Şəhidliyin, əsirliyin, girovluğun şahidi Kəlbəcər...

14-01-2025 20:44
Birinci Qarabağ şəhidlərini unutmayaq!

Vətənimizin aranlı-dağlı ellərindən şəhidlik zirvəsinə ucalanların hər biri xalqımızın sevimli övladlarıdır. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərlə Qarabağımızı daşnak ermənilərdən azad etdik. Bununla biz Birinci Qarabağ döyüşlərində qeyrətini silaha çevirib ermənilərlə üzbəüz olub, sinələrini Vətənə, dogma torpaqlarımıza sipər edənlərin də ruhunu şad etmiş olduq. Lakin bir məsələni unutduq ki, ataların Birinci Qarabağ döyüşlərində getdiyi yolun yolçuları oğulları oldular. Bu yol oğulları Qələbəyə - Şuşaya, Laçına, Kəlbəcərədək apardı. Onlar ataların, əmi-dayılarının, yəni Birinci Qarabağ savaşlarında canlarını əsirgəməyən igidlərin də qisaslarını almış oldurlar, yalnız Xocalının, Ağdabanın, Bağanis Ayrımın, Qaradağlının, Başlıbelin yox.
KƏLBƏCƏR – düşmənlə üz-üzə dayanıb, dağların əzəmətinə, vüqarına söykənən, beş il yuxusu ərşə çəkilən torpaq. KƏLBƏCƏR- təbii sərvətlər və möcüzələr diyarı! Sənin təkcə təbiətin deyil, insanların da sərvətdir!

KƏLBƏCƏR – talanan yurd! Ocağı, odu, közü doğmalarına 30 il həsrət qalan bu ulu məkanın yağılardan qorunması yolunda canlarını qurban vermiş şəhidlərimizin ruhu göylərini dolaşan dağlarımıza, buz bulaqlarımıza, oba-oymaqlarımıza nə əlimiz yetirdi, nə ünümüz çatırdı. Ayrılığın həsrətinə dözməyən yurddaşlarımız dünyadan köç edəndə «məni qərib qəbristanlıqlarda qoymayın, qibləmi dəyişib yönü dağlara tərəf qoyun ki, torpaq məni sıxmasın», - dedilər... Bəlkə bunları yenidən xatırlatmamaq da olardı, 1993-cü il 31 mart günü Kəlbəcərin tarixinə qara hərflərlə yazılmasaydı. Beş il ərzində yağıların bütün həmlələrinə sinə gərən, zülm və zillətə tablaşan, yolsuz, işıqsız, çörəksiz, susuz qalan kəlbəcərlilərin bəxtinə, taleyinə yiyəsizlikdən betər daha ağır, dözülməyən bir dərd də yazılıbmış: didərginlik – tərki-vətənlik. Ulu Göyçənin dərbədər olmasına dözməyən, qisasın qiyamətə qalmayacağı inamına söykənən canım, düşmənə sipər olan dağlarımız yağı tapdağına keçəndə göyüm-göyüm göynəyən köynək yaralarımızdan qan sızdı. Yaralarımız sızım-sızım sızladı. 300-dən artıq yurddaşımızın əsir və girov talelərindən bir soraq olmadı. Neçə-neçə igid itirmişik. Neçə-neçə qız-gəlinlərimiz namuslarını yağı caynağından qurtarmaq üçün Tərtər çayına atdılar özlərini...

Kəlbəcərin şəhidliyi hələ 20 Yanvar 1990-cı il tarixdən əvvəl başlamışdır. İlk şəhidlərimiz 8 körpə və məktəbyaşlının bəxtinə düşdü. 1989-cu ilin yay aylarında - “vertoloyot qəzası” adı altında. 8 fidan oğlan uşağımız o qanda boğuldu. Hamısının da qanı qarışmışdı bir-birinə...

Toydan on üç gün əvvəl,
toydan on üç gün sonra


Dünya o qanın rənginə boyanmışdı. Kəlbəcərdə yeni salınan Şəhidlər xiyabanının ilk sakinləri isə ağdabanlılar oldu. O zamanlar kimin ağlına gələrdi ki, igidləri kimi, Kəlbəcər özü də şəhid olacaq. Şəhidliyin, əsirliyin, girovluğun şahidi Kəlbəcər yağı hiyləsinin qurbanı oldu. Toylarımız yasa döndü. Çıraqlarımız sönəndən hər yanı zülmət gecələr bürüdü. Belə zülmət gecələrdə yazılan ağılar o illərin şəhidi oldular. Analar boş məzarlara ağı dedilər. Körpələr atasız, analar balasız qaldı. Toydan on üç gün əvvəl, toydan on üç gün sonra həyətlərdə yas mağarları quruldu. Ağı deməkdən hamı yoruldu. Vətən, namus, torpaq – qeyrətdir,-dedi igidlərimiz. Dəlidağ Murova, Murov Keytiyə tərəf boylandı. Bu lal baxışlarda nələr oxunmadı, ilahi? Elləri haraya çağıran dağlar sinəsindən yaralanmışdı. Bu yaradan axan qanı şəhid bacıları gözlərinə doldurub, şəhid qardaşına ağı deyirdi. Təklənmiş yurdun fəryadı dağ- daşda eşidilməz olmuşdu. Amma onda dağlar da bizim idi, o dağlarda meyvəsi saralan bağlar da... «Dağların sinə dağı» (ilk şəhidlər kitabım) hazırlananda Allaha yalvarırdım ki, kaş, kitabın son vərəqindəki şəhid elə sonuncu olaydı. Amma, fələk biz sayanı saymadı.

Kitaba «Ön söz» yazmışdım. Kitab çap olunarkən isə o «Ön söz»ün yerinə «Son söz əvəzi»ni əlavə edəsi olduq. «Dağların sinə dağı» Kəlbəcər şəhidlərinin hamısını əhatə etmirdi. Bunun üçün şəhidlərimizin ruhu qarşısında baş əyir və şəhid yiyələrindən xahiş edirdim ki, 2-ci kitabın vaxtında hazırlanıb çapa verilməsində yaxından iştirak etsinlər. “Kəlbəcər harayı”ndan sonra “Yurd göynərtisi” Kəlbəcərlilərimizin dərdi təkcə şəhid oğullarımızın dərdi, ağrısı yox, yurd itkisi, torpaq harayına çevrildi. 1993-cü ildən kəlbəcərlilər məcburi köçkün kimi respublikamızın əksər bölgələrinə səpələndilər. Şərti olaraq adlandırdığım «Kəlbəcər harayı» (“Yurd göynərtisi”) kitabında şəhidlərimizin hamısından söz açılmalı, onların nurlu ömür yollarına bir ayna tutmalıyıq. Bu işdə yaxından köməklik göstərən həmvətənlərimizə dərin təşəkkürümüzü çatdırdıq. Və nəhayət, kitabın buraxılmasına hər cür köməklik göstərən həmyerlimiz, hər birimizin fəxri olan Eldar Hümbətoğluna minnətdarıq ki, Kəlbəcər şəhidlərindən söz açan (əgər söz aça bilərsə) «Dağların sinə dağı»nın sponsoru, ağsaqqalı kimi köməyimizə çatıb. Respublika Səhmdar Kommersiya Əmanət Bankı idarə heyətinin sədri Rəfael Hacıyev təkcə «Dağların sinə dağı»nı deyil, «Azərbaycanın Milli Qəhrəmanları», «Ağdam şəhidləri» kitablarının maliyyə vəsaitinə köməklik göstərib. Mən vətənpərvər, torpaqcanlı, elcanlı həmyerlilərimizin xeyirxahlıqları qarşısında söz deməyə acizik. Həə, ilk vaxtlar, hələ Kəlbəcərdə “Yenilik” rayon qəzetində çalışarkən qələmə aldığım şəhid yazılarımı oxuyanlar yalnız şəhid ünvanlı doğmalar olmadılar, şimallı-cənublu, şərqli-qərbli Azərbaycanın hər yerində şəhid kitablarım oxundu və şəhidlərimizi tanıtdıq. Elə düşünürdüm ki, şəhidlərimizi unutmamışıq. Sən demə, atalarımız deyib: “sən saydığını say, gör fələk nə sayır!” İllər sonra məlum olacaqmış ki, yazdığım 28 kitabdan 6-sı sırf şəhidlərimizə həsr edilsə də, onların hamısını axtarıb tapmamışıq. Hələ də şəhidindən ikicə kəlmə olsa da, məlumat verilməsini gözləyən şəhid balaları, qardaş-bacıları varmış, ata-analar bu ayrılıığa dözmədiklərinə görə. Bu günlərdə sosial şəbəkədə mənim paylaşdığım şəhid yazılarımı (oçerklərimi paylaşıram) oxuyan bir şəhid qızı məni axtarıb tapdı. Mənə ciddi iradı olmasa da, (onun yerində mən olsaydım, daha hirsli-hikkəli tələb edərdim ki, niyə atamnan yazmırsınız?) sadəcə, qınadı ki: məgər atam Vətən uğrunda canından keçməyib? Tanıyırsızsa, niyə yazmırsınız? Tanımırsızsa, nədən?! Yox, şəhid qızı bunları mənə irad tutmadı. Sadəcə, xahiş elədi ki, atam da Birinci Qarabağ müharibəsinin şəhidlərindən biri olub. Ondan bir məqalə yaza bilərsizsə, sevinərəm, ruhunu da şad etmiş olarsınız, hər ilin yanvar ayının 8-i gələndə atamın yolunu gözləyirik. Məhz həmin gün şəhid olub axı...

“Bəs, atamdan niyə yazmadınız?!”

Budur, həmin Novruz mənim “Yurd göynərtisi” kitabımda haqqında qısaca məlumat verilən şəhidlərimdən biridir. O vaxtlar (1994-cü il) şəhid ünvanlarını tapmaq, məlumat toplamaq asan deyildi, indiki kimi. Ona görə də Novruz qardaşımız haqında da məlumatsızlıqdan qısa yazılmışdı: heç kimi oxumayacağı 3-4 cümlə. Lakin şəhid qızının yazdığı məlumatlar onun şəxsiyyətini və qəhrəmanlıığını bir daha bu sətirlərin müəllifinə tanıtdı: “...Böyük qızı mənəm - Mehparə. Bildiklərimi və eşitdiklərimi ayzıram ki. Öncə siz tanıyasınız atamı. Axı, siz şəhidlərin doğmalarının dərdini yazan-paylaşan bir qələm adamısınız. Nədən indi susursunuz?! Sizi çox şəhid ailəsi görməyib, amma, onların şəhidinə ilk ağını siz yazmısınız. Bəs, atamdan niyə yazmadınız?! Atam Həsənov Novruz Hacıbaba oğlu 1958-ci ildə Kəlbəcər rayonunun Alolar kəndində anadan olub. Kəlbəcər şəhər 2 saylı orta məktəbi bitirib. 1993-cü ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Döyüş yolu Füzuli rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş kəndlərinin azad edilməsi uğrunda gedən qanlı əməliyyatlardan başlanıb. 1994-cü il yanvar ayının 8-də Vətən uğrunda şəhid olan Novruzun üc körpəsi qalıb...” Mehparı xanımın yazdıqlarını oxuduqca adamın başından tüstü çıxır. Necə də biganəlik var imiş şəhid ailələrinə, xüsussən də Birinci Qarabağ savaşlarında vətənpərvərliklə qeyrətini silaha çevirib düşmən qarşısına çıxanlara. Şəhid qızı haqlı giley edir. əslində, ona giley kimi baxmaq olmaz. Haqqı deyir. Bu barədə dəfələrlə məqalələrimdə söz açmışam ki, rayonun istər rəhbərliyi, istərsə də əlaqədar və QHT-lərin nümayəndələri, TV-lərin əməkdaşları şəhid ailələrininin qonağı olanda onlar yalnız şəkil çəkdirib sosial şəbəkədə özlərini reklam etməlidirlərmi? Budurmu şçəhidlərimizin ruhuna hörmət?! Bəs o şəhidlərimizin qəəhrəmanlıqlarla dolu qısa ömür və fəxr ediləsi, Zəfərli döyüş yollarını kim tarixləşdirməli, gələcək nəsillərə tanıtmalıdır?!

***

...Bakıda yaşayan Kəlbəcər cavanları könüllü dəstə yaradaraq rayonun müdafiəsinə yollanmaq qərarına gəlmişdilər. Həmyerlilərimizin bu dar günlərdə köməyə gəlmələri hamını sevindirmişdi. Lakin məkrli niyyətlər bütün qüvvələri zəiflədir, könüllüləri pərən-pərən salırdı. Kəlbəcər düşmənə təslim etdiriləndən sonra qeyrətli cavanlar silahı yerə qoymayıb,

«YA QİSAS, YA DA ŞƏHİDLİK!»-dedilər

Novruz da üc uşaq atası olmasına baxmayaraq, silaha sarıldı. Tankcı olmuşdu əsgərlikdə. Füzuli ətrafında gedən ağır döyüşlərə atılan Novruz düşmənə tutarlı zərbələr vursa da, özünü qorumaq haqqında düşünmürdü. Onun ömür və döyüş yolu qısa oldu. Kəlbəcəri düşməndən azad etmək kimi bir şərəfli işə imza atmışdı, həm də könüllü. Lakin unudurdular ki, onlar qanlı Murovdan aşıb Kəlbəcəri yağı tapdağından ancaq müasir hərbi texnika və silahlarla azad edə bilərlər. Bunu yerində olmayan komandirlər də dərk etmədilər ki, Murovdağı qışda aşmaq o qıədər də asan məsələ deyil. Onlar bu zirvəni aşdılar, lakin, amma, ancaq, satqınlar və şərəfini itirmişlər belə cəsur oğulları heç nədən, havayı yerə mənasız qırğına verdilər. “Murovdağ əəməliyyatı”nın təşkilatçıları, təəssüf ki, öz layiqli cəzalarını almadılar...

Atam kimi oğullar...

Şəhid qızı Mehparə xanım dərdini həm də nəzmə çəkib, ağı kimi yazıb bnu mənə xatırladır:



Bu torpağın hər qarışı,
Onun adı şəhiddir,
Qoruyubdur hamımızı,
Mən olmuşam şəhid qızı!

Axı, söz vermişdim ona,
Axıtmaram tək bir damla.
Gözyaşlarım qulaq asmır
Qəlbimdəki yaralara,
Dilimdəki ah-vaylara!

“Əsla ölməz şəhidlər”,-
Deyərdi mənim atam .
Bəs indi hardasan
Necə gəlim sənə çatam,
Ay mənim şəhid atam?!


"Atam hani" fəryadıma
Niyə heç kim cavab vermir?!
Sarılanda gülümsəyən o şəklinə
Bağında saralaır bar-bəhrə,
Bircəsini atam dərmir,
Niyə sənin səsin gəlmir?!

Sarılmışam,a ta,
üçrəngli bayrağına,
Qurban olum
qanın axan torpağına!
Gül qoxan tabutuna,
Kim baxsın sənin
Yadigarlarına-amanatına?!
Baxanda gözüm dolur
Qürurdan sözüm boğulur!
Ay ellər, Qarabağ alınandan
Atam kimi oğullar
Ölmürlər, yenidən doğulur!

Yazan niyə yazıb taleyimə dərd,
Bir dəfə ürəkdən deyib-gülmədim?!
Hər kəs atasından söhbət edəndə
Tərk etdim o yeri, qala bilmədim!

Deyirlər dəlidir, daşdan söz umur,
Gülənlər bu işin əslini bilməz!
Bilirəm, səsimi eşidirsən sən,
Sən özün deyirdin: “Şəhidlər ölməz...”

Vətənimizin aranlı-dağlı ellərindən şəhidlik zirvəsinə ucalanların hər biri xalqımızın sevimli övladlarıdır. 44 günlük Vətən müharibəsində qazandığımız
Zəfərlə Qarabağımızı daşnak ermənilərdən azad etdik. Bununla biz Birinci Qarabağ döyüşlərində qeyrətini silaha çevirib ermənilərlə üzbəüz olub, sinələrini Vətənə, dogma torpaqlarımıza sipər edənlərin də ruhunu şad etmiş olduq.


Sözü üzə “qırmızı deyən”qız...

Mehparə Novruz qızı yazır: “...Sözü üzə “qırmızı dediyimə görə” bəzilərinin mənimlə araları yoxdu, yəni soyuqdu. Ona görə də atamın məzarını ziyarətə tək gedirəm. Evimizdə anamla birlikdə yaşayırıq. Evin divarlarını, masaların üstünü ancaq atamın şəkilləri bəzəyir. Bəlkə də bu şəkillərlə təsəlli tapıram. Məni qınamayın. Atamın vətən uğrunda bizi başsız qoyub getməsini çoxları bilmir.

Bilsəydilər, atam da şəhid olub, bu ailəni tanıyar, qapısını açar, dərd-sərimizlə
maraqlanan olardı. Bacı-qardaşımı qınamıram, onlar atamı görməyiblər. Ona görə də onlarda ataya sevgi hissi formalaşa bilmədi. Bayram, Bəhram, Akif, Bənövşə, Bəsti, Nərgiz, Solmaz atamın qardaş-bacılarıdır. Ailədə 8 uşaq olublar, 3-ü rəhmətə
gedib. Gəncədə məskunlaşıblar.
Anam Bədəlova Məktubə Əlibəy qızı Qubadlı rayonunda dünyaya göz açıb. Atamın döyüş yoldaşı, qonşumuz Seyfulla əmidən yerdən-göyəcən razıyıq. O, bizi tək buraxmadı bu araxada qalan atasızlıq illərimizdə. Atamın necə döyüşdüyü
barədə də yalnız ondan öyrəndik.
Atamın istəkli nəvələri (mənim əkizlərim) Gülzadə ilə Mənsur babaları haqqında məndən nağıl istəyirlər. Mən isə onlara atamın qəhrəmanlıqlarından, necə döyüşə getməsindən və şəhidliyindən danışıram ki, heç olmasa onlar tanısınlar...
Tale yazısı...
Bunu yazan Yaradan olur. Yaradanın yazısına pozu olmaz, bunu da bilirik. Anamla atam subay olanda uzbəuz binada kirayə evdə qalıblar. Orada da tanış olublar. Atamın anama sevgisini öyrənən ailə buna razı olmayıb. Ona görə də atamla anam qoşulub bir-birinə qaçıblar.
Onlar 1985-ci ildə ailə qurublar. Ailənin böyük uşağı mənəm - Mehparə Həsənova. Bacım Elnarə Qəhrəmanova, qardaşım Bəhruz məni bağışlasınlar ki,dərdimi vərəqlərə yazdım.
Atamın başdaşındakıları da oxuyun: doğum tarixi: 30.11.1958, şəhidlik tarixi: 08.01.1994-cü il. Məzarı Bakı şəhərindəki Şəhidlər xiyabanındadır.
Şəhid ailəsinin ünvanını bilməyən bəzi məmurlara xatırladım ki, Bakı şəhərinin Suraxanı rayonu Hövsan qəsəbəsindəki Zeytun sovxozunun ərazisində müvəqqəti məskunuq...”
Sonluq əvəzi Bilmirəm neçənci dəfədir ki, şəhid balasının qəm-qüssə dolu fikirləri ilə baş- başayam. Hamısında da eyni ruh, eyni rəngdə dərd-ələm.
Amma bu dəfə şəhid Novruz Həsənovun qızı Mehparə xanımın bir az fərqli düşüncələri məni düşündürdü. Özünün də taleyi gətirməyən şəhid qızı atasının unudulmaq təhlükəsini özünə dərd edib. Özünü unudub, şəhidimizin və ümumiyyətlə, Birinci Qarabağ döyüşlərinin şəhid və itkinlərinin yaddan çıxmasının qarşısının alınmasını özünün borzuna çevirib. Halal olsun belə şəhid övladlarına! Bəli, mübarizə həmişə var. Xeyirin şər üzərindəki qələbəsi uğrunda gedən mübarizədə də Mübariz İbrahimov, Novruz Həsənov... kimi olmalıyıq. Yoxsa, hələ şəhid balalarının qınağına çox gələcəyik...


Məhəmməd Nərimanoğlu,

Bakı şəh. 13 yanvar 2025-ci il.



Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 14-01-2025 20:44
Baxış sayı: 315
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını