Sücaət:"Bir gün gülə-gülə qayıdacaqdı, ağlaya-ağlaya köçən Kəlbəcər..." -ŞEİRLƏR

20-04-2020 16:29
Kəlbəcər şairlər yurdudur. Bəlkə təkrar ifadədi, bəlkə də fərdi yanaşmadı. Ancaq bu bir həqiqətdir. Çölü-çəməni, gülü-çiçəyi, arısı-kəpənəyi... şeir olan bir torpağın "Şairlər yurdu" adlandırılması niyə qəbahət olsun ki?!!
Heç bir titula, heç bir əlavə sözə ehtiyacı olmayan Sücaət adlı sərvəti, böyük şairi var Kəlbəcərin. O Sücaət ki, heç harda dərc olunmayanda belə, şeirləri dillər əzbəri idi. Sağlığında el şairi, elin şairi ucalığını qazanmış Sücaət bu gün də sevilir, anılır və oxunur. Onun sözdən toxuduğu, qəmin məharətlə çəkilmiş söz şəkli əbədiyaşarlıq haqqını çoxdan qazanıb. Həssas, kövrək, eyni zamanda vətənpərvər ruhlu, haqq carçısı şairin  kədərinin, nisgilinin bir adı da Kəlbəcərsizlik oldu. Taleyinə yazılan məhbus həyatının ağrısını da unutdurdu bu dərd ona. Ciyərləri Kəlbəcər havasına həsrətdən qovruldu, yurd yerinə dönəmmədi Sücaət... Ruhu dağlara sarı... Ruhun şad olsun, ELİN ŞAİRİ!


Xatırladaq ki, Sücaət Yunus oğlu Əhmədov 1946-cı il iyun ayının 4-də Kəlbəcərdə dünyaya göz açıb. 2002-ci il noyabr ayının 7-də Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat edib. Məzarı Göygöl rayonundadır. 
Onu da qeyd edək ki, Sücaət tanınmış jurnalist Hidayət Elvüsalın qardaşıdır.

Dalidag.az Sücaətin şeirlərini təqdim edir:
Sevinc Qərib

TANIMAZ

Geri dönsə, cavanlığım mat qalar,
Hönkür-hönkür ağlar, məni tanımaz.
Danışaram dərd alışar dilimdə,
O bəxtəvər çağlar məni tanımaz.

Öyrəşmişəm, hər əzaba dözərəm,
Kül olmuşam, bir də çətin közərəm.
Bülbül kimi nəğmə deyib gəzərəm,
Gül bağçalar, bağlar məni tanımaz.

Kövrəlmişəm, gözümdə nəm gəlmişəm,
Qocalmışam, qəlbimdə qəm gəlmişəm.
And içsəm ki, Sücaətəm, gəlmişəm,
Atam-anam dağlar məni tanımaz.

ANAMIN

Deyin dustaqları buraxacaqlar,
Qoy qəm bozartmasın üzün anamın.
Deyin qırılacaq zülmün zənciri,
Birtəhər başını yozun anamın.

Zəhər gizlənibmiş aşımın altda,
Bir dərya var imiş qaşımın altda…
Yastıq daşa dönür başımın altda,
Burda hardan alım dizin anamın?

Taleyi şil-şikəst, fikri sağ oldum,
Sevinci bir zərrə, dərdi dağ oldum.
Gah əsir, gah xəstə, gah dustaq oldum,
Qoymadım quruya gözün anamın.

Talanmış ömürdü, gündü, neyləyim,
Baxtımın çırağı söndü neyləyim.
Sevinci fəğana döndü, neyləyim,
Söhbəti nəğmədən həzin anamın.

Sücaət, etdilər talan ömrümü,
Kor olsun daşlara çalan ömrümü.
Talanan talanıb, qalan ömrümü
Ömrünün üstünə yazın anamın.

MƏNİM XOŞBƏXTLİYİM


Mənim xoşbəxtliyim onunla gedib,
Bir də bu yerlərə gələ... gəlməyə.
Mən qan ağlayıram ayrı düşəndən,
Vüsal gözlərimi silə... silməyə.

Özgəyə qoynunu açan səadət,
Əlimdən quş kimi uçan səadət,
Məndən illər boyu qaçan səadət,
Təzədən üzümə gülə... gülməyə.

Bilmirlər, həyatım olub dərbədər,
Deyirlər, gecəyə döz, gündüz gələr.
Biçarə Sücaət o vaxta qədər,
Kim bilir, ay ellər, ölə... ölməyə.

VAXTIDI


Yenə yavaş-yavaş el köçüb gedir,
Dağların saralıb, solan vaxtıdı.
Ayrılıqdan dodaqların titrəyən,
Gözlərin kövrələn, dolan vaxtıdı.

Xatirəylə dolu eniş-yoxuşlar,
Kimə hədər, kimə sevinc bağışlar.
Aman Allah, qan ağlayır baxışlar,
Sevən ürəklərin talan vaxtıdı.

Görürsənmi nisgilini dumanın,
Vallah tüstüsüdür ahın-amanın.
Həsrətdən, möhnətdən sazın, kamanın,
Sızlayan vaxtıdı, nalan vaxtıdı.

Könlüm öyrənibdi borana-qara,
Axı sevinc hara, Sücaət hara?
Kim ölə, kim qala gələn bahara,
Şairin gümanda qalan vaxtıdı.

QAYIT GƏL


Yaman çətin imiş sənsiz yaşamaq,
Könlüm gecə-gündüz ağlar, qayıt gəl.
Sevəni bir gündə yüz yol öldürər,
Yarsız ötüb keçən çağlar, qayıt gəl.

Demə keçən- keçib, olan-olubdu.
Vaxt olub boşalan bir də dolubdu.
Sən gedəndən saralıbdı, solubdu,
Gül açmır bağçalar, bağlar, qayıt gəl.

Həsrətin ömrümün sarayın sökür,
Qəlbim haray çəkir, gözüm qan tökür.
Sücaət vətəndə qəriblik çəkir,
Qürbətə dönübdü dağlar, qayıt gəl.

AY DAĞLAR

Mən gedirəm qürbət elə,
Sən salamat qal, ay dağlar.
Halallıq ver, qoy qalmasın,
Ürəyimdə xal, ay dağlar.

Hanı məndə dözüm sənsiz?
Sönəcəkdi közüm sənsiz.
Qan tökəcək gözüm sənsiz,
Olacağam lal, ay dağlar.

Dostum-yarım keçir gendən,
Dərdim artır günü-gündən.
Məni qəmdən, qəmi məndən,
Al ay dağlar, al ay dağlar.

Günəş gəzib yorulanda,
Sazın simi qırılanda,
Göydə qartal vurulanda,
Məni yada sal, ay dağlar.

Qayaları lələ döndər,
Cığırları telə döndər,
Sücaəti külə döndər,
Bir “Kərəmi” çal, ay dağlar.

KİMİ


Kaş rəssam olaydım, elə rəssam ki,
Çəkəydim bəxtimi olduğu kimi.
Yazmaqla nə olsun, onda görəydim,
Arzumu-eşqimi olduğu kimi.

Eşqimin tufanın, boranın, yazın,
Solmuş çiçəklərin, yox olmuş izin.
Çəkəydim gözlərin sevdiyim qızın,
Süzülüb xəyala daldığı kimi.

Sücaət, mənalı yaşa, yarat, an,
Vəfasıza ağrı gizlət, yara dan.
Salmasın heç kəsi bir də yaradan,
Məni nəzərindən saldığı kimi.

KƏLBƏCƏR

Mənim ürəyimdi, mənim canımdı,
Düşmən süngüsünə keçən Kəlbəcər.
İndi ondan-bundan qiymət gözləyir,
Aqili nadandan seçən Kəlbəcər.
 
Tərtər qəmli-qəmli axar sızıldar,
Dağlar gözlərini sıxar sızıldar.
Dağılmış evlərə baxar sızıldar,
Əsir düşüb zəhər içən Kəlbəcər.
 
Sücaət, neyləyək, baxt belə baxtdı,
Darıxma, hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdı,
Ağlaya-ağlaya köçən Kəlbəcər.
 
GECƏLƏR

Gedənləri anda verib yolundan,
Saxlayıram, yatmıram ki, gecələr,
Düz altmış min göz-göz olan yaranı,
Bağlayıram, yatmıram ki, gecələr.
 
Yurd-yuvamız viran olub talanıb,
Bulaqların nəğməsi də bulanıb,
Addım-addım o dağları dolanıb,
Yoxlayıram, yatmıram ki, gecələr.
 
Çox yanmışam, olmamışam belə mən,
Dərd çəkməyə yaranmışam belə mən,
Gah dönürəm aşıb-daşan selə mən,
Çağlayıram, yatmıram ki, gecələr.
 
Taleyimiz dərdimizi qurudub,
Vətən dərdi Sücaəti oturdub,
Balaları gülə-gülə yatırdıb,
Ağlayıram, yatmıram ki, gecələr.

MƏN OLAYDIM

Sınmayaydı qanadlarım,
Quş, yerinə mən olaydım.
Uçaydım düz Dəlidağa,
Kaş yerinə mən olaydım.
 
Ömür talan, həyat yalan,
Dərdə düşsün, dərdə salan.
O dağlarda məğrur qalan,
Daş yerinə mən olaydım.
 
Sücaəti unutma sən,
Həsrətindi məni didən,
Yanağından axıb gedən,
Yaş yerinə mən olaydım.

KAŞ OLMAYAYDI


Ölümə nə var ki, bir dəfəlikdi.
Sevib ayrı düşmək kaş olmayaydı.
Nəğmələr quş kimi qanadlananda.
Gözlərdən süzülən yaş olmayaydı.

Mənim qəlbim kimi inləməz kaman.
İlk eşqi itirmək yamandı,yaman.
Könüllər odlara qalanan zaman.
Ürəklər bərkiyib daş olmayaydı.

Mən səni sevirəm,sən varı pulu.
Gör hardan düşübdü eşqimin yolu.
Nə mənim ürəyim bir belə dolu.
Nə sənin ürəyin boş olmayaydı.

Silinməz sinəmdən bu düyün bu dağ.
Gəzdi gəncliyimi qəm budaq-budaq.
Həsrətdən,möhnətdən titrəyən dodaq.
Kədərdən catılan qaş olmayaydı.

Yar deyib aglayır könlümün sazı.
Bir gündə yüz dəfə yanıram azı.
Sücaət heç kəsin baharı,yazı.
Dönüb birdən-birə qış olmayaydı.

GƏLMƏYƏYDİK...


Ana dağlar, dilə gəlib,
Ağlayaydın, gəlməyəydik.
Birdən uçub yolumuzu,
Bağlayaydın, gəlməyəydik.

Burda hər gün, burda hər ay,
"Yurdum!" deyib, çəkir haray...
Hərəmizdən bir əziz pay,
Saxlayaydın, gəlməyəydik.

Sücaətəm, ellər kimi,
İnləyərəm tellər kimi.
Çaylar kimi, sellər kimi,
Çağlayaydın, gəlməyəydik..

AĞLAYIR


Canım Vətən, axır qaldın yadamı?
Görən dağlar saxlayırmı sədamı?
Görmüşük ki, dərd ağladar adamı,
Dərdə bax ki, mənim dərdim ağlayır.

Oba gedir, oymaq gedir, el gedir,
Çəmən gedir, çiçək gedir, gül gedir.
Bu tərəfdə gözlərimdən sel gedir,
O tərəfdə yuvam, yurdum ağlayır.

Sücaət, ürəyim bir qırılan sim,
Nələr çəkdiyimi kim anlayar, kim?
Yurdun göz yaşını silə bilmədim,
Yatdım, yuxuda da gördüm ağlayır...

SÜCAƏT

Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 20-04-2020 16:29
Baxış sayı: 45 599
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını