Əvəz Şükürov kəlbəcərlilər üçün həm də Dəlidağ idi...

21-01-2020 16:29
Əvəzedilməz xarakteri ilə yaddaşlara yazılan Əvəz Şükürov kəlbəcərlilər üçün həm də Dəlidağ idi – vüqarlı, əzəmətli, dəyanətli.

İnsan övladı zirvədə yaşamağı daim arzulayıb. Mənim və əslində, 80 min nəfərdən çox kəlbəcərlinin də doğulub boya-başa çatdığı Kəlbəcər zirvədə, dağların əlçatmazlığında laçınları qıy vuran ənginliklərdə qərar tutmuşdu…
Yağı tapdağında qalan, əzilən, tapdaq olan, sərvətləri talanan Kəlbəcərə qovuşmaq arzusu ilə «yaşadığımız», yurd-yuvasızlıq ağrılarına birtəhər dözdüyümüz ağrılı günlərimizdə Tanrı bizə dəfələrlə çəkiləsi mümkün olmayan sitəmlər edib.
Bəşəriyyətin bərqərar olduğu dövrlərdən bu günə qədər ictimai həyatda silinməz izlər qoyub və sonrakı nəsillər üçün, ömrü, fəaliyyəti örnək sayılan şəxsiyyətlər az olmayıb. Belə insanlara sözübütöv, sözünün ağası, elin atası da deyiblər.
Elə-belə, sözgəlişi deməyiblər ki, güclü ağıllılar, qüdrətli düşəncəlilər, dərin zəkalılar insanları birliyə, vəhdətə, bütövlüyə, Xalqa, Millətə xidmətə səsləyir.
Bütün bunlar insanların güclü və hər şeyə qadir olmasına şərait yaradır. İnsan güclü olanda vətəndaşı olduğu Vətən də basılmaz olur. Vətəndaşlar da zəkanın, düşüncənin, dərrakənin gücünə arxalananda, zəkanın nuruna tapınanda birlik yaradır və gərəkli olurlar.
Bütün bu fəlsəfi deyimlərin toplusu bütöv bir şəxsiyyətin obrazını yaradır. Haqqında söz açmaq qərarında olduğum Əvəz dayının obrazında məhz bunları görmək olardı.
Öz el-obasına bağlı, xalqın məhəbbətini qazanmış, doğulduğu torpağa şərəf gətirmiş insanlar, çox haqlı olaraq, el ağsaqqalı adlanırlar. Ətrafında onların hörmətini qazanmaq öz davranış və mənəviyyatı ilə başqalarına örnək olmaq həddən artıq çətin və məsuliyyətli missiyadır. Həyatın gözlənilməz anlarında, ən çətin məqamlarında belə təmkinini itirməmək, məsləhətləri ilə digərlərinin də taleyinə bir xeyirxah kimi daxil olmaq ömrü mənalı yaşamaq deməkdir…
Kəlbəcərimizin zəhmi, dəyanəti, qüruru ilə seçilən ziyalı el ağsaqqalından biri də dünyasını dəyişdi. Bu ağrı bizə sanki ikinci dəfə yurdsuzluq-yuvasızlıq ağrısı gətirdi. Kəlbəcərimizin dağ cüssəli, qartal düşüncəli, zəhmindən dağ yarılan bir kişisi  Azərbaycana ziyalı bir nəsil qoyub getdi. Ömrünün mənalı və daim zirvədə yaşamış illərini xalqına, doğulduğu el-obanın firavanlığına həsr etmiş Əvəz Şükürovun yoxluğu kəlbəcərsizlik qədər çətin və ağrılıdır. Təkcə ona görə yox ki, tarixi düşmənlərimizin onun qəzəbindən və zəhmindən bağrı yarılardı. Ona görə ki, Əvəz Şükürov hər dayının layiq ola bilmədiyi bir dayılıq zirvəsinə ucalmışdı.
Azərbaycan SSR Ali Sovetinin 1959-68-ci illərdə deputatı seçilmiş, 1993-cü ilin aprelindən 1994-cü ilin yanvarınadək Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının müavini, 1995-ci ilin sentyabrın sonlarınadək rayon RİH-nin başçısı vəzifələrində, ömrünün sounadək isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifədə çalışmış, bizim üçünsə bütövlükdə Kəlbəcər olan, Azərbaycan cəmiyyətinə Azərbaycanın Milli Qəhrəmanı, mərhum polis mayoru Şahlar Şükürov, Məxmər, Elmira, Tahirə Malik, Adil Şükürov... kimi layiqli övladlar vermiş Əvəz Kərəm oğlu Şükürov haqqında danışmaq və yazmaq olduqca çətin və məsuliyyətlidir.
O, 1967-ci ildə Kəlbəcər Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışarkən fəaliyyəti nəzərə alınaraq, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdi. Xatırladaq ki, məhz həmin il rayonun təsərrüfatlarndakı mövcud mal-qara üçün 28163 ton, o cümlədən kolxozlarda 24279 ton, sovxozlarda 3884 ton qaba yem toplanmış, ət istehsalı 105 (5150 sentnerə qarşı 5405 sentner), əvvəlki ilə nisbətən 110 faiz, süd istehsalı 20079 sentnerə qarşı 24154 sentner olmuşdur.
Rayonun ümumi pul gəlirinin 1976-cı ildəki 1 milyon manatdan (rubl) artırılaraq, 1987-88-ci illərdə 20 milyon manata çatdırılmasında o zaman Kəlbəcər rayonunun «Pravda» kolxozunun sədri vəzifəsində çalışan Əvəz Şükürovun əməyi az olmamışdı. Təkcə «Pravda» kolxozunun hesabnda 1988-ci ildə 2 milyon manat vəsaitin olması da gəldiyimiz qənaəti təsdiqləyən faktlardandır. Məhz bu kimi nailiyyətlərə görə Kəlbəcər sosializm yarışının qalibi olmuş, bir neçə dəfə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin, AHİMŞ-ın və Azərbaycan LKGİ MK-nın Keçici Qırmızı Bayrağına layiq görülmüşdü. «Pravda» kolxozunda tikilmiş heyvandarlıq kopleksi isə respublikada ən iri istehsal müəssisəsi hesab olunurdu.
Kəlbəcərin kənd təsərrüfatı sahəsindəki xüsusi xidmətləri ilə yanaşı, Əvəz Şükürovun torpaq, Vətən təəssübkeşliyi tutarlı arxiv sənədləri istənilən qədərdir. Bu barədə ətraflı söz açmaq üçün 2001-cildə çapdan buraxılmış «Kəlbəcər – Azərbaycanın qala qapısı» kitabını vərəqləmək kifayətdir. Kitabın 98-ci səhifəsində müəlliflər (Məhəmməd Nərimanoğlu və Zimistan Həsənov) yazırlar: «Kəlbəcər Rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, Azərbaycan SSR Ali Sovetinin deputatı Əvəz Şükürovun respublikanın baş prokuroru Q. Məmmədova və rayon prokuroru Ə. Sadıqova 31 mart 1967-ci il tarixində yazdığı məktub məzmununa görə diqqəti cəlb edən arxiv sənədlərindən biridir. Məktub Ermənistanın Zod Mədən Kəşfiyyat Partiyasının, Ağduzdaq, Ağyataq, Sarıdaş və Lev kəşfiyyat dəstələrinin Kəlbəcər torpaqlarını qeyri-qanuni olaraq dağıtmalarından, xəndəklər və tunellər qazaraq, əkin-biçin sahələrini yararsız hala salmalarından bəhs edir».
Təəssüf ki, Əvəz Şükürovun həmin haray dolu məktubu Azərbaycanın o zamankı rəhbəri Vəli Axundovu ayıltmamış, ermənilərin məkrli siyasəti Kəlbəcərin təbii sərvətlərinin düşmən əlinə «könüllü» keçməsinə şərait yaratmışdır.
Əvəzedilməz xidmətləri ilə yaddaşlara yazılan Əvəz Şükürovun Kəlbəcərin düşmənə sipər olmasında da əməyi az olmamışdır. 1993-cü il mart ayının sonları, aprelin əvvəllərində doğma yurd-yuvasından didərgin düşmüş kəlbəcərlilər mühasirə illərini xatırladıqca Əvəz Şükürovun Kəlbəcər-Laçın yolunun minbir əzab və müsibətlə açılmasında göstərdiyi xidmətlərini yaxşı xatırlayır. Ağdərə ərazisindən keçib Kəlbəcərə gedən əsas magistral yol bağlandığından, əhalinin mühasirəyə düşmək təhlükəsi rayon rəhbərliyini ciddi narahat edirdi. Ona görə də hələlik, Laçın və Gəncə istiqamətlərində keçilməz dağlardan yolların çəkilməsi lazım idi. Laçın-Kəlbəcər yolunun çəkilişini isə o zamanlar «Pravda» kolxozunun sədri Əvəz Şükürov öz öhdəsinə götürmüşdü. Təsadüfi deyil ki, həmin yolun çəkilişinə 1988-ci il aprelin 24-də başlandı və heç bir dövlət vəsaiti sərf olunmadan, həmin ilin iyun-iyul aylarında Laçının Qorçu kəndində başa çatdırıldı. Bu, o zaman kəlbəcərlilər üçün əsl həyat və yaşam yolu idi. Kəlbəcər-Laçın yolunun açılması gərginliyi xeyli azaltsa da, istər iqtisadi, istərsə də mənəvi baxımdan əhali əzab çəkirdi. Buna baxmayaraq, qarşıdan gələn qış mövsümündə rayonu gözləyən mühasirə və bundan yarana biləcək aclıq qorxusunın qarşısı alındı. Rayona yanacaq, ərzaq, gündəlik tələbat malları və digər məhsullar məhz bu yolla daşınırdı…
Əvəz Şükürov həyatının bütün dönəmlərində Kəlbəcərin sosial-iqtisadi inkişafında var qüvvəsini, əzmini, iradəsini, qətiyyətini əsirgəməyən bir ziyalı, rəhbər, ağsaqqal kimi xatırlanır. Torpaqlarımızın yağılardan müdafiəsində ayıq-sayıq müdafiəçiyə çevrilmiş
ata bu yolda igid, cəsur, təəssübkeş bir oğul itirdi, daha doğrusu, Vətənə qurban verdi – Şahlar Şükürov adlı, qəhrəman obrazlı. 1990-cı il iyul ayının 11-də ermənilərin törətdikləri vəhşilik ikinci dəfə kəlbəcərliləri sarsıtı. Tərtərdən Kəlbəcərə gedən 100-ə qədər maşından ibarət karvan Otaqqaya adlanan yerdə ermənilərin pusqusuna düşdü. Karvan güllə-baran edildi. Minalanmış yolu özü açıb karvanı xilas edən Şahlar Şükürov Dədə Şəmşirin qaragöz balası Çimnaz xanımla həmin gün şirin canlarından keçdilər.
O gündən dağ-daş, ana-bacılarımız Şahlara və Çimnaz xanıma yas saxladı. Dili bayatılı nənələr fəryad qopardılar:

Bülbülü gül ağladı,
Saranı sel ağladı.
Şahlarla Çimnazı
Bir ağır el ağladı.

Onlar qəfil vuruldu,
Qədəmləri yoruldu.
Dəlidağ nərə çəkdi,
Hikkəsindən yarıldı.

Xəyanətdən güllə dəydi
Elin Şahlar balasına.
Qızıl qanı «Qisas!» yazdı
Meşənin göy talasına.


Əvəz dayı bu itkidən sarsılmadı: “Kişilər ağlamaz”dedi bu dərdə tablaşmayanlara. Amma gecələr oğlunun məzarı üstünə gedib igid, qəhrəman balasını oxşadı, qoymadı qızları – Məxmər, Elmira, Tahirə, Həqiqət, Sədaqət, oğlanları Maliklə Adil həkim ağlasınlar. Dərdini qoşalaşdırıb ürəyinə sıxdı.
...Bundan sonra isə kəlbəcərsizlik dərdi, qaçqın-köçkünlərin hər gün üzləşdiyi qayğıları, problemləri də dərd olub sinəsinə çökdü. Bu dərdlər də elə o boyda kişini yıxdı. 2006-cı ilin qarlı-qanlı 20 yanvar tarixində Əvəz dayı da, sözün əsl mənasında şəhid oldu. İllərin ağrı-acısına tablaşmayan daha bir ürək susdu...
Dağların da sinəsinə dağ çəkildi...
…1995-ci ilin iyun ayı idi. Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun da örnək ömründən söz açan «Dağların sinə dağı» kitabım bir il idi ki, çapdan buraxılmışdı. Amma Əvəz dayının bu kitabın hazırlanıb çapdan çıxmasından xəbəri yox idi. Ehtiyat eləmişdim ki, yaralı qəlbinə toxuna bilərəm. Həm də ki, onun o zamanlar vaxtı hardaydı ki, mənimlə oturub şəhid balasından, qəhrəman oğlundan danışsın ki, mən də yazım. Ona görə də onsuz yazmışdım, sadəcə, eşitdiklərimi və hadisənin şahidi kimi söz açmışdım həmin yazıda. Həm də kitab məhz Şahların ağısı ilə açılırdı, sanki kitabın ön sözü idi.
Kitabı oxuyub məni rayon icra hakimiyyətinə çağırmışdı. Doğrusu, mən də digərləri kimi, bu çağırışa bir qədər təəccüblü və həm də təəbii ki, məsuliyyətli yanaşdım. Görüşdük. Özünəməxsus səsi və ağır yerişi ilə qalxıb məni qınadı:
-Deyəsən, məni yaxşı tanımırsan?!
Hansısa bir qəbahət etdiyimi düşündüyümdən, dərhal cavab verə bilmədim. İçimdə bir fırtına baş qaldırırdı. Yəqin ki, Şahlar barəsində yazdıqlarım xoşuna gəlməyib. Axı, ailədən xəbərsiz yazmışdım. Fikir məni aparmışdı. Özümü qınayırdım.
Amiranə səsi məni bu həyəcandan ayırdı:
-Bala, çox sağ ol ki, Kəlbəcərin şəhidləri haqqında bir kitab yazıb, həm də çap elətdirmisən. Bəs məni niyə saymamısan?! Niyə mənə deməmisən?!
Qorxu, həyəcan və xəcalət təri məni basmışdı. Nə deyəcəyimi bilmirdim. Məni bu vəziyyətdən yenə də onun ipək kələfinə dönmüş (inanılası deyil-M.N.) səsi qurtardı:
-Şahlar haqqında da yazmısan, oxudum. Məni hələ-hələ hansısa bir yazı, ya da qəfil hadisə kövrəltməyib, amma sənin qələmin… Nə ağrı-acılı yazırsan? Sağ ol ki, el-obamızın təəssübünü belə çəkirsən. Əhsən! De görüm rayonda kimlərdənsən?
-Otaqlıdanam.
-Mehdiyev Hacıbabagillərdənsən?
-Bəli, anam o nəsildən, atam isə prokuror Nəbi Quliyevin maması (bibisi) oğludur.
-Hmmm. Məşədi Atakişilərdənsən deməli. Deyirəm axı, əsli ho!
O, qalxıb pencəyinin qoltuq cibindən bir dəstə (o zamanlar 1000 manatlıq əskinaslara “məmmədəmin” deyirdilər, təəssüf) minlik bağlaması çıxarıb mənə uzatdı:
-Bu, mənim maaşımdandır. Götür, həm də ağıllı ol, böyük-kiçik yeri bilin. Bir iş görəndə məsləhətləşmək lazımdır. Mənə Eldar Həsənov demişdi. Bir də belə iş görəndə dayınla da məsləhətləş.
Lal-dinməz üzünə baxdım. Sanki zabitəli səsinə öyrəşdiyimiz Əvəz dayı deyildi, oğul itkisindən sinəsi dağlanmış, bir qələm sahibinə ehtiyacı olan şəhid atası idi o dağ boyda kişi. Zahirən ağlamırdı, qürurunu, əzəmətini, vüqarını saxlamaq üçün göz yaşları qəlbinə süzülürdü.
Bax, ilk dəfə idi ki, mən Əvəz dayının daxili aləmini görürdüm. Tamamilə təzadlı iki obraz qarşısında qalmışdım.
Zülfüqarlıda onu belə gördüm…
Xatirimə Kəlbəcərin mühasirə illərində «Pravda» kolxozunda şadidi olduğum bir hadisə düşdü. Kolxozun qış qayğıları barədə «Yenilik» qəzetinə məqalə hazırlamaq üçün Qənifə xanım Səmədova ilə birlikdə (Famil Hüseynoğlunun «Villis»ində, çünki Famil də redaksiyanın fotomüxbiri idi) Zülfüqarlıya getmişdik. Kolxoz idarəsinin həyətindəki 5-6 «KamAZ» markalı maşını görüb fikirləşdik ki, yəqin aran rayonlarından yem gətirilib. Sən demə, sürücülər küləşi gətirib camaata ot qiymətinə deyil, «od qiymətinə» satırmışlar. Əvəz dayı da onların bu hərəkətlərini eşidib yükü boşaltdırıbmış koxozun ot tayalarının yanına və payladırmış camaata. Sürücülər isə kolxoz sədrindən «öz paylarını» alırmışlar.
Sədrin zəhmli səsi bizi də silkələmişdi:
-Kişiliyiniz çatırsa, Kəlbəcər-Ağdərə yolunu açın ey, Laçın yolu ilə gedib arandan otu, samanı gətirib camaata od qiymətinə satmayın! Erməni nə kəsdi ki, ondan qorxub yolunuzu dağ-daşdan salırsınız?!
Bəli, ermənilər Əvəz dayıdan çox qorxurdular. Ona görə də ona Şahlar kimi bir oğulun sinə dağını vurdular.
Əvəz Şükürov Kəlbəcərin azad edilməsi üçün 1994-cü ilin yanvar-fevral aylarında keçirilən «Murovdağ əməliyyatı»nda rayonun 2 kilometrliyinədək getmişdi. Məkrli düşmən onun bu planını pozmaq üçün «sapı özümüzdən olan baltalar»dan istifadə etdi. Bundan sonra o, özünə yer tapa bilmirdi.
Əvəz dayını əymək olmazdı, amma torpaq itkisi, Şahlar yanğısı, yurd, el-oba ayrılığı onun əzəmətli qəddini əyməsə də, palıd kimi sındırdı. Yüz illərin, min illərin, əsrlərin yaşıdı palıd da yıxılanda şaqqıltısı meşəni lərzəyə salır. Əvəz dayı bax belə yıxıldı: yatmadı, yorğan-döşəyə düşüb gözləri baxa-baxa ərimədi. O, ayaq üstə ərimişdi, üzülmüşdü. Ölümün də gözünə dik baxdı, düşmənə nifrətini gizlətmədiyi kimi. Qəfil aldıq bu dağdan ağır xəbəri. El-obasının sinəsi yaralıları onu Şahların müqəddəs məzarından çox-çox uzaqlarda torpağa tapşırdılar.
Bəli, əvəzedilməz xarakteri ilə yaddaşlara yazılan Əvəz Şükürov kəlbəcərliləri üçün həm də Dəlidağ idi – vüqarlı, əzəmətli, dəyanətli..
Yerin behişt olsun, dayı! Sənin ocağından boy verənlər də o qüruru, əzəməti, dəyanəti, dosta sədaqəti, düşmənə nifrəti qoruyub saxlayacaqlar, çünki Sənin kimi Kişinin Ata dərsini alıb, Böyük tərbiyəsini götürüblər!
Bircə arzumuz var: Tanrı bizi Kəlbəcərə qovuşdursun ki, Şahlar kimi igidlərimizin, şəhidlərimizin müqəddəs məzarlarını və bir də daim ucalığını, əlçatmazlığını qoruduğu zirvələri ziyarət edək!
Dolaşıq kələfə dönmüş fikirlərimi şair və qələm dostum Yusif Hüseynin sənin ruhuna bağışladığı bir gəraylı ilə bitrir və ruhuna dualar oxuyuram, Əvəz dayı!

Bu dünyanın sərt üzündən
Soyub getdin, Əvəz dayı?!
Yoxsa bu dərd dənizindən
Doyub getdin, Əvəz dayı?!

Hardan alım dağı, düzü,
Həsrət, nakam qoydu bizi.
Əyilməyən qəddinizi
Əyib getdin, Əvəz dayı?!

Tərtər darda, Tutqu darda,
Laçınqaya ahu-zarda.
Kəlbəcəri intizarda,
Qoyub getdin, Əvəz dayı!

Torpaq dərdin, Vətən dərdin,
Şah budaqda bitən dərdin.
Yurdun kəfən-kəfən dərdin,
Geyib getdin, Əvəz dayı!

Yusif gördü düz sözünü,
Od kəlməni, köz sözünü.
Bu dünyaya öz sözünü
Deyib getdin, Əvəz dayı!


Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az


Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 21-01-2020 16:29
Baxış sayı: 41 843
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını