Şəxsiyyəti ilə sözü tən gələn ziyalımız - Namiq Dəlidağlının doğum gününə...

29-09-2022 09:26
Ruh didərgin olanda insanın varlığı kədərə təslim olur. Həsrətə köklənən hisslər, duyğular da ağrı rənginə boyanır, nisgil dadır. Yaşadığın həsrətin ünvanı uzaqlar olanda qüssə yükün də ağır olur. Uzaqlar dediyim əslində doğma olan, sadəcə əlin çatmayan yurd yerlərini ifadə edir. İztirabın doğurduğu çarəsizlik  uzaqlara dikilən baxışların xatirələr fonunda cızdığı xəyal dünyasından qopan bir qığılcım ümiddə əriyir. Arzularına yenilməsi ilə sabahlara inam cücərir qübara bürünmüş insanın içində. O da ruhuna biçilmiş həsrətin ağrı simfoniyasını yansıtdı qələminə. Şeirlərində, yazılarında köz-köz yaralar göründü, göynək misraların göz yaşına boğulduğunun şahidi olduq. Bu qədər acının içində türk soykökünə, əqidəsinə sadiq qalmağı bacardı, sınmadı, çətinliklərə sinə gərdi. Həm də adına, üstündə əsdiyi sözə, şərəfinə toz qondurmadan. Söhbət şair-jurnalis Namiq Dəlidağlıdan gedir. 30 ilə yaxın doğulub boya-başa çatdığı möcüzə Kəlbəcərin həsrətini çəkən şairin yaradıcılığının mühüm bir hissəsi işğal dövrünün  məşəqqətlərini əks etdirir. Təbii ki, istedadının müəllifin qələminə ötürdüyü müxtəlif mövzularda uğurlu şeirlər, yazılar da yer aldı kitablarında. Ancaq nisgillə sızlayan könlü elə hey yurd dedi...
Çox şükür ki, iki il əvvəl rəşadətli ordumuzun əzmi, qəhramanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Hər kəs kimi N.Dəlidağlının da içini sızladan yurd həsrətinə son qoyuldu. Və o gündən şeirlərinin, yazılarının ruhu dəyişdi. Daha qələbə ovqatına, qayıdış ab-havasına kökləndi qələmi. Bu gün şəxsiyyəti ilə sözü tən gələn dəyərli ziyalımızın doğum günüdür. İki il əvvəl müharibə və pandemiya səbəbindən yibiley yaşını qeyd etmək mümkün olmadı. Təəssüf ki, bu il də sentyabr şəhid xəbərləri ilə yadda qaldı. Buna rəğmən ayaqdayıq, əzmlə bütövlüyümüz uğrunda mübarizəmizə davam edirik. İnşallah növbəti yaşını Kəlbəcərdə qarşılamaq diləyi ilə əziz müəllimi professor Rafiq Yusifoğlunun təbirincə desək, Dəlidağın şair oğlunu doğum günü münasibəti ilə təbrik edir,  sağlam can, sevinci bol ömür, çoxşaxəli fəaliyyətində nailiyyətlər və yeni yaradıcılıq uğurları arzulayırıq. 


QISA TANITMA: Namiq Dəlidağlı  29 sentyabr (01 noyabr)1970-ci ildə Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. Orta təhsilini doğulduğu rayonda alıb. İxtisasca jurnalist-filoloqdur. Namiq Dəlidağlının hələ orta məktəb illərindən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində və mərkəzi mətbuatda dərc edilib. "Yenilik" qəzetinin ştatdankənar müxbiri olub. 1993-cü ildən dövri mətbuatda çalışır. “Açıq söz”, “Yeni dünya”, “Aydın səma”, “168 saat”, “Vaxt”, “İki sahil” qəzetlərində, o cümlədən bir sıra saytlarda müxbir, parlament müxbiri, şöbə müdiri, baş redaktor müavini işləyib. “168 saat”, ”Hər şey Sizin üçün”, “Gəncliyin səsi”, “Dəlidağ” qəzetlərinin baş redaktoru olub. 
 
Namiq Dəlidağlı ilk gənclik illərindən ədəbi yaradıcılıqla məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”,  “Vaxt”,  “Yeni dünya”,  “Səhifələr”, "Kredo", “Türküstan”, “Sumqayıt”,  “Gəncliyin səsi” və s. qəzetlərdə, o cümlədən, “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali ziyalı”, “Xəzan”, "Ədəbi ovqat" və digər jurnallarda, internet saytlarında dərc edilib.  
Həmçinin  bir çox  şeirləri  ölkəmizdə və xaricdə nəşr edilən ədəbi  toplularda işıq üzü  görüb. 5 publisistika kitabının müəllifi, həmmüəllifi, “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, "Əllidə ələnənlər" adlı şeir kitablarının müəllifidir.  Şeirlərinə mahnılar bəstələnib. 
 
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı  “Qızıl qələm”, “Müqəddəs qələm” və digər ədəbi və media mükafatlarına layiq görülüb. 
 
Namiq Dəlidağlı  hazırda  “Manevr.az”,  “Dalidag.az”  və  “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyi və Azərbaycan Jurnalistlər Birliyi 
Kəlbəcər bölməsinin  sədridir. Qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” və "Kaya" xəbər portallarının köşə yazarıdır. Azərbaycan Yazıçılar Birliyinin xətti ilə verilən Prezident təqaüdünə layiq görülüb. Ailəlidir, 2 övladı var.
 
Sevinc QƏRİB
 Azərbaycan Yazıçılar Birliyinin üzvü


Dalidag.az Namiq Dəlidağlının müxtəlif illərdə yazdığı həsrət yüklü, nisgil dolu şeirlərini  təqdim edir:                                                    
 
APRELDƏ VƏTƏNƏ YAZILAN ŞEİR...


Vətən!
Üst-başın qan içində,
bədənin dolu qəlpə.
Sinən səngər çapıqlı,
gözlərin qan çanağı...

Bu il torpaq bətnindən
yazın ölü doğuldu,
aprel gecələrində.
Lalələrin məskəni
düzün ölü doğuldu,
aprel səhərlərində...

Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən.
Sınıxdığını duydum,
saralan otlarından,
qorxub sənin boynuna
sarılan otlarından...

...Əsgər məktublarını
kol dibində nərgizlər,
bənövşələr oxudu,
kəlmələr qan qoxudu.
Gözlərini qan tutmuş
qəlpələr dəydi sənə,
gözü çıxsın yağının...

Ancaq ağrıma belə...,
itirdiyin torpaqdan
canına can calandı,
canına qurban, Vətən...

...Sənin sağalmağının
bir yolu, bir çəmi var,
sənin yaralarının
bircəcə məlhəmi var:
onun adı SAVAŞDI-
onun adı QƏLƏBƏ...

Aprel 2016
 


XATİRƏ VƏ NİFRƏT

...xatirələrim
bağımızdakı
alma ağaclarının
budaqlarından,
alça ağaclarının çiçəklərində
asılı qaldı.
Bir də atamın məzarına
qısılı qaldı.
Bir gün geri dönəcəm
xatirələrimi yığmaq üçün-
alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərindən.
Ancaq atamın məzarından
xatirələrimi götürməyə
üzüm qalmayıb.
Bilirəm ki, atam
xatirələri nifrətə çevirib
tüpürəcək üzümə...


BİR DİLƏYİM VAR
(Dostum Taleh Laçın üçün)

Bezdim bu şəhərin küçələrindən,
bezdim bu şəhərin asfalt üzündən.
Çıxıb kəndimizə getməyim gəlir,
geriyə dınməyə üzüm nə gəzir.
Ölüb qalmadım da o kənddə barı,
indi qəbrim nələr boy atmışdı, boy,
üstündə nə qədər çiçək bitmişdi,
ağ, sarı, qırmızı...neçə rəngdə.
Həsəd aparırdı boz kəpənəklər,
"bəxtəvər" deyirdi çöl arıları.
Geriyə dönməyə nə ixtiyarım,
geriyə dönməyə nə də üzüm var,
bircə diləyim var, gedəm dağlara...


AĞ GECƏNİN NAĞILI

Ağ dəvələr ağ gecədə
ağ yollarla yön almışdı üzü Qərbə.
Ağ yuxular, ağ arzular
çin olmuşdu bu ağ gecə.
Bir ağ karvan yol gedirdi
ağ günlərin işığına.
...Ağ ümidlər, ağ gümanlar
ağ dağlara aparırdı ağ karvanı.
Bu gecənin ağ həsrəti,
ağ hicranı əriyəcək.
Ağ vüsala qovuşacaq
bu ağ karvan.
...Bu bir ağ nağılıydı,
bu nağılda ağ elədim,
buna heç kəs inanmaz.


DAĞLAR OĞULLARINA TELEQRAM

(Yağı düşmən indi də qürur mənbəyimiz,
arxa bildiyimiz dağlarımızın torpağını daşıyır)


Qızıl-qızıl dağlarımızı yağı sökür,
torpağını çəkir,
özümüzə "dağlar oğlu" deyirdik,
adsız qaldıq.
Dağlarsız çaylar quruyacaq,
balıqlar öləcək.
(Dağların gözünün yaşıdı çaylar)
Cığırlar itəcək, bulaqlar öləcək,
çəmən, çiçək olmayacaq,
arı, böcək olmayacaq,
heç yağış da yağmayacaq dağlarsız.
Özümüzə "dağlar oğlu" deyirdik,
qürurumuzu sökürlər.
Vay dədəm, vay,
biz hələ yaşayırıq!


SƏNİ KƏLBƏCƏRƏ APARAMMIRAM
 
(Anama etiraf)

Nə umub küsürsən, qurbanın olum,
bağlanıb bənd, bərə, aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
incimə boş yerə, aparammıram.

Söndü o yuvanın odu, ocağı,
yoxdu bizdən daha bir umacağı,
unut Dəlidağı, “Novlu bulağ”ı,
öyrən bu şəhərə, aparammıram.

Yanırsan, göylərə bülənddi tüstün,
görürəm, çox vədə vurmuram üstün,
çəmənlər pərişan, çiçəklər küskün,
qan tökür dağ, dərə, aparammıram.

Ta demirəm sağlıq olsun, ay ana,
boşalanlar birdə dolsun, ay ana.
Namiq adlı oğlun ölsün, ay ana,
səni Kəlbəcərə aparammıram.


BU FƏSİL BİR KƏNDİN QIŞI ÜŞÜYÜR                                                                                                                                                        
Düşmən  gülləsindən qaya çapılıb,
həsrətdən dağların qaşı çatılıb.
sınıq pəncərəli, sınıq qapılı,
Allah, evimizin daşı üşüyür.

Dəli bir haraya kökləndi qəlbim,
dərd yükü çəkməyə köhnədi qəlbim.
dərin bir ah çəkdim, göynədi qəlbim,
ağladım, gözümün yaşı üşüyür.

Gədiklər, bərələr tar bağlayıbdı,
tavana əl dəymir, tor bağlayıbdı.
yolları, izləri qar bağlayıbdı,
bu fəsil bir kəndin qışı üşüyür.

Bu yaram sağalmaz, loğman, ha sarı,
toxunsan, artacaq ağrı-azarı.
orda yad əlində ata məzarı,
burda ürəyimin başı üşüyür.
 


DAĞLAR NECƏDİR?!
 
(Yağı düşmən Kəlbəcəri işğal edən zaman bizim
qonşu Başlıbel kəndindən bir neçə ailə çıxmağa
macal tapmamış, dağlara, daşlara çəkilməyə məcbur
olmuşdur. Onlardan 28 nəfəri üç aydan artıq kənddən
aralıdakı təbii kahada yaşadıqdan sonra gəlib çıxmış,
yaşı 90-ı ötmüş Ələsgər baba isə orada qalmışdır).


Bizə bir xəbər ver, Ələsgər baba,
xəbər ver, kimsəsiz dağlar necədir?
Yolunu ot basmış “Tala bulağı”,
bir ildir qəlbimdə çağlar, necədir?

Əlim torpağına çatmayan məzar,
“yuxusu dağılmış”-yatmayan məzar,
həsrətdən sinəsi çatlayan məzar,
hər gecə yuxumda ağlar, necədir?

Qayanın köksünə sığınmış o kənd,
talanmış, tapdanmış, yıxılmış o kənd,
yağı əlləriylə dağılmış o kənd,
sökülmüş binalar, tağlar necədir?

Evi tikəninə qismət olmayan,
zülüm çəkəninə qismət olmayan,
barı əkəninə qismət olmayan,
bağçalar necədir, bağlar necədir?

Bizə bir xəbər ver, ixtiyar qoca,
xəbər ver, kimsəsiz dağlar necədir?!.

1994


AD GÜNÜN MÜBARƏK, DƏRDİM...

Mən özüm didərgin, sözüm didərgin,
Bu il də ad günün mübarək, dərdim.
Sənə dilim gəlmir, deyəm-xoş gəldin,
Mənim həsrət yüklü, iyirmi beş yaşım!

Orda güllələnir güllər-çiçəklər,
Özünə yer tapmır boz kəpənəklər-
Yoluna çıxmadım güllə, çiçəklə,
Mənim həsrət yüklü, iyirmi beş yaşım!

Gəldin sevindirdin axı kimi sən?!
Dəryalar qoynunda azan gəmisən.
Ömrün baharında xəzan kimisən.
Mənim həsrət yüklü iyirmi beş yaşım!

Məni dara çəkir, bir dərd-ağlayım-
Min namərd sevinir, min mərd ağlayır.
Yiyəsiz, kimsəsiz bir yurd ağlayır,
Mənim həsrət yüklü, iyirmi beş yaşım!

Düşünmə şad olub gülmədim, qəsdən-
Mənim meylim yox, qisasa-qəsdə,
Təzə dərd gətirdin dərdimin üstə,
Mənim həsrət yüklü iyirmi beş yaşım!                                                                    
1995


AĞRI

Bu gecə duz basdım
Təbriz ağrıma,
Dərbənd dərdimə,
Zəngəzur həsrətimə,
Borçalı göynərtimə,
Qarabağ yarama…
Cızdağım çıxanacan
yanım deyə…
Yuxum ərşə çəkilsin deyə….
Şərti ad qoydum onlara:
ürəyimə Təbriz,
sinəmə Dərbənd,
bir gözümə Zəngəzur,
birinə Borçalı,
dilimə Qarabağ…
Hərəsi öz dilində ağladi məni….
duz basdığım yaralarım….
Of, canım göynəyir….


NƏ ETMİŞƏM BU YAŞACAN…

Nə tez keçdi bu vaxt, vədə, ilahi,
Ömrüm-günüm getdi hədər, ilahi.
Mən təsəlli apım nədə, ilahi,
Nə etmişəm bu yaşacan, axı, mən?!

Ağlamadım, heç vaxt özüm yıxılıb,
Sırtılmadım ora-bura soxulub.
İtirdiyim qazancımdan çox olub,
Nə etmişəm bu yaşacan, axı, mən?!

Dərd qalaqdı, eh, ürəyim boş deyil,
Necə axı, mən doluya boş deyim?
İyirmi üç il, bu azacıq yaş deyil-
Nə etmişəm bu yaşacan, axı, mən?!

İtirmişəm mən özümü özümdə,
Axtarıram mən özümü özüm də!
Bu suala cavab alım özümdən,
Nə etmişəm bu yaşacan, axı, mən?!
 
1993


ŞƏHİD SƏSİ

(Vətən Şəhidlərimizin doğma ruhuna sayğıyla ithaf edirəm...)

O gün sükut xor oxuyurdu-sükut
o gün sükut xor oxuyurdu-qulaqbatıran
o gün bütün nəğmələr 
səssizliyə köklənmişdi
bütün səslər sükut
nəğməsi oxuyurdu
səsi batan saatın 
əqrəbləri səssiz çırpınırdı
bütün telefon zəngləri 
səssizliyə qurulmuşdu
Qulaqlar səssizliyə şəklənmişdi
quşların səsi boğazına tıxanmışdı
bütün güllələr səssizliyə açılırdı

...Təyarələrin səsini buludlar;
maşınların səsini yollar;
qatarların səsini relslər;
gəmilərin səsini dənizlər;
çayların səsini daşlar;
arıların səsini çiçəklər;
vüsalın səsini
 ayrılıqlar udmuşdu...
dalğaların səsini qağayılar;
qağayıların səsini 
dalğalar udmuşdu.

...Dizə qədər sükuta batmışdı səssizlik
sonra bütün səslər açıldı
Sən bütün səslərin 
ucalığındasan-sükut səsinlə, Şəhidim
bütün səslər batacaq-sənin səsindən başqa!

2020
 

DƏLİDAĞ, SALAM OLSUN, MUROV, HƏR VAXTIN  XEYİR!

İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük...

Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dür daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...

Kimin düşsə bu yerə güzarı- sevinəcək,
qalmayacaq ağrısı-azarı, sevinəcək.
...Uluların torpağı-məzarı sevinəcək,
Kəlbəcərə dönürük...

Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik,
məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
Kəlbəcərə dönürük...

Günahkar tək yanına salıb qol-qanadını,
xəcalət çəkib deməz daha heç kim adını,
tarixin arxivinə atdıq "köçkün" adını,
Kəlbəcərə dönürük...

Acısını dadmışıq görün neçə il qəmin,
daha ağrısın çəkmir ürək dərdin, dil qəmin,
gözü aydın Şahbazın, gözü aydın Dilqəmin,
Kəlbəcərə dönürük...

Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov, hər vaxtın xeyir,
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
Kəlbəcərə dönürük...

15.11.2020


AĞDƏRƏNİN AĞ YOLUYA KƏLBƏCƏRƏ
GEDƏMMƏMƏK, AĞ BAYRAĞI QALDIRMAQDI!


Mənim ağ yolum var, 
Ağdərə yolu:
ağ günümə aparan yol.
Qara günüm ağarıbsa,
ağ günümün işığına
ağ yollarla getməliyəm...
Qara gündə, qarlı gündə
Murov mənə yol vermişdi
qaçıb gəlim. 

İllərdi ki gözləyirəm
düz yoluma d ü z ə l m ə y ə.
Ağ yolları arzuladım,
ağ karvanım d ü z ü l m ə y ə...
Niyə dağa-daşa düşüm?
Özüm çox şeyi bilirkən,
sən deyəni başa düşüm...

Bu yurd mənim yurdumdusa,
qalib mənim ordumdusa,
mən ağ yola çıxmalıyam,
mən düz yolla getməliyəm.
Tunel çəkmək nəyə lazım,
"gündüz yolla" getməliyəm.

...Ağ gün üçün qorumuşuq,
ömrümüzdən qalan vaxtı.
Ağdərənin ağ yoluyla
Kəlbəcərə gedəmməmək,
ağ bayrağı qaldırmaqdı!!!

12.01.2021


...EVİMDƏ YATA BİLMƏDİM! 

(Vidadi Murtuzayevə və eyni taledaşlarıma...) 

Yağı düşmən yurd yerlərimizi vəhşicəsinə talayıb. Evlərimizi söküb-dağıdıb. Demək olr ki, daşı daş üstündə qoymayıb qalsın. Doğulub boya-başa çatdığım kəndimi ziyarət etmək fürsətim oldu. Ancaq uşaqlıq  və gənclik xatirələrim divarlarına hopan evimizdə bircə gecə qalmaq imkanım olmadı. 


Şər qarışdı, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim-
evimdə yata bilmədim... 

İllərdi ki, həsrət çəkən,
dam- daşına qübar çökən,
atam tikən, düşmən sökən,
evimdə yata bilmədim. 

Taledi - bir sınaq kimi,
qınaq yox bu qınaq kimi:-
bircə gecə qonaq kimi
evimdə yata bilmədim... 

Sərin-sərin yuxum gəldi,
yeri sərin, yuxum gəldi,
elə şirin yuxum gəldi,
evimdə yata bilmədim. 

Gözlərimdən min ah dərən-
yuxularım pərən-pərən,
xatirələrim bar verən,
evimdə yata bilmədim. 

Arzuma çatıb - dincəldim,
başımı qatıb dincəldim.
Çöllərdə yatıb dincəldim,
evimdə yata bilmədim!

 Avqust 2021 


SÖZ VERİB GEDƏN OĞLAN


"...Əziz və dəyərli dostlar. Bir qız status paylaşıb ki, 30 ilə alınmayan Qarabağı aldılar,  məni alan olmadı. Mən burdan o xanıma səslənirəm: -Gözəl insan, gözəl xanım, sən gecə-gündüz dayanmadan əsgərlərimiz üçün dua elə, Qarabağ alınsın, sən yerin dibində olsan da, axtarıb-tapıb səni mən özüm alacam. Narahat olma", - deyən Şəhid Daşqın Şəfiyevin unudulmaz xatirəsinə...

Savaşda Ana yurdun
dadına yetən oğlan.
Canı, qanı, ruhu,
varlığı-Vətən oğlan!

Vətənlə bir can oldun,
gülləyə nişan oldun.
Sinəsi şan-şan oldun,
yaralı bədən oğlan!

-Onu alacam- dedin,
yalanmı çıxdı vədin?!
Niyə geri dönmədin,
dönmədin nədən, oğlan?!

O qız pozdumu andı,
kim deyir adaxlandı?!
Dönəcəksən - inandı,
söz verib gedən oğlan...



BAĞIŞLA, NƏ GÜNAHIM VAR...

Bu gün hər bir qarabağlı, laçınlı, ağdamlı... ruhunun qibləsi olan doğma yurd yerinə  dönməyə tələsir, o xoş günü səbrsizliklə gözləyir. Eləcə də mən...Bir ilə yaxındır ki, ürək əməliyyatı keçirmişəm. Son günlər çox narahatam. Ürəyimin məni yarı yolda qoyacağından qorxuram. Axı, Kəlbəcəri görmək arzum var...

Əcəldən macal istədim,
Kəlbəcərə gedənəcən!
"Mamır olub dağ-daşında,
qayasında" bitənəcən.

Bəy atamın, xan atamın,
yuvası viran atamın, 
ruhu nigaran atamın
məzarından öpənəcən.

Min dərdim var, min ahım var,
güvəndiyim  Allahım var-
bağışla, nə günahım var
əlim  Ora  yetənəcən.

13.12. 2020
 

MÜHARİBƏDƏN SONRAKI TORPAQ

Köksünə basdırılan minalar
ürəyinin ritmini pozurdu
Ana torpağın!
Hər mina çıxarılanda
elə bil ürəyindən tikan çıxarılırdı.
Göz-göz yara kimi görünürdü
sinəsində minaların yeri.
...İndi doğma nəfəsdən
canı isinir Ana torpağın: 
iyirmi səkkiz iliydi döl verməyən
qısır bətnində ah göyərirdi...

2020
 

QARABAĞ

Torpağın elə dadlı,
suyun elə şirindi,
havan elə gözəldi,
daşın elə ağırdı-
düşüb dünyanın başına...

 2020

Dalidag.az



Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 29-09-2022 09:26
Baxış sayı: 2631
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını