondları tərəfindən maliyyələşdirildi. Ermənistan və “DQR” rəhbərliyi isə layihənin digər 56 faiz xərclərini öz üzərinə götürdü. 6 il davam edən tikinti 2017-ci ildə tamamlandı. Açılışda Ermənistan prezidenti Serj Sərkisyan, “DQR” lideri Bako Saakyan və layihəyə 5 milyon dollar yardım edən erməni milyonçu Andranik Bağdasaryan iştirak edirdi. Kəlbəcərlə bağlı ikinci yol layihəsi isə mərkəz Kəlbəcərlə ətraf kəndləri birləşdirməli idi. Bu istiqamətdə yolun çəkilişi 2018-ci ildə başlanılır. Ermənistanın Qaraqoyunlu (Norabak) kəndindən Kəlbəcərə çəkilən bu yol daha sonra Vardenis-Ağdərə yolu ilə birləşdirilməli idi. Vardenis-Ağdərə yolundan fərqli bu yolun xərcləri “DQR” büdcəsi hesabına həyata keçirildi. Bu yolun çəkilişi müharibə ərəfəsində davam edirdi və hərbi əməliyyatlar səbəbi ilə tamamlana bilmədi.
Bundan başqa, müharibədən sonra ermənilər Kəlbəcərdəki Zod qızıl yatağı ərazisini də itirdilər. 2020-ci ilin sentyabrında fəaliyyətini dayandırmazdan əvvəl Azərbaycanın Kəlbəcər rayonu ilə Ermənistan arasında sərhəddə yerləşən “Söyüdlü” qızıl mədəni son dərəcədə məhsuldar idi. Bu mədən 2020-ci ildə Ermənistanda dördüncü ən böyük vergi ödəyicisi olan “GeoProMining” tərəfindən idarə olunurdu. Şirkət 2021-ci ilin avqustunda yatağın Ermənistanda qalan hissəsində işləri bərpa etsə də, noyabr ayında yenidən fəaliyyətini dayandırıb.
Kəlbəcərdə yaşayan erməni əhalisi tərəfindən bu ərazinin Azərbaycana verilməsi fikri isə ümumiyyətlə qəbul edilmirdi. 2010-cu ildə Azərbaycanla Ermənistan arasında müzakirə edilən “Madrid prinsipləri” sonrası regiona səfər edən erməni jurnalistlərinin əhali ilə söhbətindən bunu aydınlaşdırmaq mümkün idi. Sumqayıt qaçqını olan Marianna Hovsepyan qeyd edir: “Qarabağ əhalisi “işğaldan azad edilmiş” ərazilərin Azərbaycana qaytarılması ilə bağlı heç bir arqumentlə heç vaxt barışa bilməz.” Zülfüqarlı kənd "sakini" isə daha iddialı idi: “Bu torpaqlar 90-cı illərin əvvəllərində işğaldan azad edilmiş ərazilərdir. Nə qədər ki, Qarabağ var, hamınızı əmin etmək istəyirəm ki, o, həmişə mövcud olacaq, Kəlbəcər də onun tərkibində olacaq. Heç kim, nə Azərbaycan, nə də Qarabağ və Ermənistan hakimiyyəti qarabağlıların öz torpağını müdafiə etməsinə mane ola bilər.” 2018-ci ildə Kəlbəcərdə yaşayan Aleksandr Kənanyan Kəlbəcərin Azərbaycana qaytarılmasına əhalinin münasibətini belə izah edirdi: “10 il əvvəl Qarabağ sakinlərinin yalnız 30%-ə yaxını sülh naminə Azərbaycana ərazi güzəştlərinə getməkdən imtina edərdi. İndi isə bu rəqəm 100%-ə çatıb. İndi burada kimsə küçəyə çıxıb Kəlbəcərin Azərbaycana geri verilməsi barədə danışsa ona ya dəli kimi baxarlar, ya da döyə bilərlər.” Digər erməni analitik Tiqran Qriqoryan isə daha qəti idi: “2000-ci illərin ortalarına qədər ərazi güzəştlərinin əleyhdarları adətən marjinal şəxslər idi, indi isə bu tam əksinədir.” Bu səbəbdən jurnalist Aşot Poğosyan əhalinin fikrini ümumiləşdirərək bunu deyir: “Qarabağda “xalq düşməni” adı qazanmaq çox asandır. Bunun üçün Qarabağ müharibəsi zamanı “azad edilmiş” ərazilərin Azərbaycana verilməsinin mümkünlüyü barədə söhbətə başlamaq kifayətdir.” Bu formada qəti fikirlər və güzəştlərin olmaması isə son nəticədə müharibəni qaçılmaz hala saldı.
Tural Həsənqarayev
Ekspert
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 25-04-2023 14:07
Baxış sayı: 2531
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02