Sözün Məmməd İsmayıl zirvəsi...

20-08-2025 15:05
Ədəbi SÖZ, əbədi YOL....
 
Hüzün var günəşin qürub çağında: 
Unudulanların şairi həyatla vidalaşdı
 
 ...Poeziyamızın dörd uca bürcündən - dörd Məmmədindən biri də köçdü dunyadan. Ədəbiyyatın bir sarı simi də qırıldı bu gün, əbədiyyətin yolunu tutdu SÖZÜN MƏMMƏD ZİRVƏSİ... 
Söz sahibini itirəndə yetim qalır. Elə duyğular var ki, insan onu yalnız şeirlə ifadə edə bilir. Bu itkini ifadə edəcək söz yoxdur, şeir yoxdu, əfsus ki! Və ən kədərlisi isə daha Məmməd İsmayıl da yoxdu. Onun yazdıqlarını bir ömür  yazılacaq poetik fikirlərə "yavanliq" etmək olar, şəksiz. Lakin bu “qəfil köç” karvanı sevənlərini dərin hüzünə qərq etdi. Özünə, sözünə alışdığımız insanların yoxluğunu qəbullanmaq elə də asan deyil. 
Nitqimizin lal yeri "aman ayrılıq"... 
...Sənsiz sevincim heç, 
qəmim qəm olmaz, 
Qəlbi daş olanın
 gözü nəm olmaz!
Yığıb toplasan da, 
fikrim cəm olmaz...
Cəmə çevrilərmi tək,
 səndən sonra? 
O, öz poeziyası ilə bizi zamanın sərt üzündən, dərdlərin ağuşundan qurtarıb, ruhumuza sığınacaq verirdi. İndi isə o səs susdu, amma bənzərsiz şeirləriylə bir ömür qəlbimizdə yaşayacaq. 
Məmməd İsmayıl ancaq şair deyildi. O, xalqın yaddaşını, təbiətin nəfəsini, insanın duyğularını misralara köçürən söz ustadı idi. Onun yaradıcılığında həsrət və köç motivləri, təbiət lirizmi, insan taleyi, sözün müqəddəsliyi,vətən, torpaq sevgisi bir özgə dillə ifadə edilir. Şeirlərinin bir qismi qürbətdə keçən ömrə deyilmiş agıdı sanki. Ömrünün cümləsinə Dərd mübtəda, ələm xəbərdi. Yaşayırdı ayrılıqlar ölkəsində. Vətəndən əsən yelləri gözlərinə təpərdi... Cismi hayanda olsa da, ruhu Tovuzda qaldı şairin. Sözünün ən şahanəsini seçib onun şəninə yazdı. Yaşadığı şəhərlərin gözəlliyi qopara bilmədi onu Əsirlik sevdasından. Ürəyinin bir parası doğulduğu yurda calaq oldu həmişə. Misralarının iziylə biz oxucular da dalan-dalan, doqqaz-doqqaz  dolaşdıq şairin qibləsi  olan o kəndi Əsriyi. 
Nakam məhəbbətim nələr eylədi,-
Ay aya, il ilə xəbər eylədi,
Bir Məmməd İsmayıl səfər eylədi,
Min Məmmədİsmayıl qaldı Tovuzda.
 
 Və ya parçalara bölünmüş Vətənin ağrısını belə dilə gətirir ustad:
 Nədən Araz arzularım çin olmaz,
 Haçanacan yuxularda çay görüm?!.
 Ömrünün çox hissəsini qürbətdə yaşasa da, qəlbi hər vaxt Vətənlə döyündü şairin. Son mənzili, son dayanacağı da Tovuz oldu. Anasının nigaran ruhu qovuşdu Məmməd balasına. Şair bir yazısında nakam taleli anasının dünyaya gəlişini sorğulayırdı. 
Bəlkə də o acınacaqlı qismətin içində daşda açan çiçək kimi idi Məmməd İsmayıl. Həyatın ən çətin sınaqlarından üzağ çıxan qadına Tanrı töhfəsi, bəxşiş idi .Qədəri üzünə gülməyən qadının bətnindən Məmməd İsmayıl,onun da bətnindən şeirlər doğuldu, fəth etdi ruhumuzu, qəlbimizi. 22 yaşında dul qalan anasının məşəqqətlərlə dolu həyatı həmişə Məmməd İsmayılın ürəyinə dərd olmuşdu. Nə zaman anasını xatırlasaydı, uşaq kimi, hönkürtü ilə ağladığını deyərdi. Anasının son anlarını xatırlayıb son sözlərini yaddaşına həkk etmişdi: “...Bilirəm, ağlama desəm də, dözməyib, ağlayacaqsan, amma ağlasan, dost- düşmən içində ağlama, enib bağımızda ağla...”
 İndi o bağ, anasının nigaran ruhu dolaşan o yurd fəryad edər Məmmədin yoxluğuna! Ana əvəzi söyüd saçlarını yolar, çayların zümzüməsi naləyə dönər, ev ağlayar, el ağlayar bu gedişə... 
Qürbətdən qəbir hicrətinə min-min söz deyiləcək, şeirlər yazılacaq... Amma, nə desək, nə yazsaq, şairin bir misrası etməyəcək deyəcəklərimiz. Bəzən ən gözəl boyaqlarla sözdən şəklini çəkdi Vətənin. Bəzən sevginin ən məsum halını tərənnüm etdi misralarıyla. Qor tək can yandıran təkliyə nələr yazmadı, nələr demədi, İlahi?! 
Qürbətə atmışdı hər birimizi,-
 Xeyir birimizi, Şər birimizi.
Gəzib tapammırdıq bir-birimizi,
Mən-uzaq keçmişdim, sən-gələcəkdin.
 
 Səni mələklərdən mən idim uman,
 Dağlara boşuna gəlməz ki duman... 
Gümanlar içində ən böyük güman
 Gələcək içində ən gələcəkdin.
 
 Sirrini açmadı sirr özü mənə,
 Bir üzü sənədi, bir üzü mənə,
Gözləmə yeriydi yer üzü mənə,
 Çıxıb hayandansa, sən gələcəkdin...
 
Sinəsi ümman idi şairimizin, təbii qaynar bulaq. Hələ deyəcək çox sözü vardı... Taleyin ən ağır savaşlarından alnıaçıq çıxdı, ilk məhəbətiylə, qürbət güzarıyla imtahan olundu bir ömür. Qismətlə cəngdən usanmadı, yorulmadı. Hər acıdan bir şeir doğdu. O təbi yalnız ölüm susdura bilərdi. 
...Ədəbi mühitimizin dan yerini torpaq qoynuna çəkdi. Dünyaya gəlişi də payıza təsadüf edirdi şairin. Ölümü də təbiətin sozalan çağına düşdü: ayrılıq fəslinin bir addımlığında əşarın nəhəngi əbədiyyən sükunətə qərq oldu. Axirətin mübarək, mübarək adam...
 











Nigar İMAMVERDİQIZI (Qaybalıyeva),
“Yenilik-press” qəzetinin redaktor müavini,
Azərbaycan Jurnalistlər Birliyinin və
 TURAN Ədəbi Məclisinin üzvü.

Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 20-08-2025 15:05
Baxış sayı: 2172
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını