Elşən Əzim:"Kəsən deyil yaddaşımın ağrısı, yaddaşımda o kənd boyda yara var..." -ŞEİRLƏR

14-12-2019 19:23
"...Quru sözdür, vətənə can deyirəm,
Yerdə qalmaz tökülən qan deyirəm.
Ha danışsam üz ağardan deyiləm,
Yığvalımda Qarabağ tək qara var..."

Dalidag.az Elən Əzimin şeirlərini təqdim edir:

MƏNİM KAĞIZ YURDUM, XƏRİTƏ YURDUM

Niyə səngimədi bu axın, bu sel?!
Öndə taleyimmiş, geridə yurdum.
Hər gün axıb səndən uzaqlaşıram,
Ömrümü əridə-əridə, yurdum.

Qaralan axşamdı, ağaran saçdı,
Ağrılar hürküşüb bağrıma qaçdı.
Sinəmə çəkilən dağlar gül açdı,
Sənin dağlarından bəridə, yurdum.

Əllərdə şəninə badələr gəzir,
Dillərdə qorxular, hədələr gəzir.
Üstündə nöqtələr, nidalar gəzir,
Mənim kağız yurdum, xəritə yurdum.

MƏN SƏNİ AlDATDIM SƏNİN XƏTRİNƏ


Gözündən bir dünya sevgi oxudum,
Düşmədin şeirimin bircə sətrinə.
Ömrün hanasında günah toxudum,
Mən səni aldatdım sənin xətrinə.

Duydum istəyini titrəyən səsdən,
Bildim baxışının hikmətini mən.
"Sevmirəm" sözünü sevdiyim kəsdən,
Eşidib görmüşdüm "ləzzətini" mən.

Bildinmi nə üçün deyə bilmədim,
Soyuq həqiqətin acı adını.
O şirə çəkdiyin yalanım mənim,
İndi taleyini acıladımı?

Ömrünün al-əlvan butası idim
İndi ümidinə qəm daşı dəyir.
Başqa bir sevginin sədası idi,
"Səninçün yazmışam" dediyim şeir.

Yalançı məhəbbət saqqız kimidir,
Bir az çeynəyirsən şirəsi gedir.
Özünə ömürlük ev axtar indi,
Əlindən bir sevda kirəsi gedir.

Bir də ki, havayı qəlbini sıxma,
Onsuz da tələbə kirədə qalar.
Köhnə xatirənin ardınca baxma,
O da bir dumanlı dərədə qalar.

İndi görürəm ki, o kövrək hissin,
Yolunda sərt fikir qınağı durur.
Daha sayıq dolan, mən verən dərsin,
Qarşıda imtahan sınağı durur.

İndi ah çəkməyin daha nədir, nə?
Yanlış eşitdirmə allaha bunu.
Mən səni aldatdım sənin xətrinə,
Qoy Tanrı yazmasın günaha bunu.

* * *

Ilahi, bu xalqa yazığın gəlsin
İlahi, səndən bir umacağım var,
Lap qəzəbin tutsun, acığın gəlsin.
Dərd də səndən gəlir, xeyir də, şər də,
Bir az da bu xalqa yazığın gəlsin.

Çıxarı dəvənin belində gedir,
Gəliri çuvalın dibində gəlir.
Hər səhər qəzəbi əlində gedir,
Hər axşam əsəbi cibində gəlir.
İlahi, bu xalqa yazığın gəlsin.

Taleyi zəhərə bürünüb gedir,
Balını daşıyan arılar sancır.
Yurdundan borular sürünüb gedir,
İlantək qıvrılan borular sancır.
İlahi, bu xalqa yazığın gəlsin.

Bu xalq ürəyini atıb gedir də,
Quzutək mələyir ürək dalınca.
Ürək nə bilsin ki, ürək yiyəsi -
Onsuz getməlidir çörək dalınca.
İlahi, bu xalqa yazığın gəlsin.

Bunun çobanına çöllər yasaqdır,
Bunun alimi də çoban kimidir.
Öz qanı özünü partladacaqdır,
Bu xalq ağrılı bir çiban kimidir.
İlahi, bu xalqa yazığın gəlsin.

YADDAŞIMIN AĞRISI


Yaddaşımda uşaqlığım əsirdi,
Bu həsrətə ölüm adlı çara var.
Adam hərdən inciyir də, küsür də,
yüz dəfə küs, üz tutmağa hara var?

Quru sözdür, vətənə can deyirəm,
Yerdə qalmaz tökülən qan deyirəm.
Ha danışsam üz ağardan deyiləm,
Yığvalımda Qarabağ tək qara var.

Məzarımda göz yaşının ağrısı,
Məzarımda yad daşının ağrısı.
Kəsən deyil yaddaşımın ağrısı,
Yaddaşımda o kənd boyda yara var.

* * *

Bağları qəhr eylər xəzan yelləri,
Yarpaqlar tələsər, küləyə çatmaz.
Baxar qəmli-qəmli göyün üzündən,
Günəşin də gücü fələyə çatmaz.

Kordur azaldısa gözün heyrəti,
Bəndə bu aləmi dərk etməz qəti.
Zalım ha ucalsa boyu, qaməti,
Məzlumun çəkdiyi naləyə çatmaz.

Adamın qana da batar əlləri,
Yorub tutduğunu atar əlləri,
İstəsə hər yana çatar əlləri,
Bircə çiynidəki mələyə çatmaz…

SƏN DEMƏ BELƏYMİŞ

Qəlbimdən təəssüf ağrısı keçdi,
Bizim aramızdan ayrı su keçdi.
Qapını mən döydüm, ayrısı keçdi.
Demə açığıymış kilid bildiyim.

Deyərdim qəlbimin qulağı dincdi,
Deyərdim səbrimin dözümü tuncdu.
Əl atdım çevrilib əlimi sancdı,
İlan quyruğuymuş ümid bildiyim.

Arzu göyərdərmiş dilək təzədən,
Deyərmiş gəl diril, ölək təzədən.
Sevərmiş bu ölü ürək təzədən,
Dirilib gələrmiş meyid bildiyim.

YAŞADIM


Məni nə sən gördün, nə özüm gördüm,
Gəlib yanınızdan keşdim yaşadım.
Mən eşqin göyünə qalxa bilmədim,
Mən sənin dərdinə düşdüm yaşadım.

Daha bu ömürlə bir savaşım yox,
Daha bu ürəkdə ağır daşım yox.
Oyaq gözüm oldu, ayıq başım yox,
Bir badə vermişdin içdim yaşadım.

Bir gün ürək dinib usandım deyər,
Bir gün ürək məni nə sandın deyər,
Gülüm, sənsiz ölmək asandır deyə,
Sənsiz yaşamağı seçdim yaşadım.

TAPA BİLSƏM


Ayaq da basmaram sən olan yerə
Sən olmayan yerə yol tapa bilsəm.
Qovaram evimdən xəyallarını,
Ardınca düşməyə çöl tapa bilsəm.

Sənin də kiməsə minnətin olmaz,
Məni də yandıran həsrətin olmaz.
Bəlkə də unutmaq çox çətin olmaz,
Əgər ürəyimlə dil tapa bilsəm.

Çəkdiyim bəsimdi az deyərmmi?
Elşənə tab gətir, döz deyərəmmi?
Sənə güldən ağır söz deyərəmmi?
Sənə sözdən ağır gül tapa bilsəm.

İKİLƏŞMƏ


və bir gün bir adam çıxar qarşına,
qayıdıb səninlə yanaşı gedər.
sən gedən yollarda dörd olar gözü,
nabələd tərpənər, ya naşı gedər.

və baxıb görərsən bu elə sənsən,
göz sənin gözündü, qaş sənin qaşın.
kostyum, qalstuk, köynək səninki,
əyin sənin əynin, baş sənin başın.

və baxıb görərsən əl də sənindir,
ayaq da sənindir, başmaq da sənin.
hardasa dayanıb yol gözləmək də,
harasa tələsib qaçmaq da sənin.

və bir də görərsən dil səninkidir,
dilin danışdığı söz sənin deyil.
o ağız, o burun, o qulaq sənin
amma ikiləşən üz sənin deyil.

əlini salarsan cibinə bəh-bəh
əl sənin əlindi, cib sənin deyil.
bu gələn avtobus gözlədiyindi,
o minib getdiyin CİP sənin deyil.

və bir də baxarsan səndən geridə,
yollarda piyada bir adam qalıb.
yoxdur bənzəriniz bir-birinizə,
yollara göz dikib dəmadəm, qalıb.

PAYIZIN SƏHƏR OVQATI

Vaxt uçur kəpənək kimi,
Əlimə zəri dağılır.
Sarı yarpaqlar üstünə
Zamanın təri dağılır.

Əksi qalır sədaların,
Qəmzələrin, ədaların.
Hər gün dəli sevdaların
Başımdan biri dağılır.

Gülü sulu dərmək olmur,
Qönçə vaxtı görmək olmur.
Ta ömrü də sürmək olmur,
Gündə bir yeri dağılır.

ÖLÜMÜN AYAQ SƏSLƏRİ

Köksümdə köhnəlmi qaçır,
Ötür çaparaq səsləri.
Ürəyimin çırpımında-
Ölümün ayaq səsləri.

“Yıx bu ömrü, devir”- deyir,
“Altın üstə çevir” – deyir,
Küləklərin çevirdiyi-
Yazılmış varaq səsləri.

Vaxta qəfil süngü dəyir,
Gözə toran rəngi dəyir.
Qulağımda cingildəyir,
Qazılan torpaq səsləri.

Gözümü uyutmur daha,
Hirsimi soyutmur daha,
Dərdimi ovutmur daha,
Nə su, nə yarpaq səsləri.

Dinək sükut dilləriylə,
Əsək huzur yelləriylə,
Üstümüzdən əlləriylə-
Toz kimi çırpaq səsləri.

KÖRPÜ ADAMLAR


Tufansız dərya üzündə,
ləpə adamlarıq hələ.
Yığışıb mərmi olarıq,
qəlpə adamlarıq hələ.

Arx açan yoxsa, axmayan,
Göz verən yoxsa, baxmayan.
Böyük sözündən çıxmayan,
körpə adamlarıq hələ.

Sağından qoşun adlayan,
Solundan qurşun adlayan.
Üstündən maşın adlayan
körpü adamlarıq hələ.

Elşən Əzim

Dalidag.az





Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 14-12-2019 19:23
Baxış sayı: 21 706
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını