Sevinc Qərib:"Yollar qucaqlayıb köhnə izimi..."- ŞEİRLƏR

27-10-2019 22:20

...Sən məndə var olan ilahi adam,
mən səndə yaşayan bəxtəvər qadın...

Dalidag.az Sevinc Qəribin şeirlərini təqdim edir: 

MƏN OLSAYDIM...

Güzgüdəki mənəm?!.
...yox, mən deyiləm,
mən olsaydım-
təbəssüm toxuyardı kipriklərim,
duyğu misralanardı gözlərimdə,
şeir dillənərdi baxışlarımda...
Mən olsaydım-
üşüməzdi əllərim,
ağlamazdı saçlarım,
ağrımazdı qollarım.
Mən olsaydım-
yıxılmazdım sənsizlik adlı ağrının
ayaqlarına,
yoxluğuna bürünmüş dünyanın
havasızlığından
asmazdım nəfəsimi,
sükutu qucaqlamazdı qulaqlarım,
qaranlığı öpməzdi gözlərim..
Mən olsaydım-
sevinc oynaşardı dodaqlarımda,
kədər çiliklənərdi yanaqlarımda...
Güzgüdəki mənəm...
çəkildim göylərə..,
ruhum çırpınır                                                                                                                                              Tanrının ovcunda kəpənək kimi...


HARDASAN?

Hardasan, 
yolların yorduğu adam?!
Yenə yollara naxışmı hörürsən,
ürəyimi çəkib aparan izlərinlə?
Köhnə yollar ayaqlarına sərilib
yəqin, sevgilin kimi...
Hardasan,
xəyallar qurduğum adam?!
Gecənin bətni dolub,
birazdan qaranlıqlar doğulacaq,
izlərini addım-addım yaddaşına
köçürən,
dabanlarını hərisliklə öpən
yollar görünməz olacaq...
Bir cüt göz nəmlənir
gecəyə açılan pəncərəmdə,
bir ağrı sızıldayır
qoynumda daşa dönmüş 
əllərimdə...
Hardasan,
ruhunun səcdəcinə durduğum adam?!
De, harda dincəldirsən yorğun
ayaqlarını, 
qayğılarını qucaqlayıb yuxuya 
getmisən yoxsa?!.
Bir ucuz otel otağının
nimdaş yatağı
rahatmı qollarımtək,
İsidə bilirsənmi üşüyən ruhunu
nəfəsim olmayan yerdə?
Hardasan?!!


SƏN MƏNİM EVİMSƏN...

Guya ki, mən sənin evin deyiləm, 
bu yuva, bu ocaq bizimki deyil?!
Gözündən asılan alovlu baxış,
ruhuna qovuşan ruh mənim deyil?!...
Ovcun əllərimin isti yuvası,
əllərin ovcumda ən əziz sakin. 
Sən məndə var olan ilahi adam,
mən səndə yaşayan bəxtəvər qadın.
Bizim yaşamağa evimiz yoxdu...
sən mənim EVİMSƏN,
mən sənin EVİN...


BİRCƏ GECƏ...

İnsafın olsun göy üzü 
bir gecəlik
zülmətini çək içinə.
Bir ulduzu pay ver mənə
yastığımda rəqs eləsin
saçlarımın havasına.
Bir az nurundan götürüm
pərdə tutum qaranlığın
yuvasına...
Buz donunda təklik ruhu
var-gəl edir otağımda,
ayı ver çəkim üstümə
örtüyüm olsun bu gecə.
Qucaqlasın işıq məni,
qaranlığın canı çıxsın
yatağımda...
Həsrətin yorduğu ömür kimidi
qaranlıqdan doyan gözüm,
bir az yuxu umacağı,
bir az işıq istəyi var.
İnsafın olsun göy üzü,
bircə gecə 
zülmətini çək içinə..

.

YOLLAR QUCAQLAYIB KÖHNƏ İZİMİ

Yoldumu izimi çəkib aparan,
Mənəmmi bu yolun inadın qıran?
Kimiydi yanımdan ötdü çaparaq,
Kimiydi uzaqdan əl edib duran?

Yol məni, mən yolu gedib bitirdik,
İndi ayrılırıq bir tin başında.
O məndə, mən onda itib gedirdik,
Fərqində deyildik yayın, qışın da.

Fəsil tanımadıq, il tanımadıq,
Qarı ayaqlayıb, buzu adladıq.
Kölgəni yurd seçib daldalanmadıq,
Küləyi belindən iki qatladıq.

Keçdik keçilməzi, tərsi ram etdik;
Aşdıq olmaz adlı aşırım səddi.
Qismətə bölünməz kəsri tam etdik;
Hasil ömrümüzdə qoşa ədəddi.

Mənəmmiş yanımdan tələsik keçən,
Mən yola düşəndə saçım qaraydı.
Dünən zirvədəki qartalı seçən

Göz indi bilmədi hara haraydı.

Belə unudurmuş insan özünü,
Belə ötüşürmüş illər xəbərsiz.
Yollar qucaqlayıb köhnə izimi,
Təzə iz qoymağa ayaq təpərsiz.


ƏLLƏRİMİ TANRIYA  BORC VERMİŞƏM

Sənə nə könlümə yağan yağışdan, 
Ruhunu, könlünü buz tutan adam. 
Çəkmə izlərimi, çəkmə yoxuşdan, 
Şeytanın evinə üz tutan adam.

Mənim ruhum başqa, düşüncəm başqa, 
Quşun dimdiyində yem sevinciyəm. 
Könlümə dost olur bəzən qarışqa, 
Kimdi bu qəribdən küsüb inciyən.

Əbəsdir tənimə yetişmək cəhdin, 
Məni dağ doğurub, səni dərələr. 
Sənin savab ilə ötüşmək əhdin, 
Xülyadı, önünə iman sərələr.

Çək uzağa duasız əllərini,
Mən göylərdən duaları dərmişəm.
Savab yazsın deyə əməllərimi
Əllərimi Tanrıya borc vermişəm.

Vicdan qamçılayıb atını, səndən
Çox - çox uzaqlarda dincini alır. 
İnsaf da, mürvət də dolanır gendən, 
Boğaza çəkməyə ülgücün qalır.


İSTƏK

Alasan əlinə mürəkkəbini,
Düşəsən yolların ağ izlərinə.
Çəkəsən sınağa şair təbini,
Sərəsən ruhunu kəhrizlərinə.

Təşnə dodaqların yanğısı sönə,
Soyuya ürəyin bulaq suyu tək.
Susmuş bülbüllərin nəğməsi dinə,
Torunda dincələ ,yata hörümçək.

Çevirib yönünü gedəsən uzaq, 
Düşüb izlərinə gələ sərin meh.
Çiçək qucaqlaya səni bir qucaq,
Gizlənə ovcunda bircə damcı şeh.

Atasan özünü dəlisov çaya,
Çəkə ürəyindən çıxara səni. 
Elə rast gətirə bir özgə taya,
Özün tapmayasan özündə səni. 


TANRIYA...

Boş əlim, boş qucağım,
Alışmadı ocağım.
Yox daha umacağım,
Çək göyünə, çək məni!

Sevgim tənha qarıdı,
Dərdim məndən yarıdı.
Üzüm sənə sarıdı,
Çək göyünə, çək məni!

Dibi su tutmaz quyum,
Bəxtimə çatmaz boyum,
Nə yatdım, nə də doyum,
Çək göyünə, çək məni!

Ümidlərə sarıldım,
Üz görmədim qırıldım.
Bu ömürdən yoruldum,
Çək göyünə, çək məni!


QADIN

Tök daşı ətəyindən,
Barış yönsüz qismətlə.
Bəxt adlı itiyindən
Üz əlini, üz qadın.

Gözündə yaş ağrıyır,
Salamı kəs buludla.
Fələk elə qarğıyıb
Odun tutmaz köz,qadın.

Pəncərən ulduz görməz,
Gecən qara eynəkli.
O əl saçını hörməz,
Gözləməkdən bez,qadın.

Yollarını daş kəsər,
Qan yuyar ayağını.
Sevincindən yox əsər,
Qəm-kədəri yüz qadın.

Ürəyin dəlmə-deşik,
Ağrı damır yerindən.
Susur orda bir beşik,
Dilin dolu söz qadın.

"Ol!" deyənin qəsdi nə,
Niyə çağırdı səni?
Sən boğuldun tüstünə,
Anan dedi döz, qadın!


TA RUHUM YERDƏN İYRƏNİB

Əlim havadan asılı,
Duam ovcumdan tökülür. 
Dilim ağzıma qısılı,
Özüm abrıma bükülü.

Dualarım çatmır göyə,
Uzaqdı Tanrının yolu.
Eşitmir çağıram deyəm:
"Öldür, ay Allah bu qulu"

Ta ruhum yerdən iyrənib, 
Göyə çəkilmək istəyir. 
Çoxdakı cana öyrənib, 
Candan sökülmək istəyir.

Susadığım arzular kəm,
Qulağım səsə küylənir.
Gözlərimin dibi hey nəm,
Dinsəm "yağışım" sellənir.


MƏNƏ DUA, AND NƏ GƏRƏK

Bütün mövzular tükənib,
Arzular tükənən sayaq.
Qırıq ümidə söykənib,
Ruhumu etmişəm dayaq.

Gecə pəncərəmi döymə,
Qəfil səslərdən qorxuram.
Çarpaz qollarıma dəymə,
Dərdi özümə sıxıram.

Təlaşla budaqdan düşən 
Yarpaq kimi əsir ürək.
Çoxdan özümdən keçmişəm,
Mənə dua, and nə gərək.

Qırılmış ayaq kimiyəm,
Daşdan asılıb qalmışam.
Bütün qəmlərin qəmiyəm,
Dərdlə qol-boyun olmuşam.

Sevinci kəmdi ömrümün,
Qıtlıq vaxtına düşmüşəm. 
Kasası daşdı səbrimin,
Qismətə lal ötüşmüşəm.

Asiyəm udduğum sözə,
Udub içimdə ölmüşəm. 
Aldanıb işaran közə,
Sönəni yanan bilmişəm.

Ovcum duasız göynəyir,
Əlim yumruğa sıxılıb.
Dişim dilimi çeynəyir,
Sözüm içimə yıxılıb.


GÜLMÜR

Gülmür o qadının çöhrəsi
açılmamış qönçələrin
ləçəkləri tək kilidlənib
dodaqları...
Başı kəsilmiş canlının
dirilməsinə inanmaq
kimidi ümidləri...
Gövdəsindən olmuş
ağac kötüyünün
bar verəcəyi inamına
bağlıdı sabahları...
Suyu qurumuş
quyu kimidi gözləri,
dərinliyində cəsəd 
varmış kimi
bulanıqdı baxışları...
Gülmür o qadının çöhrəsi, 
dəfn olunmamış ölü kimi 
ruhu başının üstündə.
Hisslərinə hasarlar çəkilib
tikanlı məftillərlə qorunur
özündən keçməyə
yolu da yoxdu..
.

Sevinc Qərib
Dalidag.az



Kateqoriya: Manşet / Karusel / Poeziya-nəsr
Tarix: 27-10-2019 22:20
Baxış sayı: 3897
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını