Reklam
Kamalovların sonuncu faciəsi və ya Bahadurun “Meydançay” hekayəti
15-02-2026 10:30
1993-cü il aprelində Meydançay mühasirəsində həlak olan Bahadur Kamalovun bu günlərdə nəşi tapıldı.Onlar 6 qardaş idilər. Kəlbəcərin Zar kəndində Orucov Məhəmməd və Samovarın ailəsində dünyaya gəlmiş qardaşların yalnız ikisi - Musa və Kamal öz əcəlləri ilə dünyasını dəyişdilər. Musa və Kamal qardaşları isə ömrü boyu qardaşlarının faciəvi ölümlərini və iki müharibənin(İkinci dünya müharibəsi və Qarabağ müharibəsi) acısını ürəklərində, beyinlərində gəzdirdilər. Ailənin xoşbəxt günlərini ilk dəfə qara rəngə boyayan ikinci dünya müharibəsi oldu. Orucov Məhəmməd Kamal oğlu böyük övladı Müseyibi 1941-ci ildə müharibəyə yola salanda, bütün Kəlbəcər əhalisi ondan danışırdı. O günlərin şahidləri söyləyirdilər ki, Kəlbəcər komissarlığından əsgərlər cəbhəyə yola salınarkən həkim komssiyasında Müseyibin boy-buxunu, polad kimi cüssəsi, qartal baxışı hamını heyran qoymuşdu. Onun dik duruşu və enli çiyinləri sanki bir dünyanı çiyinlərində götürə bilən əfsanəvi dastan qəhramanını xatırladırdı. Müseyib ətəyində dünyaya gəldiyi Keyti dağı kmi vüqarlıydı. Müasirləri “Müseyib bir evdən getmədi, eldən getdi”- deyə onu xatırlayırdılar. Sonralar bu ürək sızladan sözlər İsa, Oruc və sonda Bahadur qardaşları haqqında deyiləcəkdi. Beləliklə İkinci dünya müharibəsi Müseyib də daxil olmaqla cəbhəyə getmiş 700 minə yaxın azərbaycanlının 300 min nəfərinin həyatına son qoydu. Samovar ana əziyyətlə boya-başa çatırdığı oğlunun itgisinə dözmür, qan yaş tökür, səsi göylərə bülənd olurdu... Geridə qalanları qəmdə-kədərdə saxlamamaq üçün bir müddət sonra övladlarını itirmiş minlərlə analar kimi Samovar ana da dərdini unutmağa çalışdı. Amma... Amma ki, “Sən saydığını say, gör fələk nələr sayır”... O hələ bilmirdi ki, gələcəkdə ailəsi daha hansı bədbəxtliklərlə üzləşəcək... Müharibənin bitməsindən cəmi üç il keçmişdi.
1948-1950-ci illərdə Ağdərə - Kəlbəcər yolu genişləndirilirdi. İnsanların gediş-gəlişini asanlaşdıracaq bu yolun çəkilib başa çatması asan olmadı-qurbansız ötüşmədi. Sıldırım qayalar partladıcı maddələrlə partladılmalıydı. Amma bu işin peşəkarları nəinki az idi, ümumiyyətlə yox dərəcəsindəydi. Odur ki, Kamalovlar “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”- deyərək qayaların mamırına çevrildilər. 1920-ci il təvəllüdlü Kamalov İsa və onun 1932-ci il təvəllüdlü kiçik qardaşı Kamalov Oruc yol çəkilişi təlimində iştirak etmək üçün Bakıya gəldilər. Çox keçmədi ki, yol çəkilişi üzrə mütəxəssis kimi onlar geri döndülər. Tezliklə onlar Ağdərə ilə Kəlbəcər arasında nəhəng qayaları partladaraq, möhtəşəm dağlarla yol çəkdilər. Bu iş, adına sonralar dastan qoşulacaq Yetim Hüseynə tapşırılmışdı. Yetim Hüseynin rəhbərliyi ilə hər şey yaxşı gedirdi. Yol çəkilşi Otaq qaya deyilən yerə qədər uğurla aparılırdı. Amma buradakı sıldırım qayalar asanlıqla insanlara təslim olmurdu. İşlər sanki düyünə düşmüşdü. Partlayışı Oruc və onun qardaşı İsa hazırlayırdı. Oruc ortasına qalın ipi bağlayaraq quşqonmaz, sıldırım qayadan özünü aşağı buraxır, böyük qardaşı İsa isə ipin ucunu əlində saxlayaraq partlayışı qayanın altına yerləşdirmiş qardaşını yuxarı çəkirdi. Onlar dəfələrlə qaya uçqunundan sovuşmuşdular...
Bahadur Kamalov1952-ci il mayın 20-də onlar yol çəkilişini Çaykəndə qədər gətirib çıxarmışdılar. Yolun uğurla çəkilməsi müjdəsi bütün kəndlərə yayılmışdı. Hamı toy-bayram içindəydi. Kamalovların ailəsindəki sevinc isə birə on qat artıq idi. Onların igid oğlanları dağları, qayaları yararaq gələcəyə yol açırdılar. Amma bu sevinc çox çəkmədi və Məhəmməd kişi oğlu İsanın qara xəbərini aldı. İsa partlayış işini hazırladığı vaxt, qaya uçaraq altında qalmışdı.
Maraluçan faciəsindən 20 gün sonra, yəni 1952-ci il iyunun 10-da Balaca İstisudan Böyük İstisu istiqamətinə təxminən 1 km keçdikdə Kəlbəcər elində növbəti faciə yaşandı. İsanın qardaşı Oruc da 12 nəfərlə birlikdə partlayış əməliyyatı apararkən qaya uçqunu altında qalaraq dünyasını dəyişdilər. Kamalov qardaşlarının və onlarla birlikdə həlak olanların taleləri sanki şəhid məqamı qədər Kəlbəcər eli üçün dəyərli olmuşdur. Çünki onlar da el yolunda həyatlarını qurban vermişdilər.
Kamalovlar ailəsində sonuncu faciə qurbanı Kəlbəcər rayonu, Zar kəndinin İcra nümayəndəsi, el ağsaqqalı Bahadur kişi oldu. O, 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən, rayon ərazisindən çıxmağa çalışan ən sonuncu İcra nümayəndəsi idi. O zaman bu bölgədəki silahlı qüvvələrə başçılıq edən briqada komandiri Ə.Qənizadə başının dəstəsi ilə mülki əhalidən əvvəl çıxmışdı. Ümid yalnız yerli özünümüdafiə bölmələrinə qalmışdı. Özünümüdafiə bölmələri xəbər tutanda ki, düşmən Kəlbəcərin bütün bəd-bərəsini tutub, artıq əlacsız qalaraq zastavadan çıxmağa qərar verdilər. Bahadur kişi də “Zəylik “ zastavasının 30-dək əsgər və zabiti ilə aprelin 4-də kəndi tərk etdi. Bir neçə saatdan sonra Tərtərçayının sahilində “Ağduzdağ” və “Taxtadüz” zastavaları ilə birləşib 100-dək əsgər və zabitlə mühasirədən çıxmağa çalışdılar. 56 yaşlı icra nümayəndəsinin əsgərlərin yanında olması böyük dayaq idi. Uzunboylu enli kürək, düşmən bağrı yaran görkəmli dövlət adamı sanki bir orduya bərabər idi. Onunla bir addımlayan gənc əsgərlərə dəyərli məsləhətlər verir, onları təntiməyə qoymurdu. Dörd gün ərzində ac-susuz qalan əsgərləri bir an belə nəzarətdən qoymur, kiminsə zəiflədiyini hiss etdikdə dərhal əlindən gələn yardım edərdi. Amma aprelin 8-də Meydançay ətrafında düşmənin qurduğu pusqu bütün planları puça çıxardı. Başlarına yağan güllə yağışı əsgərlərimizi göz açmağa imkan vermirdi. Əlverişsiz şərait olsa da, əsgərlər mövqe tutaraq son damla qanları qalanadək döyüşdülər. Hər mövqedə bir əsgər yaralanır, ya şəhid olurdu. “Zəylik” zastavasının əsgəri Kərimov Şahinin bir qədər aralıdan “Bahadur əmi ağır yaralanmışam, məni burada qoyma”- deyərək çağırması, Bahadur kişinin o istiqamətə doğru qaçması çox çəkmədi. Bir daha Bahadur kişi geri qayıtmadı!!! Ölüm-qalım savaşında mövqelərdən sürünə sürünə uzaqlaşan əsgərlər Bahadur kişidən xəbər tutmadılar. Ətrafda yaxın olan əsgərlərin bir neçəsi şəhid olmuş, bəziləri yaralanmış, bəziləri isə pərən-pərən düşmüşdü. Bir müddət sonra Bahadur kişi və 12 şəhid əsgərin itgin düşməsi xəbəri yayıdı. Onların nəşlərinin çıxarılması mümkün olmadığından itgin hesab olunurdu. Bütün şəhidlərimiz, o cümlədən Bahadur Kamalov dövlətçilik tariximizə adları qızıl hərflərlə yazılmış insanlarımızdır. Onların şərəfli həyat yoları gələcək nəsillərin vətənpərvərlik nümunəsində tərbiyyə olunmasında bir örnəkdir. Onlar öz ölümləri ilə ölümsüzlüklərini qazananlardır... Bugünlərdə Bahadur Kamalovun nəşinin tapıldığı barədə məlumat yayıldı. Ruhu şad olsun ! Onun ailəsi və yaxınları üçün bu da bir təskinlikdir. Onların gözləri artıq yollarda qalmaz!
P.S. Ümid edirik ki, “Meydançay” və digər ərazilərimizdə şəhid olan itginlərimizdən də bir xəbər çıxar. Oğlu Qaryağdının yolunu gözləyən Sərəngiz xalamın, oğlu Əyyubun yolunu gözləyən Yaxşı bibimin və yüzlərlə xalalarımızın, bimimizin, əmimizin, analarımızın, qonşularımızın da gözləri yollardan çəkilər. Allah bütün şəhidlərimizin məqamlarını uca eləsin! Amin!
Ramiz Nəcəfli,
Bakı Mühəndislik Universitetinin müəllimi
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 15-02-2026 10:30
Baxış sayı: 346Yazı axını
15 / 02 / 2026
14 / 02 / 2026
14 / 02 / 2026
13 / 02 / 2026
13 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
12 / 02 / 2026
11 / 02 / 2026
11 / 02 / 2026
10 / 02 / 2026
09 / 02 / 2026
09 / 02 / 2026
08 / 02 / 2026
07 / 02 / 2026
06 / 02 / 2026
06 / 02 / 2026
05 / 02 / 2026
05 / 02 / 2026
04 / 02 / 2026
Ən çox oxunanlar










.jpg)

















