Reklam

İyirmi səkkiz illik ədalətsizliyin sonu - Başlıbel faciəsindən 28 İL ÖTÜR
18-04-2021 11:05

Yarıtmaz AXC-Müsavat cütlüyünün məğlubiyyət yolu, hakimiyyət hərisliyindən başı gicəlləndiyi üçün rayonlarımızı bir-birinin ardınca düşmənə peşkəş edənlərin yolu, Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, qalib ordumuzun Ali Baş Komandanı İlham Əliyevin yolu. Prezidentimizin tutduğu yolu elə “Zəfər Yolu“ da adlandırmaq olar.Bu yol öz başlanğıcını Heydər Əliyevin 1994-cü ilin mayında imzaladığı atəşkəs sazişindən götürür. Elə həmin ilin 20 sentyabrında imzalanan “Əsrin Müqaviləsi” iyirmi yeddi il sonrakı Vətən Müharibəsində qələbəmizin bünövrəsini təşkil edir. Qələbə ölkəmizin vətəndaşlarına böyük sevinc və fəxarət gətirməklə bərabər, eyni zamanda necə bir məkrli və qəddar düşmənlə üz-üzə olduğumuzu göstərməyə imkan verdi. Dağıdılmış, yerlə yeksan edilmiş evlər, qəbiristanlıqlar, mədəniyyət abidələri, məscidlər, goreşən kimi eşilmiş məzarlar ermənilərin kimliyini əyani şəkildə sübut edən faktlardır. Ermənilərin vəhşiliyini sübut edən faktlar təkcə bu sadaladıqlarımız deyil, törətdikləri soyqırım aktları da sübut edir:1918-ci ildə törədilmiş mart soyqırımı, 1991-ci il Qaradağlı soyqırımı, 1992-ci il Xocalı soyqırımı, 1992-ci il Ağdaban faciəsi, 1993-cü il Başlıbel faciəsi...

Musa Əzizin 1997-ci ildə “Azərnəşr”də nəşr etdirdiyi “Başlıbel şəhidləri” adlı kitabının üzərində ayrıca dayanmaq istərdim. Kitabda bütün Başlıbel kənd şəhidlərinin həyat yolları və döyüşlərdə göstərdikləri qəhrəmanlıqları barədə geniş məlumat verilir. Başlıbelin ilk şəhidi, 1992-ci il iyunun 23-də şəhid olan əsgər Əbdüləliyev Namiq Qasım oğlunun döyüş yolundan başlayaraq 36 şəhidin həyatı haqqında ətraflı məlumat verilir. Hər bir şəhidə həsr olunmuş bölmənin ayrı yarımbaşlıqları var, hər bir şəhidə dair bölmə Musa Əzizin özünün yazdığı bir bəndlik şeirlə yekunlaşır:
Vətənçün şəhidlik-müqəddəs işdir,
Vətənçün can vermək-əbədi ömür.
Vətənçün döyüşmək şərəfli işdir,
Şəhidin ad-sanı heç vədə sönmür.
Musa Əziz Başlıbel kənd orta məktəbinin müəllimi işləsə də gənc yaşlarından həmişə doğma qəzetimiz olan “Yenilik” rayon qəzetində onun maraqlı məqalələri çıxardı. Bu səbəbdən də onu qəzetə ştatdankənar müxbir seçmişdilər. Kəlbəcərin işğalından sonra da Musa müəllim yüksək dövlət vəzifələrində çalışsa da qaçqın qəzetimizin səhifələrindən onun imzası ilə gedən məqalələr azalmadı. Eyni zamanda Musa Əziz bir neçə kitabın da müllifidir. 1995-ci ildə çap etdirdiyi “Qeyrət taclı şəhidim” əsərində Başlıbel faciəsinin iştirakçısı, Portda kahalarına hücum edən erməni döyüşçülərinə əsir düşməməkdən ötrü əvvəlcə bacısı Aygün Əmralıyevanı, daha sonra sonuncu gülləsi ilə özünü öldürən Çingiz Əmralıyevin qeyrətindən, 2002-ci ildə çap etdirdiyi “Can evim –Başlıbelim” kitablarında isə Başlıbelin məşhur ziyalılarından və ağsaqqallarından söhbət açır. Bütün bu yazılan əsərlər və mətbuatda çap olunan məqalələr haqqında, daha dəqiq desək, Başlıbel faciəsi haqqında elə biz deyirdik, biz də eşidirdik. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yuxarıda adlarıni çəkdiyim əsərlər çap olundu.

İyirmi səkkiz illik bu qətliamın düzgün qiymətini bu gün Ali Baş Komandanımız verdi. İyirmi səkkiz ildə ilk dəfədir ki, Başlıbel sakinləri, şəhid ailələrinin nümayəndələri bu günü göz yaşları olmadan, başlarını dik tutaraq qarşılayırlar. Müzəffər Ordumuzun şərəflə həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatı nəticəsində bu baharı digər işğaldan azad edilmiş rayonlarımız kimi Kəlbəcər rayonu da azad nəfəs alaraq qarşılayır. Bu azadlığı bizə bəxş edən şəhidlərimizə, qazilərimizə, ordumuza və onun Ali Baş Komandanına eşq olsun! Bu gün ruhu sevinən bütün şəhidlərimizə Allah rəhmət eləsin!
Oqtay SALAHLI
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
