Başlıbel şəhidləri: Unudulmayan tarix və yurd övladlarının ehtiram borcu

05-08-2026 23:05
Otuz ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız artıq  beş ildən çoxdur ki, qəhrəman Azərbaycan Ordusu tərəfindən   azad edilmişdir. İşğaldan azad edilmiş torpaqlarda dövlətimiz tərəfindən misli görünməmiş geniş miqyasda tikintiquruculuq və abadlıq işləri görülür.  Azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən görülən tikinti-quruculuq  və abadlıq işlərinin miqyası o qədər böyükdür ki, dünyanın heç bir yerində eyni zamanda bu həcmdə  iş görülməmişdir.  Ən əsası odur ki, bu qədər genişmiqyaslı işi dövlətimiz öz gücü hesabına edir. Bu da Azərbaycan dövlətinin nə qədər qüdrətli dövlət olmasını sübut edən bir faktordur.   
  Dövlətimizlə bərabər bu genişmiqyaslı quruculuq işlərində ayrı-ayrı vətəndaşlar da iştirak edirlər. Tikinti-quruculuq işləri ilə bərabər  şəhidlərimizin uyuduqları məzarlıqlarda da bərpa və quruculuq işləri aparılır.  Belə bərpa-quruculuq işləri Kəlbəcər rayonunun Başlıbel kəndindəki şəhidlər qəbiristanlığında da reallaşdırılmışdır.  Başlıbel kəndində doğulub boya -başa çatan iş  adamı Arif Süleymanovun təşəbbüsü və şəxsi vəsaiti hesabına şəhidlər qəbiristanlığında uyuyan anası ilə bərabər 12  şəhid qəbrinin üstü götürülmüş , abadlıq işləri aparılmış və ətrafı dəmir tora alınmışdır. 1993-cü ilin may ayında ermənilərin Başlıbeldə işğalçılıq işləri apardığı bir şəraitdə çətin relyefli  dağ  döşündə yerləşən , Başlıbel kəndindən baxanda görünməyən daşlıqayalı bir güney yamaçında  gizli şəkildə qazılmış qəbirlərin  üstünə tökməyə torpaq  tapılmayan bir yerdə salınmış qəbirlərin üstündə   Arif Süleymanovun şəxsi vəsaiti hesabına betonlama və örtük işləri aparılaraq gözəl bir məzarlıq yaradılmışdır. Şəhidlər məzarlığının maşın yolundan  xeyli uzaqda olmasına baxmayaraq Arif Süleymanovun bu təşəbbüsünün həyata keçirilməsinə Başlıbel kəndində fermer təsərrüfatı ilə məşğul olan  Başlıbel camaatı  və şəhid ailələrinin üzvləri yaxından kömək etmişdir.  Məzarların üstünü örtmək üçün işlədilən mişar daşları ,qum, çınqıl  və sement  Başlıbeldə  təsərrüfat işləri ilə məşğul olan insanların, şəhid ailəsi üzvlərinin və Arif müəllimin özünün Bakıdan gətirdiyi işçilərin  köməyi və əl əməyi  vasitəsi ilə maşın yolundan  üzaq bir məsafədə yerləşən  məzarlığa daşınmışdır. Bu çətin işi həyata keçirən hər bir şəxsin fədakar əməyi nəticəsində  məzarlığın siması xeyli dəyişmişdir. 
 
  Bu günlərdə məzarlığa gedən piyada yolunun  qısaldılması  üçün  yeni bir layihənin həyata keçirilməsi barədə sosial mediyada  xəbərlər yayıldı .  Məzarlığa qədər maşın yolunun açılmasının mümkünsüz olduğu üçün  Arif Süleymanovun qardaşı  , Başlıbel kəndinin yetirməsi  Qalib Əbdüləliyevin şəxsi  vəsaiti hesabına  38 metr uzunluğunda  asma körpünün tikintisinin başlaması barədə məlumatlar yayıldı.   
Biz də tikintinin gedişatı prosesini  izləmək və  fədakar  Başlıbel camaatı ilə bərabər bu layihənin reallaşmasında iştirakçı olmaq şərəfinə nail olduq. Tikinti ərazisi cənnəti  xatırladırdı. Yamyaşıl və güllü -çiçəkli tikinti meydançasında insanlar çiyninlərində qum, çınqıl, dəmir, sement və digər tikinti materiallarını  həvəslə daşıyır, heç kim yorulmaq bilmirdi. Sərt enişi və yoxuşu boş əllə  enib-qalxmaq çətin olmasına baxmayaraq insanlar  bu enişi və yoxuşu  tikinti materialları daşımaqla məşğul idilər. 

Burada işləyənlərin adlarını qeyd etməmək insafsızlıq olardı . Dörd günlük gərgin işdə işləyənlər aşağıdakılardır :  Sirac Muxtarov, Maarif Muxtarov, Rac Muxtarov, Azad Şahbəndəyev, Murad Hüseynov,Xalid Mənsimov, Əli Məmmədov, Zəfər Səmədov və oğlu ,Asəf Muxtarov, Zaur Muxtarov, Niyyət Əhmədov,Xasay Salahov, Mehman Hüseynov, Bəyanat Hüseynov, Natiq Salahov, Şakir Mənsimov, Sahib Mənsimov, Hökmdar Məmmədov, İntiqam Mehdiyev, Bəhruz Səmədov, Saməddin Məmmədov, İnqilab  Məmmədov, Əlizamin Mənsimov, Səməndər Mamedov, Şəhriyar Mamedov, Əli Cəfərov, Əhəd Məmmədov, Nizaməddin Məmmədov, Elmdar Məmmədov, Qurban Qasımov, Mahirə Qasımova, İsmayıl Cəfərov, Şahin İsayev,... (Adını unutduğum insan varsa , üzr istəyirəm. ) Dörd günlük ağır zəhmət, nəhayət, öz bəhrəsini verdi .Qalib Əbdüləliyevin layihə müəllifliyi, rəhbərliyi və şəxsi vəsaiti hesabına ,məzarlıqda uyuyan şəhid Yaqub Səmədovun övladlarının material dəstəyi ilə ,Başlıbel kəndindəki bütün fermer təsərrüfatlarının nümayəndələrinin  köməyi ilə, usta  Maarif Həsənovun əl əməyi nəticəsində gözəl bir asma körpünün inşası başa çatdı . Layihənin rəhbəri  Qalib Əbdüləliyev iş başlayandan sona çatana qədər tikinti ərazisindən bir addım da kənarlaşmadı. 
Dəlidağın şıltaq havasında   gün ərzində gah günəş şüalarının adamı yandırması , gah bulud gələrək yağışın yağması , gah da sərin mehin əsməsi bir dəqiqə də olsun, işlərin sürətli və həvəsli gedişinə mane ola bilmədi. Son tamamlama işləri  başa  çatan ərəfədə Qalib Əbdüləliyevə bir neçə sualla müraciət etdim. Həmin söhbətlə oxucularımızı da tanış etmək istəyirəm.

-Qalib müəllim, bildiyimiz kimi, sizin ananız Həsənova Çiçək Mikayıl qızı 1993-cü ildə şəhid olmuş və bu gördüyümüz şəhid qəbiristanlığında uyuyur. Siz dövlət qulluqçususunuz. Dövlət idarələrindən birində məsul vəzifədə çalışırsınız. Bu gün məzuniyyətinizi digər dövlət məmurları kimi məşhur sanatoriya və istirahət mərkəzlərində deyil, şəhidlər qəbiristanlığına yol tikintisinə sərf edirsiniz.  Sizi bu işə vadar edən nədir?

-Çox sağ olun. Bilirsiniz ki, 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan ordusu tərəfindən işğal olunanda Başlıbel kəndində mühasirə şəraitində xeyli mülki vətəndaş qalmışdı. Aprelin 4-də kəndə ermənilərin gəldiyini görən Başlıbel kənd sakinlərindən bir qismi kənddən qaçaraq gördüyünüz bu sərt yerdə yerləşən kahalara pənah gətirmiş və orada gizlicə yaşamağa məcbur olmuşlar. Onların içərisində mənim hər iki valideynim -  atam Əhmədov Hümbət və anam Həsənova Çiçək də olmuşdur.  Bu kahada gizlənən mülki sakinlərə  Laçın batalyonunda xidmət edən yeddi hərbçi və Laçın rayonunun Dambulaq kəndindən olan Əhliman kişi üç yetkinlik yaşına çatmış övladı ilə gəlib qoşulub. Bir neçə gün düşməndən gizləniblər, lakin aprel ayının 18-də ermənilər bu kahalarda gizlənən mülki vətəndaşların yerlərini müəyyən etmiş və  kahalara silahlı hücum  təşkil etmişlər.  Hücum zamanı ermənilər mülki vətəndaşların əksəriyyətinin qadın ,uşaq , qoca olmasına məhəl qoymadan hamını gülləboran etmiş , kimi öldürə biliblərsə öldürüblər, kimi əsir götürə biliblərsə əsir götürüblər. Qaçıb canlarını qurtarmaqla sağ qalan 30 nəfər məşəqqətli günlər yaşayaraq  qarlı-çovğunlu dağlarda  keçilməz qayalıqlarda özlərinə məskən salıblar. Bir müddət keçdikdən sonra  sağ qalaraq  Nəbinin Kahası deyilən yerdə məskunlaşan adamlar bir ay ərzində düşməndən gizlənə-gizlənə  bu qəbirlərdəki şəhidləri burada dəfn  ediblər.  Atam Hümbət kişi deyirdi ki, şəhid olanları ona görə burada dəfn etdik ki, qarşıdakı qayalar kəndin görünməsinə mane olurdu. Biz o meyitləri dəfn edəndə kənddə güclü qarət gedirdi. Ermənilər evləri maşınlara yığıb aparır, mal qaranı  bir yerə toplayırdılar . Elə olurdu ki, bir neçə nəfərlə şəhid olmuş həmkəndlilərimizi dəfn etməyə gəlirdik,yoldaşlarımızdan ikisi mütləq həmin qayaların arxasından gizlicə kəndə tərəf baxır və ermənilərin hərəkətlərini izləyirdi. Digərlərimiz isə  daşlı-qayalı güneydə qəbirləri qazır, dəfn məsələsini yerinə yetirirdik. Elə gün olurdu ki, iki meyiti, elə gün olurdu ki, bir meyiti dəfn edə bilirdik.  Bəzən elə olurdu ki adam dəfn edəcəyi meyitə pənah gətirir, onun yanına uzanıb gizlənirdik. Ona görə də mən istərdim ki, həmin qayanın adına  "Sipər qaya" adı verilsin.  Çünki həmin qaya kəndlə qəbirlər arasında bir sipər rolunu oynamışdır. Burada dəfn olunanların əksəriyyəti həm də mənim yaxın qohumlarımdır.  Əmimin həyat yoldaşı ,onun azyaşlı qızı ,  yaxın qonşumuz və qohumumuz  Yaqub dayı, qohumlarımız Əmralıyev ailəsindən 4 nəfər , Laçından olan döyüşçü ,qaniçən düşmənlə son nəfəsinə qədər qəhrəmancasına vuruşan, neçə-neçə erməni silahlısını məhv edən sıravi əsgər Vüqar, Laçından olan mülki vətəndaş Əhliman kişi burada dəfn olunmuşdur. Bir sözlə , bura çox müqəddəs bir yerdir,onlari ilk dəfə dəfn edənlər bir günə,iki günə yox , təxminən bir ay müddətinə bu şəhidlərimizi  düşməndən gizlənə-gizlənə dəfn ediblər. Çünki həmin ərəfədə kənddə ermənilər tərəfindən güclü qarət gedirdi. Belə bir şəraitdə düşmənin hər an  onları görəcəyi ehtimalı altında qəbirləri mənim atam Hümbət Əhmədovun və Xasay Əmralıyevin , (hansı ki, həm atası, həm bacısı , həm də iki qardaşı burada şəhid olublar) iştirakı ilə  dəfni həyata keçirilib. Ona görə də bura sıradan bir qəbiristanlıq deyil, olduqca müqəddəs bir məkandır.  Bu qəbirlərin digər rahat bir məkana köçürülməsi barədə təklifıər də olub. Ancaq biz başımıza gələn bütün faciələri maksimal dərəcədə həm texniki cəhətdən əlçatan etmək ki, informasiyaları yaya bilmək, həm də bu faciənin miqyasının aylar - illər  ötsə də azalmamasını təmin etmək məqsədi ilə burada belə bir körpünün salınmasını və bu ərazinin daha da abadlaşdırılmasını məqsədəyuyğun hesab etdik.  Bu şəhidlər qəbiristanlığının və onun ətrafının abadlaşdırılması  gələcək nəsillərin bu müqəddəs məkanı müntəzəm ziyarət etməsi üçün daha əlçatan etməsi məqsədi daşıyır. Bütün bunları nəzərə alaraq istədik ki burada belə bir körpü inşa edək. Bu ağır əl əməyi ilə başa çatan işdə Başlıbel kəndində olan  heyvandarlıqla məşğul olan , arıçılıqla məşğul olan,kəndə ziyarət üçün gələn bütün insanlar fəal iştirak edirlər. Baxmayaraq ki, burada heç bir texnikadan istifadə  etmək mümkün deyil, Başlıbel camaatı bu  işdə həvəslə işləyərək tikintini müvəffəqiyyətlə başa çatdırdı. Bizim işlərimiz bununla bitmir. Planlarımızda var ki, mühasirə şəraitində düşməndən gizlənmiş insanların yaşadıqları kahaların hər birinə buradan pilləkənlər düzəltmək, buranı ziyarətə gələn qonaqlara həmin kahalarda baş vermiş döyüş səhnəsini, insanların əsir götürülərək toplandığı yeri, canını qurtarıb qaça bilənlərin haradan qaça bildikləri yerləri əyani şəkildə göstərmək üçün maksimum imkanlar yaradaq. Çalışacağıq ki, bütün bu işlər relyefi zədələməmək üçün texnikadan istifadə  etmədən həyata keçirilsin. Burada biz müasir informasiya texnologiyalarından istifadə etməklə bu faciənin miqyasının genişliyi barədə ziyarətə gələn qonaqlara , eləcə də dünyanın istənilən nöqtəsində yaşayan insanlara dolğun məlumat verəcəyik. Gələcəkdə  bu  məzarlığa ziyarət marşrutlarının açılması və bütün arzulayanların buraya gəlişini maksimum dərəcədə asanlaşdırılmasını planlaşdırırıq.  Bu ziyarət marşrutlarının təşkil olunmasında dövlətimizin bizə dəstək verəcəyinə əminəm.   
Onu da deyim ki, mən neçə gündür burada işləyirəm və hiss edirəm ki,  buraya camaatımız tərəfindən çox böyük diqqət var. Baxmayaraq ki, yol çətindir, gediş -gəliş narahatdır, insanlar bir cığırla yeriməyə məcburdular, amma  bu ərazidə yaşayanlar tez-tez ziyarətə gəlirlər, qəbirləri ziyarət edirlər.  Bayaq mən çox duyğulu bir səhnənin şahidi oldum. 4-5 yaşlarında olan bir uşaq bütün başdaşlarını öpə-öpə ziyarət etdi.
(Özünü saxlaya bilməyib kövrəlir, ağlayır. Sakitləşdirmək üçün deyirəm :
- O deməkdir ki, bura hamı kimi həmin uşağa da əzizdir). 
 
- Bəli, uşaq artıq ailədə o tərbiyəni görür. Onu da qeyd edim ki, o uşağın valideynləri geridən yavaş-yavaş gəlirdilər. Uşaqlar irəlidə qaça-qaça gələrək növbə ilə qəbirləri bir-bir öpərək sanki əzizlərini bağrına basırdılar.     

-Qalib müəllim, bu ziyarətgaha gələn yol çətin relyefli ərazidən keçir. Çoxları kimi, mən də fikirləşirdim ki, buraya gələn yol ancaq ağır  texnika ilə -traktor və ekskovatorlarla   köhnə piyada cığırının  genişləndirilməsi hesabına  açıla bılər. Asma körpü salmaqla bu yolu dəfələrlə qısaltmaq ideyası sizdə necə yarandı?   

-Əvvəla, asma körpü bu ərazinin relyef quruluşu ilə əlaqədardır. Mən istəmədim ki, hər hansı bir texnika işlətməklə ərazinin  1993-cü oldə olan relyef quruluşu dəyişdirilsin. Ona görə ki, buraya gələn ziyarətçilər bilsinlər ki, çətin dağ yamacında olan bir kahada  yataq xəstəsi olan qocalar , uşaqlı qadınlar hansı vəziyyətdə yaşayıblar. İkincisi, buranın relyef quruluşu elədir ki,  buraya biz yol çəkib gətirsək, yuxarıdan çay keçir , çayın kənarında bataqlıq var , burada həmişə ya uçqun olacaq , ya da sel gəlib basacaq , yəni həmişə texnikanın müdaxiləsinə ehtiyac olacaq .  Ona görə biz asma körpü variantının üzərində dayandıq. Körpünün uzunluğu təqribən  38 metrdir. Mən İsmayıllı rayonunun Zərnəva kəndində bir körpü görmüşdüm. 
Onun quruluşuna, texniki göstəricilərinə və tikintisi üçün  işlədilən materiallara baxdım.  Sonra Bakıda həmin materialları alıb bir yerə topladım. 
Artıq hər şey göz qabağındadır, planlaşdırılmış işlərin xeyli hissəsi həyata keçirilib. İşlər yekunlaşandan sonra buraya gələn köhnə maşın yolunun uçqun olan hissəsini də bərpa edəndən sonra ziyarətçilər, demək olar ki, asma körpüyə qədər maşınla gələ biləcəklər. Bir tərəfdən də , həm də bura müqəddəs ziyarət yerimizdir. Rahar şərait yaratmalıyıq ki, buraya gəlibgedənlər  körpüdən rahat şəkildə keçərək şəhidlərin qəbirlərini  ziyarət edə bilsinlər ki, biz də baş vermiş bu faciəni dünya səviyyəsində hamıya çatdıra bilək.Bu işləri görməkdə məqsədimiz budur.     

-Çox sağ olun, Qalib müəllim , gördüyünüz bu müqəddəs işə görə mən də bütün Başlıbel camaatı adından və öz adımdan sizə -Başlıbel kəndinin yetirmələri olan dəyərli  Arif müəllimə və Sizə  dərin təşəkkürümü bildirirəm. Yuxarıda qeyd etdiyimiz kimi , bu şəhidlər qəbiristanlığında görülən abadlıq işləri və məzarlığa rahat gedişgəliş üçün asma kötpünün tikintisi siz qardaşların  maliyyə dəstəyi və təşəbbüsü ilə həyata keçirilmişdir. Canınız sağ , qazancınız  həmişə bol olsun  !Red. Müsahibəmiz çapa hazırlanarkən nəzərdə tutulan yolun çəkilişinə "Başlıbelin İnkişafına Dəstək" İctimai Birliyi  tərəfindən başlanıldığının şahidi olduq. İctimai Birliyin İdarə Heyətinin sədri  Vüqar  Həşimovun rəhbərliyi, İdarə Heyətinin üzvləri Natiq Salahovun, Rövşən Həşimovun və Dağlar Həsənovun iştirakı ilə  müsahibədə qeyd olunan asma körpüyə qədər maşın yolunun ağır texnika ilə  çəkilməsi işi həyata keçirildi. Binunla da ziyarətçilər  rahat çəkildə minik vasitələri ilə asma körpüyə qədər getdikdən sonra Başlıbel Şəhidləri Körpüsündən keçərək şəhidlərin məzarlarını ziyarət edə biləcəklər.     

Oqtay Salahlı,
Azərbaycan Jurnalistlər Birliyinin  üzvü.



Kateqoriya: ---
Tarix: 05-08-2026 23:05
Baxış sayı: 5
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını