"Bu boyda dərdin yiyəsi, deyirlər heç nədən ölür!"- Əliağa Aslan

22-09-2020 17:20
Bir şair gəldi keçdi bu dünyadan, sözdən, şeirdən...  ruhu sözə tapındı, cismi torpağı seçdi, "Mən dünyaya qərib gəldim"- deyən Əliağa Aslanın. 

Əliağa Aslan Surxay oğlu 1961-ci il yanvar ayınin 1-də Qubadlı rayonunun Qaracallı kəndində müəllim ailəsində doğulmuşdur. Qaracallı kənd orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Qara Qarayev adına musiqi təmayüllü ota məktəbdə 9-10-cu sinifi oxumuş, məktəbi bitirdiyi ildə Naxçıvan Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olmuşdur. 1983-cü ildə institutu bitirmiş, yaşadığı Qaracallı kəndində müəllim işləməyə başlamışdır. 1991-ci ildə Qaracallı kənd Sovetinin sədri seçılmiş, 1992-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin Qaracallı kəndi üzrə İcra nümayəndəsi vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.
Əliağa Aslan uşaq yaşlarından şeir yazmağa başlamış, yerli mətbuat orqanında(Qubadlıda) şeirləri dərc olunmuşdur.1998-ci ildə "Ayrılıqlar içində" adlı ilk kitabı  çapdan çıxmışdır. "Kərəm ahı" ,"Ayrılıqlar sevgilərdən başlayır" ,"Məni sən öyrətdin ayrılıqlara", "Mən dünyaya qərib gəldim", "Bu dünya qonaq saxlamır" və ölümündən sonra çap olunan "Qəfil gələn ayrılıq" adlı kitabların müəllifidir. "Bu dünya qonaq saxlamır" adlı kitabına tanınmış tənqidçi, filologiya elmləri doktoru, Füzulişünas Vaqif Yusifli ön söz yazmış, haqqında dəyərli sözlər işlətmişdir.
Şairin bir çox şeirlərinə musiqilər bəstələnmişdir.
Əliağa Aslan 2009-cu ilin mart ayının 2-də ağır xəstəlikdən (qara ciyər serrozundan) sonra dünyasını dəyişmişdir.Ruhu şad olsun!


Dalidag.az Sevinc Qəribin təqdimatında unudulmaz Əliağa Aslan poeziyasından bir neçə nümunəni oxucuların ixtiyarına verir.

SƏNSİZ SƏNİNLƏ

Qalmışdın dünyanın o başında sən,
Sevdalı ömrümün sonunda gəldin.
Yuyub günahını göz yaşında sən,
Yanıma mələklər donunda gəldin.

Ahın dara çəkdi, dara günümü,
Ahında kül olan közümü gördüm.
Qara saçlarında qara günümü,
Qara gözlərində özümü gördüm.

Əllərim əlinə toxunan vaxtı,
Ahımdan saçıma təzə dən düşdü.
Bir sevgi nəğməsi oxunan vaxtı
Ayrılıq araya təzədən düşdü.

Ümid ömür yolu, sevgisə itik,
Bir özgə ömrünə "hə"dir ayrılıq.
Ayrılıb üz-üzə gəməsə idik,
Bəlkə də bilməzdik nədir ayrılıq.

...Getməz ürəyimdən bu qəm, bu kədər,
Bir dağam, dumansız, çənsizəm, gülüm!
Sənsiz səninləyəm ölənə qədər,
Səninlə bir yerdə sənsizəm, gülüm.

Əllərin, saçların, gözün özgənin,
Sənsiz günlərimə qənimsən indi.
Bütün varlığınla özün özgənin,
Bütün xəyalınla mənimsən indi.

DƏRD GƏLİR

Zaman hər yetəni başa çəkdisə, 
Demək insanlığa, lələ, dərd gəlir. 
Zalım bıçağını daşa çəkdisə 
Mələ, yazıq quzu, mələ, dərd gəlir.

Yamanlıq etdiyim düşmür yadıma, 
Tanrım dar günümdə yetib dadıma.
Mənim ünvanıma, mənim adıma 
Bağlayıb bir ağır şələ, dərd qəlir.

Haqq yolun dəvişi, şamanı keçib, 
Yaxşı yolda qalıb, yamanı keçib.
Yoxsa yaxşılığın zamanı keçib ?!
Kimə əl verirsən, ələ dərd gəlir.

Qəribdi söhbətim, sözüm bir az da.
Haqqa arxayınam özüm bir az da.
Dözməyib neynəyim, dözüm bir az da,
Dərdimin üstünə hələ dərd gəlir.

BU YURDUN İTKİLƏRİ

Bu yer üzü cəncəl idi, cəng idi, 
Ömür yolu ləngər idi, ləng idi. 
Neçə ümüd ünvanına ləngidi, 
İtkiləri tapılmadı bu yurdun.

Yol itirdi yol azdıran dumanlar, 
Yorulmadı itik gəzən gümanlar. 
Kədər tapdı qəmdən sevinc umanlar :
İtkiləri tapılmadı bu yurdun.

Ümid dağı külüngləndi, çapıldı, 
Ümidsizlər xəyallara qapıldı. 
Bir itiyin yüz gümanı tapıldı, 
İtikləri tapılmadı bu yurdun.

Qəmli günlər bir ömürdən adladı. 
Dəli həsrət neçə dizi qatladı. 
Səbr daşı dözəmmədi, çatladı, 
İtikləri tapılmadı bu yurdun.

Yollarını duman kəsdi, qar aldı, 
Bu gen dünya göz önündə daraldı. 
Qara gözlər kökünəcən saraldı, 
İtikləri tapılmadı bu yurdun.

HƏSRƏTƏM

O mənəm -həsrəti gözündə uyan, 
Çiçəyi içində, özündə duyan. 
O mənəm-dərdini gözündə yuyan, 
Zülfü sinəsində saza həsrətəm.

Gözümü qəzəbdən, kindən eləyən,
Saçımda bir dəni min dən eləyən. 
Sənanı imandan dindən eləyən, 
Kərəmi yandıran naza həsrətəm.

Sevinci az tapdım, az da itirdim, 
Könlümün dincliyin nazda itirdim. 
Sevdiyim gözəli yazda itirdim, 
O gündən bu günə yaza həsrətəm.

TORPAQ RƏNGİNDƏYƏM

Çox dərdlərin qatdım başın,
Çoxlarının çatdım qaşın
Yaşamağın atdım daşın,
Ta həşri -can həngindəyəm.

Dərd gül açdı, mən saraldım,
Qaldı bir kölgəm, qaraldım.
Qara bəxtimtək qaraldım,
Daha torpaq rəngindəyəm.

Uzaqdan baxın, gəlməyin
Nə doğma, yaxın? - gəlməyin.
Gen gəzin, yaxın gəlməyin.
Mən ağrılar cəngindəyəm.

NƏ BİLİM?

Həsrət gözü düşən cana yeriklər,
Kədər ruha, qüssə qana yeriklər.
Hara qondu yuvasından periklər?!
Gecə şaxta, gün ayazdı, nə bilim?!

Ümidliydim yolum, izim gül aça,
Çox döydüm ki, bəlkə dizim gül aça.
Bu gedişlə çətin bizim gül aça,
Bu nə bahar, bu nə yazdı, nə bilim?!

Baxtı gülən, udan gəldi üstümə,
Haqsız dedi: Utan! - gəldi üstümə.
Əli qələm tutan gəldi üstümə,
O nə yazdı, bu nə yazdı, nə bilim?!

Sevdim mənə ərk eləyən o anı,
Hanı duyan, dərk eləyən o anı?!
Ruhum məni tərk eləyən o anı
Yazan hansı günə yazdı, nə bilim?!

SEVİLƏR

Sevgisiz ürək talandı,
Qalsa sevgilər qalandı.
İnanma, desəm, yalandı
Ki, ruhsuz bədən sevilər.

Yoxdusa sevgin, ölüm gəz,
Çək ömür boyu zülüm, gəz.
Vətən sevgisi bölünməz
Nə yarı, nə tən, sevilər.

Nə varmış sondan o yana?
Sevgi yox ondan o yana.
Doymadım ondan, oy, ana,
Sevdikcə vətən sevilər.

SƏNİN

Qəhr etdim milləti, verdin qəm, kədər,
Həyat sönük oldu, ömür-gün hədər.
Bu xalqın bir qoyun, bir keçi qədər
Qiyməti yox imiş yanında sənin.

Zülmün kəhər atı düzə çıxıbdı,
Dərdimiz bir idi, yüzə çıxıbdı.
Yalquzaq xislətin üzə çıxıbdı,
Gör nələr var imiş qanında sənin!..

Haqqı öz içində, canında boğdun,
Qeyrəti hamının yanında böğdun.
Bu xalqı halalca qanında boğdun,
Nifrət var adında, sanında sənin.

İçindən boy verən şərdi, görünür,
Kinin qəfil qızmış nərdi, görünür.
Bir xalqın, millətin dərdi görünür,
Saxta şöhrətində, şanında sənin.

Səndən nə dərd küsər, nə şər inciyər,
Qalsan qiyamətə, məhşər inciyər.
Sənə insan desəm, bəşər inciyər,
Şeytan yuva salıb canında sənin!

ÖLÜR

Haray yoxdu başdan daha,
Yurd kiçilir, Vətən ölür.
Çörək çıxmır daşdan daha,
Hər külfət bir çətən, - ölür.

Mənimdi bu suç, get məndən,
Ömür puçdu, puç, - get məndən.
Yazıq ruhum, uç get məndən,
Dayanma, keç, bədən ölür.

Danışma şər, din yiyəsi,
Yox imiş mərdin yiyəsi.
Bu boyda dərdin yiyəsi
Deyirlər heç nədən ölür!

GEDƏRİK

Könül, dünya yuxu deyil,
Dağılar mürgün, gedərik.
Bir gün əynimizə geyib
Ağappaq kürkün, gedərik.

Adamlar sürgün -- dünyaya,
Bu idbar, şirkin dünyaya.
Gəlmişik bir gün dünyaya,
Qayıdıb bir gün gedərik.

Boşalarıq, dolmuşuqsa,
Açılarıq, solmuşuqsa.
Necə sürgün olmuşuqsa,
Elə də sürgün gedərik.

GƏLİRSƏN

Tərk eləyib ana bətnin,
Gəl, bəxtiqara, gəlirsən.
alnında öz yazın, mətnin;
Dərd adlı vara gəlirsən.

Çoxdan mizan, ölçü itib,
Ürəkləri dərd-qəm didib.
Səninçün bir ağac bitib,
Edama, dara gəluirsən.

Ağ üzləri ağ saxlamır,
Bir kimsəni sağ saxlamır.
Bu dünya qonaq saxlamır,
Ay zalım, hara gəlirsən?!

Əliağa Aslan
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 22-09-2020 17:20
Baxış sayı: 41 213
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını