Reklam
"Maestronun barmaqları hönkürür qulağımın dibində..." - Tural Turanın şeirləri
01-10-2019 19:06

30-cu sinif
Bağçaya getdim - anamın yanına.
Birinci sinifdə atamı öyrəndim.
İkinci sinifdə sevdiyim qızı...
Üçüncü sinifdə müəllimimin
ömür yolunu hərflədim.
Dördə keçəndə babamı əzbərlədim.
Beşi bitirəndə atasını itirmiş
dostumla müharibəni xətm elədim.
Altıncı sinifdə artıq böyümüşdüm.
Yeddincinin qış tətilindən
qocalmağa başladım.
Indi otuzuncu sinifdəyəm,
Öldüyümü özümə deyə bilməmişəm hələ...
Yas sayaqlaması
(Bacımın ölümünə)
Bir çılpaq ev də olmadı,
Məni əyninə geyinə.
Ölməyi də bacarmadım,
Ala bir məzar, döyünə...
Heç tabut da olammadım,
Boş gedib aldadam qəbri;
Ya da tanrını aparıb,
Basdıraydım diri-diri...
..."Alın yazı" demə ona,
Bir ömrün kino mətnidi.
Gedəcəyin qəbir deyil,
Doğmayan ana bətnidi...
Maestro
(Şair Fuad Cəfərliyə)
Pianodan çıxan kor səsləri
güllələyir qulaqlarım.
Mənim dilimdə anlamayan notların
qanı tökülür royal üstə...
Maestronun barmaqları hönkürür
qulağımın dibində...
Qocalıq bağışlamır, ustad.
Bağışlamır, atasız rənglərin günahlarını.
Bağışlamır əlil notların partizan savaşını.
Qocalıq, tanrını da bağışlamır ustad,
ya nəfəsindən güllələnir baramaqlar,
ya da asır özünü,
küçələrdə itkin düşmüş
körpə təbəssümlərindən...
Yandır əlini, bağışla
Mən ki, sənə inanmışdım,
Məni yox, dini bağışla.
Öldüm, yenə də boy atdım,
Öldüyüm günü bağışla.
Acıma hələ, acıma -
Bu sevginin arxacına.
Qibləm bir ölüm ağacına,
Getdiyim yönü bağışla.
Bircə yanımlıq canım var,
Yandır, görməsin buludlar...
Göydə tanrı dəli olar,
Yandır, əlini bağışla...
Adamın öz evi...
(Bütün evsizlərə)
Şorgöz kişinin
saxladığı arvad kimidir otel otaqları,
Bir-birinə qarışar qoynundakı qoxular.
...Geri dönüncə öz evin baxmaz üzünə,
bəzən özü özündən küsüb gedər...
Bəzən də elə darıxar ki,
tavanı sinənə sərilib yuxular...
Döşəməsi uzanar altına,
çəkər nəfəsini içinə ki,
yazıqdı, yorğun gəlib...
Pəncərələr yumar gözlərini
əynini dəyişəndə utanmayasan;
pərdələr qol-qola girər...
Qapı kirlədər özünü,
burada adam yaşamır- deyə...
Sən oyanınca
yenidən başlayar umu-küsü...
Adamın öz evi,
xəyanət qorxusuyla çox uzaqlaşmaz,
hətta otel otaqlarını da bağışlar
səndən və özündən qorxduğu üçün...
Tural Turan
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 01-10-2019 19:06
Baxış sayı: 2586Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















