Sən dağlara boylan köksünü ötür.... - Laçınsızlığın 28 ili...

18-05-2020 11:17

O yanda dağlardı, bu yanda mənəm,

Odu sönmür  həsrətimin  illərdi.

Mənim kimi dərdi ilə böyüyən

Yurdu üçün qan ağlayan ellərdi

Nə ah, nə nalə... içimdə hayqıran qisas  səsini yerlər, göylər duymaz oldu.

28 il eyni ağrıyla ağrıyıb, eyni göynəklə göynəyib adını yaşamaq qoyduğumuz bu sürünməyə necə dözmüşük, niyə dözmüşük???

Necə həsrətlə dağlara boylanıb qübar bağlayan ürəklərimizə dağ çəkmişik???

Sən dağlara boylan köksünü ötür,

Ürəyin dağ boyda qübar bağlasın.

Varını, yoxunu, balanı itir,

İçin nalə çəksin, ruhun ağlasın...

Və beləcə 28 ildir yuxularda qovuşuruq ağlayan ruhumuzu, sızlayan ürəyimizi ovudacaq, məlhəm olacaq Laçınımıza.Hər il neçə-neçə yurd həsrətlisi Laçın deyə-deyə göz yumur həyata. Nigaran ruhların sayı artır, Laçın xatirəli, Laçın ətirli  insanların sayı azalır...

Vətən birdir, bölünməzdr. Ancaq hər kəsin doğulduğu bir məkan  var, yurd yeri adında. Bağlılıq, doğmalıq, torpaq anlayışını ilk dərk etdiyi, sevgi cücərtilərinin, qorumaq hissinin ilk boy atdığı, formalaşdığı  yer. Ordan başlanır vətən, vətənə  məhəbbət, ordan ayaqlanır içindəki vətənpərvərlik hissi. 

Yurd  təkcə insanın doğulub boya-başa çatdığı məkan anlamı daşımır. O həm də şəxsiyyətin özünütəsdiq, formalaşma prosesinin başlanğıc nöqtəsi və gələcək arzularının gerçəkləşmə fonunda bir dayaq, bir söykəniş, bi güc alma məbədidir. O baxımdan 28 ildir minlərlə  insan kim olduğunu unudub, yiyəsiz, kimsəsiz yetim kimi hansısa şəhərə, qəsəbəyə, kəndə sığınıb. Həm də belini əyən , qürurunu sındıran, mənliyini kiçildən məcburi köçkün adıyla.

Kaş ki, sığındığım bu şəhər qucaq açmazdı mənə, kaş ki, sinəmdən itələyib: “geri, yurduna dön, torpağına sahib çıx”deyərdi...

Xəbərin varmı, Laçın səni məcburi tərk edən o yeniyetmə qız gözyaşı qurumayan qadın olub? Bilirsənmi yoxluğunda boğulan taleyimin ağrı rəngi  ruhuma necə yansıyıb? Bilirsənmi  sözün nisgil fırçasında necə qərib-qərib inləyir 28 yaşlı sənsizliyim?  Xəbərin varmı, dönərəm deyib  hər kəsdən gizlətdiyim cızmaqaralarımı  da xatirələrim kimi səndə qoyub gəlmişəm. O gün bu gün qələmimə sevinc libası geyindirə bilmədim, sözüm nisgilə, həsrətə büründü.

Səndən sonra sevdim də, sevildim də.Uğurum da oldu, uğursuzluqlarım da.Sevincli günlərim də oldu, kədərə bürünən zamanlarım da.Hər şey yaşadım səndən sonra.Haqsızlıqlar döydü qapımı, gün pəncərəmdən yan ötdü.Yalana da uğradım, ədalətsizliyə də. Əzizlərimi də itirdim, doğmalarımdan da ayrı  düşdüm. Heç bir acı sənin yoxluq acın qədər göynətmədi məni... Dostlar da qazandım, əhatəmi də genişləndirdim.Bir yanım boş qaldı həmişə. Bütün ola bilmədim sənsiz, Mən olmadım, ola bilmədim sənsiz...
İnsan torpağıyla var olurmuş...Var ola bilmədim, bir quru can daşıdım sənsiz.Dilim gödək oldu, başım aşağı...
Yenə SƏNƏ köklənmişəm yaralı torpağım, yenə damla-damla axırsan gözlərimdən...

Elə acılar var ki, içində qovrular, yandırar səni, amma sən susarsan.Və kimsə hiss etməz içindəki yanğını.Zamanla bir küncə çəkilib ağlayarsan, xatirələrini gətirərsən göz önünə və hər şey başqa olardı orda qalsaydıq deyərsən...
Çəkməyən anlamaz, hətta məzəmmət edənlər də olar. Burnumda tutuşan torpağın ətri, bir nəfəsdə ciyərlərimə hopan təmiz hava...qışı başqa, yazı başqa...yağışı başqa, küləyi başqa...hər şeyi bam başqa bir dünya...
Bir zaman mənimdi, indi həsrətəm.Nə bir gündü, nə bir ay, nə bir il...həsrətimin, acımın 28 yaşını qeyd edirəm...

Mənim ayaq qoymadığım, iz salmadığım yerlərdə  erməni dığaları məskən qurub, kef çəkir. Mən doya-doya havasını udmadığım dağları şəkillərdən, videosüjetlərdən izləyərkən vandallar dədəsinin torpağı kimi gəzib- dolanır oralarda. İnsanın iliyinə işləməzmi bu ağrı, göynətməzmi ürəyini? Qəhr olmazmı adam bu mənzərədən?!!

Sırf siyasi oyunların, hərc-mərcliyin güdazına gedən keçilməz qalam-Laçınım, qoynunda axan şəhid qanları sən var olasan, torpağına düşmən ayağı dəyməsin deyə axdı. Qorxmazlar, İsrafillər, Oqtaylar, Kamillər, Fazillər, Ələsgərlər və neçə-neçə igid oğullar canlarından keçdilər ki, mənfurların əli çatmasın  sənə. Nə yazıq ki, həm oğullari itirdik, həm səni. Şəhidlərin də, Sultan bəyin də ruhunu  inlətdi xainlər. O Sultan bəyin ki, bir neçə minlik ordu ilə Zabux kəndi istiqamətindən Laçına  hücum edən erməni komandanı Andronikin arzusunu ürəyində qoymuş, öz partizan dəstəsi ilə düşməni mühasirəyə alaraq məhv etmişdi.  3-5 dığa ilə qaçıb canını qurtaran lənətə gəlmiş  Andronikin törəmələri illər sonra bu cəsarəti hardan aldı bəs görən?

Nə strateji mövqeyin,keçilməz dağların, nə şücaətli oğullarının sarsılmazlığı sənin işğal oluna biləcəyinə zəmin yaratmırdı. Bilmirdik, Laçınım, bilmirdik başın üstündə toplanan qara buludlar xain kəslərin qurduğu amansız planların xəbərdarlığıdı...

Haşiyə

Unuda bilmədiyim o günlər kabus kimi yuxularımda dolaşır. Ardı-arası kəsilməyən atəş səsləri, havada uçuşan raket mərmilərinin düşdüyü yeri anındaca havaya sovurması, “filankəsi vurdular”, “filankəsin evi dağıldı” fəryadı... yaşayış binasının zirzəmisini sığınacaq etdilər bizə bir neçə gün. Qadın- uşaq və tək- tük yaşlı kişilərin siması hələ də gözlərimin önündədi. Heç kimin üzündə təslim, inamsızlıq, qorxu ifadəsi yox idi. Ötüb keçəcək, düşmən susdurulacaq deyirdi hamı. Bir də bir yaralı əsgər vardı aramızda. Qan daman yarasına baxıb dodaqlarını çeynəyən o əsgərin özündən, halından utanırmış kimi hamıdan qaçırtdığı gözləri də: “yox, məğlub olmağı ağlınıza da gətirməyin, biz güclüyük, qalib gələcəyik”- deyirdi.

Nə yazıq ki, xain qüvvələrin mənfur planları bizim inamımızdan güclü çıxdı.

İşğaldan on gün sonra müvəqqəti sığındığımız bibimin evində hələ də geri dönmək ümidi ilə bir xəbər gözləyirdik. Bir axşam  gözlənilmədən qapı döyüldü. Üst-başı palçıq içində, saç-saqqal basmış, çırıq-cırıq olmuş şalvarından qanı qurumuş yaraları görünən hərbi geyimli bir nəfər dayanmışdı qapıda.Artıq gələcəyindən ümidimizi kəsdiyimiz əmim idi tanınmaz hala düşən bu əsgər. 

Hönkürtüsü hələ də qulaqlarımdadı:”Nənə,Laçın getdi, nənə bağışla...” deyib başına-başına döyür, yaralı ayaqlarına əzab verib, otaqda var-gəl edirdi.

Atam nənəmin: “bala qardaşın orda, yeznən orda, sən də gedib bir çətən külfəti kimin ümidinə qoyursan? Yazığam, heç olmasa biriniz salamat qalın” naləsinə dözməyib cəmi 1 gün qala bilmişdi şəhərdə. Növbəti gün bizdən xəbərsiz Laçına qayıtmışdı.İşğaldan bir gün əvvəl isə əsgərlərin təkidi ilə geri dönmüşdü...

O vaxtdan boynubükük qaldı əmim, atam... və minlərlə laçınlı.

Atamın uzaqlara zillənən gözlərinin dərinliklərində od tutan həsrətin çatırtısı iliklərimi yandırır...

Çox əzizim uyuyur şəhər məzarlığnda. Həsrətlərini ruhlarına tapşırıb qərib-qərib boylanırlar məzar daşından. Son illər içimi bürüyən bir qorxu, bir xof  səksəkəli ruhuma dinclik vermir. Ömür gedir, valideynlərim  qocalır. Atamı-anamı burda dəfn edib, nə üzlə dönərəm Laçına axı...                                        

Bilirəm, bizim bağrımız yanan kimi torpağın da canı yanır, ruhu inciyir, dağlar da sınır, əzilir bizsizlikdən. Ola bilməz ki, o yurd, o yuva  qoynunda gəzənin mən olmadığımı hiss etməsin. Ola bilməz ki, bir ana balasının qoxusunu yadırğasın, izlərini unutsun. Nigaran ruhların, duası çatmayan, ziyarət edilməyən məzarların iniltisinə hay verən dağlar, biz sizə dönəcəyik, mütləq dönəcəyik. Vədlərə aldanıb zamanın ayrılıq yaşını 28-ə çatdırsaq da, bir gün zamanı yenib, vaxtı qabaqlayıb qələbə sevinciylə dönəcəyik... 




















Sevinc Qərib                                                                           
 Dalidag.az                                                                        


Kateqoriya: Manşet / Yazarlar
Tarix: 18-05-2020 11:17
Baxış sayı: 3878
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını