"O, Bakıya, Sumqayıta özü ilə Kəlbəcər ab-havası gətirmişdi" - Rafiq Yusifoğlu yazır -FOTO

21-11-2024 15:23

"Gözəlliklər axtarişinda, yaxud sözündən nur yağan şair" 

   Məmməd Aslanla ilk dəfə görüşümüzü yaxşı xatırlamasam da, o, mənim ən çox ünsiyyətdə olduğum, zarafatlaşdığım qələm sahiblərindən biri idi. O, Bakıya, Sumqayıta özü ilə Kəlbəcər ab-havası gətirmişdi. “Azərbaycan təbiəti” jurnalında məsul kitib işləyəndə yanına tez-tez gedib gəlirdim. Otağına girəndə adam özünü sözün həqiqi mənasında əsrarəngiz təbiətin qoynunda hiss eləyirdi. Burada o qədər bənzərsiz dekorativ gül-çiçək, sarmaşıq var idi ki... Özü də şairlikdən başqa həm də rəssamlıq səriştəsi olan Məmməd Aslan bu gülləri otağa uyğun şəkildə elə yerbəyer eləmişdi ki, adam özünü lap nağıllar dünyasında hiss eləyirdi. Məmməd müəllim təkcə öz otağına yox, elə bil “Azərbaycan” nəşriyyatına da yeni bir ab-hava gətirmişdi. 
     1978-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuşdum. Dissertasiya mövzusunda jurnal məqalələri çap etirməyə ehtiyac var idi. Ağlıma gəldi ki, təbiət mövzusunda yazılan poemalar haqqında bir məqalə yazıb çap etdirim. Qasım Qasımzadənin “Meşə nəfəs alırdı” poeması barədə bir məqalə yazıb Məmməd Aslanın yanına apardım. Dedi ki, məqalənin adı jurnalımıza uyğun gəlmir, gərək elə bir ad tapaq ki, həm jurnala uyğun gəlsin, həm də məqalənin məzmununa xələl gətirməsin. Diqqətlə oxumağa başladı və birdən üzünə xəfif bir təbəssüm qondu. Məqalədəki “qıfılsız xəzinə” ifadəsinin altından qoşa xətt çəkdi və onu məqalə başlığı elədi. Yazı çap olunandan sonra Məmməd müəllimlə ünsiyyətimiz yeni bir məcraya yönəldi. Şeirlərini oxuduqca, söhbətlərini dinlədikcə gördüm ki, elə Məmməd Aslanın sinəsində, yaddaşında da zəngin bir folklor xəzinəsi var imiş. Ancaq bu xəzinə qıfılsız yox, qıfıllı idi. Məmməd müəllim xoşuna gəlməyən adamla ünsiyyətdə olmaz, onunla ürək söhbəti eləməz, zarafatlaşmazdı...
1981-ci ildə nəşriyyata gedəndə yolum birinci mərtəbədəki kitab mağazasına düşdü. Kitabların arasında Məmməd Aslanın təzəcə çap olunan “Ürək möhlət verəydi” kitabını gördüm və aldım. Kitab əlimdə Məmməd Aslanın otağına qalxdım. Hal-əhvaldan, onu təbrik eləyəndən sonra kitabı verdim ki, üstünə avtoqraf yazsın. Şairin üzünə yenə də xəfif bir təbəssüm qondu və kitabın ilk səhifəsində verilən şəklinin altında belə bir avtoqraf yazdı: “Özü kitab alıb məndən xətt yadigarı istəyən şair qardaşım Rafiq Yusifoğlu, nə yazım ki, sənin səmimiyyətini, paklığını, qürurunu, başabaş ər oğlu ərliyini orda əks etdirə bilim?! Məmməd Aslan. 27.XI.81.”
     Tale elə gətirdi ki, 1985-ci ildə məni “Göyərçin” jurnalına işə qəbul elədilər. Əvvəl şöbə müdiri, sonra məsul katib vəzifəsində işlədim. Redaksiyalarımız ayrı olsa da, tez-tez Məmməd Aslanla görüşür, söhbətləşir, zarafatlaşırdıq. Hərdən gəlirdi, birlikdə Sumqayıta qayıdırdıq. 
 
Bir dəfə qərara gəldik ki, işdən sonra redaksiyada Tofiq Mahmudun 60 illik yubileyini qeyd eləyək. Tofiq müəllim iki dostunu dəvət eləmişdi, qalanların hamısı öz əməkdaşlarımız: Hikmət Ziya, mən, Arif Hüseynov, Tahirə İsgəndərova,  bir də redaksiyamıza tez-tez gəlib-gedən adamlar idi: Hüseyn Abbaszadə, Sabir Əhmədov, Məmməd Araz, Xalidə Hasilova, Nəriman Süleymanov, Əlirza Balayev, Altay Hacıyev, Emin Mahmudov, Əhməd Əsgər və Etibar Aslanov. Birdən gözləmədiyimiz halda qapı açıldı və Məmməd Aslanla Ağəddin Mansurzadə hay-küylə içəri girib məni soruşdular. Otaqdakı adamları görüb duruxdular. Biləndə ki, Tofiq Mahmudun yubileyini qeyd eləyirik, üzrxahlıq edib getmək istədilər, dedilər ki, biz gəlmişdik ki, Rafiqin maşını ilə Sumqayıta qayıdaq. Tofiq Mahmud onları getməyə qoymadı. Dedi ki, elə yaxşı oldu ki, gəldiniz. Məclis təzədən qızışdı, sağlıqlar, zarafatlar bir-birini əvəz elədi. Yaxşı ki, o günlərdən bir neçə xatirə şəklimiz yadigar qalıb.
Bizim redaksiyamızda iki dəst Azərbaycan Sovet Ensiklopediyası var idi. Biri baş redaktor Tofiq Mahmudun, o biri isə məsul katibin – mənim otağımda. Məmməd Aslan bunu görəndə Tofiq Mahmuda deyib ki, o dəstlərdən birini mənə verin. Tofiq müəllim vermək istəməyib, deyib ki, o kitab Rafiqə də lazım olur, yəqin ki, verməyəcək. Məmməd müəllim növbəti dəfə gəlib məni soruşub, zarafatla deyib ki, hanı o məsuliyyətsiz məsul katib? Tofiq müəllim qaş-qabağını töküb etiraz eləyəndə ki, yox, səhvin var, Rafiq məsuliyyətli adamdı, o gülüb və deyib ki, Rafiq mənim dostumdu, zarafatla belə deyirəm. Sonra mən gəlib çıxdım. Məmməd müəllim dedi ki, iki dəst ensiklopediyanı neyləyirsiniz e, onsuz da içində bir fərli şey yoxdu, ən çox ermənilərdən yazıblar. Mən dedim ki, ay Məmməd müəllim, içində bir şey yoxdusa, bu kitabları bizdən niyə israrla almaq istəyirsiniz? Tofiq müəllim şaqqanaq çəkib güldü, Məmməd Aslan da ona qoşuldu. Sonra qılığıma girdi, dedi ki, bu kitabları məndən Türkiyədə yaşayan bir dostum xahiş eləyib, onu ver, əvəzində sənə çoxlu kitablar gətirəcəm. Mən çar-naçar razılaşdım. Məmməd müəllim kitabları apardı, ancaq insafən deyim ki, mənə də vəd elədiyi bəzi kitabları hədiyyə elədi...
     Sonra Məmməd İsmayıl teleşirkətin sədri olanda Məmməd Aslanı “Ekran-Efir” qəzetinə baş redaktor vəzifəsinə apardı. Nizami Xudiyev də Az.Tv-nin sədri olanda məni Xəbərlər Baş redaksiyasında “Elm, mədəniyyət, İncəsənət” şöbəsinə müdir təyin elədi. Necə deyərlər, Məmməd Aslanla bir işdə ayrılan yollarımız digər işdə yenidən birləşdi. Şirkətin avtobusu ilə birlikdə Sumqayıtdan Bakıya,    Bakıdan Sumqayıta gedib gələr, yol boyu söhbətləşərdik. Ceyranbatan meşəsində ağacları kəsmişdilər. Mən sədrdən icazəsiz gəlib onu çəkdim və “Xəbərlər”də verdim. Süjet əks-səda verdi. Ağacəkmə kompaniyası başladı və həmin hadisələri də çəkməyi mənə həvalə elədilər. Sonradan hər Sumqayıtdan Bakıya gedəndə təzə ağacları göstərən Məmməd Aslan zarafatla deyirdi ki, bax bura Rafiq Yusifoğlu meşəsidi...
     Məmməd Aslan təkcə folklorun yox, həm də klassik ədəbiyyatımızın gözəl bilicisi idi. Mənim Məhəmməd Füzuliyə həsr olunan “Qəm karvanı” poemam əsasında televiziya tamaşası hazırlananda çox sevinmiş, bu haqda “Ekran-Efir”də maraqlı bir məqalə də yazmışdı...
     İkimiz də televiziyadan ayrılandan sonra da arabir görüşər, söhbətləşərdik. Şərikli dostlarımız – Kərim Məmmədov, Ağəddin Mansurzadə ilə arabir Sumqayıtda görüşər, ötən günləri xatırlayar, zarafatlaşardıq. Televiziyada işləyən oğlumu – Gündüzü çox tərifləyərdi. Deyərdi ki, kimin nə həddi var ona bir söz deyə. Əsl kişi oğlu kişidi... Ancaq adını çəkmək istəmədiyim bir nəfərin namərdliyi onu yandırıb yaxardı...
     Məmməd Aslan haqqın tərəfdarı idi. Haqq onun üçün dostluqdan da uca idi. Qarlı bir gündə metroda rastlaşdığımız, birlikdə sözləşib Yazıçılar Birliyinə getməyimiz, Anar müəllimin otağında özü orada olmayan Sabir Sarvanı özü orda olan dostlarımızdan birlikdə necə müdafiə eləməyimizin təfərrüatı indi də yadımdadır... 
     Bir dəfə Sumqayıtdakı evində onun ziyarətinə getmişdim. Bir az nasazlamışdı. Evindəki səliqə-səhman diqqətimi cəlb elədi... Bir az təəccübləndim də... Axı o tək yaşayırdı... Xeyli söhbətləşdik, dərdləşdik. Ayrılanda mənə bir neçə kitab da hədiyyə elədi...
     Sonuncu görüşümüz isə nəşriyyatın dəhlizində oldu. Zarafatlaşdıq. Jurnalın vəziyyətini soruşdu. Dedim ki, indi mətbuat reanimasiyada sistem altında yatan xəstəni xatırladır. Sistemdən ayrılan kimi ölümə məhkumdu... Sözlərim çox xoşuna gəldi. Harasa getməli idi. Dedi ki, görüşüb söhbətləşərik... Ancaq bir də görüşmək bizə qismət olmadı... 
     Onsuz darıxanda daxili dünyasının bədii aynasına dönən kitablarını vərəqləyir, şeirlərini oxuyuram. Yaxşı ki, Məmməd Aslanın  düçüncələrinin bir qismi onun həm uşaqlar, həm böyüklər üçün nəzərdə tutulan şeirlərinə, hekayələrinə, publisistik yazılarına hopub.
     “Dağ ürəyi” (1969),  “Səsimə səs ver” (1978), “Ürək möhlət verəydi” (1980), “Ömrün yarı yaşında. (1986), “Saxla izimi dünya” (1989)  kitablarında toplanan şeirlərdə Məmməd Aslanın zəngin, bənzərsiz poetik düşüncələri öz əksini tapıb. Burada yurd həsrətli vətən, təbiət, sevgi şeirləri ayrı-ayrı poetik biçimdə diqqətimizi cəlb edir. Müəllifin bayatı, gəraylı, qoşma formalı şeirlərində folklor motivləri, ənənəyə bağlılıq çox güclüdür. 
     İlk kitabında gedən ilk şeir – “Çiçək dənizi”  adamı ofsunlayır:
Əlvan gül dənizi, çiçək dənizi,
Ətirli dalğalar dizimdən mənim. 
Getməz bu yerlərin göyçək dənizi 
Ürəyimdən mənim, gözümdən mənim.

Yönəldim bulağa, bir qurtum içim,
Cığır fərşə dönüb, gül əlçim-əlçim,
Bəs necə tapdayım, bəs necə keçim,
Min naxış pozular izimdən mənim.

Yamacı çağırdım, dağı səslədim,
Cavab gələr deyə ümid bəslədim.
Bir coşub-çağlayan nəğmə istədim,
Küləklər çıxmadı sözümdən mənim.

Qurşağı çəmənə sancılıb göyün,
Çiçəklər füsunkar, quşlar ərköyün,
Ürəyim yaylaqda itibdi bu gün
Xəbərim olmayıb özümdən mənim.
     
Bu misraları oxuyanda istər-istəməz Məmməd Aslanın sevdiyi, sitayiş elədiyi Məhəmməd Füzulinin bir misrasını xatırlayıram: “Heyrət, ey büt, surətin gördükdə lal eylər məni.”  Məmməd Aslanın əksər şeirləri elə bil ki, heyrat məqamında araya-ərsəyə gələn poetik mətnlərdi.
Bu, körpəlik beşiyim,
Mənim dağım, dərəmdi.
Zirvəsinə baş əyim,
Uludu, möhtərəmdi.

Bir tifildim, aləmdim,
Çiçəyinə bələndim.
Bulağından bal əmdim,
Mənim şəhdim, şirəmdi.

Ürəyim axr çayda,
Uyuyur bu laylayda.
Dəlidağ özü boyda
Kəklikotum, zirəmdi.
    
 Ölçüsü bayatı, qafiyələnməsi gəraylı formasında olan, dil və ifadə gözəlliyi ilə zəngin 10 bəndlik şeir bu misralarla bitir:

Yenə çiçək fəslidi,
Hava gül nəfəslidi,
Bu dağlar – Xan Əslidi,
Məmməd – Yanıq Kərəmdi.
     
Kəlbəcər dağlarının füsunkar gözəlliyini rəssam dəqiqliyi ilə əks etdirən Məmməd Aslanın bütün şeirlərinin lirik qəhrəmanı elə şairin özüdür. Şairin digər kitablarında gedən təbiət şeirlərini də oxuduqca adam istər-istəməz hər şeyi unudur, lirik qəhrəmanın yol yoldaşına çevrilir, təbəti onun gözüylə görür, onunla birlikdə duyğulanır, həyəcanlanır. Bu baxımdan Məmməd Aslanın əksər şeirləri sirayətedicidir, cazibədardır. Peyzaj detallarının dəqiqliyi, dil, ifadə gözəlliyi şeirlərin həm bədii dəyərini, həm də təsir gücünü xeyli dərəcədə artıran vasitəyə çevrilir.
Sənə pənah gətirmişəm, Dəlidağ,
Dərgahında mən xəstəyəm, sən – həkim.
Məni görüb nə tökmüsən qaş-qabaq,
Gəldiyimi xəbər verib sənə kim?
  M.Aslan ənənəvi janrlara yenilik cizgilrı qatmağı bacaran bir qələm sahibi idi. Məsələn, onun bayatı ritmli, hər misrası 7 hecalı şeirlərinin bir qisminin gəraylı kimi təqdimi maraq doğurur. Bayatı ilə gəraylının sintezi şeirin ritminə, ahəngdarlığına əhəmiyyətli dərəcədə təsir edən bir vasitəyə çevrilir. “Nazim yanğısı” şeirində olduğu kimi:
Özüm baxdım: nəhs gəldi,
Falıma bax, qaraçı.
Avand işim tərs gəldi,
Halıma bax, qaraçı.

Dərddi, mənəm – sirdaşıq,
Yaşayırıq calğaşıq.
Kələf kimi dolaşıq
Yoluma bax, qaraçı.
     
Misralar bir-birini əvəz elədikcə Nazim Hikmətin portreti göz önündə canlanır. “Dolu döymüş ağac”, “baltalanmış ceviz”, “dərya daşdıran gözlər” və s. bu portreti tamamlayan səciyyəvi cizgilərdı.
Şeir  belə bitir:
Oddan-alovdan betər
Ayrılıq məni ütər.
Qəbrim üstə qəm bitər,
Gülümə bax, qaraçı.

“Qarşı yaxa məmləkət”.
Bu torpağa mən həsrət,
Vətənsiz öldü Hikmət,
Ölümə bax, qaraçı...
     
Bu misraları yazanda Məmməd Aslanın heç ağlına da gəlməzdi ki, “vətənsiz” ölmək, Kəlbəcərdə yox, Zaqatalada dünyasını dəyişmək, Masazırda dəfn olunmaq var imiş qismətində...
   Məmməd Aslan ənənəvi formada yeni söz deməyi bacaran bir şair idi. Bu  baxımdan onun 20 Yanvar hadisələri zamanı qələmə aldığı  “Ağla, qərənfil, ağla” şeiri çox səciyyəvidir:
Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!

Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşadı.
Ağla, qərənfil, ağla!

Qərənfil - şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!
    
 Məmməd Aslan uşaqlar üçün də gözəl şeirlər, poemalar, mənzum nağıllar, hekayələr yazan istedalı bir qələm sahibi idi. “Böyürtkən böyrü tikan” (1972), “Səhəri kim açır”(1972), “Dəvə niyə gövşəyir” (1980) kitablarına Məmməd Aslanın uşaq şeirləri, “Durnalar lələk salır” (1982)  kitabına isə balacalar üçün yazılmış tərbiyəvi əhəmiyyətli nəsr əsərləri daxil edilmişdir.
   Məmməd Aslanın həm də çox güclü bir publisist idi. “Bizdən sonra nə qalır” (1979) kitabında toplanan yazılar göstərir ki, onun publisistikası da əslində mayasında, cövhərində poetik ovqat olan yaradıcılıq nümunələridir. 
     Məmməd Aslanın Türkiyə səfərindən sonra yazılan “Ərzurumun gədiyinə varanda” (1985)  kitabını oxucular çox böyük maraqla qarşılamışdılar. Bu kitab əslində qadağalar dövründə Azərbaycan oxucusu üçün türk dünyasına açılan ilk pəncərə kimi maraq doğururdu. 
     Müstəqillik illərində Türkiyəyə müntəzəm gediş-gəliş Məmməd Aslanın yaradıcılığına yeni bir istiqamət verirdi. Şairin türk şeirindən, o cümlədən Yunis İmrədən, Aşıq Veysəldən elədiyi tərcümələr, uyğnlaşdırmalar dili bir, qanı bir, dini bir insanların yaxınlaşmasına kömək edən bir vasitəyə çevrilirdi.

Bir soy ki bir daşa baş qoysa əgər,
O daş millət üçün səcdəgah olar!
Kök özünü sevsə, Haqq onu sevər!
Bir soyun ayarı tam agah olar.

Qaya sədası var başın yasında:
Baş, daşın üstündə heykələ dönər!
Orxon-Yeniseyin daş-qayasında
Hələ Türklüyümün nəbzi döyünər. 
      
“Nur içində nur”, “Allahın rəsulu”, “Bir sultan yaşardı Sultantəpədə” kitablarında Məmməd Aslanın türk dünyasına, islam əxlaqına bağlılığı aydınca sezilməkdədir. Şairin bu mövzuda olan əsərlərini oxuyanda belə qənaətə gəlirik ki, istedadlı qələm sahibi həm də iman sahibi olanda onun yazdıqlarının dəyəri də qat-qat artır.
     Məmməd Aslanın bütün şeirləri istər mövzu və problematikasına, istərsə də bədii sənətkarlıq məziyyətlərinə görə diqqəti cəlb edir. Sevinirəm ki, onun yaradıcılığı əsasında yazılan fəlsəfə doktorluğu dissertasiyası mənim elmi rəhbərliyim altında araya-ərsəyə gəlib. Ümid eləyirəm ki, gələcək tədqiqatçılar da Məmməd Aslanın yaradıcılıq yolunu başqa istiqamətlərdə elmi araşdırmaya cəlb edəcəklər. Çünki şairin müxtəlif janrlı yaradıcılıq nümunələri tədqiqata zəngin material verir.
   1939-cu ildə gözəlliklər diyarı Kəlbəcərdə dünyaya göz açan Məmməd Aslan 2015-ci ildə yurdumuzun başqa bir gözəlliklər diyarında – Zaqatalada gözlərini əbədi yumdu. Gözəllik aşiqi olan Məmməd Aslan ömrünün sonuna qədər gözəlliklər axtarışında idi. Elə bil ki, Kəlbəcərə dönə blməyən Məmməd Aslan yurdumuzun başqa guşələrində olan gözəllikləri görüb lentə almaqla təskinlik tapırdı. 
   Özündən sonra təkcə bədii əsərlər yox, misli-bərabəri olmayan verilişlər yadigar qoyub getdi Məmməd müəllim. Şairdən yadigar qalan o lentlərə  baxanda Məmməd Aslan “əlvan gül dənizi, çiçək dənizi”ndə sehrli bir adanı xatırladır. Elə gözəl, elə şirin, elə obrazlı bir dillə təbiəti təqdim eləyirdi ki, onun heyranlığı istər-istəməz tamaşaçılara da sirayət eləyirdi. 
   Verilişinin adı “Dərədən-təpədən” idi. Azərbaycanda elə bir dərə, təpə, dağ, yamac yox idi ki, Məmməd Aslanın ayağı ora dəyməsin. Bənövşəli, nərgizli, laləli, süsənli yamaclar, yaylaqlar onun təqdimatında öz gözəlliyini birə-on qat artırırdı elə bil. Gah uca dağları, gah gül-çiçəkli yamacları, çəmənləri, gah şəlalələri, gah qıjıltıyla axan çayları həm şeirlərinin, bədii-publisistik yazılarının, həm də kameranın yaddaşına hopdururdu. Ayrı-ayrı fəsillərdə təbiətin rənglərinin dəyişməsi də Məmməd Aslanın nəzərindən qaçmırdı. Onun qar yağa-yağa çəkdiyi verilişi indi də yaxşı xatırlayıram. Məmməd Aslan  peşəkar operator deyildi, ancaq təbiət gözəlliklərindən zövq almaq, kimsənin görə bilmədiyini görüb göstərmək, təqdim elıəmək bacarığı onu bu sahədə də peşəkarlar sırasına qaldırmışdı.
     “Şöhrət” ordenli Əməkdar mədəniyyət işçisi Məmməd Aslan Azərbaycan ədəbiyyatının həm yaradıcısı, həm də yorulmaz təbliğatçısı idi.
   Onun əsərlərinin dili olduqca saf və koloritli idi. Çünki Məmməd Aslan zəngin bir folklor mühitində dünyaya göz açan, dilini, ədəbiyyatını, incəsənətini sevən bir təəssübkeş qələm sahibi idi...
Folklorumuzu, klassik ədəbiyyatımızı, dilimizin incəliklərini, məna çalarlarını mükəmməl bilən, iman sahibi olan, sözə böyük dəyər verən, “sözündən nur yağan” şair ömrünün ixtiyar çağında, 2014-cü ildə  yazırdı:

Vəzincə ən yüngül, mənaca ağır:
Söz dünyaya sığmaz; tək ağla sığır.
İqlimlər dəyişir sözün zəhmindən:
Sözdən şaxta düşür; sözdən nur yağır...
     
Ruhu şad olsun sözə, sənətə həmişə böyük dəyər verən, ömrünü şam kimi gilə-gilə şeir-sənt yolunda əridən Məmməd Aslanın!


Rafiq Yusifoğlu, şair, 
Əməkdar mədəniyyət işçisi, 
filologiya elmləri doktoru, professor.

18-19.11.2024



Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 21-11-2024 15:23
Baxış sayı: 3137
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
01 / 12 / 2024