"Namiq Dəlidağlının ruhunun dərdiylə qürbətdə qalan yurdun dərdi əkiz çocuqlar kimidi"

11-10-2019 14:07

İlahi hər kəsə çəkə biləcəyi qədər çəkidə verir hər şeyi. Ömrü də, sözü də, lap elə lap dərdi də...
...Fəqət, ömrü zamanın məhbəsində tutuqlu olan, əşarının dili aləmlərə dürüstlük himni söyləyən, milli hissi özünə bağlılıq olan və ömrün cismani uzunluğunun məzara qədər olduğunu hər dəm bildirən insanlara Allahü-təala müqəddəs bildiyimiz dərdli sözü daha bol verir. Çünki bu sözü bol verdiyi seçilənlər kainatın ruhu dediyimiz şairlərdi.

Ruhun mahiyyəti yoxluqdur ki, bu yoxluğun da meyvəsi şeirdi. O şeir ki, şairə tale payıdı:

Qarğış da tale payıdı,
Nə verdin qəbulum, Tanrım.
Dərd verən əlin var olsun,
Böyükdü səbrim, Tanrım.


Bilmirəm, yalnışmı, doğrumu bu mənim həqiqətimdir ki, şairlər dünyada Allahın özünün dərk edilməsi üçün yaratdığı yaradandır ki, onun da ruhunun əks-sədası kimsənin onu o anda görməməsi üçün üsyana dönüşür.

Şeir yazanda istəmirəm
kimsə məni görsün.
Sözləri mızıldaya-mızıldaya
təkrarlayanda kimsə eşitsin.
Mən təbimlə macəra dolu
eşq yaşayıram şeir yazanda.


Bəlkə də bu üsyan qələm adamının asiliyinin təvazökarlığıdı...Bəlkə də. Amma şeir yazanda hamıdan (saxlanmağa çalışan) gizlənən şairin adını öyrənmək istəyənlərə bir xəbərim var. O şair bu yaxınlarda “Otel otağından reportaj” verib və deyib ki;

Hamıdan gizlənirəm,
hamıdan utanıram o an...
Sonra şeir doğulur.
Şeirin də xoşbəxti, bədbəxti olur,
yaşayanı da var, öləni də.


Bir halda ki, kitabının adını söylədim, deyim ki, müəllifi də mənim fikir qonşum, çağdaş poeziya dərgahımızın önəmli müdriklərindən olan Namiq Dəlidağlıdı…
Namiq əfəndi ilə fikir qonşuluğumuzun nədəni onun ömrünü adadığı yolda ölməkdən qorxmamasıdı…
Çünki köhnə şair kəsin bilir ki, ölüm yorulmuş şair ruhuna verilən hədiyyədi. Ona görə də o bu həddiyyənin ruhunun ritminə köklənərək yazır ki;

Məndən bezdi arzularım da...
Taleyimin acığına neçə arzum
intihar elədi ümidsizlikdən.
Ümidlərim ağ bayraq qaldırdı
qayğılarıma təslim olmağa.
Şirin-şirin diləklərim
boğuldu göz yaşlarımda,
dənizdə dalğalar boğulan kimi.
Mən daha ölməkdən qorxmuram,
yaşamaqdan qorxuram...


…Deyirlər ki, rəsm dərdini deyə bilmir, fəqət şair qardaşımın kitabındakıı şeirlərin rəsmi öz türkcəmizdə öz dərdini o qədər arifanə anlatır ki, qulaq verməmək könülə cəfa verər…Çünki aranmayan haqq tapılmaz deyib ulularımız. Buna görədir ki, qədim şair Namiq Dəlidağlı qəbrini qazmağa yer axtardığı qədər, dərdini deməyə dərddaş da gəzir…

Mən özüm-özümə yadam, gəzirəm
Gəzirəm dünyanı, atam, gəzirəm.
Dərdimi deməyə adam gəzirəm,
qəbrimi qazmağa yer axtarıram!

Mən gen yol tutmuşdum, cığıra çıxdı,
bu yol da axır ki axıra çıxdı.
Nə alıb satdımsa, çıxara çıxdı,
mən beş itirmişəm, bir axtarıram.


Mənim düşüncəmə görə dərdi ilə həmdərd olmaq, şair könlünün mütailəsidir ki, bu paydan qədim dostumun nəsibinə qədərindən fazla düşüb ki, yazır:

Bu dərd çəkdikcə azalmır,
çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
içimdə dərdim böyüyür…


Təbii ki, dərdin nəvazişini bu qədər çəkərsən, nazı ilə körpə uşaq kimi oynarsansa o da böyüyər…
İllər öncə könlümə könüldaş bulduğum bir deyim haləm də içimdə papaq aparan çapar timsalı şairin kainatın tam oxunmamış ensiklopediyası olduğunu könül yaddaşında diri tutaraq aləmə car edir.
Əslində aləmdə elə ən sirli aləm insanın içidi. Amma bəzən də şair dərdi başından aşanda öz içindən çıxıb getməsi üçün tanrısına əllərini qaldırıb:

Bir yer göstər, çıxım gedim,
yaşaya bilmirəm Tanrım.
Ən əziz dərdimi belə,
oxşaya bilmirəm, Tanrım.

Saxla o gedən qoşunu,
yüyürüm mən də qoşulum-
İçimdə ağrım qaşınır,
qaşıya bilmirəm, Tanrım…


-deyə qurd ulartısı ilə aləmi lərzəyə salır. Olsun.
Deyərlər ki, cisimcə bir-birinə bənzəmək olur, fəqət oxşar ruhlar olmur. Bəlkə də… Amma bir sirrin pünhanlığına son verərək demək istəyirəm ki, Namiq Dəlidağlının ruhunun dərdi ilə qürbətdə qalan yurdun dərdi əkiz çocuqlar kimidi.

Çaylaqda daşının sayı yadımda,
çöllərdə quşunun sayı yadımda,
əgər yaddan çıxsa lap soyadım da,
yurdum, yaddan çıxmaz bir çopur daşın.


Bədən ruh və sevginin dolandığı qiyamət olduğu kimi, Namiq Dəlidağlının şeirləri də onun ruhunun və dərdinin gecələdiyi ulduzlu göy üzüdü…
Keşkə dərdləri ulduz-ulduz axa o göy üzündən hər gecə qədim şairin…Keşkə… dərdiylə arasına ayrılıq düşə…

Uzun ayrılıqlar
vağzallardan başlayır...
Qatarların, təyyarələrin...
çiyinlərində daşınır şəhərlərə...
Vağzallarda doğulur,
daşınır ayrılıqlar.


Əslində ayrılığın, ayrıcalığından yazılan şeirlər söz adamının özündən aldığı öc intiqamıdı…Namiq Dəlidağlının da ömürlüyündən səslənən yaşam sinfoniyasının dadı elə ayrılıq dadındadı. Bu dad onun bütövlükdə yaradıcılığındakı “ana menyuda” ilk üçlüyə girən baharatların adıdı…
Ondandır ki, dualarını belə ayrılığın üzünə oxuyanda, qibləsini ayrılığa çevirir…

Son duamı oxudum
ayrılıqlar üzünə.
Ayrılıqlar qibləsinə
dayanıb.
Bütün ayrılıqların səmti birdi,
ahı ürəkdən qopur.
...Ayrılıqlar oxudum
bu aylı gecənin səssiz
xatirəsinə...
Ayrılıq duaları dəli sevdaların
ruhuna bağışlanır.
Bütün ayrılıqların qibləsi
eynidi:ağrısı soldan başlanır.


Mənim həqiqətimə görə, məntiq fikrin ustadıdır... Namiq Dəlidağlının şeirləri nə qədər qəlibsiz, çərçivəsiz üslubda yazılsa da, milli özünəbağlılıq və fikirdə özəl məntiq distiplininə ögey deyil…
Ona görə də qədim şairirn hər fikrinin öz həqiqəti var.

…Nədənsə hər qələm adamında “ay dadi-bidad” və ya “ay dili qafil” kimi könül üsyanı olduğu halda mən Namiq əfəndinin yaradıcılığında bu türlü üsyan növünə rastlamadım. Bu bəlkə də onun kimsəyə bənzəməmə inadıdı…
Namiq Dəlidağlının şeirlərinin yaşı da özündən çox-çox gəncdi, ya da Dəlidağ qədər yaşlıdı…
Bunun səbəbi də onun öz könül aynasında fərqli vaxtlarda güzgülənməsindən irəli gəlir.
Düşünürəm ki, Namiq Dəlidağlının hər şeiri onun könlünə düşən Allah kölgəsidi. Bu anlamda o kölgənin kölgəsində ruhumuzun dincəlməsinə zaman tanımaq savabdı:

Mən səni sevə bilmədim,
sən məndən üz döndər, gülüm.
O saralmış məktubları,
yığ, özümə göndər, gülüm.

Bu sevgidən yarımadıq,
yarı doğma, yarı yadıq,
ürəyimdə yaraya bax,
o üzümə çöndər, gülüm.

Özgələşdi bir ad məndən,
ta uzaq gəz, a yad, məndən,
qoyma qala bu od məndə-
gedirsənsə, söndür, gülüm.


Namiq Dəlidağlının şeirlərinin göz yaşı siyah rəngdədi, səbəbi də bir əl içi boyda qazılmamış qəbrinin vətəninə qələbə fəslinin gəlmədiyindəndi.

Dəli bir haraya kökləndi qəlbim,
dərd yükü çəkməyə köhnədi qəlbim.
Dərin bir ah çəkdim, göynədi qəlbim,
ağladım, gözümün yaş üşüyür.

Gədiklər, bərələr tar bağlayıbdı,
tavana əl dəymir, tor bağlayıbdı.
Yolları, izləri qar bağlayıbdı,
bu fəsil bir kəndin qışı üşüyür.

Bu yaram sağalmaz, loğman, ha sarı,
toxunsan artacaq ağrım-azarım-
orda, yad əlində ata məzarı,
burda ürəyimin başı üşüyür.


Bəli, bu danılmaz etirafı Namiq Dəlidağlı kimi, hər dəm vətənə qurbanlıq quzu olmağa hazır olan, öz ürəyinin qorunda isinən vətəndaş şair edə bilər. Xalqın inamına, etiqadına söykənmək ədalət işidi.
Namiq Dəlidağlının şeirlərini oxuyub bitirəndə mənim içimdə belə bir həqiqət göyərdi ki, bu şeirlərin (günəşliyi) çətiri müəllifinin əyilməz əqidəsidi…türk əqidəsi…özü də yazır ki, bəs:

Çəkmədiyim zillət yox,
daha öndə zülmət yox,
Türkdən böyük millət yox,
Tanrı Türkü qorusun!

Çəkmirəm acı, ağrı,
çatlasın düşmən bağrı,
yolum göylərə doğru,
Tanrı Türkü qorusun!


Deyərdim ki, hər kəsin zövqü qabiliyyətinin tutumu qədər olur…
Həqiqətən də Namiq Dəlidağlının yaradıcılığı korşalmış zövqlərin bülövlənməsinə xidmət etdiyindən yazın müjdəsini gətirən, qar altından çıxan çiçəklə qiyaslanmalıdır… İlklik çilədi…Yolu ölümdən keçən..

...gülləri nə qədər
sevsələr də
ölümünə ağlamırlar
kəpənəklər.
Bir məqamlıq ömürlərində
gül sevdasını, gül sevgisini
heç nə əvəz eləmir.
Ən ağrılı ölüm belə
ağlatmır kəpənəkləri.
Kəpənəklər güllərin
sevdasından özləri ölür!…


Nənəm deyərdi ki, kor dünyanı yox görər, fəqət dünya həp mövcuddur. Poeziya insanın içini və çölünü hərəkətə gətirən qüvvəyə malik olduğundan düşünürəm ki, Namiq Dəlidağlının yaradıcılığı hər kəsin anlaya bilmədiyi, hər kəs üçün yazıldığından vədəsi gəlincə yüksək qiymətini alacaq.
Və… dilərəm ki,

Uzun yolların əyninə biçilir
xəyallarım hər gün...
və ayrılıq rəngində
yuxular görürəm hər gecə…


misraları ilə otel otağından verdiyi reportajı qədim Kəlbəcərin ulu Dəlidağının yaxasında, doğmalarının həsrətini çəkən öz köyündən, könül göyündən versin…qədim şair Namiq Dəlidağlı…hər kəs hazırmı…
Buyurun Namiq əfəndi…
.
..xatirələrim
bağımızdakı alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərindən asılı qaldı.
Bir də atamın məzarına
qısılı qaldı.
Bir gün geri dönəcəm
xatirələrimi yığmaq üçün-


Durun lütfən…tamam, o gün bu gündü qardaş…dilərəm bir daha ayrılıq rəngində yuxular görməyəsən…Amin…


Xaqani Abbasəli Öztürk,
AYB-nin üzvü, şair-publisist



Kateqoriya: Manşet / Tənqid-fikir
Tarix: 11-10-2019 14:07
Baxış sayı: 3637
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını