Dünyamızın Xəqanisi, doğum günün mübarək! - "Xan Eyvaz"

18-04-2021 12:37
2015-ci il idi, ustad  Yusif Hüseynlə dərdləşirdik, onda Xəqani Həbiboğlu haqqında mənə ağız dolusu danışır, şeirlərindən misallar çəkirdi. Nə yalan deyim, şeirləri ilk baxışdan tamam fərqli təsir bağışlayırdı, yəni, şeirin mahiyyətin başa düşmək o qədər də asan deyildi. Yusif müəllimlə bir dərdləşməsi var idi ki, Yusif müəllim yazırdı: "Bir şair yaşayır Kür qırağında".  Açığı diqqətimi çəkmişdi bu şair, çünki Yusif müəllim hələm-hələm şairi bəyənməzdi. 
Bir gün dedim ki, ustad, məni o şairlə görüşdür. Allahın bir xoş günündə Yusif müəllim zəng etdi ki, gəl səni Xəqani müəllimlə tanış edim, mən də geyinib, kecinib sevincək getdim görüşməyə. Zəng etdim ki, hardasınız, dedi ki, köhnə Yevlax avtovağzalı tərəfdə bir ucuz çayçı var, çayın da qiyməti 50 qəpikdi, ordayıq. Nəsə salam verdim, görüşdük, oturmaq istəyəndə Xəqani Həbiboğlu üzünü Yusif müəllimə tutaraq dedi ki, ay Yusif müəllim, bu uzunluqda şair olar? Bu ki lap Xan Eyvazdır. Mən də utancaq kənd uşağı, bir az qızardım, bir az da utandım, amma mən də nəsə dedim, yadımda deyil. Xəqani müəllimlə elə ilk tanışlıq burdan başladı. Elə "Xan Eyvaz" adını da şair o vaxt orada verdi məne. Həmin gün şairin öz dilindən bir neçə şeirlərini eşitdim, o şeirlərlə də Xəqani Həbiboğlu və Eyvaz Əyyub dostluğu, əmi-balalıq başladı.  
Bu gün eşitdim ki, əmimin yeni kitabı işıq üzü görüb. Həqiqətən, çox sevindim, çünki Xəqani Həbiboğlu haqqında nə qədər xoş sözlər desəm azdır, çünki bu insan təkcə şair deyil, müəllim deyil, bütün insani keyfiyyətlərin özündə cəmləşdirən bütöv bir şəxsiyyətdir. 
Şairin yaradıcılığını da özü qədər çox istəyirəm. Ümumiyyətlə, "Kəlbəcər poeziyası", "Bakı poeziyası" kimi fikirləri bir vaxtlar qəbul edirdim, amma son dövrlər bunun əleyhinəyəm. Deməyim odur ki, Xəqani Həbiboğlunun şeirləri Kəlbəcər poeziyasından ritminə, intonasıyasına görə, fərqlənir. Aşıq Qəmkəş Allahverdi, İdris Verdiyev kimi dövrünün görkəmli el şairlərinin mənsub olduğu bir ailə də möhkəm təməllər üzərində poeziyaya, ədəbiyyata ayaq açıb, klassik ənənə üzərində öz poeziyasını, dilini yarada bilib. Kəlbəcər kimi zəngin saz-söz mühitində qoşma-gəraylı ritmində çıxıb öz şeirini yazmaq, fərqlənmək çətin məsələdi. Öz istedadı, axtarışları sayəsində bunu da Xəqani Həbiboğlu bacarıb. Ənənəvi Kəlbəcər şeirlərindən olan qoşmaları Xəqani yaradıcılığında çox az təsadüf edilir. Şairi ilk dəfə olaraq "Səni sevilməyə yaradıb dünya" şeiri ilə tanıdım. 
Bu şeirdə təzadlı fikirləri qarşı-qarşıya qoyur və...
Odumu sevənlər külümə gəlmir,
Sevginin nakamı ölümə gəlmir...
Acı söz gəzirəm acıdam səni,
Güldən ağır kəlmə dilimə gəlmir
Səni sevilməyə yaradıb dünya!
Ümumiyyətlə şairin şeirlərinin oxucular tərəfindən sevilməsinin ən başlıca səbəbi özünəməxsus deyimlərin, bənzərsiz bədii təsvir və ifadə vasitələrinin istifadə olunmasıdır. 
18 aprel Xəqani Həbiboğlu günüdür, çünki dünyamıza qədəm qoyduğu gündür. Doğum günün qutlu olsun, əmi. Dünyamızın Xəqanisisən.

Eyvaz Əyyub

Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 18-04-2021 12:37
Baxış sayı: 3320
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını