Namiq Dəlidağlı:"Uzun yolların əyninə biçilir xəyallarım hər gün..." -ŞEİRLƏR

29-09-2019 00:05
Sevgi adına qanadlanan bütün hiss və duyğular müqəddəsdi. Hər kəsin sevgi anlayışı yaşadığı hisslərin məsumluğu və dəyər dərəcəsinə görə dəyişir. Ola ki, şair olasan... Şairlər Tanrının fərqli yaratdığı kəslərdi. Bu fərqli yaranmışların sevgisi də bir ayrı, hiss və duyğuları da bir başqa...
Məsuliyyət insanın malik olması gərəkən önəmli keyfiyyətlər sırasında ilkin yerləri tutur. Onu belə tanıdıq: məsuliyyətli, ciddi, ən xırda detalları belə nəzərindən qaçırmayan. İlin 365 günü informasiya axtarışında və yayımında aktivliyi peşəsinə sevgisinin, məsuliyyətinin göstəricisidi.
Bu gün onun - şəxsiyyətinin bütövlüyü onlarca titullarını kölgədə qoyan Namiq Dəlidağlının doğum günüdü. Bu münasibətlə   dəyərli Namiq Dəlidağlını ürəkdən təbrik edir, ona can sağlığı, gözəl günlər, yorulmazlıq, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. 


Dalidağ.az Namiq Dəlidağlının əbədi bir mövzunun-sevginin özünəməxsus şəkilləndiyi poeziya nümunələrindən bir neçəsini təqdim edir:

MƏNİ NƏ HAVADA BURAXIB GETDİN...


Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.

Daha toy havası başında sənin,
yol gəldik şübhədən yalana dədər.
Ümidim hələ də can verməmişdi,
aşıqlar "vağzalı" çalana qədər.

Məni nə havada burxıb getdin...
xar oldum obada, millət içində.
Mənim ciyərlərim alışıb-yandı,
sənin elçilərin şərbət içəndə.

Gəldi qapınıza gəlin maşını,
səni çöl çəkirdi, eşik çəkirdi.
Getdiyin yolların ayrıclarında
mənim baxışlarım keşik çəkirdi.

Sənin getdiyin yol, uzaq yoldu, ha...
günüm bahar görməz, işim qışladı.
Sən gəlin köçməyə hazırlaşanda
mənim ümidimin köçü başladı.

...Daha xatirən də mənə uzaqdı,
gəlir qulağıma bir soraq kimi.
Gördüm bu “döyüşdə” məğlub olmuşam,
əlimi qaldırdım “ağ bayraq kimi”.

Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.

SEVGİ SÜKUTU


Sən verən saatda
zaman dayanıb,
əqrəblər donubdu
“on beş qırx beşdə”.
Mənim ad günümdə
bağışlamışdın,
sükut ömrü yaşayan bu saatı.
Zamanın ən ağır yükü çiynində,
ən ağır yükünü götürüb vaxtın,
susub ölçüsünü itirib vaxtın,
əlləri qoynunda durub dayanıb.
(Zaman əqrəbləri yorub dayanıb)
Nə mən doğulmuşam
“on beş qırx beşdə”,
nə sən doğulmusan
bizə dedilər.
Bəlkə bir-birə olan
sevgimiz ölüb o an,
nə mən bunu bilmişəm,
nə sən onu duymusan.
Təzədən işə salıb
qursam da o saatı,
o ömrü ta yaşamaz.
Nakam sevgimizin matəm anıdı,
"on beş qırx beş."
Nə isə...
Sənə olan sevgimin,
sonra ölən sevgimin
əziz xatirəsini
bir dəqiqəlik sükutla
tez-tez yad eləyirəm,
saat “on beş qırx beşdə”.

OTEL OTAĞINDAN "REPORTAJ"


....uzaqlardasan,
nə görüş vədi var aramızda,
nə də əlvida anı...
Uzun yolların əyninə biçilir
xəyallarım hər gün...
və ayrılıq rəngində
yuxular görürəm hər gecə.
...indi on ikinci otel otaginin
künc-bucağında
xatirələrimiz bar verir:
ayrılıq adında.
...Səndən sonra ümidimin
şəkıllərini cızdım otel
otağının divarlarına.
Şəkıllər ölmür axı.
Dön geri, şəkıllərin saglığına....

ETİRAF


Dünən doyunca vurdum,
sənsizliyin sağlığına.
Vüsal məni çağırmışdı,
hicranın qonaqlığına.

İçim, çölüm çox azad,
dərdim, qəmim kəm idi.
Bütün sevdalı başlar,
dünən yəqin dəm idi.

Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu,
dolanırdı başımda.

Bilmirdim ki, mən səni,
belə tez unudacam.
...Dünən dünəndə qaldı,
bu gün sənə möhtacam.

ŞƏKİLLİ ŞEİR


Mənə şəkil göndərdin...
o şəklin içində hər şeyin
öz şəkli var:
Baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli var,
göynəyin öz şəkli var...
Mənə şəkil göndərdin...
...bilirsənmi gəlişi
heç hansı ana düşdü?!
sənsizliyin ağrısın çəkən
məqama düşdü.
Mənə şəkil göndərdin,
nə rəngli şəkildi...
Bomboz ağrılarıma
duz basar, "məlhəm" olar...
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar...
Mənə şəkil göndərdin....

PAYIZ OVQATI...


Bu payızdan ayrılıq,
dadı-tamı gəlir, ha.
Sağlığında yad elə,
öldü, hamı gəlir, ha.

Hərdən yolun düşürdü,
"bu xaraba qalmış"a-
Nə vaxtandı bir güman,
ümidinə qalmışam.

Mən "xaraba" deyəndə,
bu şəhəri deyirəm.
Sənsiz havası, suyu,
bu zəhəri deyirəm.

Deyirsən ki, soyuqdu,
indi "o xaraba"da.
İsti paltar göndərdim
bir köhnə arabada.

Zamanın deyəmmirəm,
nə vaxt ora yetişər.
Deyərəm çıx qarşıla,
nə vaxt yadıma düşər.

Mən zamana uduzdum,
vaxtı satın alıram.
(Köhnə balabanımda,
təzə hava çalıram.)

...Məndən adamlıq umma,
adamlıqdan çıxmışam.
Özümü öldürmüşəm,
günahıma batmışam.

Bu qış bura gəlməyin,
yəqin baş tutan deyil.
Nə ünüm sənə yetən,
nə əlim çatan deyil.

Yaxşı, gecə yarıdı,
gedim bir az dincəlim.
Bu da yarımçıq şeir,
yazmağa gəlmir əlim...

QARITDIĞIM QIZA "GÖZAYDINLIĞI"


Dedim, çətin olacaq,
unutdum, gözün aydın.
Həsrətinlə özümü,
yarıtdım, gözün aydın!

Dərib kipriklərimi,
(qərib kipriklərimi).
Sərib kipriklərimi,
qurutdum, gözün aydın!

...Və gözləmə qayğımı,
sevgimi və sayğımı.
Bu dilbilməz duyğumu,
ovutdum, gözün aydın!

"Yıxılsın", sənin evin,
indi necədi kefin?!
Səni sevmədim:sevin,
qarıtdım, gözün aydın!

QADIN...!!!


Həsrət yüklü
duyğularımın
dadını qaçırtdın....
Sən gələndən
hicran adlı hisslərimin
üzünə çıxa bilmirəm.
Bu xaraba qalmamışda
hamı ayrılıqdan danışır.
Mən nə deyim?....
Getməyəcəydinsə
niyə gəlirdin?
AYRILIĞIN
sevmədiyi QADIN...!

KƏNDDƏ VƏ ŞƏHƏRDƏ
DARIXMAĞIN 
ƏKS BƏRABƏRLİYİ

Gülüzlüm, şəhərdə sənsiz
darıxmağa nə var ki,
burda zülümdü-
gül-çiçəkli dağ cığırında
adam ölür darıxmaqdan.
Burda otlar-çiçəklər,
arılar-kəpənəklər,
bənövşələr-böcəklər,
hər şey qoşulub adama
DARIXIR, darıxanda...
...Şəhər küçələrində nə var ki,
sənsiz darıxmağa...
olsa-olsa bir qəpiklik
hörməti olmayan
küçə itləri tək adam darıxar
şəhərdə
Bir də tinlərdə
veyillənən boş şirə qutuları tək...
və bir də dörd fəsli eyni donda
qarşılayan küknar ağacı kimi...
burda darıxmaq canlıdı:
çiçəklər,arılar, kəpənəklər
və bir də böcəklər kimi...
DARIXDIM...

MESAJ ƏVƏZİ SƏNƏ
YAZILAN BİR-İKİ KƏLMƏ...


bir az içki düşkünüyəm,
niyə səndən gizlədim?
fərq eləməz şərab olsun,
ya da sənin nəfəsin...
yatammıram nəfsimi
qurban verim yuxuya...
....UYUMUSAN?...
EŞİDİRSƏN?
bircə kəlmə söz deyim,
indi hava çox istidi,
üstü açıq yatmısan,
qoxun gəldi burnuma...

Dalidag.az



Kateqoriya: Manşet / Karusel / Poeziya-nəsr
Tarix: 29-09-2019 00:05
Baxış sayı: 3939
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını