M.H

16-12-2019 22:34
Dalidag.az mütamadi olaraq kəlbəcərli ziyalıların, yaradıcı insanların, mədəniyyət və incəsənət adamlarının haqqında yazılar dərc edir. Məqsədimiz ədəbi imzaların, ictimai, mədəni, elmi və digər sahələrdə çalışan, əmək sərf edən ziyalılarımızın fəaliyyətini işıqlandırmaqla, dünyasını dəyişənləri anmaq, aramızda olanların fəaliyyətini önə çəkməkdir. Elə insanlar var ki, onların məramı, missiyası təkcə öz ailəsi, nəsli, yaşadığı məhəlləsi, kəndi, rayonu... üçün çalışmaq deyil. Bu cür yaşam tərzi seçmiş insanların bütün çabaları bütövlükdə millət, xalq üçün nələrsə etmək , vətənə xeyirli övlad olmaq məqsədi daşıyır. Və bu məqsədin kökündə sevgi durur- Vətən sevgisi, xalq sevgisi...  
Sadaladığımız keyfiyyət və üstünlüyü ehtiva edən, əqidə və düşüncəsilə xalqa bağlı olan ziyalılarımızdan biri də fəxrlə adını çəkdiyimiz və təqdim etdiyimiz Musa Həsənovdur.

QISA TANITMA

Musa Süleyman oğlu Həsənov 1963-cü ildə Kəlbəcər rayonunun Bəylik kəndində anadan olub. 1969-cu ildə Bəylik kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1979-cu ildə Qılışlı kənd orta məktəbinin 10-cu sinfini bitirib. Orta məktəbi bitirdikdən sonra Kəlbəcər rayonunun K.Marks adına kolxozunda işləyib. 1981-1983 cü illərdə Moskva şəhərində hərbi xidmətdə olub. 1984-cü ilin yanvar ayından Sumqayıt şəhərində yaşayır. Əmək fəaliyyətini Sumqayıt "Superfosfat" zavodunda çilingər kimi davam etdirib, həmin zavodun Komsomol komitəsinin katibi vəzifəsinədək yüksəlib.1987-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olub, 1993-cü ildə həmin universiteti bitirərək hüquqşünas ixtisasına yiyələnib. 1991-ci ildə Azərbaycan Gənclər İttifaqı Sumqayıt Şəhər məclisində təşkilat şöbəsinin müdiri, daha sonra isə məclisin sədri seçilib. 1994-cü ilin dekabr ayında Sumqayıt Şəhər Gənclər və İdman baş idarəsinə rəis müavini təyin olunub. 1997-ci ilin may ayından 2014-cü ilin noyabr ayının 17-dək  Sumqayıt Şəhər Gənclər və İdman baş idarəsinin rəisi vəzifəsində çalışıb. (2001-2006-cı illərdə Sumqayıt şəhər Gənclər, İdman və Turizm Baş İdarəsi adlandırılıb). 1985-ci ildən 1991-ci ilədək Sov.İKP-nin üzvü olub. 1993-cü ilin aprel ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. 23 dekabr 2014-cü ildə keçirilən Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər Təşkilatının namizədi olaraq Sumqayıt şəhər bələdiyyəsinin üzvü seçilib. Hal-hazırda Sumqayıt Bələdiyyəsində sədr müavini işləyir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2004-cü ildə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı, 2014-cü ildə isə Azərbaycanda Bədən Tərbiyəsi və İdmanın  inkişafındakı xidmətlərinə görə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" adına layiq görülüb. Dövlət qulluğunun kiçik müşaviridi. Ailəlidir. İki övladı var.
Yuxarıda qeyd etdiyimiz kimi M.Həsənovun idman sahəsində böyük xidmətləri olub.
Onun bu sahədə çalışdığı dövrdə 100-ə yaxın Sumqayıt idmançısı Avropa, Dünya çempionu, Dünya kubokunun sahibi adını qazanıb.İlham Zəkiyev, Rəfayıl Ağayev, Fuad Aslanov, Şahin İmranov, Niyaməddin Paşayev, Elxan Rəcəbli, Elvin Məmişov, Məmmədyarovlar ailəsi və s. Yüzlərlərlə kütləvi şəhər tədbirləri hazırlanıb və həyata keçirilib. Müxtəlif illərdə Resbublika üzrə keçirilən Yeniyetmələrin idman oyunları və Zəhmətkeşlərin Spartakiadalarının hamısında Sumqayıt Çempion olub. 2007-cı Gənclər ilində Sumqayıt Şəhər Gənclər və İdman Baş idarəsi "İlin ən yaxşı İdarəsi" adına layiq görülüb. "Sumqayıt idmanı" ,"İstedadlı Gənclər haqqında" ,"Azərbaycan tarixində Sumqayıt adı", "Erməni təxribatı -Sumqayıt hadisələri"və s. onlarla kitab nəşr olunub.
Qeyd edək ki, Musa Həsənov 23 dekabr 2019-cu il tarixdə keçiriləcək növbəti Bələdiyyə seçkilərində  də Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər Təşkilatının namizədi olaraq iştirak edəcək.

Sevinc Qərib
Dalidag.az







Kateqoriya: ---
Tarix: 16-12-2019 22:34
Baxış sayı: 238
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını