"Mətbuat olmasa, məmurları, ictimai-siyasi xadimləri cəmiyyətdə az adam tanıyar..."

08-02-2022 16:14
Əlövsət Ağalarov,
Əməkdar jurnalist


Qələm ləkə götürmür
Yeddinci sinifdə oxuyurdum, məktəbdə bir az ədalı, özündənrazı, amma çox yaxşı oxuyan bir qızla aradabir sözləşirdik. Mən də babat oxuyurdum, bəlkə də ona görə bir-birimizlə rəqabət hissi azacıq həddini aşırdı, fənnlərlə bağlı sual-cavablarda hansımız uduzurduqsa, cığallıq, bəzən də az qala əlbəyaxa uşaq davasına qədər emosiyalar coşurdu. Amma şükür ki, söz davasıyla qurtarırdıq. Eyni zamanda, bəzən günlərlə küsülü qalırdıq. Sinif yoldaşlarım və bəzi müəllimlər də bunu bilirdi. Bir gün dərsdən çıxıb evə gedəndə yolda indi böyük ədalətsizliklə qarşılaşan deyərdim ki, şəxsən tanıdığım, uzun illər dost-yoldaş olduğum adamların ən ədalətlisi  Eldar məni uşaqlardan araladı və dedi ki, qardaş, sənə sözüm var: o qızla çox mübahisəyə getmə. Axırı dalaşacaqsınız və günah da sənin üstündə qalacaq. Dedim niyə ki, görmürsüz ki, necə cığal və davakündü? İbrətamiz bir söz dedi. Bilmirdim hardansa oxumuşdu, eşitmişdi və yaxud öz ağlının məhsuluydu: qızla, qadınla dava edən oğlan və ya kişi həmişə məğlub olur. Dedim ayə, bəsdir da, necə məğlub oluram ki, əksər vaxtlarda mən onu uduram. Yəni o mənim suallarımın bir neçəsinə cavab verə bilmir. Dediyi sözlər olduğu kimi yadımdadır: qalib olsan, deyəcəklər ki, buna bax, qız uşağına qalib gəldi, uduzsan da deyəcəklər ayıb olsun, qız uşağına uduzdu… isti-isti tam anlamadım, axşam evdə dədəmdən soruşdum ki , niyə belə ədalətsiz dünyada yaşayırıq? Kişilər qadınlara qalib gəlir, deyirlər uduzdu. Dedi oğul, qadınlar həmişə qalibdirlər, çünki hamını dünyaya gətirən qadınlardırlar, analardırlar. Heç bir oğul istəməz ki, anasına qalib gəlsin… bu əhvalatı tez-tez xatırlayıram, xüsusən də qadınlarla mübahisəyə girişəndə. İndi bu xatırlatmanı mətbuatın cəmiyyətdə tanınmasında rolu olan adamların qayıdıb mətbuatın üzünə ağ olanda bir daha yada saldım. Konkret olaraq, bir deputatın birdən-birə bir neçə tanınmış və professional jurnalisti ağır dövləti ittihamla suçlaması, deputat leksikonuna uyğun olmayan kəlmələrlə aşağılaması yolverilməzdir. Mətbuat olmasa, məmurları, ictimai-siyasi xadimləri və s. cəmiyyətdə çox az adam tanıyar. Təbii ki, bu münasibətlər qarşılıqlı hörmət-izzət çərçivəsində olmalıdır. Yəni heç bir peşə sahibi, məmur, jurnalist ədəb-ərkanı, milli dəyərləri aşmamalıdır. Axşam rastıma çıxan bir status məni də həmkarlarım kimi məyus etdi. Əvvəlcə Milli Məclisin deputatı Cavanşir Feyziyevin təkzib əvəzi bir yazısını oxudum və saytları aradım, əvvəlki statusunu tapdım. Çox pərişan oldum. Mən hər iki tərəfin, belə desək nümayəndəsi kimi, sarsıldım. Bir vaxtlar Milli Məclisin üzvü olmuşam, amma əsas peşəm jurnalistdir. Zamanında Leninqrad Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm və bugünədək də, o sahədə çalışıram. Deputat, məmur bilməlidir ki, bunlar müəyyən dövr üçündür, bugün sənsən, sabah başqa birisi. Amma jurnalist peşəsi ömürlükdür. Heç bir məmur, heç bir deputat jurnalistə qalib gələ bilməyib və gələ də bilməz. Çünki jurnalist vəzifə deyil, sənətdir, ömürlük peşədir. Zamanında bir çox deputat və məmurlar ölkənin tanınmış mətbuat nümayəndələrinə qarşı dava açırdılar, indi baxıram o deputatın və ya məmurun adı heç bir dəftərdə yoxdur, amma həmin mətbuat işçiləri bu gün də öz sənətini ləyaqətlə davam etdirirlər. Əlbəttə, mən qələminə xəyanət edən jurnalistləri müdafiə etməkdən uzağam, qələm ləkə götürməz! Və götürməməlidir. Söhbət əsl jurnalistlərdən gedir. Hesab edirəm ki, bu qovğa həmişə mətbuatın xeyirinə bitəcək, hətta hansısa vəzifə sahibi müəyyən üsullarla müəyyən dövrdə jurnalistə qalib gələcəksə, bu onun qələbəsi yox, məğlubiyyətidir. İndiki halda Cavanşir Feyziyev təhqir etdiyi, ağır dövləti cinayətdə suçladığı jurnalistlərin hər birindən ayrı-ayrılıqda üzr istəməlidir. Hesab edirəm ki, həmkarlarım səmimi üzrxahlıqdan sonra müəyyən qədər bağışlamağı bacararlar. Onların çoxunu yaxşı tanıyıram--prinsipial, mərd, obyektiv və ən əsası da dövlətinə, millətinə sədaqətli! Dostum Əvəz Zeynallı, Bahəddin, Ləman Ələşrəfqızı, Zaur… Cavanşir Feyziyev bütöv bir professional orduya qarşı gedəndə düşünməliydi ki, bu ordunun da öz silahı var! Qələm, klaviatura, efir…və rəhmətlik böyük ustad MƏMMƏD ASLANIN təbirincə desək, əlahəzrət söz!

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 08-02-2022 16:14
Baxış sayı: 2402
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024