"Bu gün dost-tanış əllərmi sıxırdı – Ad günümü təbrik etmək üçün..." - Rafiq Oday

23-07-2020 17:12



Əslində Rafiq Odayın doğum günü iyulun 23-dü. Bildiyiniz kimi 1993-ü ilin bu günü Ağdam yağı tərəfindən yağmalanıb. Ta o vaxtan indiyə kimi Rafiq Oday doğum gününü 1 gün "irəli" çəkir. Və 27 ildir ki, Rafiq Odaya doğum gününü vaxtında qeyd etməyi arzulayırıq. Yenə də o istəkdəyik.
Rafiq Odayı doğum günün münasibətilə təbrik edir, xoş günlər, yaradıcılıq uğurları diləyirik. Və ağrıdan yoğrulmuş bir neçə şeirini oxuculara təqdim edirik:


***

23 iyul – Ağdamın və ruhumun işğal gününə

Ağdam –
ağrılarımın ən gözəli,
dərdlərimin ən göyçəyi.
Ağdam -
saçımın buludu,
gözümün eynəyi...
Bu gün dost-tanış əllərmi sıxırdı –
Ad günümü təbrik etmək üçün...
Elə bil qan verən
yaramı sıxırdılar və
hər sıxdıqca qan fəvvarə vururdu
barmaqlarımın arasından...
Bu gün üzümdən, gözümdən
öpürdülər
yaxınlar, əzizlər...
Sanki dərdimin
üzündən öpürdülər...
Bu iltifatdan
dərdim bir az da əzizlənir,
bir az da şirinləşirdi...
Düz 25 ildi
bu dərd daş olub başıma düşüb,
qaya olub ürəyimdən asılıb,
Düz 25 ildi bəsləyirəm, əzizləyirəm,
Göz yaşlarımla suvarıram...
...Və hər il gözlərim yollarda,
ümidlə gözləyirəm
çəkdiyim əziyyətlərin,
iztirabların
bəhrəsini görüm deyə...
Birdən kimsə Ağdamdan
müjdə gətirdi, -
dərdimi sinəmdən dərdi deyə.
Amma...
Əfsuslar olsun ki, bu il də
gözlərimin yaşı qurumadı,
Sinəmin qayası asıldığı yedə qaldı...
Fərq onda oldu ki,
qayanın bir talası da mamırladı,
yosunlar bir barmaq da böyüdü...
Böyüyən dərdim kimi,
axan göz yaşım kimi...
Bir də ömür tarixçəmdə
Bir rəqəmi digəri əvəzlədi...
Və bir də...
hardasa bir sevinc boynubükük halda
növbə gözləyir
dərdi və ağrını əvəzləməyə...
Ürəyində:
“Tanrım, bu növbə nə uzun çəkdi”
hayqırtısı...


KEÇIR

Öz günümə ağlamıram,
Günüm ağlamaqdan keçib.
Ağlamağın faydası nə?
Gülüm, ağlamaqdan keçib.

Qısıl yaşa tək içində,
Öz dərdini çək içində.
Ömrümüz ələk içində,
Qəddimiz yumaqdan keçir.

Tərk olduq təkə dönüncə,
Biz ürkə-ürkə dönüncə,
Çuxamız kürkə dönüncə,
Bəlkə yüz yamaqdan keçib.

Bu həyat bir qəm sandığı,
Kim açsın, de, kim, sandığı?
Ac balığın yem sandığı
Ölümü qarmaqdaq keçir.

Haqqın uvandı, tərsi bir,
Haqq oğlu haqqa nə Sibir?!
Dolanmaq başın nəsibi,
Dolamaq, barmaqdan keçir.

Tanısa qəmlər yaxanı,
Kim tikər qəmlər yıxanı?
Naz ilə qəmlər yaxanın
Sevgisi bu baxtdan keçir.



YAŞAYAQ

Ver, dünya, yükün çoxunu,
Çəkim, beləcə yaşayaq.
Ürəyimə qəm toxumu
Əkim, beləcə yaşayaq.

Özgə dərd arama nolar?!
Yaraşır harama, nolar?!
Toxunma yarama, nolar?! –
Həkim, beləcə yaşayaq.

Bu qapıya yoxmu bir çəm,
Ay insafsız – birim, bircəm.
Qısıl mənə olaq bir cəm, –
Təkim, beləcə yaşayaq.

Qəzəl desin, şeir desin,
Şər desin, ya xeyir desin.
Boş ver, qoy nə deyir – desin,
Hər kim, beləcə yaşayaq.

Ərkini geyib əyninə,
Alma lap məni eyninə.
Barı eylə ürəyinə
Təhkim, beləcə yaşayaq.

ARTIQ

Yeni dünya düzəninin
Təməli görünür artıq.
Şeytanların, iblislərin
Əməli görünür artıq.

Bu sözə qul oldu bizlər:
“Nəfsi toxlar əyilməzlər”.
Min illərlə yeyilməzlər,
Yeməli görünür artıq.

Bir “Xəndək” var, bir “Xeybər” var,
Gör nə qədər bixəbər var.
Nə “xeyir”dən bir xəbər var,
Nə “bəli” görünür artıq.

Sonu varmış sabahların,
Göyə bülənd bu ahların,
Yerli, yersiz günahların,
Bədəli görünür artıq.


YAZIĞIN GƏLSIN

Çiynini fil yükü altına vermə,
Qarışqa, özünə yazığın gəlsin.
Misqalla ölçülən öz yükün ilə,
Barış qal, özünə yazığın gəlsin.

Çox da ömrü boyu əkin əkməyən,
Həmişə sahibdi dolu təknəyə.
Olarsan özgənin yükün çəkməyə
Alışqan, özünə yazığın gəlsin.

Dönməmiş uğruna it ulyanlara,
Dinməzcə qoşul yat uyuyanlara.
Mənəmlik havasın at – milyonlara
Qarış qal, özünə yazığın gəlsin.

Özü bir oyundu, düzü, dünyanın,
Seyrəlir birbəbir düzü dünyanın.
Edərlər başına düzü-dünyanı,
Darısqal, özünə yazığın gəlsin.


QALMADI

Bu gün olanlar oldu ta,
Sabaha nəsə qalmadı.
Yollar yoxuşa dirəndi,
Getməyə kəsə qalmadı.

Son ümid də axtalandı,
Gözlərdə qan laxtalandı.
Fələk satan, bəxt alandı, -
Biz düşdük nəhsə, qalmadı.

Dan söküldü, qürub getdi,
Yalandan vay qurub getdi.
Gedənlər hayqırıb getdi,
Bir söz də pəsə qalmadı.

Gülüm, saçların qulacdı,
Baxdım – gözümdə gül açdı.
Dünya yaxşıya qol açdı, -
Heç zaman pisə qalmadı.

Bu son bir başlanğıc ola,
Eşidən başdan qıc ola,
Kim görüb ki, eşq qocala, -
Adəmdən bizə qalmadı.

Rafiq Oday


Kateqoriya: Karusel / Sosium
Tarix: 23-07-2020 17:12
Baxış sayı: 4626
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını