Reklam
Əlisəmid Kür: "Üstünü örtərsən misralarımın..." -ŞEİRLƏR
21-01-2020 18:03
Çağdaş ədəbiyyatımızın ünlü imzalarından olan Əlisəmid Kür 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub.1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı ilə bitirib. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin məsul katibidir. Aktyor Qorqud Cəfərlinin atasıdır.
Dalidag.az Əlisəmid Kürün şeirlərini təqdim edir:
NƏ OLA-OLA
Çölün dumanında azıb qalasan,
Bir qoyun sürüsü otlayan yerdə.
Əlini dizinə çırpıb qalasan
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası… sonrası nə ola-ola.
Ocağın da sönə, düşəsən dərdə,
Yanasan, öz tüstün başından çıxa.
Bıçağın sümüyə dirənən yerdə
Cibindən pas atmış bıçağın çıxa.
Sonrası… sonrası nə ola-ola.
Əynində quruya nimdaş köynəyin,
Tənhalıq içində canın sıxıla.
Görəsən sinəndə bir daş göynəyir,
Qəfildən bir quzu sənə qısıla…
Sonrası… sonrası nə ola-ola.
Quru çörəyini böləsən yarı…
İllah da bir yandan duman, çən ola.
Qurbanlıq quzusan, quzu qardaşım!
Bıçağımdan qorxma…
Sonrası… sonrası nə ola-ola.
GECƏLƏR SƏN YATANDAN SONRA
Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.
Ürəyim atlanır varağın üstə
Sənə xəyanətim – yuxusuz gecə
İndi bax, indi bax,
Məni silkələyən səsə qoşulub
Unudub özümü çıxıb gedəcəm.
Gecələri yatmadığım günlər artır –
Sözlərim bir yandan.
Hansı misram oyaq deyilsə,
Yatır mənim əvəzimə.
Üstü açıq yatır narahat sözlər,
Səksənib ayılsan
Üstünü örtərsən misralarımın..
Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.
ADAMLAR DƏYİŞİR HAVALAR KİMİ
Çəkilib uzaqdan baxdım özümə, –
Gördüm görkəmim dəyişib,
Üst-başım tamam köhnəlib,
Dabanı yeyilib çəkmələrimin…
Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə:
«- Dağa bənzəyirsən sən bu duruşda».
Güzgüdə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm?!
Dünyaya piyada gəlib-gedənlər
Odu eee… yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.
Mən koram… Sən hara baxırsan, Tanrım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.
Çəkilib uzaqdan özümə baxdım, –
bir də üzə gülüb,
arxamca daş atanlara…
Yol üstə ilantək qıvrılanlara…
Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar –
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar,
Dayanıb yolumda qovğalar kimi, –
Adamlar dəyişir havalar kimi, –
Niyə dəyişmədin, Cəfərin oğlu?!
ADAM CİBİNDƏN ÜŞÜYƏR
Nə baxırsan yoxsul bəyə,
Nə gülürsən bu kişiyə?!.
Ağac içindən oyular, –
Adam cibindən üşüyər…
Pul əl çirkidi… Yalandı.
Malın verən canın verər.
Ağac içindən sıyrılar,
Adam canından çürüyər.
Kasıb qəribdi Vətəndə, –
Qalıb yollarda tövşüyər.
Adam canından sıyrılar,
Adam cibindən üşüyər.
ATAMIN AYAQLARI
Hara getdim dara düşdüm
Atamın ayaqları süründü arxamca
İndi
Atamın ayaqları Sibirdi
Özü kimi ayaqları da yuxusuz…
Üz sürtdüm ayaqlarına,
Qəlpə giziltisindən
Diksindi qulaqlarım.
Çəliyi ayaqlarına başdaşı Atam!
Səcdənə gəldim,
Ayaqlarını suya qoy,
Dirilik suyu kimi ayağının suyunu içim Atam oy!
Əlimdən nə gəlir daha
Ayaqlarımı verim, yeri, Atam!
Laylay atam, ayaqlarına laylay!
Ayaqları yuxusuz, əlləri oyaq, ürəyi dipdiri Pir Atam!
ALO, MƏN SƏNİ GÖRÜRƏM
Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan,divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdə…
Telefon zəngi.
-Alo, Bakıyla danışın.
-Al-lo! Qızım, sənsənmi?!
-…
-Al-lo!
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…
UZUN AYRILIQDAN SONRA
Uzun ayrılıqdan sonra dönəndə Vətənə
Kimi qucaqlasam birinci,
Qarşıma çıxanların heç biri inciməz.
Bir dost yazmışdı mənə:
“Sən qəribəsən, biz-yol gözləyən.”
Məni qarşılayanların
Heç biri inciməz, anam,
Səni qucaqlasam hamıdan əvvəl.
Uzun ayrılıqdan sonra
Yenidən sevmək
Yenidən doğulmaq kimi gəlir insana,
İzn ver oğluna yenidən doğulmağa,
Aç qoynunu, ana!
Qol-boyun gördükcə bizi
Dostlar da başlayar
Bir-birini qucaqlamağa.
TAXTA QAPI, DƏMİR QAPI
Dərd döydü taxta qapımı
tez durub qapını açdım.
Salam verdim, əl tutmadım,
yaxşıca bir süfrə açdım.
– Gec gəlmisən, dərd qardaşım,
gəl sənin payından yeyək.
Qol-boyun olaq səninlə,
lap oxuyaq, mahnı deyək.
İçməyə bir şey tapılar
keç otur yuxarı başda.
Ömrün baharı tez keçdi
gəlib çıxmısan bu qışda.
Geymisən dəmir çarığı,
minmisən dəmir atını.
Dərd, sənə dərd göstərəcəm,
döyəcəm dəmir qapını.
***
Necə ki fələk qarğıyır,
hökm edir zalım olmağa,
Yüz əliqılınclı hazır
bir bənövşə boynu vurmağa.
Neçə ki canından bezir
hər aşiq haqdan keçməyə;
Min əliçıraqlı gəzir
eşq yolunda qurban getməyə.
Neçə ki söz meydanı dar
umud qalır and içməyə;
Milyon əliyalın qul var
min yol ölümdən keçməyə.
Yüz əliqılınclı hazır...
Min əliçıraqlı gəzir...
Milyon əliyalın qul var.
Neçə ki, Tanrı da dözür.
Əlisəmid Kür
Dalidag.az
Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.Hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin məsul katibidir. Aktyor Qorqud Cəfərlinin atasıdır.
Dalidag.az Əlisəmid Kürün şeirlərini təqdim edir:
NƏ OLA-OLA
Çölün dumanında azıb qalasan,
Bir qoyun sürüsü otlayan yerdə.
Əlini dizinə çırpıb qalasan
Ürəyin buz kimi çatlayan yerdə.
Sonrası… sonrası nə ola-ola.
Ocağın da sönə, düşəsən dərdə,
Yanasan, öz tüstün başından çıxa.
Bıçağın sümüyə dirənən yerdə
Cibindən pas atmış bıçağın çıxa.
Sonrası… sonrası nə ola-ola.
Əynində quruya nimdaş köynəyin,
Tənhalıq içində canın sıxıla.
Görəsən sinəndə bir daş göynəyir,
Qəfildən bir quzu sənə qısıla…
Sonrası… sonrası nə ola-ola.
Quru çörəyini böləsən yarı…
İllah da bir yandan duman, çən ola.
Qurbanlıq quzusan, quzu qardaşım!
Bıçağımdan qorxma…
Sonrası… sonrası nə ola-ola.
GECƏLƏR SƏN YATANDAN SONRA
Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.
Ürəyim atlanır varağın üstə
Sənə xəyanətim – yuxusuz gecə
İndi bax, indi bax,
Məni silkələyən səsə qoşulub
Unudub özümü çıxıb gedəcəm.
Gecələri yatmadığım günlər artır –
Sözlərim bir yandan.
Hansı misram oyaq deyilsə,
Yatır mənim əvəzimə.
Üstü açıq yatır narahat sözlər,
Səksənib ayılsan
Üstünü örtərsən misralarımın..
Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.
ADAMLAR DƏYİŞİR HAVALAR KİMİ
Çəkilib uzaqdan baxdım özümə, –
Gördüm görkəmim dəyişib,
Üst-başım tamam köhnəlib,
Dabanı yeyilib çəkmələrimin…
Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə:
«- Dağa bənzəyirsən sən bu duruşda».
Güzgüdə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm?!
Dünyaya piyada gəlib-gedənlər
Odu eee… yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.
Mən koram… Sən hara baxırsan, Tanrım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.
Çəkilib uzaqdan özümə baxdım, –
bir də üzə gülüb,
arxamca daş atanlara…
Yol üstə ilantək qıvrılanlara…
Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar –
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar,
Dayanıb yolumda qovğalar kimi, –
Adamlar dəyişir havalar kimi, –
Niyə dəyişmədin, Cəfərin oğlu?!
ADAM CİBİNDƏN ÜŞÜYƏR
Nə baxırsan yoxsul bəyə,
Nə gülürsən bu kişiyə?!.
Ağac içindən oyular, –
Adam cibindən üşüyər…
Pul əl çirkidi… Yalandı.
Malın verən canın verər.
Ağac içindən sıyrılar,
Adam canından çürüyər.
Kasıb qəribdi Vətəndə, –
Qalıb yollarda tövşüyər.
Adam canından sıyrılar,
Adam cibindən üşüyər.
ATAMIN AYAQLARI
Hara getdim dara düşdüm
Atamın ayaqları süründü arxamca
İndi
Atamın ayaqları Sibirdi
Özü kimi ayaqları da yuxusuz…
Üz sürtdüm ayaqlarına,
Qəlpə giziltisindən
Diksindi qulaqlarım.
Çəliyi ayaqlarına başdaşı Atam!
Səcdənə gəldim,
Ayaqlarını suya qoy,
Dirilik suyu kimi ayağının suyunu içim Atam oy!
Əlimdən nə gəlir daha
Ayaqlarımı verim, yeri, Atam!
Laylay atam, ayaqlarına laylay!
Ayaqları yuxusuz, əlləri oyaq, ürəyi dipdiri Pir Atam!
ALO, MƏN SƏNİ GÖRÜRƏM
Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan,divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdə…
Telefon zəngi.
-Alo, Bakıyla danışın.
-Al-lo! Qızım, sənsənmi?!
-…
-Al-lo!
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…
UZUN AYRILIQDAN SONRA
Uzun ayrılıqdan sonra dönəndə Vətənə
Kimi qucaqlasam birinci,
Qarşıma çıxanların heç biri inciməz.
Bir dost yazmışdı mənə:
“Sən qəribəsən, biz-yol gözləyən.”
Məni qarşılayanların
Heç biri inciməz, anam,
Səni qucaqlasam hamıdan əvvəl.
Uzun ayrılıqdan sonra
Yenidən sevmək
Yenidən doğulmaq kimi gəlir insana,
İzn ver oğluna yenidən doğulmağa,
Aç qoynunu, ana!
Qol-boyun gördükcə bizi
Dostlar da başlayar
Bir-birini qucaqlamağa.
TAXTA QAPI, DƏMİR QAPI
Dərd döydü taxta qapımı
tez durub qapını açdım.
Salam verdim, əl tutmadım,
yaxşıca bir süfrə açdım.
– Gec gəlmisən, dərd qardaşım,
gəl sənin payından yeyək.
Qol-boyun olaq səninlə,
lap oxuyaq, mahnı deyək.
İçməyə bir şey tapılar
keç otur yuxarı başda.
Ömrün baharı tez keçdi
gəlib çıxmısan bu qışda.
Geymisən dəmir çarığı,
minmisən dəmir atını.
Dərd, sənə dərd göstərəcəm,
döyəcəm dəmir qapını.
***
Necə ki fələk qarğıyır,
hökm edir zalım olmağa,
Yüz əliqılınclı hazır
bir bənövşə boynu vurmağa.
Neçə ki canından bezir
hər aşiq haqdan keçməyə;
Min əliçıraqlı gəzir
eşq yolunda qurban getməyə.
Neçə ki söz meydanı dar
umud qalır and içməyə;
Milyon əliyalın qul var
min yol ölümdən keçməyə.
Yüz əliqılınclı hazır...
Min əliçıraqlı gəzir...
Milyon əliyalın qul var.
Neçə ki, Tanrı da dözür.
Əlisəmid Kür
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 21-01-2020 18:03
Baxış sayı: 31 355
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02