Reklam
Salman Qaralardan müsabiqədə yer tutmuş iki hekayə
13-02-2026 14:33
Salman QaralarŞair, publisist
27 müəllifin 28 hekayəsi
2025 - ci ilin mart ayında gözümə bir elan dəydi. Elanda Qərbi Azərbaycana qayıdışla bağlı hekayə müsabiqəsi kçirilməsindən bəhs olunurdu. Mən də iştirak etmək qərarına gəldim. 1918- ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bəhs edən 2 hekayə yazıb göndərdim.
2026-cı ilin12.02.2026- cı ildə Bakı şəhərində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Bir elin manifesti” hekayə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirildi. 70- ə qədər müəllifin içərisindən 27 nəfərin hekayəsi çapa layiq görülmüşdür. Həmin 27 nəfərin içərisində mən də var idim. Mənim hər iki hekayəmi istisna olaraq qəbul etdikləri üçün 27 nəfərin 28 hekayəsi işıq üzü gördü. Mükafata layiq görülənlərin içində mənim də adımın olduğunu eşitməyim çəkdiyim əməyin itmədiyinə məndə inam yaratdı. Tədbirdə millət vəkilləri və ədəbiyyat üzrə mütəxəssislər də iştirak edirdilər.
Zəhməti keçən hər kəsə təşəkkür edirəm.
GƏLİNLİK DONU
Yazın gəlişi Göyçə mahalının dağdibi kəndlərinin də təbiətində hiss olunurdu. Ağkilsə kəndinin məhəllələrinin kənarındakı çəpərlərin diblərində, çökəklərdə, su kənarındakı yerlərdə cücük otlar günəşə doğru boylanır, əsən küləkdən üşüyürmüş kimi titrəyirdilər. Gicitkən kolları baş barmağın sədəfi qədər boy vermiş, qırxbuğumlar narın torpaq laylarının üzərində düymələnməyə başlamışdı. Çalmalı dağının yamaclarının ağ örtüyü boz-bulanıq rəng almışdı.
Uşaqların Novruz bayramı coşqusu nə qədər canlı, qaynar olsa da, böyüklərdə bir süstlük, bilinməyən, üzə vurulmayan bir gərginlik, vahimə var idi. Bu vahiməni uşaqlara da, qocalara da bildirməyən kişilərin nələr çəkdiklərini ancaq özləri bilirdilər.
Kəndin məlumatlı, ağlı kəsən adamları bilirdilər ki, Nikolay hökumətinin yıxıldığı bir ildən çoxdur. Çox yerdə dərəbəylikdir. Bu dərəbəylikdən istifadə edən erməni silahlıları müsəlman kəndlərinə hücum edir, camaatın var-yoxunu çapıb aparır, etiraz edənləri öldürürdülər. Yaz əkini üçün bordanan kəllərin, öküzlərin də çoxunu erməni quldurları tövlələrdən çıxarıb aparmışdılar. Qoyun-keçidən qalanlar isə ətlik üçün yararsız olanlar idi.
* * *
Kəndin aşağısından-Hüseynquluağalı kəndi tərəfdən gələn səs-küy, ağlaşma səsi Qurbanlar məhləsində aydınca eşidilirdi. Bir neçə adamın qarışıq səslərindən bir şey başa düşməyən Səhnəbanı qarı aşağı məhəlləyə doğru boylandı. Qonşuluqdakı Zeynəbin nalə çəkib ağladığını eşitdi:
-Aman qardaş, evinin dirəyi qırıldı, koman başına uçdu. Qadan mənə gələydi, ay Ayaz! Ay qardaşımın dördböyrək oğlu! Gavurun sinəsi yansın, ay Allah!
Səhnəbanı qarı yaxına getdi. Bu zaman 4-5 nəfər kişi bel, kürək, yaba saplarından düzəlmiş xərəkdə Ayazı gətirib ev damının seyvanında yerə qoydular. Bənizi qardan ağ, gözləri yumulu idi. Xırıldayırdı, sinəsi asta-asta qalxıb enirdi. Sinəsindən əllərinə, ayaqlarına qədər bədəni al qan içində idi.
Ayazın son nəfəsinin gedib-gəldiyini yəqin edən Qoca Daşdəmir kişi evin içinə bir gəvə saldırdı, adamlara başı ilə işarə elədi. Dörd nəfər kişi köməkləşib yaralını evə götürdülər, gəvənin üstündən salınmış döşəyin üstünə üzü qibləyə tərəf qoydular. Daşdəmir əlini Ayazın sinəsinin üstünə qoyub ürəyinin dayandığını yəqinləşdirdi. Ayazın gözlərini sığadı, əllərinin, ayaqlarının düzgün dayanmasını yoxladı. Yastığın altında olan yaşıl örtüyü ölünün üzərinə çəkdi.
Ağlaşma səsi yenidən yüksəldi. Qadınlar başlarına, dizlərinə döyərək şivən qopardılar, saçlarını yoldular, yanaqlarını dırnaqları ilə dəlmə-deşik etdilər. Qırmızı gərdəyi asılmayan Ayazın qırmızı qanını anası, bacısı yalamaq həddinə qədər çılğına döndülər.
Qoca Daşdəmir qadınlara sakit olmaları üçün təpindi, kişiləri çölə çıxarıb dedi:
- Meyidi sabaha saxlamaq olmaz. Ermənilər hər saat kəndə də girə bilərlər. Tez bel, kürək, külüng götürüb gedin, qəbir qazın, ölümüzü basdıraq.
Ağkilsə kəndinin kişiləri qəbiristanlıqdan qayıdanda günəşin son sapsarı şüaları Göyçə gölünün üstündəki üfüqlərdə itməkdə idi.
* * *
Səhərin açılmasına hələ çox var idi. Ayrı-ayrı həyətlərdən xoruzların banlaması, itlərin hürüşməsindən başqa səs-səmir gəlmirdi. Özünü kəndə təngnəfəs çatdıran Əhməd aşağı məhəllədən başlayaraq bir-bir ev sahiblərini səsləyir, yarıyuxulu, yarıoyaq həyətə çıxan kişilərə xəbərdarlıq edirdi:
-Qalxın, yır-yığış edin. Arvad-uşağı Kəlbəcərə yola salaq. Düşmən əlinə keçməsinlər. Əli, ayağı tutan kişilər qalsınlar. Ermənilər topla, tüfənglə Basarkeçərdən hücuma keçəcəklər. Havanın işıqlanmasını gözləyirlər.
Adamlar çaş-baş qalmışdılar. Novruzdan üçcə gün keçib. Bu soyuqda hara, necə getsinlər? Hər ağız bir hava çalırdı. Kişilər kəndin ortasındakı meydana toplaşdılar. Əhməd vəziyyəti izah etdi:
-Hüseynquluağalı kəndinin əkin yerlərinin ayağında ermənilərin qabağını kəsməyi bacarmadıq. 3-4 şəhidimiz var, 10-15 də yaralımız. Belə məsləhət elədilər ki, Sarıyaqublu, Hüseynquluağalı, Qaraqoyunlu, Ağkilsəli kəndlərinin qadınları, uşaqları Çalmalı dağından Qılınclı tərəfə, Subatan, Sorca, Çaxırlı kəndlərinin arvad-uşaqları Geşdək tərəfə keçsinlər.
Yenidən səs-küy qalxdı. Ağız deyəni qulaq eşitmədi. Qoca Daşdəmir irəli çıxıb dedi:
-Bir iyidimizi əlimizlə axşam dəfin-kəfən etmişik. Kim qalır, qalsın, ayrı səmtə gedən var, getsin. Sarıyaqub, Hüseynquluağalı, Qaraqoyunlu kəndləri də arvad-uşağı çıxarırlar. Hamımız hazırlaşıb “Qumlu bulağ”ın üstünə toplaşaq, ordan da dörd kəndin adamları dağı birlikdə aşaq, inşallah, bu gavur bəlasından qorunaq.
Hamı susdu, naəlac bir halda el ağsaqqalının üzünə baxdı. Qoca Daşdəmir son sözünü dedi:
-Gedin, ləngiməyin. Əli-ayağı tutan kişi qismi kənddə qalacaq. Yola isti pal-paltar və çörəkdən, yol azuqəsindən başqa heç nə götürməyin.
* * *
“Qumlu bulağ”ın üstünə toplaşan köç karvanı gün günorta olanda yerindən tərpəndi. Kimi körpə uşağının, kimi qoca anasının əlindən tutub asta-asta gedirdi. Qadınlar götürdüyü ehtiyat pal-paltarı, ərzağı çarşabla bellərinə şəlləmişdilər ki, qarşıdakı qarlı dağ aşırımını aşıb gedə bilsinlər. Arxaşələli köç karvanı 4-5 bölük şəklində irəliləyirdi. Hər kəndin camaatı bir topa-bir dəstə şəklində gedirdi. Hər dəstədə də 2-3 atlı kişi vardı. Bu atlılar yorulanların yükünü atın üstünə bağlayır, yeriyə bilməyənləri bir mənzil, yarı mənzil ata mindirib aparırdılar. Qoca Daşdəmir kişi də Ağkilsə köçünün üstündə yol gedirdi.
Saat 16:00-a qədər hər şey normal görünürdü. Az sonra günəşli yaz havası bozarmağa, tutulmağa başladı. Onsuz da küləkli olan bu dağlarda birdən birə dəli yellər əsməyə başladı. Dənizdən-Göyçə gölü tərəfdən əsən külək yorğun köç əhlinə sanki kömək edirdi, onları arxadan irəliyə doğru itələyirdi.
Adamların başlarından-boyun boğazlarından buğ qalxırdı. Necə olursa olsun, qarşı dağı aşıb o biri üzə keçmək lazım idi. Havanın qarışmağı boran qopacağını bildirirdi. Arxada düşmən, öndə boranlı, qanlı-qadalı dağ var idi. Köç əhli də dağa doğru tələsirdi, əsən külək də onları dağa tərəf qovurdu. Gədiyə yaxınlaşanda qırma qar dənələrini külək adamların üz-gözünə vurmağa, boyun-boğazlarına doldurmağa başladı. Amansız çovğun insanları haqlamaqda idi. Səhnəbanı yeriməkdə çətinlik çəkdiyini görüb yan-yörəsindəkilərə dedi:
-Yeriyə bilmirəm. İrəli getsək, borana düşüb qırılacağıq, geri qayıtsaq, erməni gülləsindən öləcəyik.
-Hara qayıdasıyıq, ay ana?!! Şişqayanın başına gələnləri gərək biz də görək?- deyə qaynı qızı dilləndi. Səhnəbanının qolundan daha möhkəm tutdu, birçəyi ağarmış, beli bükülmüş əmisi arvadını yeriməyə vadar etdi.
Səhnəbanının xəyalı kəndə qayıtdı. Səhər tezdən Aşıq Ələsgərin qapısında atlı-ulaqlı beş-altı kişi görünürdü. Qonşulardan eşitmişdi ki, bu gələn adamlar Kəlbəcərin ayrı bölgəsindən, Qanlıkənddən gəliblər, Aşıq Ələsgərgili köçürüb aparacaqlar. “Görəsən, onlar salamat gedə bildilərmi” “fikri” beynindən çıxmadı.
Dağın aşırımına yaxınlaşdıqca çovğun artır, qırma qar dənələri quşbaşı yağan qarla əvəz olunurdu. Göz-gözü görmürdü. Çoxlarına tanış olan qədim el yolunu, dağ keçidini indi seçmək olmurdu. Adamlar bir-birinə söykək olub qarlı gədiyi aşmağa tələsirdilər. Ancaq yuxarı qalxdıqca amansız çovğun göz açmağa imkan vermirdi. Gün axşama döndükcə çovğun da, şaxta da güclənirdi. Kimsə yıxılırdı, kiminsə dizi qatlanırdı, yanındakılar qollarına girib qaldırırdılar. Həyatlarının son və ən vacib amalları olaraq dağı aşmağa çalışırdılar. Köç əhlinin öndə gedənləri artıq gədiyi keçməkdə idilər. Gözlə bir addım qabağı görmək mümkün olmadığından bəsirət gözünün köməyi ilə, fəhm ilə addım-addım irəliləyirdilər. Bayaq yoxuşa çıxmağa imdadı olmayanlar indi addımbaşı səntirləyib yıxılırdılar, üzü enişə getməyin daha çətin olduğunu anlayırdılar.
Yolun səmtini itirdiklərindən, bircə addım qabağı görə bilmədiklərindən gədiyi aşanlar dayandılar, bir yerə toplaşdılar. Amansız çovğunla vuran qar adamların gözlərini qapayır, yanaqlarını, burunlarını sızıldadırdı.
Bu amansız dağ havasına bələd olan Qoca Daşdəmir möhkəmdən qışqırdı:
-Burda bir az da dayansaq, donarıq, hamımız buz bağlayarıq. Hamı əl-ələ tutsun. Yavaş-yavaş üzü aşağı enək.
Vıyıltı ilə gələn, ağzına, gözünə dolan qar dənələri onu danışmağa qoymadı. Fikirləşdi ki, Dal Qılınclı kəndinin “Dik yurd”yaylağına iki kilometrdən çox yol var. Ora çatsalar yaylaq damlarında çovğundan qoruna bilərlər. Ancaq Göyçə üzdə arxadan əsən qar qarışıq güclü külək Kəlbəcər üzdə qarşı tərəfdən əsirdi. Qar da dayanmadan göydən qum dənəsi kimi tökülürdü. Axşamın qaranlığı da düşməkdə idi. Bir az da aşağı endilər.
Daşdəmir fəhmlə hiss etdi ki, burada yol haçalanır. Sola doğru enən cığırla dərəyə enib “Qara qaya” tərəfə getmək olar. O qayanın dibində, dərənin qırağında hava yumşaq, qarlı boran, çovğun isə az olar. Adamlar qayanın dibində dərənin kənarında daldalanarlar. Qayanın dibindəki kahaya 40-50 nəfər adam sığına bilər. Qar kəssə, kəndə enərik, kəsməsə, burada səhəri aça bilərik. Yol ayrıcına çatanda köç əhlinə səsləndi:
-Sola tərəf gedirik. Dərənin qırağında, qayanın dibində daldalanarıq.
Hamı bu yerə nabələddi. Hamı susqun dururdu. Bu dilsiz-ağızsız uşaqlar, bu çarəsiz qadınlar nə desinlər ki???
Qayanın dibinə, dərənin qırağına köç əhlinin yığışmasından az sonra külək də azaldı, qar dənələri də tək-tək düşməyə başladı. Ağlayan uşaqlara çörək verdilər, qadınların bir hissəsi kahada, bir hissəsi də kahanın sağı-solu boyu qayanın dibində yerə çöməldilər, bir-birinin böyrünə qısılıb mürgüləmək, yorğunluqlarını almaq istədilər.
Qaranlıq qarışmışdı. Göyün üzündəki buludlar seyrəkləşdiyindən aradabir ulduzlar görünürdü. Qarın daha yağmadığını görən köç əhlinin ürəyində ümid qığılcımları parladı. Bu dar məqamdan çıxa biləcəklərinə hər kəsdə bir inam yarandı. Qoca Daşdəmir ani bir dincəlmədən sonra qayanın dibindən çıxdı, üzünü göylərə tutub dörd tərəfə göz gəzdirdi. Hava açılmaqda, göyün üzü görünməkdə idi. Geri qayıdıb qayanın dibinə, ailə üzvlərinin yanına oturdu. Ona uzadılan bir parça təndir çörəyini və yarı bölünmüş alma boyda pendiri aldı. Ağzına qoyub çeynədiyi bir tikə çörək boğazına ilişib qaldı. İkinci tikəni yemədi. Ayağa durub aşağı cığıra doğru 5-6 addım atdı.
Külək yenidən əsməyə, get-gedə güclənməyə başladı. Gücləndikcə narın qar dənələrini sovururdu. Zirvələrdə, təpələrdə, yamacların yallarında olan qarı güclü külək sovurub dərələrə, çökəklərə yığırdı. Bu qar sovruğunun dərələrdə necə böyük qar yığını-tar yaratdığını bilən Qoca Daşdəmir tez qayanın dibinə qayıtdı və var səsi ilə bağırdı:
-Qalxın, ləngimədən burdan çıxaq, “Dik yurd” yaylağına özümüzü çatdıraq.
Köç əhli təşviş içində qalxdı. Açılmış, təmizlənmiş göy üzündən gələn ayazın, şaxtanın, vıyıltı ilə aramsız əsən küləyin səsindən gələn vahimə adamların ürəyinə qorxu salırdı. Dümağ geyinmiş yamaclar sıyrılmış qılınc kimi kəsməyə, dərin, dibsiz dərələr boz canavar kimi ağzını açıb bu talesiz insanları udmağa hazırlaşırdı. Bir neçəsinin əli-ayağı keyidiyindən yerindən qalxa bilmədi. Əli-ayağı tutanlar qayanın dibindən, kahadan çıxıb sağa tərəf getməyə başladılar. Qarşıdan küləyin gətirdiyi qar sovruğu adamların yönünü üzü aşağı-sərt yamaclara yönəldirdi. Bir neçə addım atan adamlar ya yıxılıb üzü aşağı yuvarlanır, ya da tara batıb qalırdılar. Haray salıb, nalə çəkənin səsinə səs verən yox idi. Bu səslər elə havadaca itib-batırdı. Qar burulğanı amansızlıqla bu dərələri, yamacları doldurmaqda idi. Az sonra küləyin qovub gətirdiyi qar layları yamac aşağı, dərə boyu səpələnən adamları öz altına aldı, görünməz etdi.
Ömrünün çoxunu keçirmiş Səhnəbanı kahada uzandığı yerdən qalxa bilmədi. Qar sovruğu Səhnəbanının üstünü aldıqca sanki bir az da rahatlandı, istiləndi. Nə yorğunluq, nə də təhlükə hiss etdi. Gözləri yumulu olsa da, ürəyi döyünür, beyni işləyirdi. Uşaqlığı, ilk gənclik illəri xəyalından kino lenti kimi gəlib keçdi.
Ata-anasının əziz xələf-övladı idi. Başına pərvanə kimi dolanırdılar. Bayram günü idi. Atası ona qırmızı don, Ələsgərə də təzə paltar almışdı. Hər yan al-əlvan gül-çiçəyə bürünmüşdü. Bulaqlar şaqraq səslə axıb-çağlayırdılar. Aşıqlar telli sazlarını dilləndirirdilər. Qara zurnanın səsindən qulaqlarının göyüldədiyini hiss edirdi. Ələsgər bəy geyimində gəlib Səhnəbanının qolundan tutdu. Bir güllü-çiçəkli çəmənə çıxdılar. “Gəlin köçdü” havası çalınırdı. Səhnəbanı oynamalı idi. Hamı əl çalır, qışqırır, “oyna-oyna” deyirdi. Ha çalışdısa da, yanına düşmüş qolunu qaldıra bilmədi, oynamağı bacarmadı. Sanki qollarından daş asılmışdı. Ayağını irəli atmaq istəyirdi, ancaq tərpədə də bilmirdi. Elə sanırdı ki, tədricən torpağa batır, kimsə onun ayaqlarından tutub yerin altına doğru çəkirdi.
Səhnəbanının oynamadığını görən Ələsgər də oynamadı, dala-dala yeriyərək geriyə doğru getdi. Çalmalı dağına doğru çəkildi. Çəkildikcə də böyüdü, böyüdükcə də uzaqlaşdı. Ələsgər çevrilib yarı insan, yarı dağ görkəmi aldı. Ələsgərin insan kimi yox olduğunu, dağa döndüyünü görən Səhnəbanı toy meydanından getmək istədi, ancaq gedə bilmədi. Nəfəsi təngiyirdi, boğulurdu. Gəlinlik donunun yaxasını açmaq istədi. Əynindəki qırmızı don ağappaq olmuşdu. Başına örtülən qırmızı duvaq da bozarmağa başladı. Donun da, duvağın da rənginin dəyişməyinə heyrətləndi. Əlini yaxasına uzatmaq, donun düymələrini açmaq istədi. Qolları qalxmadı. Naəlac halda qarşıdakı Dağa baxdı. Ürəyindən Dağın ona əl uzatması, kömək göstərməsi keçdi. Dağ cavab verəcək halda deyildi. Dağın ayağı Göyçə gölünün dərinliklərində, başı üfüqlərdən görünürdü.
Bu son xəyallarla, bu son yuxu ilə Səhnəbanının sinəsi sonuncu dəfə qalxıb endi. Qalın qar laylarının altında nə gözlərini aça bildi, nə də qolunu qaldıra bildi. Ölümlə həyat arasındakı mücadilədə Əzrailin onu çəkib apardığını fərq etmək iqtidarında deyildi.
* * *
Qara qayanın yaxası boyu yığılan tar yazın son ayında əriyib getdi. Dəfn olunmaq qisməti belə olmayan bu günahsız insanların Allah dərgahına qovuşduğu yer o vaxtdan “ Sümüklü dərə” adlandı. .
04.05.2025
MÖCÜZƏ
(sənədli hekayə)
“Qorxulu nağıllar”ın müəllifi S.S.Axundovun ruhuna ehtiramla.
2025-ci ilin mart ayının 31-i idi. Göygöl rayonunun Yeni Zod kəndində yaşayan 71 yaşlı Məhəmmədəli baba nəvələrini başına topladı və dedi:
-Babalarım, bu gün haqqında nə bilirsiniz?
Babanın böyük nəvəsi Selcan dedi:
-Baba, 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılar Bakıda, Gəncədə, Lənkəranda soyqırıma məruz qalıblar. Bu gün onların anım günüdür.
-Düz deyirsən, canım mənim, ürəyim mənim! Bəs bizim baba yurdumuz Göyçə mahalında nələr olub? Bu haqda nəsə bilirsinizmi?
Selcanın özündən 2 yaş balaca qardaşı Elcan cəld cavab verdi:
-Baba, mən bilirəm ki, Göyçə mahalında Səməd ağanı və Aşıq Nəcəfi ermənilər əzabla öldürüblər.
-Çox sağ olun, balalarım, bəs mənim babamın başına gələn faciədən xəbəriniz varmı?
Nəvələr başlarını buladılar. Məhəmmədəli baba dedi:
-Yaxına gəlin və diqqətlə dinləyin. Görün sizin babanızın babasının, yəni mənim babamın başına o vaxt necə böyük müsibətlər gəlib. Bu tarixi faciəni tarix kitabları yazmasa da, siz öz yaddaşınıza yazın.
Nəvələr babanın dizlərini qucaqlayaraq isti odun sobasının böyründə oturdular. Məhəmmədəli babanın gözləri nəvələrin üzündən yayınıb məchul bir nöqtəyə zilləndi və uzaqlardan gəlirmiş kimi yorğun, həzin bir səslə danışmağa başladı.
* * *
Dədəmiz Qorqudun təsvir etdiyi Göyçə gölünün dörd tərəfindəki yamyaşıl yerlər, obalar Göyçə mahalı adlanırdı. Bu mahaldakı gözəl kəndlərdən biri də bizim dədə, baba yurdumuz Ağkilsə kəndi idi. Çalmalı dağının ətəyində yerləşən bu kəndin sakinləri əmin-amanlıq içində yaşayırdılar. 200 il bundan əvvəl Rusiya höküməti İrəvan xanlığını istila etdi. Qacarlar və Osmanlı dövlətləri ərazisindən erməni ailələrini köçürdüb bizim torpaqlara yerləşdirdi.
1917-ci ildə Rusiyada çar höküməti yıxıldı. Həm rus ordusundan, həm də türk ordusundan tərxis olunan, qaçaq olub gələn ermənilər özləri ilə döyüş sursatları da gətirdilər. Ac canavara dönən erməni zabit və əsgərləri azərbaycanlı əhali yaşayan yerlərə silahlı basqınlar etməyə, əhalinin mal-qoyununu, taxılını, ərzağını alıb aparmağa başladılar. Göyçə mahalının hər yerində silahsız, köməksiz əhalinin ermənilər tərəfindən çapılıb-talandığına dair xəbərlər yayıldı. Bizim Ağkilsə kəndinin adamları da bu vəhşiliyin, terrorun qurbanları oldular.
1917- ci ildə yaz fəslinin son ayının yenicə girən vaxtı, yəni may ayının təxminən 24-25-i imiş. Çar ordusunun zabiti olmuş erməni polkovnik Silikovun( Silikyanın) silahlı quldur dəstələri vergi yığmaq bəhanəsi ilə Ağkilsə kəndinə hücum edirlər. Camaat arvad-uşağı, mal-qoyunu kənddən çıxarıb yaylağa aparırlar ki, erməni şərindən qoruna bilsinlər.
Mənim nənəm Sinə həmin vaxt hamilə imiş. Babam onu at arabasına mindirib “Üçdaşlar” adlanan yaylağa aparır. Həmin vaxt nənəmin doğuş sancısı tutur. Arabanın böyür-başına parça tuturlar. At arabasının altında dünyaya vaxtından bir qədər də tez gələn uşağa Osman adını verirlər. Silikovun dəstəsindəki talançılar geri qayıtdıqdan bir-iki gün sonra camaat da yaylaqdan kəndə qayıdır.
Aradan aylar keçir, ancaq erməni silahlı birləşmələri sakitləşmək əvəzinə get-gedə harınlaşırlar, güclənirlər. 1918-ci ilin mart ayında Azərbaycanın hər yerində qırğınlar törədirlər. Azərbaycan xalqının ən sevimli bayramı olan Novruz bayramını yasa, faciəyə çevirirlər. Bayram günlərində Göyç mahalının kəndlərindən gələn qara xəbərlərin sayı artır. Şişqaya kəndində camaatı tövləyə doldurub od vurmaları insanlarda vahimə, qorxu hissini daha da artırır. Salamat qalan ailələr onlara səmt olan Gədəbəy, Kəlbəcər ellərinə üz tuturlar, arvad-uşağı təhlükədən-ölümdən, binamusluqdan qorumağa məcbur olurlar.
Bayramdan 3-4 gün keçəndən sonra Qaraqoyunlu, Ağkilsə, Hüseynquluağalı, Sarıyaqub kəndlərinin camaatı Çalmalı dağını keçib Kəlbəcərin Dal Qılınclı kəndinə doğru qaçmağa məcbur olurlar. Onlar da elliklə borana düşüb qırılıblar. Meyidlərin çoxu 3-4 ay tarın altında qalıb. O qırğından az adam, az ailə xilas ola bilib.
***
-Hə, əziz balalarım, Qurbanlar tayfasından bir neçə ailə, eləcə də babam Məhəmmədəli Kəlbəcərə doğru getmək üçün başqa bir yol seçirlər. Onlar “Üçdaşlar” deyilən yaylaq yerindən Kəlbəcər üzdəki “Kasagələn” yaylağına gedən yola üz tuturlar. Arvad-uşağın, qocaların üstündə gedən üç-dörd nəfər silahlı kişidən biri də mənim babam olub.
Bu talesiz qaçqınlar dağın gədiyini keçən vaxt boran onları haqlayır. Çovğunla yağan qar adamları təntidir. Geri qayıtmaq bu boranda ölümə bərabərdir. Çətinliklə dağı keçib Kəlbəcər üzə keçsələr də, hava sakitləşmir. Qarla qarışıq gələn güclü çovğun adamları el yolundan çıxarır, bürüb-büküb dərin dərəyə doğru yönəldir. Güclü şaxta əllərində bağlama, müəyyən əşya aparan bir neçə adamın barmağını , sifəti açıq olan daha bir neçə adamın da burnunu, qulağını aparır.
Gözlərini heyrətlə açaraq babasını dinləyən 13 yaşlı Tunar soruşdu:
-Baba, barmağı, qulağı, burunu şaxta necə aparır, haraya aparır?
Məhəmmədəli baba Tunarın başını tumarlayaraq dedi:
-Buna “donvurma” deyirmişlər. Güclü şaxta insanın açıqda olan bədən orqanlarını dondururmuş. Don vurandan sonra barmağı, qulağı, burunu ya oxalayan kimi, ya da istiyə verən kimi qopub düşürmüş, adamlar şikəst qalırmışlar.
Uşaqlar heyrətdən nəfəslərini içlərinə çəkərək sükunət içində qulaq asırdılar. Kimsə yerindən tərpənmirdi, kimsə cınqırını belə çəkmirdi.
Baba sözünə davam etdi:
-Hə, əzizlərim, çarəsiz insanlar qanlı dağların ölüm təhdidindən qurtarmaq üçün dibsiz-dərin dərəyə doğru enirlər. Külək elə sürətlə əsir ki, qarı lay-lay çökəklərə doldurur. Dərə boyu yığılan narın qar tezliklə dağın yamaclarına, yalın ağızlarına qədər qalxır. Küləyin sovurub gətirdiyi böyük qar kütləsi tar əmələ gətirir. Qaçqın dəstəsinin böyük bir hissəsi tarın altında qalır. Tara düşməyən adamlar Ayrım binəsi kəndinə enirlər, baş verən faciəni danışırlar.Sabah tezdən Ayrım binəsi və ona qonşu Kilsəli kənddən gələn adamlar borana, tara düşənləri xilas etməyə tələsirlər. Bəzi cəsədlərin canavarlar, tülkülər tərəfindən dağıdıldığını görürlər. İnsan əti yeyərək quduran canavarları cəsədlərdən güllə səsi ilə aralayırlar. Tara düşməyib yamaclarda yıxılıb qalan, don vuran insanları xilas edə bilirlər. Heyhat, tarın altında qalanları çıxartmaq mümkün olmur.
* * *
Kilsəli kənddən köməyə gələnlərin biri də Məmməd oğlu Fərhad imiş. O, dağın yamacındakı tarın üstündə bir qaraltı görür və əvvəlcə elə düşünür ki, kiminsə papağı düşüb qalıbdı. Bir az da yaxına gəlir və görür ki, bu tarın içindən görünən papaq insanın başındadır. İnsanın sifətinə qədər qar yığılıb, ancaq nəfəsi gedib-gəlir. Adamın nəfəsi qarı bir az əridib, kiçik buğ qalxır. Fərhad bu adamın sağ olduğuna inanır və yoldaşlarını köməyə çağırır. Köməkləşib ağac kürəklərlə qaraltının ətrafındakı qar laylarını dağıdırlar.
Fərhad görür ki, bu onun uşaqlarının kirvəsi, canı qədər sevdiyi Məhəmmədəlidir. Məhəmmədəli kürəyini bir qayaya söykədiyindən və tar onu ayaq üstündə basdığından qar layları boğazına qədər çıxıb, ağız-burnunu tam tutmadığından ölməyib.
Babamın sinəsinə qədər qarı təmizləyəndə görürlər ki, çarşaba bürünmüş bir körpəni babam qucağına sıxaraq son ana qədər saxlayıbdı. Təxminən 14-15 günlük olan bu çağanın da nəfəs alıb-verdiyini görürlər. Körpəni bir kənara qoyub qarı təmizləməyə davam edirlər. Görürlər ki, babamın çiynindən tüfəng, sinəsindən güllə qatarı asılmışdır. Qatarın altında qarın nahiyəsində çarşaba bağlı daha bir körpə uşaq var. Bu uşağı da açıb götürürlər və salamat olduğunu, ölmədiyini görürlər. Fərhad dəli kimi qışqırır:
-Möcüzədi, vallah möcüzə. Kirvəm də salamatdır, uşaqları da. İlahi, sənin qüdrətini tanımayana nəhlət olsun!
Babamın ətrafını basmış qarı tamamilə təmizləyirlər. Görürlər ki, nənəm Sinə babamın dizlərini qucaqlamış halda ölüb. Zahı qadın özündə güc tapıb babam kimi ayaq üstə qala bilsəymiş, bəlkə də, sağ qalarmış.
Nənəmi tardan çıxarıb bir kənarda yapınçıya bükürlər. Artıq həyat əlamətləri itməkdə olan iki həftəlik qız uşağını da ananın qucağına qoyurlar. Daha sonra onları aparıb Kilsəli kəndin qəbiristanlığında ikisini də bir yerdə dəfn edirlər.
Məhəmmədəlini və hələ bir yaşı tamam olmamış oğlunu yapınçının üstünə qoyub təcili kəndə aparırlar. Evdəki yanan peçi söndürülər. Məhəmmədəlini yun yorğana büküb yun döşəyin üstünə qoyurlar. Onun körpə oğlunu da o cür bələyib taxt üstündə yatızdırırlar.
Beləliklə, Məhəmmədəli babamın özü də, 9 aylıq oğlu Osman da sağ qaldılar. Hə, əziz balalarım, balaca Osman anasız böyüdü, evləndi. Dünyaya gələn ilk övladı mən oldum. Atam öz atasının adını mənə verdi. Məndən sonra da iki qızı dünyaya gəldi. Babamın nəsli kəsilmək, tükənmək təhlükəsindən qurtardı.
Ancaq biləsiniz ki, ermənilər çox böyük müsibətlər törətdilər, çox ailələrin bütün üzvlərini öldürdülər. Bizim insafımız, ədalətimiz önündə onlar qəddar, zalım oldular.
Baba, bəs siz çox sevdiyiniz kəndinizdən, evinizdən niyə çıxdınız?-deyə balaca - soruşdu:
Hə, əzizlərim, biz 1988-ci ilə qədər Göyçə mahalının Ağkilsə kəndində yaşasaq da, ermənilərin Qarabağa ərazi iddiaları ilə bağlı bizi dədə-baba yurdumuzdan qovdular.
Ermənilər Qarabağı da, ətraf rayonları da işğal etdilər. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ordumuzu gücləndirdi. Qəhrəman əsgərlərimiz 1920-ci ildə 44 günə erməni ordusunu torpağımızdan qovdu.
Babasının danışdığı əhvalatdan heyrətlənən Tunar dedi:
-Baba, biz Göyçəyə gedə biləcəyik?
-Bəli, əziz balalarım! Bir gün babalarımızın müqəddəs ruhu sizi doğma yurd yerlərinə səsləyəcəkdir.
O gün gələcək! Siz dədə-babalarınızın ocaqlarını gur yandıracaqsınız. Bunun üçün oxuyun, dünyanı dərk edin! Keçmişi yaxşı öyrənin ki, gələcəkdə səhv etməyəsiniz!
04.05.2025
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 13-02-2026 14:33
Baxış sayı: 324Yazı axını
15 / 02 / 2026
14 / 02 / 2026
14 / 02 / 2026
13 / 02 / 2026
13 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
11 / 02 / 2026
11 / 02 / 2026
10 / 02 / 2026
09 / 02 / 2026
09 / 02 / 2026
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
06 / 02 / 2026
05 / 02 / 2026
05 / 02 / 2026
04 / 02 / 2026
Ən çox oxunanlar










.jpg)

















