"Kəlbəcərə üz söykəyib, həsrətin, hicranın girdabından qurtulduq..."

25-11-2021 13:01


Kəlbəcər - ulu olduğu qədər də müqəddəs məkan... Kəlbəcər - tarixin o üzündən bu günümüzəcən yol gələn əcdadlarımızın daş kitabəsi... Kəlbəcər - daşında, qayasında varlığımızı yaşadan ən qiymətli nişanə... Kəlbəcər – qılınc-qalxanlı əcdadlarımızın harayı, hayqırtısı hopan, dəlisov atların kişnərtisinin əks-sədası duyulan ən dəyərli miras... Kəlbəcər - qartalların qıyıyla ayaq tutub yeriyən, qurd ulartısında ninnisi çalınan azman oğulların əmanəti... Kəlbəcər – abidələri, qəsr-qalaları, ziyarətgahları ilə daha da müqəddəsləşən baba yadigarı... həm də ərlər, ərənlər oylağı, isti ana qucağı, cəvahirlər beşiyidi Kəlbəcər.

Dəlisov dağ çaylarının şırıltısı layla, quşların çikklitisi, bulaqların zümzüməsi isə şəfadı. Hər gülün, çiçəyin, hər otun bir loğman olduğunu da yaxşı bilirik. “İstisu” dərdlər çarəsi, çeşid-çeşid meyvələr isə bir məlhəmdir. Əsrarəngiz təbiətin özəlliklərini isə saymaqla qurtarmaz. Həm də sazın, sözün beşiyidir Kəlbəcər. Neçə-neçə söz sərrafı, söz xiridarı, hikmət sahibi, elm fədaisi bu beşikdən qanadlanıb. Hələ şir biləkli azman oğullardan söz açmıram.
...O gün sinəmizə dağ çəkdilər, köksümüzdə od qaladılar, illər ərzində qurduğumuz xanimanları yağmalayıb atəşə verdilər. Dişlə-dırnaqla qazandığımız halal var-dövləti talayıb apardılar. İsti ocağımızdan bizi perik salıb, zülmün, zillətin ağuşuna atdılar. Namusunu qorumağa çalışan qızlarımız əl-ələ verib qayalardan atdı özünü. Düşmənin ölüm məngənəsi bizi nə qədər sıxsa da, dizi təpərli, qolu zorlu vətən sevdalı oğullar qisas gününü - zamanı gözlədilər. Nəhayət, vaxt yetişdi. Düşmənə nifrət hissi və “dəmir yumruq”la silahlanan oğullar torpaqlarımızın bütövlüyünü bərpa etdi.



İstəkli yurddaşlarımız, Kəlbəcərdən əbəs yerə söz salmadıq. Axı bu gün Kəlbəcərin azadlığa qovuşduğu gündür. Elə bu münasibətlə şair-jurnalist Namiq Dəlidağlı və aşıq Şəhriyar (Həsənli) Kəlbəcərli ilə görüşməli olduq.

-Namiq müəllim, belə bir əlamətdar gündə xoş gördük sizi.

-Çox sağ olun, Ötərxan bəy, dəvətiniz üçün təşəkkür edirəm və bizi duyan hər kəsi ürəkdən salamlayıram. Bu gün bizim üçün gerçəkdən qürurverici, xoş bir gündür. Məhz bu gün Kəlbəcərimizin işğalından deyil, Kəlbəcərimizin düşmən tapdağından azad olunmasından – Zəfərimizdən söz açırıq. Nə xoş bizim halımıza ki, bu günü gördük.

-Namiq müəllim, eşitdim ki, Kəlbəcər azad olunar-olunmaz yol salmısınız dədə yurduna. Maraqlıdır, Kəlbəcər sizi necə qarşıladı? Sinəsinə çəkilən dağı unudub bağrına basdımı sizi? Bəs dağların yeli necə, sığal çəkdimi telinizə? Bilirəm ki, uzun illərdən sonra Kəlbəcərdə keçirdiyiniz hissləri sözlə ifadə etmək sizin üçün olduqca çətindir. Amma söz adamının təəssüratları hər kəs üçün maraqlı olar.


-Çox ağrılı və kövrək məqama toxundunuz. Sözsüz ki, Kəlbəcərə getmək hər bir Kəlbəcərlinin ən böyük arzusu, istəyidir. Və şükürlər olsun ki, o gün mənə də qismət oldu. Nə qədər oranı arzulamaq, ora getmək mənə xoş olsa da, ağrılı tərəfləri, məqamları da az olmadı. Sözsüz ki, dağlar da yerindədi, sıldırım qayalar da, bulaqlar da, axar çaylar da. Qartallar öz qıyında, canavar öz ulartısındadı. Amma çatışmayan çox cəhətləri, tərəfləri də var. Yağı düşmən bütün evlərimizi dağıdıb, alt-üst eləyib, daşı-daş üstə qoymayıblar. Yəni biz Kəlbəcəri abad, gözəl bir yurd yeri kimi qoyub çıxmışdıq (didərgin düşmüşdük). Amma dönəndə dediyim kimi kəndlərimiz, müqəddəs ocaqlarımız xarabalığa çevrilib, sanki min ildir ki ayrı dümğşmüşük...

-Ağrılı düşüncələriniz böyük şairimiz Məmməd Aslanı xatırlatdı mənə:
Yüz Kəlbəcər qayıtsa
Qayıtmaz o Kəlbəcər, - demişdi böyük ustad.


-Amma bu günümüzə çox şükür! Bu gün Kəlbəcərdə Azərbaycan ordusunun, əsgərlərimizin nəfəsi duyulur. Yerlərimizi, yurdlarımızı, sərhədlərimizi Azərbaycan əsgəri qoruyur, bu bizim üçün çox qürurvericidir. Sözsüz ki, bayaq qeyd elədiyim kimi ağrıdım, göynədim, doğulduğum yurd yerini görəndə, dağılmış evimizin divarlarını görəndə. Həm də şükür elədim ki, İlahi, 30 ilə yaxın bir müddətdən sonra mən bu müqəddəs yurdu ziyarət eləmək imkanında oldum. Bu günümüzə min kərə şükürlər olsun. Bu günü bizə yaşadan hər kəsin əllərindən öpürəm, Azərbaycan ordusu, Azərbaycan əsgəri var olsun! Qazilərimizə can sağlığı diləyir, şəhidlərimizin məzarı önündə baş əyirəm. Nəhayət ki, uzun müddət həsrətində olduğumuz o yerlərə qovuşduq, ocaqlara baş çəkdik.
Ötərxan bəy, az öncə qeyd etdiyim kimi, kəndimizi, evimizi ziyarət etmək fürsətim oldu, amma təəssüflər olsun ki, uşaqlıq və gənclik xatirələrim divarlarına hopan evimizdə qala bilmədim. Qeyd elədiyim kimi, düşmən daş üstə daş qoymayıb. Elə o təsirdən yaranan bir şeiri səsləndirmək lap yerinə düşərdi, çünki hər bir köçkünün ağrısı, göynərtisidi bu şeir.

Şər qarışdı, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim-
evimdə yata bilmədim...

Neçə ildi həsrət çəkən,
dam - daşına qübar çökən,
atam tikən, düşmən sökən,
evimdə yata bilmədim.

Taledi - bir sınaq kimi,
qınaq yox bu qınaq kimi:-
bircə gecə qonaq kimi
evimdə yata bilmədim...

Sərin-sərin yuxum gəldi,
(yeri sərin, yuxum gəldi,)
elə şirin yuxum gəldi,
evimdə yata bilmədim.

Gözlərimdən min ah dərən-
yuxularım pərən-pərən.
Xatirələrim bar verən,
evimdə yata bilmədim.

Arzuma çatıb - dincəldim,
başımı qatıb dincəldim.
Yollarda yatıb dincəldim,
evimdə yata bilmədim!

-Həqiqətən də bu kövrək, duyğusal misralarla məni qaytardınız o uşaqlıq, gənclik çağıma, Namiq müəllim. O vaxt həyətimizdəki gilənar ağacının dibində oturub göz işlədikcə uzanan ucsuz-bucaqsız çölləri, meşələri, dağı-daşı seyr eləyirdim. Xəyal gəmisindən ayrılmaq çətin idi. Elə bəxtərvər idim ki... Hələ sayrışan ulduzlara tamaşa etməyin əsrarəngizliyini demirəm. Əsas odur ki, o zamana dönməyimizə az qalıb.

-Sözsüz, mən elə bilirəm uzaqda deyil o gün. Biz tezliklə yenə də Kəlbəcərimizə və digər işğaldan azad olunan yurd yerlərimizə dönəcəyik, özü də birdəfəlik dönəcəyik.

-Söhbətin bu məqamında aşıq Şəhriyarı dinləmək – sazın sehrinə düşmək göynəyən sinəmizə məlhəm olar elə bilirəm.

-Ötərxan müəllim, bizə ayırdığınız vaxt üçün dərin təşəkkürümü bildirirəm. Kəlbəcərin adı çəkilən vaxta, saata görə sizə minnətdaram. Mən də bir kəlbəcərli olaraq, bütün kəlbəcərliləri, Azərbaycan xalqını təbrik edirəm ki, əziyyətlə olsa da, güclə olsa da, qan bahasına olsa da, işğalda olan torpaqlarımızı bizə qaytardılar. Var olsun milli ordumuz, var olsun əsgərlərimiz, var olsun xalqımız və Ali Baş Komandanımız. Və Kəlbəcərdən söz düşmüşkən “Kəlbəcərə dönürük” adlı bir şeir payı da məndən olsun.

İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük...

Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dür daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...

Kimin düşsə bu yerə güzarı- sevinəcək,
qalmayacaq ağrısı-azarı, sevinəcək.
...Uluların torpağı-məzarı sevinəcək,
Kəlbəcərə dönürük...

Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik,
məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
Kəlbəcərə dönürük...

Günahkar tək yanına salıb qol-qanadını,
xəcalət çəkib deməz daha heç kim adını,
tarixin arxivinə atdıq "köçkün" adını,
Kəlbəcərə dönürük...

Acısını dadmışıq görün neçə il qəmin,
daha ağrısın çəkmir ürək dərdin, dil qəmin,
gözü aydın Şahbazın, gözü aydın Dilqəmin,
Kəlbəcərə dönürük...

Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov, hər vaxtın xeyir,
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
Kəlbəcərə dönürük... (N.Dəlidağlı)

-Var ol, aşıq. O gün olsun ki, Kəlbəcərin ən yüksək zirvələrində Murovun Çamışdağın, Güzgülünün, Ömərin, Çiçəkli dağın, Dəlidağın, eləcə də Qırxqızın, İşıqlının zirvəsindən havalandıraq şəhərin səs-küyündə itib-batmaqda olan havalarımızı. Əllərin ağrımasın, aşıq qardaş, - deyib, üz tutduq Namiq müəllimə.



-Namiq müəllim, bu gün Kəlbəcərin azadlığının bir yaşı tamam olur, bu gün qarlı zirvələrdə - düşmənlə sərhəddə bayrağımız dalğalanır. Bu gün müzəffər ordumuzun əsgərləri qoruyur sərhədimizi. Qürurludur, elə deyilmi?

-Çox, həm də lap çox. Mən Kəlbəcərə gedərkən yol boyu ordumuzun əsgərlərini gördükcə, bir Azərbaycan vətəndaşı kimi, bir Kəlbəcərli kimi hansı hissləri keçirdm, onu Tanrı bilir. Təbii ki, xoş hisslər, gözəl hisslər... adamın qarşısını lap belə Azərbaycan əsgəri kəsə, lap elə yeri gələndə hara gedirsən?! deyə, qadağalar ola, bir az ləngidə səni, bunun hamısı olduqca xoşdur. Ona görə ki, sənin torpaqlarını, sənin ərazini, sənin sərhədini milli ordun qoruyur. Düzdür, biz 1993-cü ildə Kəlbəcərdən çıxanda artıq Azərbaycan özünün müstəqilliyini elan etmişdi. Amma ordumuz formalaşmamışdı hələ. Amma bu gün şükürlər olsun ki, Azərbaycanın çox güclü bir ordusu var. Azərbaycan əsgərinin adı çəkiləndə hər bir Azərbaycan vətəndaşı o adın qarşısında təzim eləyir. Etiraf eləyək ki, işğal dövründə nə qədər ordumuz döyüşsə də, Azərbaycan əsgəri o vaxt da müqəddəs torpaqlar uğrunda mübarizə aparsa da nəticə əldə bilmədik. 30 ilə yaxın bir zamanda torpaqlar işğal altında ola, doğrudan da çətin və ağır dərddir. Bu gün harada bir əsgər görürüksə, hər birimiz onu öz balamız hiss edirik. Bu gün bizim üçün çox qürurludur. Həm də ona görə ki, bu gün - 25 noyabr günü Kəlbəcərin işğaldan azad olunduğu gündür.

-Haqlısınız Namiq müəllim, ona görə hər birimiz qürurluyuq ki, Azərbaycan əsgəri namərd düşmənin 30 ildə qurub yaratdığı o səngərləri, o aşılmaz baryerləri, özləri haqqında yaratdıqları mifi, keçilməz sədləri Azərbaycan oğlu öz sinəsi ilə dəlib keçdi. Həqiqətən də düşmənin tankının, topunun, silah-sursatının qarşısına bir çox döyüşlərdə demək olar ki, əliyalın çıxdılar, əlbəyaxa döyüşərək namərd düşməni geri oturtmağı bacardılar. Keçilməz Ohanyan səddini Azərbaycan oğlu qısa bir zaman ərzində darmadağın etdi. Və düşmən də ağlına gətirə bilməzdi ki, həqiqətən də Azərbaycan ordusu bu illər ərzində bu qədər güclənə bilsin. Düşmən bu gün də o dəmir yumruğu öz başında hiss eləyir. O dəmir yumruğun sayəsində və eləcə də xalqımızın birliyinin, bütövlüyünün vəhdəti bizi o torpaqlarımıza – Laçınımıza, Ağdamımıza, Kəlbəcərimizə qaytardı. Əlbəttə ki, ordumuz və xalqımızla fəxr etməliyik.

-Bir məqamı qeyd eləyim, siz də doğru vurğuladınız, xalqla ordunun birliyi, mənəvi bağlılıq prioritet olmalıdır. Siz təsəvvür eləyin, ola bilər ki hər hansı bir sıravi vətəndaşda, yaxud əsgərdə ruh düşkünlüyü olsun, o zaman ən müasir silah belə onun əlində bir dəmir parçası kimi olacaq. Amma o torpağa bağlılıq, xalqla ordunun birliyi, xalqla prezindentin - Ali Baş Komandanın birliyi nəticədə torpaqlarımızı azad elədi. Mən Azərbaycan xalqını həmişə bütöv görmüşəm, xalqıma da böyük hörmətim var, amma bu dəfəki birlik göstərdi ki, Azərbaycanın bir qarış torpağı belə yağı düşməndə qala bilməz. Sözsüz ki, hər şeyin öz məqamı var idi, vaxtı var idi. Elə bu da məqam imiş, vaxt imiş.

-Söz adamı hər zaman yüklü olur, elin dərd yükünü daşımaq bir yana, söz yükünün də öz çəkisi var. Həvəsdən doğanda yüngül, fitrətdən doğanda ağır, yəni sanballı olur söz. Elə öz dilinizdən duyaq ilmə-ilmə naxışlanan sözün ətrini, şeri boxçasını deyirəm Namiq müəllim.

-Çox gözəl vurğuladınız. Söz mənim üçün elə müqəddəsdir ki, inanın, bir çox hallarda içimdən gəlir ki, mən and içəndə, kimisə inandıranda sözə anda içim, sözə tapınım. Yəni yaradıcı adamlar üçün söz gerçəkdən çox müqəddəsdir.

-Yəni deyə bilərik “söz haqqı”, “kəlmə haqqı?”

-Əlbəttə ki...
Ötərxan bəy, söhbətimizin davamı kimi bir məqamı vurğulamaq istyirəm. Torpaqlarımızın xeyli müddət işğalda qalması hər birimizə bir dərd, bir ağrı idi. O cümlədən o yerə, o yurda bağlı olan insanları daha çox ağrıdırdı. Anam 2015-ci ildə 85 yaşında dünyasını dəyişdi (Allah cəmi dünyasını dəyişənlərə rəhmət eləsin.) Mən isə 22-23 yaşlarında o yurdu tərk eləmişdim, ancaq anam kimi anaların, hətta ataların o yerə bağlılığı daha çox idi. Son günlər, son aylar oralara qayıtmaq üçün anamın danışığında, gözlərində, elə bütün davranışında bir dirəniş hiss edirdim. “Kişisiniz, silahlana bilərsiniz, döyüşə bilərsiniz, bəs o yerə, o yurda niyə qayıtmırsınız?!” -deyə hayqırırdı sanki. Və demirəm bu, kişi olaraq mənim, döyüşmək imkanı olan bir adamın acizliyi idi, amma o məqamlarda biz torpaqlarımızın azad olunması üçün meydana atıla bilmirdik. Onda anama bir etiraf şeiri yazmışam...

Nə umub küsürsən, qurbanın olum
Bağlanıb bənd-bərə, aparammıram.
Məndə təpər yoxu, düşməndə insaf
İncimə boş yerə, aparammıram.

Söndü o yuvanın odu, ocağı
Yoxdu bizdən daha bir umacağı
Unut Dəli dağı, Novlu bulağı
Öyrən bu şəhərə, aparammıram.

Yanırsan, göylərə bülənddir tüstün
Görürəm çox vədə vurmuram üstün
Çəmənlər pərişan, çiçəklər küskün
Qan tökür dağ, dərə, aparammıram.

Ta demirəm sağlıq olsun ay ana
Boşalanlar bir də dolsun ay ana
Namiq adlı oğlun ölsün ay ana
Səni Kəlbəcərə aparammıram.

-Acı bir etiraf oldu. Ananın Vətən harayı, Vətən hayqırtısı qarşısında oğulun çarəsiz etirafı qəlb sızladır, ürək göynədir. Amma çox şükür ki, o günləri geridə qoyduq və inanıram ki, bütün dünyasını dəyişmiş ana və atalarımızın hər birinin ruhu şaddır. Şaddır ona görə ki, biz döyüşərək, qan tökərək o torpaqları azad etdik və düşmənə yerindəcə diz çökdrməyi bacardıq.

-Elədir, Ötərxan bəy, orada dəfn olunan analarımızın, atalarımızın, məzarlarının gözü yolda qalan ulularımızın bu gün sözsz ki, ruhu şaddır. Mən atamı çox erkən itirmişəm, məzarı Kəlbəcərdə - doğulduğum Çovdar kəndində idi. Ziyarətə gedəndə Tanrıdan bir diləyim vardı. Ora qədər gedim, atamın məzarını ziyarət eləyim, ondan sonra heç bir arzum olmayacaq. Və bu gün də inanın, səmimi deyirəm, sözsüz ki, insan yaşamaq istəyir, arzudan arzu doğur, yaşın məqamına baxmır arzular. Amma mən həyatımda ən böyük arzuma çatdım - atamın məzarını ziyarət elədim. 1993-cü ildə kəndimizi tərk eləyəndən sonra yazdığım bir şeiri atamın məzarı başında söylədim və bir övlad kimi, demirəm borcumdan çıxdım, amma bir arzum hasil oldu. Allah hər kəsə nəsib eləsin, qismət eləsin, o müqəddəs ocağı və ulularının məzarını ziyarət eləməyi. Bunun özü də bəxtəvərlikdir.

-Həqiqətən də elədir.
İndi də Kəlbəcərin aşıq oğlunu – Şəhriyarı dinləyək, daha doğrusu, sazın sehrinə, şeirin ətrinə bələnək. Vətənoğlu cameəsinə səcdəyə enək.

Əslim, nəslim o torpaqdan yaranıb
Ulu babam olub Kəlbəcər mənim.
Ümidim, pənahım, köməyim, arxam
Elim, obam olub Kəlbəcər mənim.

Qüvvətim, qüdrətim, gücüm, biləyim
Hissim duyğum, ruhum, qəlbim, ürəyim
Tükənməz sərvətim, halal çörəyim
Abu havam olub Kəlbəcər mənim.

Atam, anam, bacım, qardaşım, balam
Çiçəyim, nərgizim,bənövşəm, lalam
Sütunlu sarayım, möhtəşəm qalam
İsti yuvam olub Kəlbəcər mənim.

Bəhmənəm, mən ona könüllü nökər
Ondan ayrılandan gözüm qan tökər
Ləhcəmdə şirinlik, sözümdə şəkər
Dilimdə tam olub Kəlbəcər mənim.

Atam-anam olub Kəlbəcər mənim.
Əziz balam olub Kəlbəcər mənim.

-Bəhmən Vətənoğlu böyük şair idi. Heyif, Kəlbəcər deyə-deyə köçdü dünyadan. Gəncədə bir çinar ağacına sığınmışdı, deyirdi ki, bu çinar mənə Kəlbəcəri xatırladır. Səhv etmirəmsə, o çinarın budaqlarından neçə-neçə qoşma, gəraylı nəqş eləmişdi.

“Əllidə ələnənlər”in səhifələrindən ələnən nisgil qarışıq Vətən sevdası duyğuları tarıma çəkib fəğan elədi. Divar uçdu, tavan çökdü, xəzan vurdu, bel əyildi, diş korşaldı, göz qamaşdı. Amma nə yaxşı ki, inam və ümid ölmədi. Cücərdi, pöhrələndi, çiçəklədi, bar verdi - evimizin daşı, ürəyimizin başı üşüsə də...

Düşmən gülləsindən qaya çapılıb
Həsrətdən dağların qaşı çatılıb
Sınıq pəncərəli, sınıq qapılı
Allah evimizin daşı üşüyür.

Dəli bir haraya kökləndi qəlbim
Dərd yükü çəkməyə köhnədi qəlbim
Dərin bir ah çəkdim göynədi qəlbim
Ağladım gözümün yaşı üşüyür

Gədiklər, bərələr tar bağlayıbdı,
tavana əl dəymir, tor bağlayıbdı.
Yolları, izləri qar bağlayıbdı,
bu fəsil bir kəndin qışı üşüyür.

Bu yaram sağalmaz, loğman, ha sarı,
toxunsan artacaq ağrım-azarım-
Orda, yad əlində ata məzarı,
burda ürəyimin başı üşüyür.

-Namiq müəllim, mənə elə gəlir ki, artıq ürəyinizin başı da hərarətlənib, gözünüzün yaşı da. Çünki o doğma torpağa ayaq basmaq qismətiniz, buz bulaqlarda, sərin yaylaqlarda gəzmək nəsibiniz oldu. İstisudan – şəfalı bulaqdan dodaqlarınıza sürtməyi bacardınız, buz çeşmələrdə əllərinizi yudunuz, dağların yeli telinizə sığal çəkdi. Bəxtəvərlik deyilmi?

-Bəli, Ötərxan bəy, torpaqlarımız azad olunmamışdan qabaq yazılmışdı az öncə söylədiyiniz o şeirlər. Bunun özü də bir tarixdir, həm də bizdən sonrakı nəsillərə bir mesajdı, ismarıcdı ki, 30 ilə yaxın torpaqlarımız işğalda olub. Və sanıram ki, bir daha o ruhda şeirlər yazılmayacaq. Artıq torpaqlarımızın bənzərsizliyi, yurdlarımızın gözəlliyi tərənnüm olunacaq misralarda. Çox heyif ki, 30 il ərzində Kəlbəcərin gözəlliyini vəsf edə bilmədik, qəmli, kədərli, nisgilli misralara könlümüz süfrə oldu. Hər birimiz yaxşı bilirik, ki, Kəlbəcərin özünün ədəbi mühiti var. O qələm sahiblərinin şeirləri dillər əzbəridir. Və bu müddət ərzində gözəl şeirlər yazılıb, o şeirlər ağrıdan, göynərtidən doğsa da, hər biri dəyərli poeziya nümunəsi oldu.

-Yəni poeziyamızada hicranı vüsal əvəzləyəcək.

-Təbii.

-Qeyd etdik ki, Kəlbəcər sazın, sözün beşiyidir. Həqiqətən də elə Kəlbəcərin adı çəkiləndə öncə saz yada düşür, o saz həm də ruhumuzun laylasıdır. Elə əcdadlarımızda döyüşə gedərkən bir əlində qılınc, bir əlində qopuz olub, Namiq müəllim.

-Bu gün Kəlbəcər aşıqları arasında gənclər üstünlük təşkil edir. Bu illər ərzində nə yaxşı ki, saz, söz unudulmadı. O cümlədən bu gün bizimlə çiyin-çiyinə olan, özünəməxsus ifa tərzi ilə seçilən şirin barmaqların sahibi Şəhriyar Kəlbəcərlinin adını qeyd etmək olar. Mən onu xeyli vaxtdır tanıyıram. Həqiqətən də yaradıcılıqda öz dəsti-xəttin olmadısa, əriyib gedirsən, necə deyərlər, itib batırsan. Amma Şəhriyar fərqlidir, öz yolu, öz cığırı, öz izi var.



-Namiq müəllim, Şəhriyara söz verməzdən əvvəl, qeyd edim ki, həm də Kəlbəcərin dizibərk, qorxmaz, cəsarətli, azman oğulları var. Kəlbəcərin təşəkkül tapdığı gündən bu günəcən Kəlbəcərin varlığı üçün çanından keçməyə azır olan Mahir kimi, Sərdar kimi, Şahlar kimi igidlərimiz olub. Onlar bir deyil, beş deyil... Həm birinci Vətən müharibəsində, həm də 44 günlük Vətən müharibəsində qoç oğulların qəhrəmanlıq tarixi Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazıldıb. Bəlkə onların döyüş yolunu vərəqləyək?

-Doğru vurğuladınız, Kəlbəcər təkcə söz sərrafları ilə tanınmır. Torpaqlarımızın azadlığı uğrunda Kəlbəcər də az şəhid verməyib. İstər Birinci savaşda, istərsə də 44 günlük Vətən müharibəsində kəlbəcərlilər də bir əsgər olaraq bütövlüyümüz uğrunda döyüşdü. Elə bu məqamda istəyirəm ki, bütün şəhidlərimizin ruhuna sayqı və etiramla şəhid Daşqın Şəfiyevə həsr elədiyim şeiri diqqətinizə çatdırım. Yəqin ki, xatırlayırsınız, sosial şəbəkələrdə hələ sağlığında ikən fenomenə çevrilmişdi. O Daşqın Şəfiyev ki, “30 ilə alınmayan Qarabağı aldılar, amma məni alan olmadı” deyən bir qıza söz vermişdi ki, müharibə qurtaran kimi səni özüm alacam. O təsirli mqamlar məni da dara çəkdi. Pəjmürdə duyğularımı cəmləyib qafiyələşdirdim.

Savaşda Ana yurdun
dadına yetən oğlan.
Canı, qanı, ruhu,
varlığı-Vətən oğlan!

Vətənlə bir can oldun,
gülləyə nişan oldun.
Sinəsi şan-şan oldun,
yaralı bədən oğlan!

-Onu alacam- dedin,
yalanmı çıxdı vədin?!
Niyə geri dönmədin,
dönmədin nədən, oğlan?!

O qız pozdumu andı,
kim deyir adaxlandı?!
Dönəcəksən - inandı,
söz verib gedən oğlan...

Şəhriyarın barmaqlarının harayı səsinin ahəngini poza bilmədi. Cavid Qənbəroğlunun ruhundan süzülən misraları dilə gətirəndə qulaqlar diqqət kəsildi sözün lətafətinə...

Gözün aydın məmləkətim
Dağlar bizim dağlar oldu.
Allah bizi sevindirib
Dağlar bizim dağlar oldu.

Bu gün ayrı cürdür səhər
Boğmur məni daha qəhər
Nə gözəldir müjdə, xəbər
Dağlar bizim dağlar oldu.

Çin çıxıbdı yuxum baba
Elin gəlib axın baba
Qoy ruhun şad olsun baba
Dağlar bizim dağlar oldu.

Canım, qəlbim, ruhum Vətən
Sonuncu ünvanım Vətən
Kəlbəcərim, canım Vətən
Dağlar, bizim dağlar oldu.

İstəkli oxucular, bir daha xatırladım ki, bu gün Kəlbəcərin azadlığının bir yaşı tamam olur. İnanıram ki, söz mülkünün abidi Namiq Dəlidağlı və aşıq qardaşımız Şəhriyar Kəlbəcərli ilə o dağlara yol salacağıq. Alagöllərdə, Zod aşırımında, lap Basarkeçərin Göyçə üzündə çubuqdan şiş düzəldib kabab çəkəcəyik. Buz bulaqdan doyunca içib o yerləri yenidən bizə bəxş eləyən əsgərlərimizin canına dualar oxuyacaq, şəhidlərimizi yad eləyəcəyik. O yerlərdə görüşmək ümidi ilə hər birinizə can sağlığı arzulayıram.



Bəli, namərd düşməni geri çəkilməyə məcbur etdik. Çəkildilər. Tək-tək salamat qalmış ocaqları söndürərək çəkildilər. Kəndləri oda qalayaraq çəkildilər. Bu azmış kimi nəhəng ağacları doğrayıb daşıdılar İrəvana. Doğranmış ağacların yerinə mina əkdilər. Uduzduqları üçün hətta daşdan, qayadan, ağacdan qisas aldılar. Nə qədər məkrli, alçaq, riyakar olduqlarını bir daha əməlləri ilə sübut etdilər. Amma Azərbaycan oğulları əkilmiş minaların fərqinə varmadan Kəlbəcəri bağrına basdı. Kəlbəcərə üz söykəyib həsrətin, hicranın girdabından qurtuldu.
Ana yurdda can verdik ki, cana gəlsin torpaqlar, torpaqlarda qan verdik ki, gül-çiçəklər qana gəlsin. Canımızdan, qanımızdan rişələnsin təbiət. Bacardıq. Beləcə, güllər açdı, təbiət təravətləndi, ruhlar şadlandı, könüllər sevindi. Sevgi dolu günlər arzusyla... bir yaşın mübarək, azad Kəlbəcər!

Ötərxan ELTAC
Dalidag.az


Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 25-11-2021 13:01
Baxış sayı: 4934
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını