Müsəlman arvadının sərgüzəşti- Yusif Vəzir Çəmənzəminli -Hekayə

23-01-2020 22:03
Dalidag.az Yusif Vəzir Çəmənzəminlinin bir hekayəsini təqdim edir:

                                          MÜSƏLMAN ARVADININ SƏRGÜZƏŞTİ 

Dədəmin övladı olmadığına görə nəzir eləyir ki, bir qızım olsun, seyidə verim. Odur ki, məni on bir yaşım tamam olanda Mir Qasım adlı bir qırmızısaqqala ərə veriblər. Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? Məlum oldu ki, seyid kənddə evlənib, bir uşağı da var. Dədəm məni gətirdi evə. Üç il qalıb «kəbinim halal, canım azad» deyib, seyiddən ayrılışdıq. Bir azdan sonra kəbinim sövdəgər Hacı Kərimə kəsildi. Gəlin hamamından çıxanda cahıllar tökülüb məni Şərəf oğlu Zamana götürüb qaçanda bizimkilər də bir tərəfdən çıxdılar. Aralıqda bir neçə adam ölüb, bir neçəsi yaralandısa da, məni Şərəf oğlunun əlindən ala bilmədilər. Köhnə kəbin pozulub təzə kəbin kəsildi. İki il yarım keçdi. Bir gün ərimin qanlı meyidini evə gətirdilər: məhərrəmlikdə deyib: «Mən dəstə başı çəkəcəyəm», bir ayrısı deyib: «xeyr, mən çəkəcəyəm», sözləri çəp gəlib, ərimi vurublar, ölüb. Ondan bir yetim ilə yeddi il evdə dul qaldım. Hana toxumaqdan barmaqlarım topal oldu, su daşımaqdan çiynim yara; dədəm də mənə çörək verməkdən təngə gəldi. Axırda məni götürüb dua yazan bir iranlıya verdi. Daha sevindiyimdən gecə – gündüz yatmırdım, deyirdim: «Allah, qurtardım hananın üzündən». Molla da, adam öləcək, pis adam deyildi. Əlinə düşəni bozbaşa verirdi, yeyirdik. Döyəndə də özgə kişilər kimi çox döyməzdi: qabırğalarıma, qarnıma beş – altı təpik salandan sonra ürəyi soyuyurdu. Xülasə, elə güc ilə rahat olmuşdum, bir gün molla gəldi ki, gedirəm. «Ay balam, hara?»; bəs «qasid kağız gətiribdir ki, İrandakı arvadın qaçıb, oğlun – uşağın yaman gündədir». Haray – həşir, daha haray – həşir hara çatar: molla çıxdı getdi. Yenə qayıtdım atam evinə. Uşağım bir idi, oldu üç. Dədəm başladı gündə məni məzəmmət eləməyə: «Getdin, bu küçükləri də 54 dalına qoşdun gətirdin».
Üç aydan sonra toya getdiyim yerdə məni bir doğmayan arvadın üstə götürüb qaçdılar və ortalıq sakit olunca aparıb mollanın evinə qoydular. Günüm eşitcək mənə belə sifariş eləmişdi:

«Gülü gülüstan üstünə,
Şeh düşdü bostan üstünə.
Gedin, deyin o tülküyə,
Gəlməsin aslan üstünə!»


Doğrusu, günümə çox acığım tutdu, mən də ona belə sifariş elədim:

«Gülü gülüstan üstünə,
Gün düşdü bostan üstünə.
Gedin, deyin o «aslana»,
Dağ gəlir aslan üstünə!»


Xülasə, kəbin kəsildi, aralıq sakit olan kimi ərim məni apardı evinə. Bunun çubuqdan hörmə bircə otağı var idi. Bir tərəfdə günüm olurdu, bir tərəfdə mən. Bir gün olmazdı ki, davamız düşməsin, bir - birimizin hörüklərini çıxartmayaq, üzünü cırmayaq. Günüm gündüzlər mənimlə dalaşırdı, gecə də ərimlə. Ərimin yanında mənim əsnaf qızı olmağıma rişxənd eləyib deyirdi:

«Mən aşiq gözəl alma
Tutubdur gözəl alma.
Əsil al çirkin olsun,
Bədəsil gözəl alma!»


Mən də bunun qabağında:

«Mən aşıq gözəl oxlar,
Tutubdur gözəl oxlar.
Çirkin oxluya bilməz,
Oxlasa gözəl oxlar».


- deyəndə ərim mənə tərəf olurdu, günüm qalırdı yana – yana… Aradan bir az keçdi, allah vurdu mənə bir oğlan da verdi. Ərimin mənə daha da məhəbbəti artdı, günümün də sözü ola bilmədi. Havaxt deyindi, ərim ilə basıb döydük. Yaxşıca rahat olmuşduq, birdən haradansa qarnı yanmış molla gəlib çıxdı. Ərim də tərs kimi evdə idi. Bunların davası düşdü. Ərim mollanın başına bir aftafa vurub öldürdü. Divan – zad töküldü, ərimi tutdular… İndi üç ildir ki, ərim Sibirə gedib, heç səs – soraq yoxdur, mən də dörd yetimlə damın dalında acından ölürəm….

Dalidag.az



Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 23-01-2020 22:03
Baxış sayı: 4878
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını