"Kəlbəcər " deyən şeirlər...

02-04-2020 16:22
Bu gün əzəmətli dağları, füsunkar təbiəti ilə göz oxşayan, Tanrının ən gözəl əsəri Kəlbəcərin işğalından 27 il ötür. Kəlbəcər həmişə şairlərimizin ilham mənbəyi, söz umduğu, sözə tapındığı məkan olub.Təəssüflər olsun ki, bu gün şairlərimiz Kəlbəcərin gözəlliyinə, əvəzolunmaz təbiətinə deyil, onun itkisinə, həsrətinə şeirlər yazır...

Dalidag.az müəlliflərin sosial şəbəkədə paylaşdıqları bəzi şeir nümunələrini təqdim edir:

HARDA QALMISINIZ, KƏLBƏCƏRLİLƏR?

Dağladı yad elin sərt qışı məni,
Qarsdı qaçqınların baxışı məni,
Tutdu çiçəklərin qarğışı məni,
Harda qalmısınız, kəlbəcərlilər?

Bizi ovudurlar, kişi ağlamaz,
Ahı-naləsiylə  sinə dağlamaz,
Kəlbəcər yarası qaysaq  bağlamaz,
Harda qalmısınız, kəlbəcərlilər?

Səyirdin atları, yorun, çatlasın,
Dağıdın sədləri, qırın, çatlasın,
Sonra deməsinlər, gorun  çatlasın,
Harda qalmısınız, kəlbəcərlilər?

Bu qəflət sirrinin açın, dərdini,
Yad əldə yolunan saçın dərdini,
Qubadlı, Kəlbəcər, Laçın dərdini,
Harda qalmısınız, kəlbəcərlilər?

Gözümdə həsrətim ilmə-ilmədi,
Vaxt-vədə ötüşdü, bir kəs bilmədi,
Ağ atlı oğlan da getdi, gəlmədi,
Harda qalmısınız, kəlbəcərlilər?

Günün, ayın, ilin gözəl çağında,
Ruhumuz daşlanır şər qalağında,
Bizi yatırtdılar fil qulağında,
Harda qalmısınız,  kəlbəcərlilər?

Hər gün öləziyir ümidin şamı,
Məni qınayırsa, qınasın hamı,
Yaman kövrəlmişəm bu yaz axşamı.
Harda qalmısınız, kəlbəcərlilər?

Nisgildən, həsrətdən tutulub şələm,
Məlhəm olmur mənə  bu dərdli qələm,
Xəbər edəsiniz yüyürəm, gələm,
Harda qalmısınız, kəlbəcərlilər?

Üstümüzdən müjdə yeli əsmədi,
Görək yaxşı nədi, görək  pis nədi?
Səbrimizi Allah niyə kəsmədi?
Harda qalmısınız,  kəlbəcərlilər?

Nəsib bülbül kimi, yad qəfəsdədir,
Gözü yolda qalıb, könlü səsdədir,
Heç çimir eləmir,  ayaq üstədir,
Harda qalmısınız,  kəlbəcərlilər?

Nəsib Nəbioğlu


GÖRÜRƏM

Bu düzlər ruhumun yamaclarıdır!
Özüməm,harda ki,dağ-daş görürəm...
Hər çopur daşa da qanım qaynayır,
Elə bil həsrətli qardaş görürəm.

Hanı ata yurdun,çıxıb gedəsən...
Qanını gül kimi qoxub gedəsən.
Zirvə dərə deyil axıb gedəsən,
Ucalıq yolunda savaş görürəm.

Zirvə haqqın uca mülkü,binadı !
Dəlidağdı,Himalaydı,Minadı.
Günəş bağışlayar,axı anadı...
Mən dağı Günəşdən obaş görürəm.

Dağ boğmur hirsini,doğur təpələr,
Dağ əmir buludu,sağır təpələr...
Günüzlər gördüyüm fağır təpələr,
Gecələr yuxuda Qoçdaş görürəm !

Bizi zirvələrin qarğışı tutub,
Hələ ki,həsrətin naxışı tutur !
Xaqanini bir dərd yağışı tutub,
Bu gözəl dünyanı qan-yaş görürəm.

Xəqani Həbiboğlu


KƏLBƏCƏR...KƏLBƏCƏR...


Cənnətdə bir bağım varmış,
Nə gözəl növrağım varmış...
Sonda bir fərağım varmış,
Adı..Kəlbəcər...Kəlbəcər...

Dadı oymuş çörəyimin,
Dərdi buymuş kürəyimin...
Zaman-zaman ürəyimin,
Odu..Kəlbəcər...Kəlbəcər...

Odur ağlar könlümdəki,
Ayımdakı, ilimdəki...
Bu dünyanın dilimdəki,
Dadı..Kəlbəcər...Kəlbəcər...

Bu dərd necə ağır daşdı?!
Nə qovğadı, nə savaşdı...
Gözlərimdən axan yaşdı,..
Sudu...Kəlbəcər...Kəlbəcər...

Yurd Yusifin ah-amanı,
Son arzusu, son gümanı...
Könlümün ağlar kamanı,..
Udu...Kəlbəcər...Kəlbəcər

Yusif Hüseyn


YURDUM

Niyə səngimədi bu axın, bu sel?!
Öndə taleyimmiş, geridə yurdum.
Hər gün axıb səndən uzaqlaşıram,
Ömrümü əridə-əridə, yurdum.

Qaralan axşamdı, ağaran saçdı,
Ağrılar hürküşüb bağrıma qaçdı.
Sinəmə çəkilən dağlar gül açdı,
Sənin dağlarından bəridə, yurdum.

Əllərdə şəninə badələr gəzir,
Dillərdə qorxular, hədələr gəzir.
Üstündə nöqtələr, nidalar gəzir,
Mənim kağız yurdum, xəritə yurdum.

Elşən Əzim

AĞLAYIR

Gedib bircə dəfə baş çəkəmmədik,
Orda babaların izi ağlayır.
Bizim gözümüzün yaşı qurtarıb,
Bulaqlar hələ də bizi ağlayır.

Yayın, bir yanıqlı kaman səsində,
Səsimi dünyanın hər qitəsində,
Vətənin yaralı xəritəsində,
Anamın qırışmış üzü ağlayır.

Ayrılıb dağlardan dağların yolu,
Qopub nə müddətdi sağından solu,
Şahdağın kəsilib atılmış qolu,
Bozdağın qırılmış dizi ağlayır.

Dərdim ağır gələr,"bu daş,bu çəki",
Bircə bu buludlar yox olsun təki..
Kəlbəcər deyəndə Gədəbəydəki,
Bütün ocaqların közü ağlayır..

Qarışıb dilimdə acı,həm şirin,
Verib bir yuxuya bizi qəm-şirin,
Dağların başında Dədə Şəmşirin,
Sazına qoşulub,sözü ağlayır.

Bir də köç dönərmi qərib ellərə,
Dən düşüb saçında qıvrım tellərə,
Dəlidağ saçını sərib yellərə,
Dərəsi-təpəsi,düzü ağlayır.

Bəllidi ünvanı ahu-zarımın,
Dəymə simlərinə könül tarımın,
Bu gün Kəlbəcərsiz yaralarımın,
Deşilib on yerdən gözü ağlayır.

Yetimdi hər qaya,yetimdi hər daş,
Oxu bu şerimi misrası yaş-yaş,
Tək mən ağlamıram,bu dərdə,qardaş,
Qələmin,kağızın özü ağlayır..

Ayaz Arabaçı

KƏLBƏCƏR DƏ GETDİ BELƏ 

Kəlbəcər də getdi belə.
Gələn bəla dəli seldi.
Qismət oldu Arakelə
Gör neçənci yurddu, eldi.

Ssenari gəlir tanış,
"Pay veririk" qarış-qarış.
Yaralarım sağalmamış,
Üstən təzə dağ çəkildi.

Növbə indi haranındır?
Dağın, yoxsa aranındır?
Könül dünyam viranədir,
Ürəyimdə dərd əkildi.

Ancaq belə gedə bilməz,
Ümidimiz itə bilməz.
Günəş daim bata bilməz,
Bir də gördün dan söküldü.

Əlyar Asiman
Aprel 1993


KƏLBƏCƏR


Həsrətindən açılıbdır,
Gözümdən şırım, Kəlbəcər.
Yox quvvətim, qolumdakı,
Zənciri qırım, Kəlbəcər.

Başçılar itirib başı,
Oğulsan, bu dərdi daşı.
Sənə çatmaq üçün daşı,
Qayanı yarım, Kəlbəcər.

Zirvələrin saçın yolur,
Bulaqların qanla dolur,
Yad əllərdə talan olur,
Dövlətim, varım Kəlbəcər.

Sənsiz qara daşdır canım,
Sənsiz donub, axmır qanım,
Alışdı, yandı kamanım,
Sızladı tarım, Kəlbəcər.

Can yaralı, könül sınıq,
"Dərd" adlı yük daşıyırıq.
Utanmadan yaşayırıq,
Qeyrətim, arım Kəlbəcər.

Müşfiq Cəbi

VƏTƏN SON MƏHƏBBƏTİM

Hаrа bаş аlıb gedim,
bu sevgiylə, kədərlə?
Fələyin üzü gülür
hər аçılаn səhərlə.

Vətən dərdi içimdə
içim özümə bəlli,
hərəsi bir biçimdə
köçüm özümə bəlli.

Yаğı əlində qаlаn
kəndim yаmаn təklənib.
Dərdlərin də dərdinin
dərdi mənə yüklənib.

Vətən ilk sevgim mənim,
Vətən sоn məhəbbətim.
Töküləcək gözümə
bir оvucluq həsrətim.

Rəfail Tağızadə

Dalidag.az


Kateqoriya: Kəlbəcər / Poeziya-nəsr
Tarix: 02-04-2020 16:22
Baxış sayı: 49 240
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını