Reklam
Elin igidlik simvollarından biri
10-11-2022 22:58
Şəhid Azər Mikayılov haqqında xatirələr də bunu təsdiqləyir
Vətən müharibəsinin zəfərlə bitən Qələbəsindən sonra tariximizin bu əlamətdar hadisəsi haqqında çox yazılıb, müzakirələr gedib, tədqiqatlar aparılıb, öyrənilib. Fəqət biz o möhtəşəm hadisədən zaman baxımından uzaqlaşdıqca tariximizin bu qızıl səhifələrinin yeni-yeni uğurlu tərəfləri üzə çıxır. Qəhrəmanlarımızın göstərdiyi igidlik, şücaət, mərdlik, hərb sənətində yenilik kimi qəbul olunan unikal metodlar haqqında hələ çox araşdırmalara, tədqiqat əsərlərinə ehtiyac duyulur...
Bu dünyaya çox insan gəlib-gedir, amma az şəxs var ki, qısa ömür yolunu vətəninin, elinin tarixinə çevirə bilir. Deyirlər, torpağa su tökülərsə, palçıq olar, amma qan tökülərsə, Vətənə dönər!
İllərdir şəhidlərimiz müqəddəs qanlarını bu torpağa tökərək Vətənin bütövlüyünü təmin etdilər, üçrəngli bayrağımızı birdəfəlik ucaltdılar. Torpaq, millət, bayraq uğrunda ölən varsa, Vətəndir! Qəhrəmanlarımız Vətənimiz, bütöv Azərbaycanımız uğrunda haqq savaşına qalxaraq şəhid oldular. Onların ruhları başımızın üzərindədir: Vətən göylərində. Azad Qarabağımızın aydın səmasındadırlar: ən böyuk zirvələrdə qərar tutublar.
Taleyi ilə tariximizi bəzəyən qəhrəmanlarımızdan biri də igid Azər Əmrah oğlu Mikayılovdur. O, 1980-ci ildə
Kəlbəcər rayonunun Quzeyçirkin kəndində, ziyalı ailəsində anadan olub. 1997-ci ildə orta məktəbi bitirəndən sonra 1998-2002-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Komandirlər Məktəbində peşəkar hərbiçi kimi təhsil alıb. 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində təhsilini davam etdirib, leytenant hərbi rütbəsinə layiq görülüb. Azər vətənimizin müdafiəsi üçün Azərbaycan Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusunun sıralarına qəbul edilib. Günü-gündən hərbi sirlərə yiyələnib, əsl kəşfiyyatçı kimi formalaşaraq “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri, hərbi hissənin kəşfiyyat rəisi, Əlahiddə Ümumqoşun Ordusunun tərkibində Xüsusi təyinatlı taborun qərargah rəisinin əməliyyat üzrə baş köməkçisi, tabor komandirinin müavini və tabor komandiri vəzifələrini icra etmişdir. Bu dövrdə Azər Mikayılovun Naxçıvan Muxtar Respublikasının müdafiəsində böyük xidmətləri olub. Naxçıvan Muxtar Respublikasında "Günnüt əməliyyatı" kimi hərbi əməliyyatlara başçılıq edən vəzifəli şəxslərdən biri olub və uğurlar əldə edib.
Azər Mikayılov 2016-cı ildə Aprel döyüşlərinə qatılaraq Lələtəpə yüksəkliyinin azad olunmasında fəal iştirak edib. O, Vətən müharibəsindən bir neçə ay əvvəl Naxçıvan Muxtar Respublikasından Beyləqan–Füzuli bölgəsində yerləşən “N” saylı Xüsusi təyinatlı kəşfiyyat taboruna təyinat alıb. Azər Mikayılovun son hərbi fəaliyyəti həmin taborun qərargah rəisi və tabor komandiri vəzifələrinin icrası ilə bağlıdır...
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Azər Mikayılov da torpaqlarımızın müdafiəsinə qalxdı. O, tabeliyində olan şəxsi heyətlə birgə Füzuli, Cəbrayıl–Hadrut istiqamətində ən ağır əməliyyatlara qatılmış, gedən döyüşlərə rəhbərlik etmiş, böyük qəhrəmanlıq nümunəsi göstərmişdir. Məhz onun rəhbərlik etdiyi hərbi qüvvələr böyük ərazilərin–çoxlu sayda yaşayış məntəqəsinin azad olunmasında, yüzlərlə erməni faşistinin qətlə yetirilməsində iştirak etmişdir. İgidliyi ilə ad çıxarmış zabitimiz 8 oktyabr 2020-ci il tarixində Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vursa da, təəssüflər olsun ki, özü hərbi əməliyyatlar zamanı, Füzulidə müxtəlif növ partlayışlar nəticəsində qəhrəmancasına şəhid olmuşdur.
Azər Mikayılov xidməti dövründə xüsusi hərbi keyfiyyətlərinə, müxtəlif dövrlərdə iştirak etdiyi əməliyyatlarda göstərdiyi şücaətə və nümunəvi xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə müxtəlif orden və medallarla təltif olunmuşdur:
-III dərəcəli "Qüsursuz xidmətə görə" medalı;
- II dərəcəli "Qüsursuz xidmətə görə" medalı;
- II dərəcəli "Qüsursuz xidmətə görə" medalı;
-“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı;
-"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı;
-“Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalı;
- Azərbaycan Respublikasının "Şücaətə görə" medalı;
- "Qarabağ" ordeni (ölümündən sonra);
- “Vətən uğrunda” medalı (ölümündən sonra);
- “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)...
Qəhrəman zabitimizin qısa, lakin mənalı, peşəkar hərbçi ömrünün bəzi məqamlarını, onun işıqlı obrazını gənclərə çatdırmaq istərdik.
Maraqlıdır: bəs onun döyüşçü yoldaşları Azər Mikayılov haqqında hansı xatirələri bölüşürlər?!
Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Vüsal Axundov:
– Azər haqqında danışmaq mənim üçün həm çətin, həm də şərəflidir. Mən Azəri yüksək əxlaqikeyfiyyətləri özündə cəmləşdirən, elinə, obasına canla-qanla bağlı olan, hər sözündə Kəlbəcərin gözəl, səfalı təbiəti haqqında dostlarına ürəkdolusu danışan, böyük-kiçik yeri bilən, doğma torpaqlarını canı qədər sevən bir şəxsiyyət kimi tanıdım. Onu mənə bu qədər bağlayan, sevdirən hər ikimizin çətin dövrdə, ağır şəraitdə yaşamağımız, məcburi köçkünlük həyatı sürməyimiz, hər ikimizin kəşfiyyatçı zabit kimi eyni çətin yolu getməyimiz, uzun müddət, təqribən, on il Naxçıvanda, bir il isə Beyləqanda birlikdə xidmət etməyimiz idi. Həmkarım barədə söz demək mənə nə qədər çətin olsa da, qorxuram ki, onun haqqında deyəcəyim sözlər Azərin şərəflə sürdüyü ömür yolunun yanında zəif görünsün. Hərbçi qardaşım elə bir zirvəyə qalxdı ki, o ad hər şeydən üstündur.
Azərlə mənim bir yerdə xidmətimiz çox olub. Biz həm Naxçıvanda, həm də İkinci Qarabağ müharibəsində birlikdə xidmət etmişik. Çox qorxmaz, heç nədən çəkinməz və işini yaxşı bilən, sözün əsl mənasında, düşmənin üstünə şimşək kimi çaxan bir peşəkar zabit idi. Ən çətin əməliyyatlarımızda, istər əvvəl, istərsə də İkinci Qarabağ müharibəsi zamanında Azər daha çox öhdəlikləri öz üzərinə götürüb irəli atılardı: bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirərdi.
İkinci Qarabağ müharibəsində Azər xidmət etdiyi Xüsusi təyinatlı kəşfiyyat taborunun qərargah rəisi olaraq bütün döyüş əməliyyatlarına birbaşa rəhbərlik edirdi. Məhz Azərin apardığı bu yüksəksəviyyəli döyüş əməliyyatları sayəsində çox böyük ərazilərimiz düşməndən azad olunurdu.
Onun şəhadətə ucaldığı gün heç yadımdan çıxmaz. Azərin komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Orxan Əkbərov şəhid olduqdan sonra hərbi hissənin bütün ağırlığı, məsuliyyəti onun üzərində qaldı. O zaman hərbi hissənin şəxsi heyəti arasında çoxsaylı şəhid və ağır yaralılar var idi. Bölmələr ayrı-ayrı istiqamətlərdə tapşırıqları yerinə yetirirdi. Belə bir vəziyyətdə hərbi hissəni idarə etmək çox çətin idi. Amma Azər bütün bunların öhdəsindən çox yüksək səviyyədə gəlir və bütün əməliyyatlarda bir qrupla öndə gedirdi...
Onunla son görüşü indi də yaxşı xatırlayıram: “Cəbrayıl dairəsi” deyilən yerdə növbəti tapşırıqların icrası üçün toplanmışdıq. Tapşırıqlar çox, davam edən döyüşün yorğunluğu ondan da ağır idi. Amma bütün bunlara baxmayaraq, Azər yüksək ruhda, çox enerjili görünürdü və onda zərrə qədər də yorğunluq hiss olunmurdu. Həmin vaxt hər birimiz müxtəlif istiqamətlərdə tapşırıqları icra etməyə yollandıq. Azərdə öz qrupu ilə digər istiqamətə getdi. Mən qayıdanda dostum Azərin qəhrəmancasına şəhid olduğu xəbərini eşitdim. Azər Azərbaycan Ordusunun əsl vətənpərvər, qeyrətli, peşəkar zabitlərindən biri idi. Yeri görünən komandir, ruhun şad olsun ki, Qarabağ Azərbaycandır!
Tabor komandiri, mayor Eltac Hacıyev:
– Azər Mikayılov haqqında günlərlə danışsaq, yenə də az olar. O, çox gözəl insandı, əla yoldaşlığı vardı, əsl vətənpərvər zabit idi. Azər həm mükəmməl hərbçi, həm də yüksək mənəvi keyfiyyətlərə malik insan kimi tanınırdı. Onun ən böyük arzusu Kəlbəcərin – Qarabağın erməni işğalından azad olunması idi. Bunu, demək olar ki, hər gün ondan eşidirdik. Birgə xidmət etdiyimiz Naxçıvan Muxtar Respublikasının müdafiə olunmasında onun xidmətləri çox böyük olmuşdur. Culfa–Ordubad, Sədərək–Şərur istiqamətində qarşı tərəflə olan bütün əməliyyatlarda Azərin xidməti böyük idi. 2018-ci ildəki "Günnüt əməliyyatı”nda onun əvəzedilməz xidməti vardı, həmçinin Ordubad istiqamətində bir neçə hakim yüksəkliyin ordumuz tərəfindən geri qaytarılmasında Azərin kəşfiyyatçı komandir kimi peşəkar xidmətləri gənc hərbçilərimiz üçün bir təcrübə məktəbi idi. Azər Mikayılov Naxçıvan Muxtar Respublikasının Ermənistanla olan sərhədini qarış-qarış gəzər, hansı istiqamətdə təhlükə gözlənilə bilərdisə, ona qarşı tədbirlər planı hazırlayar, daha sonra uğurla icrasını təmin edərdi. Azəri əksər kəşfiyyatçı zabitlər yaxşı tanıyırdı. O öz işini peşəkarcasına bilən zabit kimi tanınırdı.
Azər Mikayılov, sözün əsl mənasında, Azərbaycanın peşəkar kəşfiyyatçı zabiti idi. Çox heyif ki, biz onu İkinci Qarabağ müharibəsində itirdik.
İqbal Mustafayev (baş cavuş, “N” saylı hərbi hissənin kargüzarlıq şöbəsinin rəsmisi):
– Mən şəhid Azər Mikayılovla 2010-cu ildən 2019-cu ilədək uzun bir xidməti yol keçmişəm. Xidmət etdiyim dövrdə, sözün həqiqi mənasında, onu bir kəşfiyyatçı, vətənini, millətini qəlbən sevən, milli-mənəvi dəyərlərə önəm verən, Azərbaycan Ordusunun igid zabiti kimi tanımışam. Xidmət etdiyi hərbi hissələrdə bir sıra mühüm vəzifələrdə çalışmış, kollektiv arasında dərin nüfuza və hörmətə sahib olmuşdur. O, bir peşəkar kəşfiyyatçı kimi bilik və bacarıqlarını şəxsi heyətə hər zaman öyrətməkdən çəkinmirdi.
O, əslən Azərbaycanın dilbər guşələrindən olan Qarabağdan–Kəlbəcərdən idi. Azər uşaqlıq illərini tez-tez xatırlayardı, Kəlbəcərin–Qarabağın düşmən tapdağında olması ilə barışmazdı, torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözləyirdi.
O, Naxçıvanda xidmət etdiyi zaman – 2015-ci ildə çətin hava şəraitində ermənilər tərəfə keçmiş, donma təhlükəsi ilə qarşılaşsa da, ağır hava şəraitinə baxmayaraq, düşmən postunun yaxınlığında qalan əsgərləri bir neçə gün ərzində sağ-salamat geri qaytararaq hərbi hissəyə təhvil vermişdi.
2018-ci ildə "Günnüt əməliyyatı” zamanı 11 min hektar ərazinin düşmən tapdağından təmizlənməsində Azərin də böyük əməyi olmuşdur. 44 günlük Vətən müharibəsində Azər Mikayılovun xidməti daha böyük idi. Azərin Vətənə əmanət qoyub getdiyi oğlu Musaya isə atası kimi vətənini, xalqını sevməsini, milli-mənəvi dəyərlərə üstünlük verməsini arzu edirəm.
Əziz qardaşım Azər, ruhun şad olsun, artıq arzusunda olduğun Kəlbəcər – Qarabağ düşmənlərdən azaddır. Sənin və digər şəhidlərimizin ruhu Vətənin göylərində, ən böyük zirvəsindədir...
Şəhid komandirin qardaşı Anar Mikayılov:
– Azərlə mənim aramda iki il yaş fərqimiz olub və uşaqlığımız ağır keçib. Qardaşım kiçik yaşlarından məktəbdə, ailədə, həm də yaşadığımız ərazidə yaxşı mənada hər kəsdən fərqlənirdi. Qardaşımı yaşıdlarından fərqləndirən onun cəldliyi, qorxmazlığı, savadı, mehribanlığı, ən əsası isə yüksək vətənpərvərliyə malik olması idi.
Məktəbə Azərlə birlikdə gedib-gələrdik, dərslərimizi birgə hazırlayardıq. Uşaqlığımızın lap çılğın vaxtlarında qonşu məhlənin uşaqları ilə tez-tez davamız düşərdi. Həmin “münaqişə”lərdə Azər bizim aramızda olurdusa, hər kəs və xüsusən də mən heç kimdən qorxmaz, ürəklənib “rəqiblərimizə” hücum edərdik.
Xatirimdədir, qarşı tərəfdən uşaqların sayı çox olanda qaçıb aradan çıxardıq, geri dönüb baxanda görərdik ki, Azər onlarla təkbaşına savaşır. Böyüdükcə Azərdə bu qorxmazlıq vətənpərvərliyə tərəf yönəldi. Azər 8-ci sinifdən sonra müstəqil şəxs kimi tanınmağa başladı. Atam Azərin hər hansı bir hərəkətinə görə söz deməzdi. Çünki hər şeyi əvvəlcədən düşünər, valideynlərimizin istədiyi kimi hərəkət edərdi. Atam oxuduğumuz məktəbdə müəllim işləyirdi.O, hər gün evə dönəndə Azəri qucaqlayıb öpər və deyərdi: “Oğlum məktəbdə məhz mənim istədiyim kimi yüksək nəticələr görsədir!”
Bütün müəllimləri Azərdən razı idi. Atamın arzusu idi ki, Azər onun yolunu davam etdirsin. Qardaşım isə atamın bir sözünü iki etməzdi. Lakin Azər orta məktəbi bitirən ili atama dedi ki, sənin kimi şərəfli müəllim peşəsini seçmək istərdim, ancaq məni bağışlayın, hərbçi olmaq arzusundayam. Atam bəlkə də o anda məyus oldu. Fəqət seçdiyi yoldan Azəri çəkindirə bilməzdi. Azər orta məktəbi bitirəndən sonra Ali Hərbi Akademiyaya qəbul olundu. Qardaşımın bu yolu seçməyi təsadüfi deyildi. O, hər zaman ermənilərin bizim xalqımızın başına gətirdikləri vəhşilikdən ürək ağrısı ilə danışardı. Bunun tək səbəbi onun erməni vəhşiliyindən əziyyət çəkən bir ailədə böyüməsi deyildi. Bir çox faciələrimizi o, yaxşı bilirdi. Qarabağda faciələr törədən daşnaklara layiq olduqları cavabın verilməsi onun ənbirinci arzusu idi. Buna da çatdı...
Elə oldu ki, Azər akademiyada oxuduğu illərdə də biz tez-tez göruşərdik və onun sevdiyi Vətənə bağlı olmasını danışığından hiss edərdim. Azərin xətrini hər kəs istəyirdi. Ailəmizdə onun yeri tam başqa idi. O qədər mehriban idi ki, ondan heç kim zərrə qədər də inciməzdi. Azər bu mehribanlığını özü ilə hərbi akademiyaya, sonra isə xidmətə yollandığı hərbi hissələrə daşıyıb apardı. Azərin yanında xidmət edən əsgərlər hər zaman onu özlərinə dəyərli qardaş, böyük bilirdilər. Hərbi hissədə xidmətə başladıqdan sonra da Azərlə hər gün telefonla danışardıq. Tez-tez görüşmək imkanımız yox idi, çünki hərbi işi çox çətin idi, boş vaxtı az olardı. Görüşəndə və ya telefonla danışdıqca da Azərin Vətənə ürəkdən bağlılığını, nə qədər çətin olsa da, bu şərəfli işin peşəkarlığını, mükəmməl bir zabit kimi onda formalaşdığını aydın görürdük. Bütün bu xüsusiyyətlər Azəri sonda böyük bir ucalığa – şəhidlik zirvəsinə apardı.
Azərlə müharibə başlayandan hərdənbir danışırdıq, ancaq anama tez-tez zəng edərdi. Onun sonuncu zəngi oktyabrın 7-si axşamüstü, təxminən saat 18:00 radələrində olub. Ata və anamın əhvalını soruşub. Anamın narahat olduğunu hiss edib, ona təskinlik verərək deyib: “Düzdür, müharibə davam edir, amma hər şey yaxşı olacaq. Mənim işlərim çoxdur, tez-tez danışa bilmirəm. Bu üzdən bağışlayın, imkan düşən kimi vaxt tapıb zəng edəcəm...”
Sağollaşmamış həmin an əlaqə kəsildi, Azərin sözü yarımçıq qaldı. Atam hətta səhərə kimi nə qədər ona zəng edibsə, telefon çağırıb, ancaq qardaşım cavab verməyib. Həmin gün gecəyə kimi zəng çatırdı ona, növbəti gün isə telefonuna zəng çatmadı, birdəfəlik əlaqə kəsildi. Boğazımızdan nə su keçirdi, nə çörək: telefondan asılı qalmışdıq, Azərə isə zəng çatmırdı. Heç kəslə əlaqə yarada bilmirdik. Axır ki, birtəhər bir komandirin vasitəsilə əlaqə saxladıq, onlar dedilər ki, Azər xüsusi təyinatlılarla irəlidədir, biz də onlarla əlaqə qura bilmirik. Sonra bizi sakitləşdirmək üçün dedlər: “Narahat olmayın, Azər sağ-salamatdır”.
Sonralar bildik ki, belə deyilmiş: Azəri artıq itirmişdik. Goranboyda da vəziyyət qarışıq idi, düşmənlər durmadan atırdılar. Ayın 8-i Goranboyda qalan valideynlərimi məcbur qalıb Yevlaxa, bacımgilə gətirmişdim. Əslində anamgil Goranboydan çıxmaq istəmirdilər, deyirdilər, nə üçün çıxaq burdan?! Axı Azər od-alovun içindədir. Digər tərəfdən də Azərə zəng çatmaması bizi çox narahat etmişdi. Ayın 10-u bir nəfər hərbçi vasitəsilə Azərin yanından bir zabitlə əlaqə yarada bildik. O da bizə bildirdi ki, narahat olmayın, Azər salamatdı. Ancaq o sözləri təskinlik üçün deyirmişlər, çünki Azəri tapmayıblar, yəqin, şəhid olduğunu hiss ediblər. Elə oldu ki, 11-i axşamı Füzulidən Bakıda olan böyük qardaşıma zəng vurub deyiblər ki, “başınız sağ olsun, əziziniz Azər şəhid olub”. Qardaşım da mənə zəng vurdu, o an çox çətin oldu mənə. Atamla anam yanımda oturmuşdular. Bilmədim ki, onlara necə deyim bu sözü. İnanmaq istəmirdim, həmin gecəni səhərə kimi Allaha yalvarırdım ki, kaş Azər yaralı olaydı, bir qılçı, ya bir qolu olmasın, amma qardaşım sağ olaydı...
Ancaq qardaşım mənə zəng edəndə valideynlərim şübhələndilər, çünki ayaqlarım yerimədi, qayıdıb onların yanında süst vəziyyətdə stulda oturdum. Yalandan pıçıldadım, deyəsən, Azəri yaralayıblar. Qardaşımın mənə telefonda dediklərini eşitməsələr də, nə qədər gizlətmək istəsəm də, axırda özümü ələ ala bilmədim. Ancaq onlar üz ifadəmdən vəziyyətin nə yerdə olduğunu anladılar. Atam və anam dayanmadı, hönkürərək dilləndilər: “Deməli, Azər şəhid oldu!”...
Baş verənlərə rəğmən, ata-anama ürək-dirəklə dedim ki, Azər yaralıdı. Mənə xəbər verdilər ki, sabah imkan olsa, dalınca gəlin. Mən isə gecəni səhərə kimi Allaha yalvardım: kaş bu xəbər yalan olsun, kaş sabah desinlər ki, verdiyimiz məlumat yanlışdır. Gecəni səhərə qədər ayaqüstə oyaq qaldıq. Oktyabrın 12-si günü Füzuliyə yollandıq. Şəhidləri gətirdilər, cəsədləri göstərdilər. Azəri gətirdilər, dedilər, özünüz də baxın. Görən kimi tanıdıq, ekspertizaya ehtiyac olmadı. Qardaşımızı götürüb gəldik Goranboya.Yarım saat sonra Yevlaxda Şəhidlər xiyabanında dəfn elədik...
Azərsiz mənə indi çox ağırdı. Onunla keçirdiyim vaxtlar mənim üçün xoş xatirələrə çevrilib. Əziz qardaşımın timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Komandirin sadiq əsgəri Hikmət Bağırov:
– O zaman mən “N” saylı hərbi hissənin snayper əsgəri kimi Naxçıvan–Ermənistan dövlət sərhədində yerləşən döyüş postunda xidmət edirdim. Kiçik Qafqazın ən yüksək zirvəsi sayılan Qapıcıqda yerləşən döyüş postumuzda iqlim və relyef baxımından xidmət aparmaq çox ağır idi. Buludlar belə bizdən aşağıda dururdu. Qarın, tarın qalınlığı on metrlərlə idi. Ancaq bu çətinliklərə baxmayaraq, bununla fəxr edirdik. Vətənimiz və xalqımız, müqəddəs torpaqlarımız üçün sevə-sevə sərhədlərimizin keşiyində dururduq.
2015-ci ilin yay ayları idi. Postlara çıxmaq çətin idi, yolları tar bağlamış, çaylar buzla örtülmüş, hərəkət, demək olar ki, tamamilə kəsilmiş haldaydı. Bölməmizin zabit heyəti döyüş postlarına çıxır, yoxlama aparır, şəxsi heyətin problemləri ilə maraqlanırdı. Bir gün sübh tezdən “Qalxın!” komandası ilə yuxudan oyandıq. Postdan çıxanda gördük ki, bölük komandirimiz kapitan Əhmədov və tanımadığımız mayor rütbəli iki zabit çöldə dayanıb.
Əsgər yoldaşlarımla sıraya düzüləndə bölük komandirim mənə səsləndi:
– Bağırov, sıradan çıx, tam təchizatla hazırlaş, bizimlə gedirsən!
İçimdə qəribə narahatlıq yarandı ki, bölük komandiri, tanımadığım mayor rütbəli iki zabitlə mən hara gedirəm? Hazırlaşıb komandirin yanına gəldik, sonra bir xeyli postdan uzaqlaşdıq. Bölük komandirim mənə dedi:
- Bilirsən bu kimdir?
Arxaya dönüb:
– Komandir sənin yerlindir, kəlbəcərlidir, qorxmaz döyüşçüdür...”– əlavə etdi.
Bir xeyli gedib dayandıq. Azər Mikayılov mənə yaxınlaşıb bildirdi ki, mən də kəlbəcərliyəm. “N” saylı hərbi hissənin kəşfiyyat-qərargah rəisi, mayor Azər Mikayılovla ilk tanışlığımız bu cür başladı. Biz mayor Mikayılovun rəhbərliyi ilə düşmən tərəfə keçəndə astaca dilləndi:
– Eloğlu, qorxmursan ki?! Birdən qorxub məni biabır edərsən ha!?
Dedim:
– Xeyr! Komandir, hara lazımdırsa, axıra kimi sizinlə gedəcəyəm!
Biz qarşı tərəfdə verilən tapşırığı icra etdikdən sonra döyüş postlarımıza qayıtdıq. O gün onu elə də yaxından tanımaq imkanım olmamışdı. O, mayor rütbəli, kəşfiyyat kimi çətin bir bölüyün komandiri idi.Təhlükəli ərazidə döyüş əməliyyatı aparıldığından doyunca söhbət etmək imkanımız olmamışdı. Amma o zamandan müşahidə etmişdim ki, Azər Mikayılov qorxmaz, cəsur və səmimi zabitlərimizdəndir.
Bir gün səhər çağı həyəcan komandası ilə mən və əsgər yoldaşım Mirzağa Məmmədov bölük komandirimizlə “57” adlanan yüksəkliyə qalxdıq. Məlumat daxil olmuşdu ki, düşmən “57” yüksəkliyini götürmək istəyir. Lakin bizim onlardan tez həmin yüksəkliyə çatmağımız vəziyyəti tamamilə dəyişmişdi. Müşahidə vaxtı düşmənin bir məxfi qrupunu aşkar etdik. O dəqiqə komandirimə məruzə etdim ki, düşmənin canlı qüvvəsi yüksəkliyə doğru irəliləyir. Komandirimiz kapitan Əhmədov bizə “Atəş!” əmri verdi. Atəş açan zaman düşmən şoka düşdü, çünki onlar gözləmirdilər ki, biz qısa müddət ərzində bu yüksəklikdə otura bilərik. Bir müddət davam edən qarşılıqlı atışmadan sonra düşmən geri çəkildi. Düşmənin bir cəsədi və bir yaralısı vardı.
Həyəcan siqnalı ilə çıxdığımızdan özümüzlə su və ərzaqda götürməmişdik. Həm aclıq, həm də şaxta olduğundan bütün günü döyüş növbəsi çəkməyimiz bizi əldən salmışdı. Elə bu zaman dumanın arasında iki nəfər göründü. Səslərini eşitdik: “Uşaqlar yaxşıdırmı? Salamatçılıqdır?”
Komandirimiz bildirdi ki, bəli, hər şey yaxşıdır, düşmən layiqli cəzasını alıb geri çəkildi. Səsindən tanıdım ki, bu, mayor Azər Mikayılovdur. Cəld yanımıza qalxaraq bizimlə görüşdü, hərəmizə iki ədəd sosis verib dedi:
- Acsınız, yeyin, arxadan təminat gəlir.
Daha sonra Azər Mikayılov bizə bildirdi ki, yorğunsunuz, siz dincəlin, postda biz duracağıq. Kürəyimizi Vətən daşına söykəyərək mürgülədik, zabitlər isə əsgərlərinə növbə çəkirdilər. Səsə oyanıb gördük ki, bölmələrimiz üçün ərzaq və yatacaq gətiriblər. Mövcud vəziyyəti nəzərə alaraq komandanlıq tərəfindən hərbi hissənin kəşfiyyat-qərargah rəisi mayor Mikayılov bizim yanımızda qaldı. Onunla hər dəfə həmsöhbət olanda Vətənə olan sevgisi, xalqa bağlılığı, hərbçi cəsarəti adamı heyran qoyurdu. Yuxarı komandanlıqdan gəlmiş mayor Bağırov döyüş postumuzda soruşdu ki, Mikayılovun yerlisi kimdi?
Dedim, cənab mayor, mənəm!
Dedi:
– Sən fəxr etməlisən ki, belə bir zabitlə birlikdə xidmət edirsən. Bilirsən o kimdir, onun şərəfinə burada “Kəlbəcər” adlı post var. O, bəlkə də yeganə zabitdir ki, azaraq düşmən tərəfə keçən əsgərini əlcəyindən tanıyaraq düşmən əlinə keçməsindən xilas edib...
Mayorun dediyi bu sözlər şəxsiyyət kimi Mikayılovun insanlığına verilən qiymət, dəyər idi. Mayor Bağırov danışdıqca həm qürurlanır, həm də sevinirdim ki, belə bir qəhrəmanla birlikdə xidmət edirəm və şəxsən onu tanıyıram. Baxmayaraq ki, o, yüksək rütbəli zabit, peşəkar kəşfiyyatçı idi, dəfələrlə düşmən mövqelərində tapşırığı icra etmiş, əhəmiyyətli məlumatlar gətirmişdi.
Ən ağır tapşırıqlara da adi baxırdı. Müharibə dəhşətlərinə rəğmən, ona döyüş çətinlikləri adi iş kimi gəlirdi. O, olduqca sadə, təvazökar və səmimi, əsgərləri ilə dost, onlarla dərdləşməyi bacaran zabit təəssüratı yaratmışdı bizdə. Sayımız düşmənə nisbətən az, mövqe baxmından düşmən daha əlverişli yerdə olsa da, Mikayılov yanımızda olanda özümüzü çox güvəndə, rahat hiss edirdik. Onun qorxmazlığı, peşəkarlığı, milli ruhda apardığı söhbətlər bizə daha da güc verirdi. Elə hesab edirdik ki, onun komandanlığı ilə istənilən döyüşə girib oradan qalib dönə bilərik. O, təkcə zabit deyildi, bizim hər birimizin qardaşı, dostu, sirdaşı idi...
...Bir gün bilmişdi ki, nişanlıyam. Xidmət müddətimin bitməsinə də az qalmışdı. Bir də gördüm o, müşahidə postumuza gəlib. Məndən soruşdu ki:
– Sən nişanlısan?
– Bəli, – dedim. Bir xeyli dərdləşdik və sonda dedi:
– Yolunu gözləyənin var, məhz sağ-salamat evə getməlisən. Çox çalışsa da, arxa bölməyə keçməyə razılıq vermədim.
Təkrar dedi:
– Nə olursa-olsun, sən buradan sağ-salamat dönəcəksən evə.
Yanında olduğum müddətdə eləcə məni qoruyur, sanki öz doğması, qardaşı kimi mühafizə etməyə çalışırdı. Onun yüksək davranışlarına, əsgərlərinə yanaşma tərzinə baxanda hər kəs təəccüblənirdi. İnsan bu qədərmi sadə, bu qədərmi mehriban olar? Hərdən fikirləşirdim ki, bu qədər mərdliyi, cəsarəti, Vətənə və xalqa olan sevgini necə bir ürəyə sığdıra bilir?!
Azər Mikayılov kabinet zabiti deyildi, şaxtadan qaralmış sifəti, çatlamış dodaqları, rəngi solmuş forması, ayağında bomboz çəkməsi, daima yol yoldaşı olan xəritəsi, binokl və çiynindən asılmış avtomatı ilə ömrünü dağlarda, düşmənlə üzbəüz keçirmiş qəhrəman, əsl Vətən övladı idi.
Onunla son görüşümüzdə ilk gördüyümüzdə əyninə geyindiyi həmin forma idi. Yenə məni bağrına basıb öpdü.
Dedi:
– Xidmətdən dolayı xətrinə dəymişəmsə, məni bağışla, hallalıq ver.
Dedim:
– Komandir, nə danışırsız?!Siz mənə halallıq verin. Axı siz mənə komandir yox, qardaş olmusunuz...
Yenə bir xeyli dərdləşdik. Bildirdi:
– 2 il 6 aydan sonra gəlirəm. Geri dönəndə görüşərik.
– İnşallah,– deyib ayrıldım komandirdən.
Azər Mikayılovun bizim qonşuluqda yaşayan qohumları vardı: onlardan tez-tez soruşurdum ki, komandirdən xəbər varmı? Hər dəfə yaxşı olduğunu söyləyirdilər. Sonradan eşitdim ki, komandirim “Günnüt əməliyyatı”nda şücaət göstərib, çox sevindim, həmişəki kimi, fərəhləndim.
27 sentyabrda başlanan Vətən müharibəsində qəhrəman oğullarımız Ali Baş Komandanın əmri ilə düşmənə sarsıdıcı zərbələr vururdu. Komandirimin də döyüşdə olmağından xəbərsiz idim. 12 oktyabr tarixində eşidəndə ki, Azər Mikayılov şəhid olub, həmin an sanki nitqim tutuldu, özümdən asılı olmayaraq gözlərimdən yaş süzülməyə başladı. Çalışdığım yerdə yoldaşlar bunun səbəbini soruşdular. Özümü toplayıb komandirimin şəhid olduğunu bildirdim. Ölümünə inanmaq istəmirdim, çünki onun çevikliyinə, peşəkarlığına, şücaətinə görə elə bilirdim ki, girdiyi bütün döyüşlərdən, əməliyyatlardan sağ-salamat çıxacaqdı. Amma çox təəssüf olsun ki, bu, bir həqiqət idi...
...Nəşi evə gətiriləndə komandirimin döyüş yoldaşı bildirdi ki, mayor Azər Mikayılov düşmənin 200 nəfərdən çox canlı qüvvəsini və 8 texnikasını məhv edərək qəhrəmancasına şəhid olub. Ürəyimdə dedim ki, mənim komandirimə elə bu yaraşırdı. O, indi ən uca mərtəbəyə – şəhidlik zirvəsinə ucalıb. Mikayılovun mərdliyi, xalqına və dövlətinə olan sonsuz sevgisi, yaratdığı əsl Azərbaycan zabiti obrazı onu tanıyanların qəlbində əbədi yaşayacaq. Onun qəhrəmanlıq məktəbindən bundan sonra da neçə-neçə gəncimiz, hərbçimiz bəhrələnəcək. Onun məzarı hər bir azərbaycanlının and yeri, müqəddəs ziyarətgahı olacaq. Hərbçilərimizin qanı-canı bahasına bütöv Azərbaycanın səmasında dalğalanan üçrəngli bayraq var olduqca onlar da əbədiyaşar olacaq, xatırlanacaqlar. Mən isə onu – əziz komandirimi həmişə şaxtadan qaralmış sifətində olan təbəssümü ilə, çatlaq-çatlaq olan dodaqları, dağınıq saçları və solmuş göy formasında xatırlayacağam. Xatırladıqca, hər zaman olduğu kimi, onunla həmişə qürur duyacağam.
Adil Həmid (publisist):
– Azər kiçik yaşlarından qeyri-adi uşaq kimi böyüyürdü. Yaxşı yadımdadır, o, hələ çox kiçik idi. Əsgərlikdən kim gəlirdisə, onun paltarını kəsdirib, qısaltdırıb, əyninə geyinib düşərdi kəndin ortasına, o baş-bu başa gəzərdi. Deyərdi ki, mən əsgərəm.
Daxili mənəvi zənginliyi ilə əməli üst-üstə düşən Əmrah müəllim kəndimizin sevilib-seçilən ziyalılarından olub. Ondandır ki, belə gözəl ailədən də Azər kimi vətəninə layiq qeyrətli oğullar yetişməsi təəccüblü deyil.
Şahin Mehtiyev (Kəlbəcər ziyalısı):
– Bəzən deyirlər ki, insanın adının onun taleyi ilə bağlılığı var. İkinci Dünya müharibəsində atasını itirmiş Əmrah müəllim ortancıl oğlunun adını Azər qoyur və o, 40 il sonra Azərbaycanın oğlu olur, torpaqlarımızın xilaskarlarından biri olaraq şəhidlik zirvəsinə ucalır.
Əmrah müəllim əvvəlcədən Azərin bu taleyi yaşayacağını görə bilərdimi? Yəqinki, yox. Bəs onda bu bağlılıq, bu uyğunluq haradan və nədən qaynaqlanır? İnsanın ağlına ancaq bir cavab gəlir: İlahidən!
Gözümüzün qabağında günü-gündən böyüyən Azərin şirin şıltaqlığı, dəcəlliyi, fərqlənən qoçaqlığı böyüdükcə saflıq, təmizlik, dürüstlük, mərdlik, qəhrəman olacaq qədər cəsarət və fədakarlıq xüsusiyyətlərinə çevrilərək onu insanlığın ən yüksək pilləsinə qaldırdı.
Azərlərin və şəhidlik zirvəsinə qalxan bütün azərbaycanlıların ruhu qarşısında baş əyirik. Onlara heç vaxt qaytara bilməyəcəyimiz borcumuzu qismən də olsa Vətənin daşı olmağımızla qaytara bilsək, nə xoş bizim halımıza.
Azər Mikayılovun adının digər adaşlarından daha çox tanınması da onun tale məsələsi imiş. Doğulandan alnına yazılan şərəfli və qısa ömrünü yaşayan Azər Vətənin ağır illərində uşaqlıq dövrünü əməlli-başlı keçirməmişdi. Göz açandan doğma ata-baba yurdunu düşmən tapdağında görmüşdü. Ona görə də o, hərb sənətini seçdi.
Mən bu igidin, qəhrəmanın haqqında söylənilənləri və yazılanları oxuduqca qəhər dolu bir sevinc də yaşayıram: nə yaxşı ki, Azərlərimiz az deyil. Nə yaxşı ki, yurdumuzun işğalına dözməyən oğullar vaxtından tez boy atdılar. Xalqımızı töhmət altından çıxaran belə oğulların ömrünü yaşadıqları beş-on illə hesablamayın, amandı. Onlar minilliklər boyu xalqımızın yaddaşına köçdülər.
Azərin döyüş yolundan söz açan yazılar, dostlarının fikirləri bizdə ancaq qürur doğurur. Yeriniz behişt olsun, şərəflə yaşayanlar...
Cəmilə ÇİÇƏK,
Tədqiqatçı jurnalist
Prezident təqaüdçüsü
10 sentyabr 2022
Kateqoriya: Kəlbəcər
Tarix: 10-11-2022 22:58
Baxış sayı: 3491
Yazı axını
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02