Reklam
Əlövsət Saldaş:"Alın məni zülmətlərin əlindən, sabahların dan yerinə aparın..."
29-09-2019 11:35
Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Kəlbəcər ədəbi mühitinin poeziyamıza bəxş etdiyi istedadlı nümayəndələrindən biri də Əlövsət Saldaşdır. Bulaq suyu kimi saf, dupduru, səmimi, axıcı və düşündürücü şeirlərin hər misrasında o yerlərin ab-havası duyulur. Ağrı-acısı, dərdi, kədəri, həsrəti, nisgili, sevinci, sevgisi...duyğuların toplumundan ruhuna yol açan söz işığıdı könülləri xoş edən, poeziyamızı zənginləşdirən...
Dalidag.az Əlövsət Saldaşın şeirlərini təqdim edir:
GECƏLƏR
Əlbəyaxa vuruşuram sübhəcən,
Dərdlərimdi, bir də mənəm gecələr.
Caynaqlaşıb, sağ çıxıram birtəhər,
Pələng mənəm, şir də mənəm gecələr.
Kaman kimi tellənirəm, görürsən,
Lal oluram, dillənirəm, görürsən.
Sellənirəm, lillənirəm, görürsən,
Araz mənəm, Kür də mənəm gecələr.
Tağı çöküb, viran qalıb qalası,
Nəyim var ki, bu ömürdən qalası.
O da təkdi, mən də təkəm, balası,
Göydə Tanrı, yerdə mənəm gecələr.
Vahimədi, səksəkədi hər yanım,
Əhvalıma yanan gəlməz bir yanım.
Bir özüməm, bir ruhumdu, bir canım,
Əsir mənəm, hür də mənəm gecələr.
Əsib keçər, külək duymaz səsimi,
Saldaş duyar,mələk duymaz səsimi.
Bəyəm karmı, Fələk duymaz səsimi,
Dua qıllam pirdə, mənəm, gecələr.
***
Alın məni zülmətlərin əlindən,
Sabahların dan yerinə aparın.
Bir bulağın laylaşında uyuyum,
Rahat olsun can, yerinə aparın!...
Gecə gündüz həsrətində yandığım,
Yoxluğunda varlığımı dandığım...
O üzündə yurd yerimin yandığı
Üfüqlərin qan yerinə aparın!...
Qoyman, məni yad oxşuyar, yad ağlar,
Qəbrim üstə kölgə salmaz budaqlar.
Əlövsəti susdurmamış bu dağlar -
Şah taxtıma, - Xan yerinə aparın!...
AĞLIYAR
Qoşa sim titriyər Segah kökündə,
Dözməz yanğısına kaman ağlıyar.
Sürüşər zirvədən başı aşağa,
Dərədə hönkürər duman ağlıyar.
Ocaqsız, tüstüsüz qaldı o damlar,
Qurudu iydələr, soldu badamlar.
Kirimək bilməzlər qərib adamlar,
Yarasın soyduqca zaman, ağlıyar.
Fəsillər dəyişər ömrün bağında,
Qırılar budağın, solar tağın da...
Adam dayaq gəzər dar ayağında,
Umduğu kar verməz-uman ağlıyar.
Tutaşar bəduğur taleyin sənnən,
Gülər əhvalına baxanlar gennən.
Tikan göyərincə səpdiyin dənnən,
Ümid parçalanar, güman ağlıyar.
Boşuna atılmaz yad daş dediyin,
Unutmaz ağrısın yaddaş dediyin.
Qoşular kamana Saldaş dediyin,
Ağlıyar, özü də, yaman ağlıyar...
DAŞLA YAŞAYAQ
Dolumuz töküldü, cəhənnəmə ki...
Daha bundan belə boşla yaşayaq.
Doldur bir torbaya, büz qaytanını,
Boşla gileyləri, boşla, yaşayaq.
Yolumda tikanlar bitib, gedirəm,
Gedirəm, birtəhər ötüb gedirəm.
Sevgisiz tükənib, bitib gedirəm,
O eşqi təzədən başla, yaşayaq.
Qalan xatirədi, bir də qübardı,
Unuda bilsəydik, axı, nə vardı.
Onda ürək bizi çəkib apardı,
İndi ayıq gözlə, başla yaşayaq.
Bizim bəxtimizə düşsə qəm düşər
Çəkərik - odunda qəlbimiz bişər.
Qovaq, qapımızdan itilsin bu şər,
Götür arxasınca daşla, yaşayaq.
Bu sevgi tifildi, bələ, gec deyil,
İtirsən, ta düşməz ələ, gec deyil...
Güman yerimiz var hələ gec deyil,
Sarılaq Saldaşa, daşla yaşayaq.
SÖZÜMƏ BAXMAZ
Məndən irəlidə bir gedənim var,
Dönüb bircə dəfə üzümə baxmaz.
Gedib də gözümdən bir itənim var,
Sönən ocağına, közümə baxmaz.
Dərdimi yazıram göynəyir qələm,
Ünümə yuxudan oyanır aləm.
Yüküm daş yüküdü,ağırdı şələm,
Əyilən belimə, dizimə baxmaz.
Dəli sevdalardan fəlakət gələr,
Məni eşitmədi, demişdim nələr.
Eh, mənim ürəyim bildiyin elər,
O qədər inaddı-sözümə baxmaz.
Laxlayır bünövrə-təməldən gedir,
Gedənlər yığılır- cəm əldən gedir.
Əriyir şam kimi, can əldən gedir,
Əlövsət, səbirə, dözümə baxmaz.
SUSUB GEDƏSƏN
Ürəyin həmişə qan təpər ola,
Yeriyə,- dizinə qan təpər ola.
Bir dəstə təzə-tər qantəpər ola,
Bağrının başına basıb,gedəsən.
Gözün xumarlana eşqin məstində,
Olasan bir şirin görüş qəstində.
Bir dağ yamacında köhlən üstündə,
Dumanda, çiskində azıb, gedəsən.
Arxadan baxasan ötən çapara,
Ürəyin bir dəli fəryad qopara.
Ruhunu mələklər çəkib apara,
Özünü içindən asıb, gedəsən.
Çəmən çiçəkləri ənbər qoxuya,
Uyasan, gözlərin gedə yuxuya.
Dinşək kəsiləsən bulaq oxuya,
Dinməzcə dinləyib,susub gedəsən.
Yol üstə dayanan haça palıdı,-
Açasan, qolların quca palıdı.
Öpüb, oxşayasan qoca palıdı,
Adını köksünə yazıb gedəsən.
Bir sevdiyin ola, bir xəlvət tala,
Bal anlar keçirib, batasan bala.
Əlövsət, yadigar sözlərin qala,
Sevən könüllərə sızıb gedəsən.
QALAN ÖMÜRDƏN
Deyim ki, yaşadım könül dolusu,
Yalanlar danışım yalan ömürdən.
Dilə gətirməli şirin nə var ki,
Ağrılar yurd yeri salan ömürdən.
Biraz şaxta vurdu, ayaza verdim,
Biraz Kürdə batdı, Araza verdim,
Çoxunu yollarda güdaza verdim,
İndi nə umum ki, qalan ömürdən.
Olar çilik-çilik,- "yekə" tapılmaz,
Tapan - ürəyinə bükə, tapılmaz...
Nəsə ələ gəlməz, tikə tapılmaz
Sellər caynağına alan ömürdən.
Sinədə göynəyən bu dağ nə dağdı,
Əlövsət budanıb, budaq - budaqdı.
Saralmış çəməndi, qurumuş bağdı,
Gözdağım qalıbdı talan ömürdən.
***
Düşdü də dilə getdi
Qərq oldu selə getdi
O sevdam elə getdi
Sevəcəm hələ bir də
Lap iliyə qanacan
Pərvanətək yanacam
Bir ürəyə qonacam
Sevəcəm hələ bir də
Odlu nəfəsim qalıb
Qalanım bəsim,qalıb
Köhnə həvəsim qalıb
Sevəcəm hələ bir də
Uğurdumu nəsdimi
Gəlsin alsın üstümü
Özüm billəm qəstimi
Sevəcəm hələ bir də
Gözləyirəm gələ dəm
Dəm olacam elə dəm...
Mən özümə bələdəm
Sevəcəm hələ bir də
Tanrıdan əmr də var
Dözüm də səbr də var
Bir qırıx ömür də var
Sevəcəm hələ bir də
O sevdalı Qu mənəm
Bilir Torpaq Su-mənəm
Əlövsətəm - bu mənəm
Sevəcəm hələ bir də
Bir ümiddən sallanıb
Yenə ömrüm ballanıb
Bu yaşımda hallanıb
Acığa....elə bir də ...!
Sevəcəm hələ bir də...
***
Darıxıram, daralıram,
Tutuluram, qaralıram,
Çəmən-çəmən saralıram,
Tala - tala qocalıram.
Yorğun atım yedəyimdə,
Bal aparram pətəyimdə.
O həmənki istəyimdə
Qala - qala qocalıram.
Nə istəsən öyümdə var,
Dadlıq azca meyim də var.
Bir yanıqlı neyim də var,
Çala - çala qocalıram.
Bəxtim məni tora salıb,
Sanki dibsiz gora salıb.
Umduğumu - zora salıb,
Ala - ala qocalıram.
Düşməmişdim bu hallara,
Cavab yoxdu suallara.
Acı - acı xəyallara
Dala - dala qocalıram.
Əriyirəm tökülürəm,
Yumaq kimi bükülürəm.
Hasar-hasar sökülürəm,
Qala - qala qocalıram.
Şur kökündə bir ud kimi,
Yol gözləyən umud kimi,
Yağış yüklü bulud kimi
Dola - dola qocalıram.
Könül, daha qalma yasda,
Tut əlimdən varaq dosta.
Əlövsətəm, asta - asta,
Bala - bala qocalıram.
GEDİM
Gözlədiyim harda qaldı,
Qəm üzümə kölgə saldı.
Gediləsi yermi qaldı,
Durum, dərdimgilə gedim.
Qapımızı yar açmadı,
Yəqin səbəb var, açmadı...
Ağlamaqdan kar aşmadı,
Bəlkə gülə-gülə gedim.
Götürüm bu sınıq baxtı,
Gecikməyim, daha vaxdı.
Əlimdə sovqatım yoxdu,
Çıxım, elə - belə gedim.
Mən qarğıyım fələyimi,
Həsrət kəsdi kələyimi.
O dönmüşdən gileyimi
Qoy gətirim dilə, gedim...
Durum, dərdimgilə gedim.
Əlövsət Saldaş
Dalidag.az
Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 29-09-2019 11:35
Baxış sayı: 31 698
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02