Adil Cəmil: "Qürbətdə qızıldan qəsrin olunca Vətəndə torpaqdan məzarın ola..." -ŞEİRLƏR

10-10-2019 20:59
Hədəfə dəyməyən kəlməmiz hədər,
"Qarabağ" sözünün əyarı yoxdur.
"Qırmızı kitab"a düşən quş qədər
Yurdsuz bir insanın dəyəri yoxdur.


Dalidag.az
Adil Cəmilin şeirlərini təqdim edir:


Sevdim

Zirvələr vətənin ucalığıdır,
Görəndə qayalar səngərdi - sevdim.
Qarşıma sərt yoxuş, düz yol da çıxdı,
Düzü düzdə qoyub o sərti sevdim.

Bir iş tutmadım ki, gözdən yayına,
Tapındım bu yurdun haqqı-sayına.
Mən ağız büzmədim Tanrı payına -
Sevinc də, kədər də göndərdi - sevdim.

Nə yaşaya bildim, nə də ölmədim,
Arzular gül açdı, yenə gülmədim.
Arsızı, gorsuzu sevə bilmədim,
Dərdimi dərk edən həmdərdi sevdim.

Fərqlidir ağayla qulun yazısı,
Bu - mənim getdiyim yolun yazısı.
Səndən hara qaçım, alın yazısı,
Dərd məni sevdikcə mən dərdi sevdim.
                           
Harmoniya

Günəşin telindən tor toxuyaraq
Çəmənin üstünə mən sərə biləm.
Kəpənək sevdalı gül-çiçəkləri
Əbədi, solmayan mənzərə biləm.

Hayqırıb şütüyən dağ çayının da
Hikkəsi sal daşı quma döndərə.
Qəzəb qılıncından yapışanları
Təbiət bu yerdə muma döndərə.

Axşamın qürubu, sübhün işığı
Gecəni əridib ağ səhər edə.
Ömür-gün boylana xatirələrdən,
Xəyallar adamı birtəhər edə…

Məyus olmayasan yarandığına,
Ümid tək qoymaya bircə an səni.
Sonra düşünəsən: yaratmaq üçün
Bəlkə də yaradıb Yaradan səni.
                       
O gün

(1993-cü ilin 2 apreli Kəlbəcərin
 işğal olunduğu gündür)

O gün o Murovun gədiklərində,
Qarlı dolayların buz diklərində
Göylərə dirəndi insan fəryadı,
Adlara qoşuldu didərgin adı…
Ananın belində dondu körpəsi -
Ölən çocuğundan xəbərsiz oldu.
O gün o Murovun gədiklərini
Aşmağa o dizlər təpərsiz oldu.
Qarda görünmədi qara torpaq da
O gün ölənləri dəfn eləməyə?!.
Elə bil hər şeydən üzülmüşdü əl -
Allahmı yox idi rəhm eləməyə…
Varını-yoxunu yığıb xurcuna
Çiyninə aşırıb gəlirdi gələn.
Bilirdi başına nələr gələcək,
Nələr var qarşıda bilirdi gələn.
O gün bir uşaq da dünya malından
Sazını götürüb çıxmışdı yola.
Təbiət durmuşdu insan qəsdinə -
Çovğun çoxlarını yıxmışdı yola.
…Bu el karvanında anam da gəldi -
Üzündə şaxtanın açdığı şırım.
Mənim istiqanlı xanım anamı
Buza döndərmişdi qarlı aşırım.
Bir xəbər yox idi əsir düşəndən,
Haraymı çatırdı ölüb-itənə?!
Bu köçdə gələnlər sonuncu dəfə
Baxırdı qürbətdə qalan Vətənə…
                                   
Fikir adlı şum yerində

Hər açılan səhərimi
Qarşıladım doğum kimi.
Dağlar mənə dağ çəkəndən
Dağ görmədim dağım kimi.

Yollarımda daş göründü,
Əriməyən qış göründü.
Dünya mənə boş göründü
Solum kimi, sağım kimi.

Budaq üzdə, kök dərində,
Ağac ömrü köklərində.
Fikir adlı şum yerində
Göyərmişəm toxum kimi.
                                   
Bu kəndin adamları

Meşəni qırdılar odun etdilər,
Qızları qarımış qadın etdilər
Bu kəndin adamları.
Örkənin üstünə darı səpdilər,
Balsız pətəklərə arı səpdilər
Bu kəndin adamları.
O büllur bulaqlar qurudu guya -
Arxı çevirdilər içməli suya
Bu kəndin adamları.
Sünbül zəmisinə daraq çəkdilər,
Ələ nə keçdisə araq çəkdilər
Bu kəndin adamları.
Yazı gözləyirlər - qışdan çıxara…
Daş da yox çörəyi daşdan çıxara
Bu kəndin adamları.
Əyib tərəzini, su qatıb südə
Qalıblar boş-bekar, azad, asudə
Bu kəndin adamları.
Kimlərin uşağı, ya nəvəsidir,
Hansı adamların törəməsidir
Bu kəndin adamları?!
                       
Qürbət qiyaməti

Bu da bir taledir, bu da bir yazı,
Sevgidən seçmirlər qürbəti, qardaş.
Vətəndən qürbətə gedənlər bilir
Acıdır qürbətin şərbəti, qardaş.
Yadlaşıb gedirsən, yaddan çıxırsan,
Yad sözə dönürsən yad dillərində.
Qürbətin istisi qəlbi isitmir,
Soyuqluq sayrışır qəndillərində.
Bir küçə tinində yıxılıb qalsan
Dönüb üzünə də baxan tapılmır.
Ölüyə "müştəri" nə qədər desən,
Diriyə bir sahib çıxan tapılmır.
Qərib yuxusundan vətən çəkilmir,
Bu dəli sevgidən heç doymur onlar.
Doğmalıq gəzməyin yad məmləkətdə -
Qəribin qəbrinə gül qoymur onlar.
Yad eldə səadət gəzənlərimiz
Niyə ətəyindən bu daşı tökmür?
Qürbət qəriblərə ögey anadır -
Ölsən ölümünə göz yaşı tökmür.
Aldadıb, bal dadıb çəkəndə yad el
Yurdunda öz behin, bazarın ola.
Qürbətdə qızıldan qəsrin olunca
Vətəndə torpaqdan məzarın ola.
                                   
***
Dünya binə olandan
Yer kürəsi dolaşıq,
Tökülən qanlar üçün
Bəs etməyir barışıq.
Qatillərin gözündən
Boylanır qara işıq.
"Ölüm Allah əmridir"
Deyənlər səhv edirlər.
İnsanlar öz əliylə
İnsanı məhv edirlər…
                       
Yanmağıma yanmıram

Mənə çox uzaqdasan,
Nə olsun yanındayam.
Sən yolun əvvəlində,
Mən yolun sonundayam.
Səndəki isti duyğu,
Məndəki soyuq ağıl.
Bizim bu ülfətimiz
Yaman qorxulu nağıl.
Ürəyinin içi var
Gözünün aynasında.
Köçdən qalan durnayam
Bu eşqin səmasında.
Sənin ki, öz yolun var -
Yolunda dayanmıram.
Bu eşqin atəşində
Yanmağıma yanmıram.
Eynimə gəlmir daha
Bu yollarda qar, yağış.
Yetər ki, canım alsın
Sevgi dolu bir baxış.

Daş haqqında düşüncələr


Torpaqdımı daşın kökü,
Daşın nəsli hardan başlar?
Düşünürəm, elə bəlkə
Daş dövründən gəlib daşlar.
  
İldırımlar qoparmayıb
Bu torpaqda bitən daşı.
İnsan yoxkən daşlar olub
Yer üzünün vətəndaşı.
 
Bu torpağa ömür qıyan
Bizdən əvvəl daş olubdur.
Baxıb vətənin daşına
İnsan vətəndaş olubdur…
 
Bir məramlı yolçulara
Nədənsə «yoldaş» dedilər.
Bir qarından çıxanlara
Nədənsə «qardaş» dedilər.
 
Közərtili, qızartılı
Ocaq daşı, od daşı var.
Yer üzünün daş yaddaşı,
Yaddaşların yad daşı var.
 
Yaman gündə sipər olub
Bu torpağın bürcü, daşı.
Həsrət çəkən iki qəlbi
Qovuşdurub elçi daşı.
 
Ulu babam keçmişimi
«Daş» fırçayla daşa çəkib.
Bu dünyadan gedəndə də
İnsan daşı başa çəkib…
 
Deməyin ki, bu daşların
Damarında qan işləməz.
Daş urzalı, urvalıdır —
Daşsız dəyirman işləməz…
 
Daş ömrünə bələd olub
Bu daşları daşımışıq;
Daş üstdə daş evə dönüb -
Daş içində yaşamışıq…
 
Şan-şöhrətli şəhərlərin
Daş naxışlı küçəsi var.
Daş köksündən bulaq çıxır,
Daşda qızıl külçəsi var…
 
Ömrümüzə-günümüzə
Gün calayıb daş beləcə.
Gözlərimin yaddaşında
Daş qalaydı kaş beləcə…
 
Heyiflər ki, belə deyil,
Belə deyil daş başatan.
Bəzən daşı gözdən salır
Çəpərimə o daş atan…
 
Bəzən «daşa dəyir» başım,
Bəzən çörək «daşdan çıxır».
Belə vaxtlar insan ağlı
Havalanıb başdan çıxır.
 
O zaman ki, daşqəlblilər
Yollarımı daşa salır,
Gecəm keçir… yuxum köçür,
Kirpiyimdən daş asılır…
 
İstəyirəm bu daşları
O daşlarla daşa basım —
Yolumuzda qara daşlar
Fürsət tapıb yaşamasın…

Niyə gəlmədin

Şirin xəyalımda bəslədim səni,
Səsim yetməsə də səslədim səni.
Bir ömür boyunca gözlədim səni,
Bəs niyə gəlmədin, niyə gəlmədin?

Dönüb yuvasına durnalar gəldi,
Sənsiz yaşamağım mənə ar gəldi.
Bəlalı başıma hər nə var gəldi,
Bəs niyə gəlmədin, niyə gəlmədin?

Qoyuldum bir dəli dərviş yerinə,
Soyuldum meşədə göyrüş yerinə.
Pıçıltın gül açan görüş yerinə
Bəs niyə gəlmədin, niyə gəlmədin?

Niyə xilaf çıxdın söylə, əhdinə,
Həsrətin çevrildi saçımda dənə.
Bu eşqin yolunda imana, dinə
Bəs niyə gəlmədin, niyə gəlmədin?

Yaşayan ruhumdur, daha canım yox,
Vəslinə yetməkçün ağ yalanım yox...
Sənsiz mən ölmüşəm - ağlayanım yox,
Bəs niyə gəlmədin, niyə gəlmədin?

Yarıdan keçib
(təcnis)
Ömrümün-günümün fəsillərindən
Yarı zülmət keçib, yarı dan keçib.
Ay ürək, gözləmə vüsal dəmini,
Yar səni danırsa, yarı dan, keçib…

Baxt yazan baxtıma dönüb baxdımı?
Ay baxtı olanlar, bu da baxtdımı?
Mələklər beləcə yazıb baxtımı -
Məni yarıtmadı yarıdan, keçib.

Bir baxan olmadı gözümdə yaşa,
Ay Adil, oğulsan gəl belə yaşa.
İnana bilmirəm çatdığım yaşa -
Deyəsən bu ömür yarıdan keçib.

Boğulan fəryad

"Hər şeyin zamana ehtiyacı var" -
Belə deyirsiniz inanıram mən.
Fəqət gözləməkdən solur arzular,
Səbrim də daşanda qınanıram mən.

Hədəfə dəyməyən kəlməmiz hədər,
"Qarabağ" sözünün əyarı yoxdur.
"Qırmızı kitab"a düşən quş qədər
Yurdsuz bir insanın dəyəri yoxdur.

Bu ömür mənimçün divan qurmasın,
Kimdən yarıdım ki, kimə yarayam?!
Dost deyil səhvimi üzə vurmasın,
Düşmənin yanında üzüqarayam.

Ayvuran, Kolabad düşür yadıma,
Şırşırın yoxuşu yuxumdan keçir.
İçimdə boğulan bu fəryadıma
Torpaq üz çevirir, yurdum yan keçir.

…"Hər şeyin zamana ehtiyacı var" -
Belə deyirsiniz, inanıram mən.
Fəqət gözləməkdən solur arzular,
Səbrim də daşanda qınanıram mən.

Yurd yerim- dərd yerim

İlahi, yurd yerim dərd yerim oldu,
Torpaqla sınağa çəkilməyəydim.
Dağlara baxıram dağlanır sinəm -
Bu dağla sınağa çəkilməyəydim.

Gəzir xəyalımda gəzdiyim yaylaq,
Saralmış yarpağam, qurumuş budaq.
Ürəyim deyəni demir ha dodaq,
Dodaqla sınağa çəkilməyəydim.

Bilmirəm qorxduqmu bir qaşıq qandan -
O torpaq uğrunda keçmədik candan.
Kişilik çıxmadı bu imtahandan,
Papaqla sınağa çəkilməyəydim.

Adiləm, özümdən bəzən küsdüm də.
Yansam "Vətən" deyər göydə tüstüm də…
Döyüşdə öləydim ayaq üstündə,
Yataqla sınağa çəkilməyəydim.

Adil Cəmil
Dalidag.az




Kateqoriya: Manşet / Karusel / Poeziya-nəsr
Tarix: 10-10-2019 20:59
Baxış sayı: 3865
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
01 / 12 / 2024