Namiq Dəlidağlı - 55: Qan qoxulu sətirlərdən gül ətirli şeirlərə...
30-09-2025 13:36

…Torpağa bir tabut söz basdırdılar...
indi kəpənəklər sözə qonacaq,
arılar şirəsin sözdən çəkəcək,
ürəkdən çəkəcək, gözdən çəkəcək.
Bu məzar söz adlı bar gətirəcək,
çiçək bitirəcək, gül bitirəcək...
Burda "göyərəcək, hər kəlmə, hər söz".
Bu sətirlər müasir Azərbaycan şeirinin istedadlı nümayəndələrindən biri olan Namiq Dəlidağlının ustad şairimiz Məmməd Aslanın xatirəsinə həsr olunmuş şeirindən götürülmüşdür. Təkcə bu misraların təhlili Namiq Dəlidağlının sözə həssas və tələbkar münasibəti, poetik fikrinin dərinliyi haqqında fikir yürütməyə imkan verir. Mən də bu misraların ardınca düşüb Namiq Dəlidağlı qələmindən süzülüb gələn şeirlərin bal dadından ləzzət almaq fikrinə düşdüm. Əlimdə şairin son şerləri toplanmış bir toplu olmasa da, müxtəlif mənbələrdən oxuduğum, qeyd dəftərimdə saxladığım şeirlər qızıla bərabər tutulan vaxtın hədər getmədiyini sübut etdi. Odur ki, bəzi şeirləri hörmətli oxucularımla da bölüşməklə diqqəti bu təvazökar qələm sahibinin yaradıcılığına cəlb etmək istədim. Poeziya heyrətdən başlayır. İlk şeirlər də, son yaradıcılıq nümunələri də heyrətlə başlıdır, Bu mənada şairin heyrətinin nəticəsi olan “Etiraf” şeiri lirik qəhrəmanın məhəbbət hisslərinin ölməzliyi haqqındakı fikirləri yığcam və yaddaqalan bir tərzdə, həm də orijinal formada belə ifadə edir:
Dünən doyunca vurdum,
sənsizliyin sağlığına.
Vüsal məni çağırmışdı,
hicranın qonaqlığına.
İçim, çölüm çox azad,
dərdim, qəmim kəm idi.
Bütün sevdalı başlar,
dünən, yəqin, dəm idi.
Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu
dolanırdı başımda.
Bilmirdim ki, mən səni,
belə tez unudacam.
...Dünən dünəndə qaldı,
bu gün sənə möhtacam.
“Unut demək asandır, mən unuda bilmirəm”, “Unut məni, unut görüm” - başqa sözlə, əsl sevginin ürəyin daş yaddaşına yazılmış silinməz izlərini ifadə edən bu poetik düşüncələr unuda bilməməyin, unudulmazlığın etirafıdır. Lakonik tərzdə sevən qəlbin ağrı-acılarının tərcümanıdir bu etiraf...
“Mənə şəkil göndərdin” şeiri də sevən, duyan qəlbin məhəbbət pıçıltılarını özünəməxsus şəkildə çox gözəl ifadə edir:
Mənə şəkil göndərdin...
o şəklin içində hər şeyin
öz şəkli var:
baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli var,
göynəyin öz şəkli var...
Namiq Dəlidağlı şeirdən-şeirə öz üslubu ilə diqqəti cəlb edən, təkrarsız təqdimat və deyim formaları, tapıntıları ilə şairlik haqqını qazanmağı bacaran şairlərimizdəndir. Bir neçə misra ilə poetik obrazın bədii portretini təqdim etmək şairin yaradıcılıq qüdrətini nümayiş etdirir. Bu baxımdan onun şair-alim Ağa Laçınlı haqqında şeiri olduqca maraqlıdır:
Üçcə dəfə gördüm Ağa Laçınlını-
ağa kişi kimi;
sözünün ağası kimi;
Ağa Laçınlı kimi.
Söhbətinin dadı qaldı damağımda -
bal kimi;
şəkər kimi;
şərbət kimi.
Bu, Vətən həsrəti ilə göynər qalan Ağa Laçınlının xatirəsinə həsr olunmuş ən yaxşı şeirlərdən birdir, şairin bədii portretinin ustalıqla canlandırılmasıdır. Namiq Dəlidağlı bununla sanki söz qarşısında öz məsuliyyətini və ustalığını ortaya qoyur.
Namiq Dəlidağlı hazırda Kəlbəcər ədəbi mühitindən Azərbaycanın çoxsaylı yazarları sırasında öz layiqli yerini tutmağa can atan və buna haqqı çatan şairlərdəndir. 1993-2020-ci illər aralığında yazıb-yaratdığı şeirlər daha çox heca vəznində, xalq şeiri üslubunda olub, onun yurd itkisi, erməni işğalının doğurduğu ağır kədərini ifadə edir. Lakin bu illərdə də, ondan sonra da Namiq el şairliyi çərçivələrindən daha geniş poeziya dünyasına qədəm qoymağı və yaddaqalan ədəbi əsərlər üzə çıxarmağı bacardı:
Üst-başın qan içində,
bədənin dolu qəlpə.
Sinən səngər çapıqlı,
gözlərin qan çanağı...
...Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən.
Sınıxdığını duydum,
saralan otlarından,
qorxub sənin boynuna
sarılan otlarından...
Bağrından qan sızan Vətən haqqında ürək ağrılarını təsirli, rekviyemsayağı bir tərzdə ifadə etməklə şair Vətən sevgisini necə gözəl əks etdirmişdir!
Sinəsinə dağlar çəkilmiş bu Vətənin Təbriz, Dərbənd, Borçalı, Zəngəzur, Qarabağ yaralarını qəlbinə köçürmüş şair bu yaraları sağaldanacan onları öz cisminə köçürüb qan sızan həmin yaralarına duz basmaqla Vətənin bir zərrəsi olduğunu çox təsirli bir şəkildə belə ifadə edir:
Bu gecə duz basdım
Təbriz ağrıma,
Dərbənd dərdimə,
Zəngəzur həsrətimə,
Borçalı göynərtimə,
Qarabağ yarama…
Cızdağım çıxanacan
yanım deyə…
Yuxum ərşə çəkilsin deyə…
Şərti ad qoydum onlara:
ürəyimə Təbriz,
sinəmə Dərbənd,
bir gözümə Zəngəzur,
birinə Borçalı,
dilimə Qarabağ…
Hərəsi öz dilində ağladi məni…
Mətləbi çox da uzatmadan Kəlbəcər həsrətli bir şeirinin son bəndini xatırlatmaq dediklərimizi bir daha təsdiqləyir:
Ta demirəm sağlıq olsun, ay ana,
boşalanlar birdə dolsun, ay ana,
Namiq adlı oğlun ölsün, ay ana,
səni Kəlbəcərə aparammıram.
Şükürlər olsun ki, bir vaxtlar Vətən həsrəti ilə yazdığı qan qoxulu şeirləri indi işğaldan azad olunmuş Kəlbəcərin misilsiz gözəlliyinin timsalı olan Kəlbəcər güllərinin qoxusu dolu şeirlər əvəz edir. Bundan sonra da Namiq Dəlidağlı poeziyası doğma ata-baba ocağının təbii gözəlliklərinin ürəkaçan lövhələri ilə oxucuları azad yurdlarımıza səsləyəcəkdir.
Namiq Dəlidağlının şeirləri hazırda Azərbaycanın hüdudlarından kənarda da özünə oxucu kütləsini cəlb etməsi ilə diqqət çəkir. Şairin şeirlər müxtəlif xalqların dilinə tərcümə olunaraq yayılır, başqa dillərdə kitabları çap olunur. Ötən il Özbəkistanda şairin “Sevgi sükutu” adlı kitabı nəfis şəkildə nəşr olunaraq poeziyasevərlərə çatdırılmışdır.
Bu kiçik yazını sözə məsuliyyətli və həssas münasibəti ilə seçilən hörmətli Namiq Dəlidağlının anadan olmasının 55 illiyinə həsr edirəm, şairə can sağlığı arzu edirəm. Bundan sonra da azad edilmiş Qarabağımızla, Kəlbəcərlə-bir sözlə, Vətən sevgisilə coşub- çağlayan təbindən yeni-yeni könül ovlayan gözəl əsərlər yaratmasını arzu edirəm.

Hüseyn Şahbəndəyev,
Əməkdar müəllim



Yazı axını
30 / 09 / 2025
29 / 09 / 2025
27 / 09 / 2025
27 / 09 / 2025
26 / 09 / 2025
25 / 09 / 2025
25 / 09 / 2025
24 / 09 / 2025
24 / 09 / 2025
23 / 09 / 2025
23 / 09 / 2025
22 / 09 / 2025
22 / 09 / 2025
20 / 09 / 2025
20 / 09 / 2025
19 / 09 / 2025
18 / 09 / 2025
18 / 09 / 2025
18 / 09 / 2025
17 / 09 / 2025
16 / 09 / 2025
16 / 09 / 2025
Ən çox oxunanlar