Reklam

Laçında sizi gözləyəcəm, Famil müəllim...
25-08-2022 19:52

Zəkası, alicənablığı, virtualdan belə boy göstərən ziyalı obrazı, xarakteri, qayğıkeşliyi qədər həssaslığı, kövrəkliyi də qəribə bir yaxınlıq, doğmalıq yaradıb aramızda. Bəlkə də yurd, torpaq yaxınlığı ruhumuza hopan duyğuları eyniləşdirir.
Canlı ünsiyyətimiz olmayıb heç vaxt. Bircə dəfə şəbəkə üzərindən görüntülü salamlaşmaq imkanımız olub. O da dostların əhatəsində. Ürəyimdən keçənləri sözə çevirib haqqında kiçik bir yazı yazmışdım 2-3 il əvvəl. İlahi, insan nə qədər böyük ürək sahibi olmalıdır ki, o kiçik yazıya görə, ruhunu göylərə söykəyib, dua misalı təşəkkür etməkdən çəkinməsin. Özü ağır əməliyyata gedəcəyi halda, səhhətimdəki problemə görə dostlara narahatçılığını bildirməsi, davamlı dualar etməsi... alicənablıq deyil, bəs nədir?!
Duaları ilahi sözün misralarında qanad çalan, layla kimi həzin, mütləq ümidə hesablanmış, yaşamağa çağırış inadında işıq kimi ruhuma süzülən...
Həsrətin ən ağırını, ən acısını yaşayıb dəyərli Famil müəllim. Qürbətdə yurd acısı çəkmək nədir, ən yaxşı o bilir. O bilir ürəyindəki yükün ağırlığını, o bilir boş qalan əllərin göynərtisini...
Ortaq dostumuz Namiq Dəlidağlıya ünvanladığı nisgilli, ağrılı, adamın ürəyini qanadan, içini sökən yazısını oxudum Famil Museyibovun:
"ƏZİZİM, N A M İ Q !
Həmişə Vətəndə!
Həmişə Yurdda!
Hər addımını, sözünü, hənirtini, ürəyinin döyüntüsünü belə, ürək çırpıntıları ilə izləyirəm!.. Xəyalən də olsa, səninlə birgə addımlayıram, yurd-yurd, kalafa-kalafa, məzar- məzar, bulaq-bulaq, çiçək- çiçək…
Tövşüyə- tövşüyə, qəhərdən boğula-boğula düşmüşəm arxanca, bu xəstə, qoca, halsız halımda ayaqlarına dolaşa-dolaşa səninlə gəzirəm yurd yerlərimizi… Atalarımızın izlərini, nənələrimizin ocaq daşlarını, gəncliyimizin solub qalmış xatirələrini, körpə, kövrək uşaqlığımızı… axtara-axtara, ağrıya-ağrıya addımlayıram səninlə, sürünürəm arxanca…
…Neyləyim ki, axı hər şeyimiz bir olub,—mayamız, ruhumuz, taleyimiz, dağımız, dərəmiz, məzarlığımız, Tutqumuz, DƏLİDAĞIMIZ, yolumuz, bulağımız…hər şeyimiz!… Bəlkə, elə ruh əkizliyimiz də elə burdandı!…
Qadan alım, ay N A M İ Q, mən əvəzdən də öp o daşları! Bulaqları demirəm, əyil, dizlərini yerə qoy, öp Tutqunun qırçın, dəlisov, bulanıq sularından, təşnə-təşnə iç Dəlidağın göz yaşlarından!… Cadar-cadar olmuş dodaqlarımın qərinə həsrətiynən ÖP, ÖP o ayna bulaqların zümrüd gözlərindən! Bilirsənmi, əziz dost, …
Bilirsən! — "BƏLKƏ O YERLƏRƏ BİR DƏ GƏLMƏDİM…"…
Bağışla, yazmaq da, danışmaq da mənim üçün çətindir…Öpürəm, məni unutma…"

Ahh, Famil müəllim, ahh! Bu nə yanğıdı belə, qardaşım?! Yurd həsrətinin ağrısını bilirəm, eyni dərdlə yaralanıb ürəyimiz. Eyni göynərti ilə sızlamışıq illərlə.
Qəm içində közərən sevincinizə tapının, dağ vüqarınıza söykənin, qüruba sürünən nisgillə vidalaşın, yurd adam, vətən adam!
Dost sevginiz xiffət dolu cümlələrinizdən elə gözəl ayrıntılanır ki... nə böyük sevginiz var, nə içdən sevirsiniz. Bu sevginin mütləq bir mükafatı var. Ürəyiniz var olsun! Tanrı ruhunuzun saflığını, duruluğunu qorusun, duyğularınız, hissləriniz aliliyinizə xəyanət etməsin, əziz dost!
O yerlərə mütləq gələcəksiz, hətta bərabər Kəlbəcəri dolaşıb, Laçına üz tutacaqsız dostlarla. Gəlməyə bilməzsiz, çünki mən Laçında sizi gözləyəcəm...
Sevinc QƏRİB
Dalidag.az



Yazı axını
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
Ən çox oxunanlar
08-08-2025 19:24

01-08-2025 13:57
