R

25-12-2019 16:25
Ramiz Qusarçaylı (Həmzəyev Ramiz Mürsəl oğlu) 1958-ci ilin dekabr ayının 25-də Quba rayonunun Çartəpə kəndində anadan olmuşdur. 8 illik təhsilini Çartəpə kəndində, orta təhsilini isə Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbdə (1974-1976) almışdır. 1977-1979-su illərdə ordu sıralarında xidmət etmişdir. Xidmət zamanı Piyada Döyüş Maşınında (BMP) atıcı-operator olmuş, təlimlərdə göstərdiyi şücaətlər barədə Moskvanın “Krasnaya Zvezda”, Zaqafqaziya Hərbi Dairəsinin “Leninskaya Znamya” qəzetlərində oçerk və məqalələr dərc edilmişdir. Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Bakı Politexnik Universiteti) mexanika, Moskva Dövlət Sosial Universitetinin hüquqşünaslıq fakultələrində təhsil almış, Bakı Baş Tikinti İdarəsində, “Elm və Həyat” jurnalı redaksiyasında, “Zaman” Beynəlxalq qəzetində,Tula və Donetsk vilayətlərində, Quba rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Azərbaycan Respublikası “Azərmətbuatyayımı” ASC-nin 5 saylı Regional “Mətbuatyayımı” İdarəsinin rəisidir.Ramiz Qusarçaylı yaradıcılığa erkən uşaqlıq illərindən başlamış, “Bağban” adlı ilk mətbu şeiri 1975-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilmişdir. 17 yaşında ikən xalq şairi Osman Sarıvəlli ona “Qusarçaylı” təxəllüsünü vermiş, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edərək uğurlu yol diləmişdir. 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaratmış və hazırda məclisə sədrlik edir. 1994-cü ildə “Ay işığı” adlı ədəbi məclisinin bazasında Azərbaycan Yazıçılar Birliyi Quba bölməsi təsis olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2002-ci ildən 2015-ci ilə kimi Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri olmuşdur. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Söhrab Tahir, Nəriman Həsənzadə, Musa Yaqub, Famıl Mehdi, Məmməd Aslan, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Vaqif Arzumanlı, Şahin Fazil, Vaqif Yusifli, Allahverdi Eminov, Nazif Qəhrəmanlı, Həmid Abbas, İlham Abbasov, Əmir Pəhləvan, Əjdər Ol, Əli Rza Xələfli, Firuzə Məmmədli, Zakir Məmməd və başqaları onun yaradıcılığına həsr edilmiş məqalələrlə respublika mətbuatında çıxış etmişlər. “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə ğözəldi yolun, Allah”, “Eşşəknamə”, “Almalı kitab” və “Gedəsən dünyanın axırınacan” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitablarının, “Quba” adlı foto-albomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir. Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlının şairin həyat və yaradıcılığına həsr etdiyi “Təbiət, qeyrət, həqiqət şairi” adlı, tarix elmləri doktoru, professor, şair-tərcüməçi Şahin Fazilin “Sözləri ecazdı Qusarçaylının” adlı, şair-publisist Zakir Məmmədin “Haqqın cəlalı Qusarçaylı şeirində” adlı, şair-publisist Gülarə Aydının “Məni yaman tutub şeir havası” adlı və şair-rəssam Qərib Aşkarinin “Əlini ver, Qusarçaylı adlı kitabları dərc edilib oxucuların ixtiyarına verilmişdir. Ümumiyyətlə şairin həyat və yaradıcılığına 700-dən artıq məqalə, şeir, esse, kurs və diplom işləri dissertasiyalar yazılmışdır. Şeirləri ingilis, rus, ukrayna, fars və Dağıstan xalqlarının dillərinə tərcümə olunmuş, Donetsk şəhərində “Buz örtüyü” adlı topluda dərc edilmiş, kitabları Rusiya, Ukrayna, Iran və Türkiyədə nəşr olunmuşdur. Macar, italyan, ingilis, rus, ukrayna dillərindən tərcümə etdiyi şeirləri “Göyəm ağacı” adlı kitabda dərc olunmuşdur. “Ay işığı” ədəbi məclisinin rəhbəri kimi Dərbəndin ədəbi qüvvələri ilə sıx əlaqələr yaratmış, bu da milli tərkibi müxtəlif olan bir bölgədə dostluğa, qardaşlığa və sivil mədəniyyətimizin işıqlı sabahına xidmət edən ədəbi mühitin yaranmasına gətirib çıxarmışdır. Əldə etdiyi ədəbi uğurlara görə dəfələrlə Fəxri fərman, diplom və mükafatlarla təltif olunmuşdur. Şairin “Azərbaycan bayrağı” şeiri 8-ci sinif “Azərbaycan dili” dərslik kitabında və 9-cu siniflər üçün Dövlət İmtahan Mərkəzinin Test kitabında yer almış, şagirdlərə tədris edilir. 2009-2010-cu il üçün Prezident təqaüdçüsü olub.


Dalidag.az




Kateqoriya: ---
Tarix: 25-12-2019 16:25
Baxış sayı: 273
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını