Qürbətdə Kəlbəcərsiz keçən ömür- Famil Müseyibovun doğum gününə

19-04-2020 21:04
Hər misrasında Kəlbəcər göynəyi, hər yazısında yurd həsrəti... Qürbət elin soyuqluğuna isinə bilmir ürəyi, ruhu Kəlbəcərsizlik ağrısıyla inləyir. İkiqat həsrətini ovuda biləcək Qələbə sorağındadı ürəyi , xəyal-xəyal dolaşır göylərin dua məqamında. Ağrılarını sözə çəkir, misralara sərir, bənd-bənd təsəlli edir özünə. Kövrək qəlblidi, səmimiyyətin gözyaşardıcı ucalıq məqamındadı böyüklüyü ilə. Qürbətdə  keçirdiyi neçənci doğum günüdü bilmirəm, ancaq 27 ildi Kəlbəcərsizdi... Bu gün könlünü sözə vermiş dəyərli ziyalı, şair Famil Müseyibovun doğum günüdü. 
Bu münasibətlə, Dalidag.az ailəsi adından şairi təbrik edir, ona sağlam və sevinci bol ömür, yaradıcılıq uğurları arzulayırıq. Qürbətin ögeylik, yadlıq kimi incidən tərəfinə və yurd ağrısına rəğmən işığını, zəkasını vətəndən əsirgəməyən Famil müəllimə  Kəlbəcərə qovuşmaq arzusudur ən ümdə diləyimiz.

Dalidag.az Famil Müseyibovun şeirlərini təqdim edir:
Sevinc Qərib

İÇİMDƏ DİOGEN YAŞAYIR

Dörd yanımda gül-gülüstan-                                                                                                                                  
Ruhum duman, çən yaşayır.
Hər an görmək dilədiyim,
Fəqət, məndən gen yaşayır...

Dünya yaman hay-harayda,
Ha qov, çalış, qaç...nə fayda?
Mən özüm güllü sarayda- 
İçimdə diogen yaşayır!!!

Ərəbin ölüb dəvəsi,
Kəsilib, gəlmir nəfəsi...                                                                                                                                                     Qanımda gənclik həvəsi-
Saçlarımda dən yaşayır...

Dərya kimi udur zaman,
Əl atmağa yoxdu saman!!!
Könlümdə inləyir kaman-
Deyirlər ki, “şən yaşayır!!!”

DÜNYA

Sənin iç üzünü tanıyanadək,
Bulandım,duruldum, çox axdım, dünya!                                                                                                  
...Əlindən gələni səkkiz qaba çək-
Sənin də ipini buraxdım,dünya!!!

Dərd dolu heybəmi atıb çiynimə,
Mənim öz yolum var-qalxıb gedirəm.
Zatıqırıqlığın deyil eynimə-
Tüpürüb üzünə, çıxıb gedirəm!     
                                                              
Çox qoydum səninlə çomaq-çomağa,
Sonadək savaşa bilmədim,dünya!!!
Əlində əyilib döndüm yumağa...
...Səninlə barışa bilmədim, dünya!!!
Mən sənə alışa bilmədim, dünya… 

KƏLBƏCƏRSİZ DÜNYA
(dostum Vaqif Səlimova)

Məndən inciməsin 
ruhu incələr,
sözümdən küsməsin
qəlbi qönçələr:
Dünyanı qaranlıq 
istəyirəm mən-
gözlərim az görər-
ağrım dincələr!

Bəşərə qaranlıq
arzulamıram,
zülmət istəyirəm
mən öz payıma!
(gördüyüm dəhşətdir!
pərdə tuturam
mən öz günəşimə,
mən öz ayıma...)

Bu dünya nə yaman
zəlalətimiş!!!
nadanlıq, cahillik,
cəhalətimiş!!!
Dünya başdan-
səfalətimiş-
görmək istəmirəm                                                                                                                                                                                bu bu dünyanı mən!

Gördüyüm- könlümə
xəsarətimiş,
haqq ummaq, söz
demək- cəsarətimiş
yaşamaq çox böyük                                                     
məharətimiş-
görmək istəmirəm
bu dünyanı mən!!!                  

Daha mələklər də
pula satılır. Qıratlar,düratlar                                                                                                                                                                                       çulasatılır!                                                                                                                                                                                   Bakirə çula satılır!
bakirə gözəllər
dula satılır-
görmək istəmirəm 
bu dünyanı mən!

Yalan don geyinib,
düzə qarışıb,
qızıl xırdalanıb
misə qarışıb,
qumaş ucuzlaşıb
bezə qarışıb...
görmək istəmirəm
bu dünyanı mən!

Başını götürüb
hara qaçasan?..
Varmı ki, bir məkan
ora qaçasan?
Üzünə tüpürüb
gora qaçasan-
görmək istəmirəm
bu dünyanı mən...                                                                                                                                                                                     Ruhum da, dünyam da
Kəlbəcərimiş!!!
Elsiz-günsüz olmaq- 
dərdi-sərimiş!!!
Dünya Kəlbəcərsiz
-eybəcərimiş!!!
görmək istəmirəm
bu dünyanı mən!!!
görmək istəmirəm
bu dünyanı mən...

DÜNYADAN BEZMİŞ İT...

Dilemma önündə
qalıb bu köpək,
bu iyrənc dünyadan
qusmağı gəir!!!
Bu pəncə qoyduğu
quru budaqdan
bəlkə də, özünü
asmağı gəlir?!...                    

Ruhu sakit olmur
gündə, kölgədə,
yurduna həsrətdi
doğma ölkədə!!!
...cana doyduğundan
onun, bəlkə də, 
qaçıb sonsuzluqda
azmağı gəlir...

...Nə qədər karvanlar 
sürübdü bu it,
dünyanın hər üzün
görübdü bu it...
boş-boş ulduza
hürübdü bu it,
hürməkdən də bezib-  
susmağı gəlir...

Bu, onun yoludur-
-küçəsidirsə,                                                                                                                                                                                                         niyə niyə yaşıl yanmır, keçəsidirsə?!                                                                                                                                                                                         ...ömrün ...ömrün nə zamanı,
neçəsidirsə-                                                                                                                                                                   üstündən üstündən xətt çəkib,
pozmağı gəlir...                                                                                                 

KÖNLÜM HƏR ŞEYDƏN KÜSÜB...

Tanrı yerdən üz döndərib-
Yer inciyib, göydən küsüb...
Soruşmayın əhvalımı-
Dilim gileydən küsüb!

Qan buraxır sarıqlarım,
...Cırılıb çarıqlarım,
Yaman yorulub ayaqlarım,
Dizlərim heydən küsüb!   
                                                                                                               
(Nooldu sənə, kamandar?..
Dərdin böyük, koman- dar.)
...Xaric vurur kaman, tar-
Musiqi neydən küsüb?...

Bitdi...hər şey bitdi, ta!!!
Gözəl anlar getdi, ta
Qara su tək şitdi, ta—
İştaham meydən küsüb!

Bəlkə, məzəmi gəzdirirəm?
Bəlkə, özümü əzdirirəm?...
Vallah, canımı gəzdirirəm,
Ürəyim hər şeydən küsüb...

***
Yolsuz və ayaqsız
yeriyə bildim;
Bir sərt qranitkən,
çürüyə bildim;
Balıqkən, dəryada
əriyə bildim-
Şair ola bilmədim...
 
Qələmdən, sözdən 
utandım!!!
Abırdan,üzdən
utandım!!!
Şairlər, sizdən
utandım-
Şair ola bilmədim...


***
İgid ər olsan da, 
köhlən belində
çoxda qürrələnmə,
silah əlində!!!
vermə ehtiyatı bara
gələndə- 
qurulub altında tor,
ağacının...


Birinin məzəsi çiçək
buyursa,
meyli nar istəsə,
qəsdinə dursa,
kökdən vurmaq üçün
qılınc sıyırsa,
neyləyər tikanı nar
ağacının?...


Dərya ağuşuna 
alasıdısa,
dalğalar saçını
yolasıdısa,
olan olacaqdı,-
olasıdısa,
çıxanda başına dor
ağacının!!!


Dəhrə baltanı da
hava səsləyir-
qolu vurulacaq
bar ağacının...
...bir nakam şairi
edam gözləyir-
çiçəyi çırtlayır dar
ağacının!!!

AĞLA, GÖZƏL


Dəvəsi ölmüş ərəbəm,
Ağla, gözəl, ağla məni!
Qəribəm, yaman qəribəm,...
Ağla, gözəl, ağla məni!

Ömrümü bad vermişəm,
Naşıya, yada vermişəm!
...Quzunu qurda vermişəm-
Ağla, gözəl, ağla məni!

Demə ki, bu yol təzədi, 
Yeni dad,köhnə məzədi...
Yönüm gedər-gəlməzədi-
Ağla, gözəl, ağla məni!

Famil Museyibov

Dalidag.az
 


Kateqoriya: Kəlbəcər
Tarix: 19-04-2020 21:04
Baxış sayı: 4764
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını