Reklam
Qənbər Qurbanov ömrü -Əli Uluxanlı yazır
23-01-2022 22:32
Şah İsmayıl Xətainin sevdiyi alimlər, şairlər, sərkərdələr, müridlər içərisindən pərvazlanmış Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Onun ulu babası Yaqubla Şah İsmayılın babası Şeyx Səfiəddin arasında çox mökəm dostluq əlaqələri olduğundan sonrakı illərdə də hər iki nəslin törəmələri bu dostluğu, qardaşlığı böyük sevgi və məhəbbətlə davam etdirmişlər.
Məlumat üçün bildirirəm ki, Hüseyinin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin ideyalarının yaranmasına və yayılmasına nail olmuşlar. Onlardan dərs almış Hüseyn də belə bir mühütdə müqəddəs nəslin tarixi, mənəvi-dini missiyasını həyata keçirmək üçün bütün varlığı ilə çalışmış və Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının bünövrəsini qoymuşdur. Beləliklə də Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapmış və təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik, saflıq gətirmişdir.
Böyük talanta, saza, sözə, sənətə, elmə, tək olan allaha sidq ürəklə aşiq olan Miskin Abdal ulu babası Yaqub kimi özünün sədaqəti ilə Şah İsmayılın doğması kimi sarayın vəzir-vəkillərindən biri olmuşdur. Şadman, Əli, Həsən,Məleykə adlı dörd övladı olmuşdur. Əli və Həsən cavan yaşlarında vəfat etmişlər. Belə bir tarixi şəxsiyyətin 500 illik qollu-budaqlı nəsil şəcərəsini bu günümüzə gətirib çatdıran onun oğlu Şadmanın, qızı Məlekənin törəmələri olmuşlar. Bu şəcərədən törəyənlərin sonrakı yüzilliklər boyu da dünyanı dərk etməkdə talant sahibləri olması ataların “Ot kök üstə bitər və ya Su gələn arxdan bir də gələr“ dəyərli deyimini bir daha təsdiqləmişdir.
Miskin Abdal şəcərəsindən olan tanınmışlar haqqında söhbətlər açsaq yəqin ki, bir ömür kifayət etməz. Odur ki bu şəcərənin kəlbəcər eli ilə bağlı olan qol-budağının kimliyindən söz açmağı vacib hesab etdim. .
“Şərəf Nişanı” ordenli respublikanın “Əməkdar İncəsənət xadimi” şair Məmməd Aslanın Dədə Şəmşirin “O Kürün, Arazın Tərtəriyəm mən” adlı kitabına yazdığı ön sözə istinad edərək sizlərə çatdırıram ki, qüdrətli Miskin Abdal ocağı 500 il ərzində ədəbiyatımıza üç unudulmaz möhtəşəm klassik şairi;- Miskin Abdalın özünü, xıx əsrin axırlarında dərin kamallı və kəlamlı Ağdabanlı şair Qurbanı, XX əsirdə də bu sənət ocağına böyük hünərlə sahib çıxmış “Dədəlik” zirvəsinə yüksələn şair Qurban oğlu Aşıq Şəmşiri bəxş etmişdir.
Miskin Abdal ocağının bu üç görkəmli şəxsiyyətinin törəmələri sırasında müxtəlif zamanlarda saza, sözə bağl olan, dəyərli ağsaqqallar, alimlər, tarixçilər, ədəbiyyatçılar, dövlətin idarə edilməsində bilavasitə iştirakı olan şəxsiyyətlər yetişdilər və onlar da bu tanınmış törəmənin dəyərinə dəyər qatdılar..
Mən bu şəxslərdən biri haqqında;- O,şəxsdən ki, o, Kəlbəcərimdə uzun müddət məktəbli gənclərin təlim-tərbiyəsində müəllim kimi böyük rol oynadı. Yaşa dolduqcan da rayon əhalisinin mötəbər ağsaqqallarından biri oldu və hər bir işin düzələn istiqamətdə getməsinə rəvac verdi. Bu böyük ürək sahibi elimin-obamın ümüd yeri kimi qəbul edildi, xalqın xeyir-duası ilə rayonumuzun rəhbərlərindən biri oldu, ən ümdəsi mənim kimi həyat təcrübəsi az olanların “həyat yolunun ” yol yoldaşı, kəhkəşanı olub yoluna işıq saçdı. 20 ilədən artıq bir müddətdə həyat dərsi aldığım o böyük aqil, kamil, nadir insan ustadım, müəllimim Qənbər Şəmşir oğlu Qurbanov idi.
Qənbər Qurbanov 13 yaş məndən böyük olsa da atası Aşıq Şəmşirlə atam Qaraçənli Kamran Abdulla oğlu yaxın dost, qardaş məhəbbətində olduqlarından mən onu həm ata dostunun ovladı kimi, həm də rayon partiya komitəsinin işçisi kimi 10-12 yaşımdan uzaqdan-uzağa tanıyırdım. Uzun boylu, gülər üzlü, ləngərli yerişli,səliqəli geyimli, telli-toqqalı gözəl saz çalan, şeirlər yazan bu cavan oğlan haqqında rayonumuzda uzun müddət birinci katibi olmuş Səfər Verdiyevin mənimlə bir sinifdə oxuyan oğlu Aqil çox danışardı. Səfər Verdiyev saz-söz vurğunu olduğundan və özü də gözəl saz çalıb şeir yazdığından o, partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsinə işə götürdüyü Qənbər Şəmşiroğlunu tez-tez evlərinə gətirər, sazlı-sözlü süfrə başında sənət və sənətkarlar haqqında maraqlı söhbətlər apararmış. Birdə ki, Səfər Verdiyev Aşıq Şəmşir ruhunu, sazını, sözünü, ədəb-ərkanını çox sevdiyindən gizlin-gizlin yazdığı şeirlərini ilk olaraq ona oxuyub qiymətini alarmış.
Saza, sözə böyük hörmətin, ehtiramın nəticəsi idi ki, Səməd Vurğununla Aşıq Şəmşir kimi iki böyük duhanı ilk dəfə görüşdürən də elə qədirbilən Səfər Verdiyevimiz olmuşdur.
1955-ci ildə Səməd Vurğun İstisuya müalicə almağa gələrkən Səfər Verdiyev rayonun Boyaxlı turşsuyunda şairin gəlişi ilə əlaqədar sazlı-sözlü məclis təşkil edərkən Səməd Vurğun ondan;-
“Səni qarı gördüm, bağrım qan oldu,
Mənim saqqalımın çal vədəsində.
Qəlbimə dəydiyin yadıma düşdü,
Çox dedim könlümü al vədəsində.
demiş aşığın sağ olub olmadığını soruşanda və onunla görüşmək istədiyini bildirəndə Səfər müəllim də öz xidməti maşınını aşığın dalısınca Ağdaban kəndinə göndərmiş və sürücüsü Əliasdana da gələn qonaq haqqında bir kəlmə də olsun söz açmaması tapşırığını da verdiyindən aşıq sazını götürmədən çağrışa gəlmişdir .
Xeyirxah şair bu görüşdə aşığı dinləmək üçün ona meydan verəndə o da zəngüləli, təkrarolunmaz səsi ilə bədahətən;-
Elimin, günümün böyük şairi
Gətirib dağlara səfa, xoş gəlib.
Gözlərdik yolunu biz intizarla,
Eyləyib əhdinə vəfa, xoş gəlib.
deyərək şairə öz ehtiramını bildirəndə şair də “Kazbekt” qutusunun üstünə
“Aşıq Səmşir, Dəlidağdan keçəndə
Kəklikli dağlardan xəbər al məni.
“Ceyran bulağı”ndan qızlar içəndə
Saz tutub, söz qoşub, yada sal məni.- məşür beytini yazaraq aşığa verir.
Aşıq Şəmşir də bu şeirə qarşı məclisdə oxuyan aşığın sazını götürüb yenə də bədahətən üç bənddən ibarət olan şeirini;
Qoşqarla yanaşı duran adın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.- deyərək məclisə isti nəfəs gətirir.
Sonralar dillər əzbəri olan bu görüşdəki deyişmələr kəlbəcər aşıqları tərəfindən dastanlaşdırılaraq toylarda, dövlət tədbirlərində söylənilərdi və bu günümüzdə də söylənilməkdədi.
Belə tarixi anları söyləməkdə məqsədim Qənbər Qurbanovun həyat yolundan və hansı ailədən, hansı mühütdən rəhbər işlərə gəlişi haqqında yaddaşımdakı həqiqətləri sizlərə çatdırmağa ayaq vermək üçün bilərəkdən xatırladıram.
Qənbər müəllim 1966-cı ilin iyun ayınından Ağdaban kənd səkgizilik məktəbin direktoru vəzifəsindən Kəlbəcər rayon qəsəbə orta məktəbinin direktoru vəzifəsinə irəli çəkilmişdir. O,1971-ci ilin iyul ayından 1974-cü ilin avqust ayınadək Kəlbəcər rayon Partiya Komitəsinin ikinci Katibi, həmin tarixdən 1989-ci ilin aprel ayınadək Kəlbəcər rayon İcraiyyə Komitəsinin Sədri, 1989-cu ildən sonra Gədəbəy rayon İcraiyyə Komitəsinin Sədri, az müddətdən sonra isə birinci Katibi vəzifələrində işləmişdir. 1993-cü ildə qıssa bir müddət Azərittifaq İdarə Heyəti sədrinin Baş Müşaviri və həmin tarixdən 1995-ci ilədək doğma yurdundan məcburi köçgün, qaçqın düşmüş Kəlbəcər rayonuna İcra Başçısı vəzifəsinə təyin edilmişdir.
1996-cı ildə səhəti ilə əlaqədar İcra Başşısı vəzifəsindən çıxsa da, 1997-ci ilin oktyabr ayında quşçuluq, heyvandarlıq, arıçılıq, pambıqçılıq, yemçilik və bir sıra istiqamətlərdə fəaliyyət göstərən fermer təsərrüfatı yaradaraq qaçqın, köçgün el-obası üçün iş yeri açaraq özünün xeyirxah əməllərini yenə də davam etdirmişdir..
Ötən illərin 1965-70 –ci illərinə qayıdaraq xatırlatmaq istəyirəm ki, Qənbər müəllim istər kənd, istərsə də qəsəbə orta məktəbin direktoru vəzifələrində işlədiyi zamanlar pedeqoq, müəllim adının saflığının qorumasına çalışdığından şagird- müəllim arasında yaranmış ünsiyyət təhsil sahəsində nailiyyətlərin əldə edilməsinə zəmin yaratdı. Müəllim kollektivi hər zaman olduğu kimi yenə də öz saflığını qoruyub saxlaya bildi. Çalşqan, savadlı müəllimlərin əməyinə verilən qiymət şagirdlərin təlim-tərbiyyəsində böyük rol oynadı. Onun direktor olduğu illərdə orta məktəbi bitirənlər içərisindən dünya, respublika əhəmiyyətli alimlər;- elmlər namizədləri, elmlər doktorları, müəllimlər, həkimlər, mühəndislər, şairlər, yazıçılar, hüqyqşunaslar, hərbiçilər və yüzlərlə müxtəlif peşə sahibləri yetişdilər və bu gün də xalqımız onlarla fəxr edirlər.
Təcrübəli, təşkilatçı, yaddaşlarda əbədi qalan bu nəcib insan hələ 1970 –ci illərdən etibarən Kəlbəcər şəhərinin abadlaşması işlərini iməcilik yolu ilə həyata keçirən rayon rəhbərliyinə kömək məqsədi ilə müəllimlərin nəzarəti altında məktəbin 9-10-cu siniflərində oxuyan 450-500 nəfərlik bir “ordu” ilə mütamadi olaraq iməcliklərdə iştirak edərək şəhərimizin gözəlləşməsinə çalışmışdı.
1971-ci ilin iyun ayında rayon partiya komitəsinin II katibi vəzifəsinə seçildikdən sonra onun imkanları daha da artdı. O, rayon əhalisinin televiziyaya, nömrə yığmaqla telefonlaşmaya, maye qaza olan tələbatına idarə rəhbərlərinin gücünü səfərbərliyə alan idealoji sahənin rəhbəri kimi nail ola bildi.
15 dekabr 1983-cü il zəlzələsi baş verdikdən sonra onun rayon icraiyyə komitəsinin sədri kimi fəaliyyəti haqqında danışmaq xüsusi ilə vacibdi. Həmin gün Azərbaycan respublikası Nazirlər Sovetinin Sədri Həsən Seyidovla olan telefon danışığı həmən günün səhərisi seysimoloqlardan, sığorta orqanlarından, tikinti nazirliklərindən, ticarət orqanlarından ibarət olan böyük bir heyətin rayonumuza gəlməsini təmin etdi. Gələnlər dəymiş zərəri və bu zərərin aradan qaldırılması üçün lazım olan vəsaiti hesablayaraq respublika hökümətinə çatdırdılar. Azərbaycan höküməti də SSRİ höküməti qarçısında məsələ qaldırsa da çox çətinliklərlə qarşılaşıldı.
Bu çətinliyin aradan qaldırılması və vəsaitin alınması üçün Qənbər müəllim gün ərzində bəzən iki dəfə Bakı-Moskva marşurutu ilə ucan təyyarənin sərnişini olardu. Bu əsəb doğuran hal altı aydan çox davam etsə də, son nəticədə nəzərdə tutulan vəsait alındı və bu vəsait hesabına əhaliyə maddi köməklik göstərildi.
Həmin vəsait hesabına Kəlbəcərin “Yuxarı düz” adlanan sahəsində layihə-smeta sənədli, memarlıq şərtlərinə cavab verən 5 mərtəbəli yaşayış binaları, üç mərtəbəli boyük rabitə evi, üç mərtəbəli tələblərə cavab verən mehmanxana, iki mərtəbəli geniş zallı müasir görkəmli kitabxana, iki mərtəbəli musiqi məktəbi, üç mərtəbəli mərkəzi xəstəxana, rayon partiya və icraiyyə komitəliri üçün günün tələblərinə cavab verə biləcək üç mərtəbəli, geniş zalları olan inzibati bina müxtəlif nazirlikləri təmsil edən idarələr üçün binalar, içməli su üçünanbar, 25 km məsafədən ikinci içməli su xətti, kanalizasiya xətləri, isti su və otapleniya üçün mərkəzi qazanxana, xüsusi layihəli geniş parkı olan “Yeni şəhər” yarandı. Bu şəhərin salınmasında Qənbər Qurbanov adı silahdaşları ilə kəlbəcər tarixinin səhifələrinə qızıl hərflərlə yazıldı.
Bu gün ki yaşlı nəsil Kəlbəcər adı ilə bağlı olan acılı-şirinli həqiqətləri gələcək nəsillərə çatdırmağa borcludular.
Gələcək nəsillər bilməlidir ki, yaxşını yamandan seçmək üçün ilahinin qəzəbindən, nifrətindən yaranmış erməni adlı bir millətin məkrindən canlarını qurtarmaq üçün “nicat yolu” hesab etdikləri Murovdağın 3260 metr hündürlüyündəki “Ömər” aşrımından keçən Kəlbəcər-Göygöl, Kəlbəcərin 2700 metr hündürlüyündə olan sıra dağlarının “Bazardüzü” zirvəsindən keçən Kəlbəcər - Laçın yollarının çəklişinin əsas ideya müəlliflərindən biri Qənbər müəllim olmuşdur. O, həmçinin bu yolların tikintisinin maliyə dəstəkçisi, mexanizatorların, digər sənət sahiblərinin ilhamçısı, şəxsi vəsaiti hesabına “mükafat” verəni olmuşdu.
Unudulmamalıdır ki, bu yollarla iki yüz mindən çox Qərbi Azərbaycandan, Zəngəzur, Göyçə mahallarından qaçqın düşən soydaşlarımız, otuz mindən çox Laçınlı qardaş-bacılarımız, altmış mindən çox Kəlbəcər elim keçib gələrək arxalı düşmənin ağılagəlməz işgəncələrindən xilas ola bildilər. Yeri gəlmişkən bildirirəm ki, əgər bu yolların çəklişinə gələcəkdə qiymət verən bir hakimiyyət olarsa məncə nəticəyə görə Murov dağının zirvəsində Qənbər Şəmşir oğlu Qurbanovun və onun orta məktəb yoldaşı, həmfikri, 50-60 ildən artıq dostluq etdiyi silahdaşı rayon partiya komitəsinin ikinci katibi Təhməz İlyas oğlu Cəfərovun yanaşı hekəlləri qoyulsa allaha da, bəndəyə də xoş olar.
“Kəlbəcərsiz ömür yoxdu” deyən, Qənbər müəllim biz həmvətənləri ilə keçirdiyi tədbirlərdə, yığıncaqlarda tövsiyyə edərək deyirdi ki;- Vətənə gedəcəyimiz günləri həsrətlə sayan ey “Böyük Köcümüz”ün hər bir üzvü, daşı-daş üstə qalmamış yeni tikilən kəlbəcərimizin küçələrinə, meydanlarına Murov dağına, Bəylik- Laçın torpağına yol çəkmək üçün ilk buldozer bıçağı vuran Nəsrəddinin, Çingizin, Telmanın, Əzizin, Vahidin, Mətləbin və onlara tay olan başqa mexanizatorların, sənət sahiblərinin, mühəndislərin adlarının verilməsini unutmayın. Onlar kişilərin başında papaq, qadınların başında yaylıq qalması üçün SSRİ kimi bir qüdrətli dövlətin 60-70 il ərzində görə bilmədiyi işləri bir neçə ilə hökümətin xəbəri olmadan görən əfsanəvi qəhrəmanlardılar. Onları tarixin səhifələrində yaşatmağa hər bir insan oğlu borcludur.
Müdrük müəllimimizin, elimizin ağsaqqalının arzularının ağır və məsuliyyətli yük kimi çiynimizə düşməsi bizlərin qüvvəsini bir daha səfərbərliyə almaqla kəlbəcər tarixinə vurulan naxışlardan biri kimi əbədiləşər.
Onu da xatırlatmalıyam ki, sinəsində neçə qatı açılmamış kitablar yatan bu saz-söz sərrafını həyat müəllimimiz kimi qəbul etdiyimizdən onun çevrəsində saza-sözə, yaradıcılığa olan meylimiz bu gün də zirvədədi. Biz ondan dözümü, səbri, təmkini, saflığı, xeyirxahlığı, qurub-yaratmq həvəsini, pisliyə qarşı yaxşılıq etmək xasiyyətini öyrənə-öyrənə cəmiyyət tərəfindən vətənpərvər, dərd anlayan, yol göstərən ziyalı kimi qəbul edildik.
Qənbər Şəmşiroğlu cəmiyyətdə, xalq arasında təkcə bir rəhbər işçi kimi deyil, əyən yükü düzəldən, dərdlərə şərik olub çarə tapan xeyirxah insan kimi tanınardı. Təzə evlənənlərin, ayrı ocaq olmaq istəyən gənclərin, ziyalıların, yaşlıların tələb və tələbatlarını öyrənib ödəməyə çalışan idi. Onun sərəncamı ilə Kəlbəcər şəhərində, rayonun kəndlərində fərdi evlərin, içtimai yaşayış binalarının tikintisi ən ümdə məsələ kimi həll olunar, qocalar, imkansızlar, fərdi təqaüdçülər, müharibə veteranları üçün dövlət səviyyəsində iş aparılırdı.
Dostluda sədaqətli, eldə hörmətli olan Qənbər müəllim, kəntdə, eldə-obada, cəmiyyətin bütün təbəqələrində müəllim adını şərəflə adının sonuna yazdığı kimi, ailəsində də müəllim kimi qəbul edilmişdi. Qiymətləndirməliyik ki, Dədə Şəmşir də, Güllü nənə də ona Qənbər müəllim, bacı- qardaşlar da “qağam” deyə müraciət edərdilər.
Haşiyə.!! (Mən Qənbər müəllimin qardaşı Ələsgərlə Politexnk institunda bir oxuduğuma, tələbə yataqxanasında bir qaldığıma, bir yoldaşlıq etdiyimə görə ondan öyrənib Qənbər müəllimə “qağa”deyə müraciət edərdim. Bu deyim rəsmi yerlərdən başqa son günümüzədək dəyişmədi.)
Onun mənə qarşı olan diqqəti və qayğısı son dərəcə yüksək idi. Mənim rəhbər işə gəlməyimdə və inkişafımda onun təklifi yetərincə olduğundan 25 yaşımdan rayon rəhbərlərindən biri kimi xalqım tərəfindən tanındım. Bütün titullarıma görə hər zaman həyat müəllimimə minnətdar olmuşam və onun adını uca tutaraq qürur hissi keçirmişəm.
Bu böyük yaradıcı insanın yazdığı kitabların hər bir cümləsi yol göstərənimiz, çəkdiyi misallar xəzinədən payımız, mənliyi, vüqarı qürurumuz, göstərdiyi düz yol həyatımızın mənası, xeyirxahlığını yaşatmağımız səxa-səxavətimizdi.
Aşıq Şəmşirin ailəsində 10 övlad dünyaya gəlib. Bu övladların əksəri də saza-sözə vurğun olduqlarından onların hər biri bədahən şeir, bayatı deməyə qadir idilər. Bu gün onların törəmələri də bu fitri istedadların davamçılarıdılar.
Heç də təsadüfü deyil ki, Aşıq Ələsgər öz övladlarına və yaxın simsarlarına;- “Miskinli törəməsi şair Qurban qançəkənləri ilə sazla-sözlə qarşılaşmayın” deməsi, bu ocağın son nümayəndələrinin hansı qüdrətə malik olmasından xəbər verir.
Qənbər müəllim də ürəyi istəyənlərlə bir süfrə başında xüdmani məclis keçirəndə “Qara sazı” dilləndirər, ya da saz çalmaq bacarığı olanlara meydan verərdi. Elə bu səbəbdən də, övladları, nəvə-nəticələri, bu şəcərə üstə köklənmiş doğmaları da ata-baba sənətini yaşatmaqdadırlar.
Şeirlərinə müsiqilər bəslənən Çavidin, Cabirin, sehirli barmaqları ilə telli sazın pərdələrində möcüzələr yaradan Ələsgərin, Vüqarın, istedad sahibləri Gültacın, Nüşabənin, Bəhlulun, Zaminin, Qabilin və onlarla belə istedad sahiblərini dünyaya bəxş edən Aşıq Şəmşir ocağına “pir” deyib inac gətirməyimizin özü də təbii qəbul edilməlidir. Çünki, bu hikməti, bu qüdrəti verən yalnız yaradandı.
Qənbər Qurbanov və onun vəfalı həyat yoldaşı Füruzə xanım “məktəbinin” qanunlarını hələ uçaqlıq çağlarından dərk edib mənimsəyən övladları, el-obası, xalqı üçün gərəkli olmalarını böyüyüb vəzifə sahibləri olarkən əməli işləri ilə sübuta yetirdilər. Ailənin ilki, iki ali təhsilli Cavid Qurbanov Azərbaycan İnşaat və Memarlıq Universitetini və Elm Təhsil Mərkəzi Təfəkkür universitetini bitirərək mühəndis kimi tikinti idarələrində bir sıra rəhbər vəzifələrdə işləmişdir. Son iş yeri “Azəryolservis” ASC-nin sədri vəzifəsindən də daha məsuliyyətli Azərbaycan Dəmir Yolları QSÇ-nin rəisi vəzifəsinə dəyişdirilmişdi. O, rəhbər işdə işləməklə bərabər elm sahəsini, nə də içtimai fəaliyyətini unutmadığından texniki elmlər namizədidi olmaqla yanaşı, iki çağrış 123 saylı Kəlbəcər seçki Dairəsindən millət vəkili seçilmişdi.
Mübaliğəsis bildirirəm ki, qaçqın-məcburi köçgün düşmüş elinə-obasına onun qədər həyat şəraiti yaradan çox az sayda millət vəkili, vəzifə sahibi tanıyıram. İkinci övlad elinin-obasının sevimlisi ilqarlı, etibarlı İlqar,- həkim, üçüncü övlad Vüqar müəllim, polis kapitanı, birinci Vətən Müharibəsi veteranı, dördüncü övlad Şəhriyar polis polkovniki, rayon polis şöbəsinin rəisi, Aypara xanım müəllimədi.
Qənbər müəllim iştirak edən məclislərdə hamı onun danışmasını, toylarda gənclərə xeyir-dua verməsini gözlərdi. Sinəsi söz, şeir kürəsi olan şəkər dilli bu insan da öz böyüklüyünü, səxa-səxavətini əsirgəməzdi.
Yuxarıda qeyd etdiyim kimi Qənbər müəllim şair-publisist olmaqla yanaşı çox dəyərli, təcürbəli, bacarıqlı rəhbər dövlət işçisi, ağıllı, tədbirli el ağsaqqalı idi. Onun rayon rəhbəri olduğu dövrlərdə rayonumuzun kəndləri arasında avtomobil yolları genişləndi, yeni yollar çəkildi, çaylar üzərində körpülər salındı, ən ucqar kəndlər, binələr elektirik enerjisi, radio, telefonla, maye qazla təchiz edildi, televiziya ilə əlaqədar rayon ərazisinin bir neçə hündür dağlarında ötürüçü stansiyalar quraşdırıldı. Respublikanın əksər şəhər və rayonlarından fərqli olaraq rayonumuzun ən ucqar kəndlərinin hər bir vətəndaşının evindən SSRİ adlı ölkənin ən uzaq yerləri ilə nömrə yığmaqla danışmaq mümkün oldu.
50 ildən artıq zaman ərzində “qağa” deyə müraciət etdiyim iş yoldaşım, yolgöstərənim, ağsaqqalım, uzun müddət müəllim, məktəb direktoru, rəhbər partiya, dövlət vəzifələrində çox böyük hörmətlə işləmiş şair-publisist, “Aşiq Şəmşir” Mədəniyyət Ocağı İçtimai Birliyinin sədri, respublika Ağsaqqallar Məclisi İdarə Heyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, kəlbəcər elinin qiymətli sərvətlərindən biri, Aşıq Şəmşir yadigarı, xalqdan qiymətini almış insan haqqında düşüncələrimi sizlərlə paylaşdığımdan az da olsa öz mənəvi borcumu verməyə çalışdığımdan ruhən bir az yüngülləşsəm də, səd heyif ki, 30 dekabr 2021-ci ildə qartalları qıyya çəkən, başı ağ çalmalı, diş göynədən buz bulaqlı Murov, Sarıdağ, Dəlidağ, Çiçəkli dağlarının hönkürtüsünə şirin laylalı Tərtərim, çoşub çağlayan Tutqunçayım, axarlı-baxarlı Ayrım çayım kədərli bayatıları ilə Misgin Abdal şəcərəsindən olan Qənbər Şəmşir Oğlu Qurbanovun bizlərdən əbədi olaraq ayrılması xəbərini xalqımıza, kəlbəcər elimizə bəyan eylədi.
Yetmiş minlik kəlbəcər elinindən olanlar, Qənbər Şəmşiroğlu adına hörmət və ehtiram göstərən respublikamızın müxtəlif bölgələrindən gəlmiş minlərlə dostlar, qardaşlar qəlblərdə həmişə çıraq yandırmış bənzərsiz xeyirxah insanın dünyadan əbədi ayrılan köçünə qoşularaq son dəfə etiramlamla;- “Məzarın nurla dolsun,” Allah sənə rəhmət eləsin” ey cənnətini bu dünyada qazanmış insan deyərək, acı göz yaşlarını axıtdılar.
Əli Uluxanlı Abdullayev,
Bakı şəhəri,19 yanvar 2022-ci il
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 23-01-2022 22:32
Baxış sayı: 2561
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23