Xəqani Həbiboğlu: "17 yaşında penalti qaçıran futbolçunun 50 yaşda ümidi kryoz qoladı!" -MÜSAHİBƏ

12-12-2019 11:10
İlk dəfə onunla böyük SÖZ işığında- dədə şair Məmməd Aslanın kitab təqdimatında görüşmüşdük. İlahi, içinə hopdurduğu, içində bulunduğu, var olduğu böyük poeziyanın daşıyıcısı, söz keşikçisi bu qədər sadə, bu qədər içdən bir adam imiş... Ünsiyyət üçün çox zamanımız olmadı. Ancaq bir-iki kəlməlik ayaqüstü söhbətimiz, ağayana, bir az da ifallı davranışı şeirlərindən rəsmini cızdığım Xəqani Həbiboğlunu tanımağıma bəs etdi. Elə ordaca fürsəti qaçırmadan, “Dəlidağ” Ədəbi Birliyinə üzv olması üçün qeydiyyata alıb, üzvlük vərəqəsini təqdim etdim. Beləcə, ilk əyani tanışlığımız da SÖZdən başladı. Ədəbiyyata verdiyi töhfələr, özünəməxsus yaradıcılıq yolu və poeziya adına qazandığı uğurlar dünənin, bu günün eləcə də sabahın genişmiqyaslı mövzusu ola biləcək qədər zənginlik təşkil edir. Tədqiqat, təhlil daha çox peşəkarların işi olduğundan mən özümü bu haqdan məhrum edirəm...
Bütün fikirləri söz ətrafında cəmləyib, könlümü sözə söykəyib ürəyimdən keçənləri sual şəklində ünvanladım Xəqani Həbiboğluna, necə deyərlər, şairlə söhbət etməyə çalışdım...


Dalidag.az əməkdaşımızın Xəqani Həbiboğlu ilə müsahibəsini təqdim edir:

-Xoş gördük, Xəqani müəllim! Zaman bizim müdaxiləmiz olmadan dəyişir. Dəyişən zaman axını ilə fəsil-fəsil uğurlanan illərin o tayında siz kim idiniz?

-Xoş gördük,Sevinc xanım! Zaman müdaxiləmiz olmadan dəyişsə də,"öz zamanımıza" təsir imkanımız sözsüz ki,həmişə olub. Kəndimizdə kino çəkilirdi, hələ məktəbə yaşım düşmürdü. Anam üzümü yuyub təzə paltar geyindirdi və məni də qohum uşaqlarına qoşdu. Sonradan məlum oldu ki, kameraya düşməmişəm, başım oyuna qarışıb. Xəyalən keçmişə qayıdanda çəkilişə-kinoya gecikən "o aktyor", o kiçik oğlanı görürəm və təəssüf ki, bu gecikmələr həyatım boyu yol yoldaşım oldu...

-Sözlə dostluğunuzun tarixi alın yazınızın müqəddiməsində yer alıb sanıram...

-Babam təhsil görüb, atam məktəb direktoru işləyirdi, kitabxana evimizin bir gözündə yerləşirdi, əmilərimi yaxşı tanıyırsız... Yəni, sözlə, kitabla dostluğum alın yazım qədər qədimdi.

-Dərdli şair- dərd şairi... fərqli nüansları əks etdirən birləşmənin sizə yönələn tərəfi “dərdli şair”di. Məlum, Kəlbəcər dərdin(m)iz var...

-İkinci kitabım çıxandan sonra bir oxucu görüşmək istəmişdi. Məclisdən sonra şeirlərimdə xeyli yaşlı dərdli olduğumu dedi. Yaradıcılıq elə bir andır ki, orda insanın hətta özünə məlum olmayan xüsusiyyətləri açılır...

-Kəlbəcər və poeziya, ya da Kəlbəcər poeziyası... Təkcə səslənişi ilə deyil, ruhu, varlığı, yaşamı, töhfələri ilə möhtəşəmlik ehtiva edən bir anlayış, bir ad, bir SÖZ məkanı...

-Kəlbəcər yerdən çox göydə fırlanır,
Bənövşə bürcündə,nərgiz bürcündə...
Dağlardan arana bir uşaq gəldi,
Bənövşə-telində,nərgiz-xurcunda...

Ən gözəl şair o ulu məkan özüydü, şeirləri sevgi, gül-çiçək, qar-boran...

-Ədəbiyyatımıza onlarca ünlü imza qazandırmış Kəlbəcər poeziyası bu gün də sözə sadiqdirmi?

-Kəlbəcər əlimizdə olmadığından, yəqin ki, sözə sədaqət o səviyyədə deyil. Ancaq sözün etibar elədiyi şairlərimiz var.

-Ayrıca ədəbi mühit kimi formalaşmış Kəlbəcər ədəbi mühitinin hansısa bir qurumun tərkibində regionallaşması sizcə nə dərəcədə düzgündü?

-Düzgün hesab etmirəm!

-Ədəbiyyatda əbədilik qazanmaq sözün güc sərhədlərini aşmaqla nail olunacaq bir məqamdır, yoxsa, bəxt məsələsidi?

-Bu suala yəqin ki, birmənalı cavab vermək mümkün deyil. Əbədiyyət ilk növbədə zamanla ölçülür, deyimdə hər şeyin fövqündə dayansa da...Zamanın (xüsusən keçmişin) dilmancı tarixdi, o tarix ki, saxtalıqlarla, yalanlarla doludur... Sonra gəlir zövq məsələsi: bu gün sənət adına o qədər bayağılıq populyardı ki... Deməli həm də bəxt məsələsidi! İstənilən halda şair, yazıçı gözəl, mənalı yazmağa çalışmalıdır, əbədiyyət Allahın dərgahında olan məqamdır, necə deyərlər

Lap cənnət,cəhənnəm olmasa belə,
Yenə də günahdan savab yaxşıdır!


-Ölkəni xaricdə təmsil etmək böyük məsuliyyət tələb edir. Bunun uğuru var, uğursuzluğu var...

-Tamamilə doğrudur. Xaricdə ölkəmizi təmsil etdiyini düşüncükcə sanki insana güc, qüvvət gəlir.

-Necə oldu ki, Serbiyada Beynəlxalq Poeziya Festivalına qatıldınız?

-Serbiyada Smederevo poeziya payızı festivalı 1970-ci ildən keçirilir. Məqsəd tarixin müxtəlif dövrlərində işğala məruz Smederevo qalasının qızıl açarını şairə təqdim etməkdi. Türklər qalanı alarkən nəinki onu viran edib, əksinə qala yaxınlığında kilsə inşa ediblər. Türk mənbələrində "Güvərçinlik" adıyla keçən qala Dunay çayının sahilindədi. Qaldı ki, mənim festivalda iştirakıma, bu işdə dəyərli ziyalımız Əlövsət Ağalarovun və həmin ölkədəki səfirimiz hörmətli Eldar Həsənovun xidmətləri əvəzsizdir.
                      Xəqani Həbiboğlu:"Ən gözəl şair o ulu məkan özüydü, şeirləri sevgi..."- MÜSAHİBƏ

-Ötən ilki müsabiqədə “Smederevo Qızıl Açarı” mükafatına layiq görüldünüz. Sevinc hissi təbiidi. Düşüncənizin alt qatından keçən “kaş ki”ni oxuya bildim uzaqdan-uzağa...

-Münsiflər onlara təqdim edilən şeirlərin müəllifinin kim olduğunu bilmirlər. Cənab Həsənovun köməyi ilə şeirlərimi rus dilindən serb dilinə gözəl tərcüməçi Vera Xorvat çevirmişdi. Avropada Azərbaycan bayrağının kölgəsində oturmaq olduqca xoş idi. Çıxışımda dedim ki, Avropa göz bəbəyi qalasının qızıldan açarını mənə verir, doğma evimə gedə bilmirəm. Tərcüməçi qızın axan göz yaşı mənim üçün mükafat qədər dəyərliydi.
                         Xəqani Həbiboğlu:"Ən gözəl şair o ulu məkan özüydü, şeirləri sevgi..."- MÜSAHİBƏ         

-”Smederevo Poeziya Payızı” beynəlxalq şeir müsabiqəsindəki uğurunuzu SÖZün qələbəsi hesab edə bilərikmi?

-Həmin qalanı təkcə türklər dağıtmayıb, fatehlərin heç biri möhkəmlənə bilməyib qalada. Bəli, sonda söz qalib gəldi, qılıncların, topların edə bilmədiyini söz bacardı.
İkinci dünya savaşında hitlerçilər qalanı silah anbarı edib və sonda partladıblar, şəhərin üçdə ikisi məhv olub. Qılıncların açdığı yaraları sözlə sarıyırlar!

-Qalib olduğunuz ünvana təkrar qayıtmaq necə bir hissdi? Bu ilki festifal təssüratlarınız...

-Köhnə dost kimi, ev sahibi kimi qayıtdım həmin ünvana. Çoxlu yaddaqalan hadisələr oldu, ancaq festivalın bir gününü heç zaman unutmayacam: -Oktyabr ayının 18-də son çıxış mənə həvalə edilmişdi. Çıxışıma az qalmış Bakıda müəllim işləyən qrup yoldaşımın şagirdlərinin ifasında himnimizə rast gəldim. Çıxışımı Dövlət müstəqilliyimizə həsr elədim və telefonda himnimizi səsləndirdim. Tədbirdən sonra məşhur şərab zavoduna qonaqlığa dəvətliydik, həmin banketdə iştirakçılar mənə yaxınlaşır, təbrik edir, Azərbaycanın şərəfinə badə qaldırırdılar!

-Sizcə “Görüş” könülləri görüşdürə biləcəkmi?

-Söhbətin başlanğıcında o kino çəkilişinə gecikən uşaq vardı ha, həmin oğlan indi də "Görüş" ə gecikmişdi. O uşağın ağlı böyümədi heç, illər keçdikcə bircə fərq ondaydı ki, kino çəkilişinə gedəndə üzünü anası yumuşdu,"Görüş"ə gedəndə üzünü özü özü təraş etmişdi! Atam bir məsəli çox çəkərdi: -qonşunun halın soruş, xasiyyəti həminkidi! Həmin şerin sonunda deyildiyi kimi:

Bu baxış-sağadı,
Bu zərbə-soladı.
17 yaşında penalti qaçıran
futbolçunun 50 yaşda ümidi
kryoz qoladı!


-Növbəti uğurlarınızın sevincini Kəlbəcərdə bölüşmək diləyilə təbrik edirəm sizi.

-Təşəkkür edirəm, Sevinc xanım!

-Yarandığı gündən sözün, poeziyanın təbliği missiyasını fəaliyyətinin qayəsi seçən “Dəlidağ” Ədəbi Birliyinin üzvüsünüz. Bildiyiniz kimi bir müddət əvvəl eyni adlı internet saytı fəaliyyətə başlayıb. Dəlidağın adını yaşadan birlik və sayt (yəqin ki, oxuyursuz...) haqqında fikirlərinizi bilmək maraqlı olardı.

-Fəaliyyətinizi izləyirəm və sizə Dəlidağ urvatı arzulayıram!

-Səmimi söhbət üçün təşəkkür edirəm, Xəqani müəllim!

Söhbət etdi:Sevinc Qərib

Dalidag.az



Kateqoriya: Karusel / Müsahibə
Tarix: 12-12-2019 11:10
Baxış sayı: 1855
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını