Sabiq millət vəkili Xankəndidəki ata evində nələr gördü - ŞƏKİL

11-02-2024 11:26
Prezident seçkilərində Xankəndidə seçki məntəqəsinin qurulmasını və dövlət başısının ailə üzvləri ilə birlikdə məhz 122 saylı Seçki Dairəsinin 14 saylı məntəqəsində səs verməsini görəndə hər birimiz qürurlandıq. Bu, artıq mübarizənin Xankəndi mərhələsinin bitməsi demək idi.
Dalidag.az xəbər verir ki, musavat.com-un əməkdaşı Xankəndidə anadan olmuş sabiq millət vəkili, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin ömür-gün yoldaşı Flora xanım Qasımova ilə söhbət edib.
- Flora xanım, təbrik edirəm! Yadımdadır, Xankəndi ilə bağlı illər öncə necə ürək ağrısı ilə xatirələrinizi bölüşürdünüz. Artıq bayrağımız dağlanan Xan yurdunda Azərbaycanın müstəqillik tarixində ilk seçkini də keçirdi dövlətimiz. Həm də uzun onilliklərdən sonra bu yaxınlarda ata evinizə baş çəkmisiniz, buna görə də təbrik edirəm.
- Sağ ol, Elşad. Uzun illərdən sonra, fevralın əvvəllərində Xankəndiyə ilk dəfə getdim. İki gün qaldıq orda. Bərdədən Ağdama çox gözəl yol çəkib bizimkilər. Çox gözəl yoldur. Amma Ağdamdan Əsgərana, Xocalıya yol hələ ki, köhnədir. Heç ermənilər də 35 il ərzində çəkməyiblər...Prezident seçkisində Xankəndiyə getməklə bir daha arxayın olduq ki, artıq qayıtmışıq. Həmçinin seçki məntəqlərinin yaradılması, cənab Prezidentin ailə üzvləri ilə Xankəndidə səs verməsi də ciddi bir mesaj idi ki, bundan sonra gözünüzü çəkin, bura Azərbaycan şəhəridir! Xankəndidə 15 saylı məntəqə də var. Məncə, üçüncü məntəqə də yaradılıb. Məsələn, Vilayət müəllim gedib 15 saylı məntəqədə səs verdi. Prezidentin Xankəndidə səs verməsi emənilərə, onların havadarlarına mesaj idi ki, gözünüzü çəkin! Seçki məntəqəsinə də getdik. Amma seçki günü mən Bakıda səs verdim. Yenə də kimlərsə deyir ki, təzədən müharibəyə başlayıb, Xankəndini işğal edəcəklər, xülyadır! Bunlar öz millətini də yaman günə qoydu e. Azərbaycanın bütün şəhər və kəndlərini yer üzündən siliblər işğal dövründə. Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq istəyirdiniz?

- Evinizi on illərdən sonra necə gördünüz? Tanıya bildinizmi?
- Evimizdə yaşayan elə bil ki, bomj imiş, ya xəstə imiş...Küçədə-bayırda nə dəmir-dümür, nə zir-zibil, taxta-tuxta tapıbsa, hamısını gətirib yığıb həyətə. Hətta patron çıxdı. Bir qutu heç açılmamışdı. Stəkanlara da patron yığmışdılar. Həyətdə zirehli gödəkçə. Ev bir abırdadır ki, orada bu vəziyyətdə yaşamalı deyil, gərək təmiz söküb, təzədən tikəsən. Bizim ev həyət evidir. Ermənilər yuxarı hissədən həyətimizin bir hissəsinə girib ev tikiblər. Yan tərəfdən hasarı gətirib lap ikinci mərtəbəyə, pilləkənin yanına bitişdiriblər. Baxdım, dəli oldum. Həyətimiz maili idi deyə, aşağıdan ikimərtəbəli görsənirdi, yuxarıdan bir. Mənim də şəkil çəkdirməklə heç aram yoxdur. Gəlmişəm, indi hamı məndən şəkil istəyir, axtarıram, yoxdur. Kərkicahana getdim, orda bir bulaq var, qırxlıq boru ilə gəlir, su elə axdıqca axır, dərə üzüaşağı..Kərkicahandan bir oğlan var idi, o bulaqdan mənə su götürdü. Deyirəm heç olmasa o bulağın yanında bir şəkil çəkdirməmişəm.
- Kərkicahanda nələr gördünüz?
- Kərkicahanda yuxarı qalxa bilmədik. Vaxtımız da az idi. Getdik qəbristanlığa girək. Amma yollar yaman gündəydi, keçə bilmədik. Aşağıdan baxırsan, evlər hamısı dağılıb. Yuxarı hissədə məktəb olub o vaxt. İki bələdçimiz kərkicahanlıydılar. Dedilər Flora müəllimə, ermənilər Kərkicahan məktəbini tamam dağıdıb, yerində ikimərtəbəli ev tikiblər. Evlərin çox hisssəsi dağılıb, az hissəsi yaşamaq üçün yararlıdır. Xankəndidən çox hündürdür Kərkicahan. Bu qəsəbə iki hissəyə bölünmüşdü, yuxarı hissədə azərbaycanlılar çoxluq təşkil edirdilər, aşağı hissədə ermənilər az idilər. Kəndin bir tərəfi də Şuşa yoluna axır, gedir. Ümumiyyətlə, Xankəndi hər tərəfə çox genişlənib. O boyda şəhərlərimizi, rayonlarımızı, kəndlərimizi talan edib daşıyıblar, tikiblər.

- Bəs Xankəndidə keçmişdən yaddaşınızda qalan nələr gözünüzə dəymədi?
- Sovet vaxtı orda ipək fabriki, mebel fabriki var idi. Onları tamam ləğv ediblər, bircə ayaqqabı fabriki durur. Tikiş fabriki var idi, gəlir ordan gəlirdi. İndi bilmirsən ki, bunlar hardan qazanırmışlar.
- Ata evinizdən sonuncu dəfə nə zaman çıxmışdınız?
- Mən ata evimizdən 1976-cı ildən çıxmışam. Toyumuz olandan sonra... Sadəcə hər yay gedib bir-iki həftə qalırdım. Ağdamda qalırdıq, sonra ordan Xankəndiyə gedirdik. Şirin Bakıda işləyirdi deyə, mən uşaqlarla gedirdim, bir az qalıb, gəlirdik. Yeni binalar da tikiblər. Separatçıların parlament binası barədə danışırdıq. Biri dedi ki, yuxarıdan baxıblar, buradakı iki bina xaç formasındadır. Qarşısında kollektiv şəkil çəkdirdik. Sovet vaxtı “Obkom”un binası idi ora. Mən o binanın ikinci mərtəbəsində işləyirdim, Şəhər Partiya Komitəsində təlimatçıydım. “İspalkom”un, Vilayət Sovetinin binası da digər tərəfdəydi. Mən o vaxt Vilayət Sovetinə deputat seçilmişdim. İki il ora iclasa getmişəm. Bu olub 1973-75-ci illərədək. Vəsiqəm durur. Onda rayon sovetinə deputatlar iki illiyinə seçilirdilər.
- Deyirlər Xankəndidə 40-50 nəfər erməni qalıb. Təsadüfən onlarla rastlaşmadınız ki?
- Rastlaşdıqlarımız oldu. Biri maqazinin içərisindən bizə baxırdı. Digəri küçədə yeriyirdi. Orda qalıblar. Orda-burdan çıxarıb gətiriblər. Sığınacaqda qalırlar, bizimkilər yedirib-içizdirir. Eləsi də evdə qalır.
- Prezident Xankəndi sakinlərinin öz evlərinə qayıdacağını deyib, artıq hazırlıqlar görülür.
- 50 ailə Kərkicahan hissəsinə qayıdacaq. Çünki digər hissələrdə evlər yaman gündədir.

- Flora xanım, ermənilərin öz himayədarlarının köməyi ilə Xankəndiyə qayıtmaq istəyinə münasibətiniz necədir?
- Onlar hələ otursunlar fikirləşsinlər ki, biz Azərbaycan xalqının başına nələr gətirmişik. Xocalıda necə cinayətlər törədiblər, Ağdamı, Füzulini, bütün ayaq basdıqları yerləri nə günə qoyublar. Hər şey bir yana, evlər də tikiləcək, yollar da çəkiləcək, amma qəbristanlıqlarımızı vəhşicəsinə dağıdıblar. Qəbirlərimizi başdaşı hissəsindən dağıdıb qızıl diş axtarıblar. Onlar bədbəxt millətdir. Dünyanın ən bədbəxt milləti onlardır. Onların hamısının günahı var e. Deyir xain xoflu olar. Onların hamısının əli azərbaycanlıların qanına batıb, hara qayıdırlar? Biz onlara etiraz etməsək də, qayıtsalar da, həmişə səksəkəli gəzəcəklər, yatacaqlar və Xankəndidən kənara çıxa bilməyəcəklər. Hara gəlirlər?
- Sular durulmayınca, ermənilər Xankəndiyə kütləvi halda gəlməyə cəsarət edəcəkmi?
- İnanmıram. Çünki onlar o qədər pislik ediblər...Onların bizə qarşı nifrəti, kin-küdurəti, mina terroru davam edir, hara gəlirlər? 65 nəfərimiz son 3 ildə mina terrorundan həlak olub, qalanlar da şikəst olub. Biz belə vəziyyətdə ermənilərlə qarşılaşa bilərik? Hələ indən sonra nə qədər mina qurbanı olacaq? Minaların doğru-düzgün xəritəsini də vermədilər. Azərbaycana qarşı bunlarla o qədər nifrət var ki. Özləri də deyirlər ki, azərbaycanlılar bizim düşmənimizdir, biz onlarla bir yerdə yaşaya bilmərik. Cəhənnəmə yaşayın! Biz elə sizinlə birgə yaşamaq istəyirik ki? Şəxsən mən istəmirəm və onları heç vaxt bağışlamayacağam!
- Ermənilərin Qarabağa qayıdıb-qayıtmayacağı ilə bağlı konkret vaxt qoyulması fikrinə necə yanaşırsınız?
- Əlbəttə, müəyyən bir vaxt qoyulmalıdır. Ərizə ilə müraciət etsinlər, Azərbaycan vətəndaşlığını qəbul elərsinlər. Onlar düşməni öz içlərində axtarsınlar. Azərbaycanlıların onların evlərini, şəhərlərini yerlə-yeksan etməyib. Özləri öz içlərində axtarsınlar düşməni. Tutsunlar Köçəryanın, Sərksiyanın, Balasanyanın yaxasından ki, siz bizi nə günə qoydunuz? Digər bir qrup qandallanıb, Bakıdadır.
- Məsələnin digər tərəfi də var: azərbaycanlılar öz dədə-baba yurduna qayıda bilmirsə, ermənilər niyə onların olmayan ərazilərə sərbəst qayıtmalıdır?
- Əlbəttə. Azərbaycanlılar Ermənistanda nə etmişdilər ki, öz evlərinə qayıda bilmirlər? Azərbaycanlıların üzləri ağdır, ermənilər onlara pislik ediblər. Ermənilər bilməlidir ki, onlar burdan könüllü şəkildə gediblər, özü də cinayətlər törədəndən sonra.

- Xankəndidə qəbristanlıq qalıbmı?
- Xankəndidə qəbristanlığa yaxın gedə bilmədik. Kərkicahan qəsəbəsinin qəbristanlığına yerlilərdən gedib, deyirlər bəziləri dağdılıb, bəziləri salamatdır. Xankəndi qəbristanlığını isə deyirlər kol-kos basıb, heç nə görsənmir, yaxına da gedən olmayıb.
- Amma artıq Xankəndidə Azərbaycan bayrağı dalğalanır. Bu günlərdə rəhmətlik Şirin Mirzəyevin də ruhu şaddır...
- Əlbəttə, ruhu şaddır. O elə sağlığında görmüşdü qəbirlərin ermənilər tərəfindən dağıdılmasını. Elə onu oralara aparan səbəblərdən biri də qəbirlərimizi o kökdə görməsi olmuşdu.
Kim yaşamaq istəyər, üzr istəyər, qayıdar. Çünki onlar doğulduqları torpağa, bu dövlətə, Azərbaycan xalqına xəyanət ediblər. İnana bilmirəm ki, onların üzləri gələr, təzədən qayıdarlar, Azərbaycan xalqı ilə bir yerdə yaşamaq istəyərlər...


Kateqoriya: Qarabağ
Tarix: 11-02-2024 11:26
Baxış sayı: 327
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını